“Avropa dövlətlərinin hüquq sistemlərində və Azərbaycan Respublikasında ödənişsiz hüquqi yardımın müqayisəli təhlili: normativ və institusional aspektlər” - MƏQALƏ


  • 10:20

Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Daşqın Qənbərovun “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2025, №2 (26) sayının “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş xüsusi buraxılışında dərc olunan “Avropa dövlətlərinin hüquq sistemlərində və Azərbaycan Respublikasında ödənişsiz (dövlət hesabına) hüquqi yardımın müqayisəli təhlili: normativ və institusional aspektlər” adlı elmi məqaləsini təqdim edirik:

Annotasiya

Bu məqalədə aparıcı Avropa ölkələrində və Azərbaycan Respublikasında dövlət vəsaiti hesabına – ödənişsiz hüquqi yardım sistemləri normativ və institusional çərçivələr baxımından müqayisəli şəkildə təhlil edilir. Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və Azərbaycanın nümunəsində hüquqi yardımın qanunvericilik əsasları, hüquqi yardıma çıxış meyarları, təqdim olunan xidmətlərin xarakteri və vəkillərə ödəniş mexanizmləri araşdırılır. Hüquqi yardımın təqdim olunmasında mövcud olan iki əsas model – “judicare” və “welfare” sistemləri təhlil olunur və bu modellərin Azərbaycan kontekstində tətbiqi qiymətləndirilir. Tədqiqatda vurğulanır ki, ədalət mühakiməsinə çıxış hüququnun təmin edilməsi üçün hüquqi yardım yalnız formal deyil, real və effektiv olmalıdır. Bu prinsip Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda da təsbit olunmuşdur. Araşdırmada, həmçinin dövlət tərəfindən təyin olunan vəkillərin peşəkarlıq səviyyəsi, onların dəyişdirilməsi prosedurları, hüquqi yardımın rəqəmsallaşma səviyyəsi və qeyri-hökumət təşkilatlarının bu sahədəki rolu təhlil obyektidir. Məqalənin sonunda Azərbaycan Respublikasında hüquqi yardım sisteminin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr irəli sürülür. Bunlara “Pulsuz Hüquqi Yardım haqqında” xüsusi qanunun qəbul edilməsi, dövlət maliyyələşməsinin artırılması, vəkillərin ixtisasartırma sisteminin gücləndirilməsi və beynəlxalq standartlarla, xüsusilə BMT və Avropa Şurası tövsiyələri ilə uyğunluğun təmin edilməsi daxildir.

Açar sözlər: hüquqi yardım, ədalət mühakiməsinə çıxış, judicare modeli, welfare modeli, Azərbaycan, müqayisəli hüquq, Avropa İnsan Hüquqları Məhkəməsi, qeyri-hökumət təşkilatları.

I. Giriş

Avropa və Azərbaycan hüquq sistemlərində ödənişsiz (dövlət hesabına) hüquqi yardımın qanunvericilik, institusional və funksional aspektləri bu məqalədə müqayisəli hüquq metodologiyası ilə araşdırılır. Eyni zamanda, təhlil hüquqi yardım sisteminin tarixi formalaşma prosesi və beynəlxalq tələblərlə uzlaşması kimi mühüm məqamları da əhatə edir.

Hüquqi yardıma çıxış ədalət mühakiməsinin əsas prinsipidir və bu yardımın vətəndaşlara ödənişsiz (dövlət hesabına) şəkildə təmin olunması aztəminatlı şəxslərin hüquq sisteminə bərabər çıxış imkanlarını təmin edir. Vəkil tərəfindən göstərilən hüquqi yardımın xarakteri, həcmi və hüquqi əsasları Azərbaycan Respublikasının Konstitusiyası [8], xüsusilə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu [9], Cinayət Prosessual Məcəlləsi, Mülki Prosessual Məcəllə (m.67-1) və digər normativ-hüquqi aktlarla tənzimlənir. Hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müdafiəsinin təmin olunması hüquqi dövlətin əsas məqsəd və vəzifələrindən birini təşkil edir. Bu məqsəd və vəzifələrin həyata keçrilməsində mühüm rol vəkilliyin üzərinə düşür [3, s. 8]. Vəkil tərəfindən göstərilən hüquqi yardımın xarakteri müxtəlif ola bilir və adətən aşağıdakı formaları əhatə edir: Məsləhət vermək (şifahi və yazılı hüquqi məsləhətlər); Hüquqi sənədlərin hazırlanması (iddia ərizəsi, şikayət, müqavilə, ərizə, vəsiyyət və s.); Məhkəmədə və digər orqanlarda təmsilçilik (cinayət, mülki, inzibati, kommersiya mübahisələr üzrə); Cinayət işlərində müdafiə (təqsirləndirilən şəxsin müdafiəsi, zərərçəkmişin və ya şahidin təmsil edilməsi); Notariat hərəkətlərində iştirak; Barışıq və mediasiya proseslərində iştirak; İcraat proseslərində hüquqi yardım göstərilməsi və s. Vəkilin göstərdiyi hüquqi yardımın həcmi müraciət edən şəxsin hüquqi probleminin mahiyyətindən, işin mürəkkəbliyindən, məhkəmə və ya orqanın səviyyəsindən (birinci instansiya, apellyasiya, kassasiya, polis, prokuroluq və s.), müştəri ilə vəkil arasında bağlanmış müqavilədən və s. xüsusatlardan asılı ola bilir.

Keçən əsrin ortalarından etibarən ödənişsiz (dövlət hesabına) hüquqi yardımın göstərilməsi məsələsinin öyrənilməsi ilə, əsasən, sosioloqlar məşğul olmuşlar. Onlar ödənişsiz hüquqi yardımın göstərilməsinin iki modelinə - “judicare” və “welfare”ə əsaslanıldığını qeyd etmişlər. Judicare modelinin əsasında ilk dövrlər xeyriyyə işinin görülməsi dururdu. Belə xeyriyyə fəaliyyəti çərçivəsində hüquqşünaslar heç bir ödəniş almadan insanlara hüquqi yardım göstərirdilər. Belə yardım müxtəlif əlamətdar günlərdə həyata keçirilirdi və hüquqşünaslar bunu boyunlarının borcu hesab edirdilər. Hüquqi yardımın göstərilməsi zaman isə yardım göstərilən şəxslərin seçimində xüsusi meyarlar mövcud olmamışdır. Könüllülük əsasında hüquqi yardımın göstərilməsi tendensiyası təqribən keçən əsrin 80-ci illərinin ortalarına, ta ki judicare modelinin qəbulunadək davam etmişdir. Bu sistem çərçivəsində dövlətin maliyyəsi əsasında fərdi vəkillərə müəyyən olunmuş şəxslər qrupuna hüquqi yardım göstərilməsi üçün pul ödənilir. Bu sistemə əsasən hüquqi yardım xidmətini ya istənilən hüquqşünas və ya xüsusi şirkətlərlə bağlanmış müqavilə əsasında peşəkar vəkillər göstərə bilərlər. Lakin burada həmin hüquq firmalarının ixtisaslaşmaları nəzərə alınır. Ödənişsiz hüquqi yardımın göstərilməsi üzrə welfare modeli 1960-cı illərdə ABŞ-də o zamankı Prezident Lindon Consonun “Yoxsulluqla mübarizə” 1 proqramı əsasında tətbiq olunmağa başlanılmışdır. Bu model, həmçinin “ştatda olan hüquqşünaslar” da adlanır. Bu sistemə əsasən, yerli icmaların nəzdində daimi hüquqşünas ştatları formalaşdırılır və bu hüquqşünaslar judicare sistemində çalışan peşəkar vəkillərin qatılmadıqları işlərə cəlb olunurlar. Kanada və Avstraliya kimi ölkələr welfare modelindən istifadə edənlər sırasındadırlar [7, s. 3-4].

Bu konteksdə qeyd edə bilərik ki, Azərbaycan Respublikasında yuxarıda qeyd edilən hər iki model - “judicare” və “welfare” tətbiq olunur. “Judicare” modelinə nümunə olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının əlamətdar günlərdə müxtəlif rayon və şəhərlərdə az təminatlı ailələrə, cəzaçəkmə müəsisələrində məhkumlara, müxtəlif sosial müdafiə müəssisələrində yaşayan, müalicə alan şəxslərə və s. bu kimi oxşar kateqoriyadan olan, maddi durumu ədalət mühakiməsinə çıxış üçün lazımi informasiyaları əldə etməyə imkan verməyən şəxslərə ödənişsiz (pulsuz) hüquqi yardım aksiyaları təşkil etməsini göstərmək olar. “Welfare” modeli isə Azərbaycan Respublikasında dövlət hesabına hüquqi yardım modeli ilə, demək olar ki, eyni mahiyyəti özündə ehtiva edir.

II. Hüquqi yardım sisteminin prinsipləri və qanunvericilik bazası

Cədvəl 1. Hüquqi yardım sisteminin qanunvericilik əsasları

Ölkə

Qanunvericilik aktı

Əhatə dairəsi

Böyük Britaniya

Legal Aid, Sentencing and Punishment of Offenders Act 2012, əlavə olaraq, İngiltərədə hüquqi yardım sistemində “Legal Aid Agency” (LAA) və ya “Civil Legal Aid” [22; 23].

Cinayət və mülki işlər, bütün ölkə ərazisində.

Fransa

Code de l'organisation judiciaire, Loi n°91-647 du 10 juillet 1991 [25].

Cinayət, mülki işlər, bütün ölkə ərazisində.

İspaniya

Ley 1/1996, de asistencia jurídica gratuita [24].

Mülki, inzibati və cinayət işləri, bütün ölkə ərazisində.

Almaniya

Beratungshilfegesetz (BerHG), Prozesskostenhilfe (PKH) [10; 11].

Mülki, cinayət, əmək, inzibati, bütün ölkə ərazisində.

Azərbaycan

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun, Konstitusiya (m.61), MPM (m.67-1) [9].

Cinayət işlərində və xüsusi hallarda mülki işlər, bütün ölkə ərazisində

Qeyd: Azərbaycanda “Dövlət hesabına (ödənişsiz) hüquqi yardım haqqında” Qanun hələ qəbul edilməmişdir. Mövcud sistem Konstitusiyanın 61-ci maddəsinə, Mülki Məcəlləyə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarlarına əsaslanır.

III. Pulsuz hüquqi yardım almaq üçün meyarlar

Böyük Britaniyada dövlət hesabına hüquqi yardım (legal aid) yalnız müəyyən maliyyə meyarlarına cavab verən şəxslərə təqdim olunur. Məsələn, 2024-cü il üzrə belə müəyyən edilib ki, aylıq xalis gəliri (disposable income) 733 funtsterlinqdən aşağı olan, habelə ümumi kapitalı (bankda əmanət, əmlak və digər aktivləri) 8000 funtsterlinqdən az olan şəxslər pulsuz hüquqi yardıma (mülki və cinayət işlərində) çıxış hüququ qazana bilərlər. Kapitalın 8000–16000 funtsterlinq aralığında olması hallarında isə qismən hüquqi yardım və ya müəyyən məbləğdə ödənişli yardım tətbiq olunur. Göstəricilər ailə vəziyyəti, yaşayış xərcləri və hüquqi problemin növünə görə dəyişə bilər. Əlavə olaraq, istintaq zamanı və ya təcili məhkəmə müdaxiləsi tələb olunduqda bu meyarlardan kənar hallar da nəzərdən keçirilə bilər [28; 30].

Fransada hüquqi yardım sistemi (aide juridictionnelle), əsasən “Loi n°91-647 du 10 juillet 1991” qanunu və əlaqəli inzibati qaydalarla tənzimlənir. Bu qanun, maddi vəziyyəti məhdud olan şəxslərə pulsuz və ya azaldılmış qiymətə hüquqi xidmətlər (məsələn, vəkillik, məsləhət, məhkəmə xərcləri) göstərilməsini nəzərdə tutur. 2024-cü il üçün hüquqi yardıma uyğunluq üçün şəxsin aylıq gəliri 1 nəfərlik ailə üçün təxminən 1250 avro, 2 nəfərlik ailə üçün isə 1560 avro civarındadır. Əmlak və əlavə gəlirə görə yardımın tam və ya qismən göstərilməsi mümkündür. Vətəndaşlıq və ya Fransa ərazisində qanuni rezidentlik tələbi mövcuddur [27].

Almaniyada hüquqi yardım Hüquqi Məsləhət Yardımı Qanunu (Beratungshilfegesetz (BerHG)) və Məhkəmə Xərcləri Yardımı (Prozesskostenhilfe (PKH)) qanunlarına əsasən təqdim olunur. 2024-cü il üçün ailə strukturu və yaşayış xərcləri nəzərə alınmaqla pulsuz hüquqi yardıma uyğunluq üçün orta aylıq gəlir 1400–1600 avro həddində hesablanıb. Kapital meyarı isə təxminən 5000–8000 avro aralığında dəyişir. Yardımın göstərilməsi üçün müraciətçinin məhkəməyə verilən xüsusi ərizə (PKH-Antrag) vasitəsilə və ərizədə hüquqi yardıma ehtiyacı və şəxsi imkanının olmaması əsaslandırılır [11].

İspaniyada hüquqi yardım 1/1996 saylı Pulsuz Hüquqi Yardım Haqqında Qanun (Ley 1/1996 de asistencia jurídica gratuita) ilə tənzimlənir. 2024-cü ilə əsasən, illik gəliri İctimai Gəlir Göstəricisinin (IPREM) 2 mislinə qədər olan şəxslər (təxminən 15876 avro) pulsuz hüquqi yardım almaq hüququna malikdir. Rezidentlik statusu, hüquqi əsas və müraciətin ciddiliyi nəzərə alınır [24].

Cədvəl 2. Yuxarıda qeyd edilən dövlətlərdə pulsuz hüquqi yardım üçün tələblər:

Ölkə

Maliyyə meyarı

Digər şərtlər

Böyük Britaniya

Aylıq gəlir: 733 funtsterlinqdən az; əmlak 8000 funtsterlinqdən az

Hüquqi əsas və ictimai maraq

Fransa

1 nəfər: 1200 avro; 2 nəfərlik ailə: 1500-1600 avro

Vətəndaşlıq və ya leqal rezidentlik

İspaniya

İllik gəlir: 2x IPREM (15876 avro)

Rezidentlik, hüquqi əsas

Almaniya

20000 avroya qədər (ailə, xərc faktoru əsasında)

Hüquqi zərurilik, imkan məhdudluğu

Azərbaycan

Orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması

Aztəminatlı sosial qruplar, insan alveri qurbanları və s.

IV. Dövlət tərəfindən təyin olunan vəkillər: rolu, effektivliyi və tətbiq praktikası

Dövlət tərəfindən təyin edilən vəkillər (İngiltərədə “duty solicitor”, Fransada “avocat commis d’office”) istintaq, məhkəmə prosesləri və apellyasiya mərhələlərində şəxsi təmsil edir, dəlillərin toplanmasında iştirak edir və müdafiə strategiyası hazırlayır. Bu sistemin effektivliyi, vəkillərin peşə hazırlığı və dövlət tərəfindən ayrılan vəsaitlə sıx bağlıdır.

CEPEJ-in (“Commission Européenne pour l’Efficacité de la Justice” - Avropa Şurası tərəfindən 2002-ci ildə təsis edilmiş ekspert qurumudur. Onun əsas məqsədi Avropa ölkələrində ədalət sistemlərinin səmərəliliyini, keyfiyyətini və işləkliyini yaxşılaşdırmaqdır.) 2024-cü il hesabatına və Böyük Britaniya Ədliyyə Nazirliyinin məlumatlarına əsasən:

Böyük Britaniyada 2024-ci ildə hüquqi yardım üçün dövlət tərəfindən ayrılmış büdcə təxminən 156 milyon funtsterlinq olmuşdur [22].

Fransada hüquqi yardım xərcləri 500 milyon avro, hüquqi yardımdan yararlanan şəxslərin sayı isə təxminən 950000 nəfər olmuşdur [10].

Almaniyada hüquqi yardım üçün ayrılan vəsait təxminən 400 milyon avro təşkil etmişdir [7].

Azərbaycanda 2024-cü il üçün bu məqsədlə ayrılmış vəsait təxminən 5.5 milyon manat olmuşdur (Azərbaycan Respublikası Maliyyə Nazirliyi).

Avropa Dövlətləri və Azərbaycan Respublikasında Vəkil Saatlıq Ödənişləri və Hüquqi Yardım Tarifləri. Saatlıq Ödənişlər və Statistik Göstəricilər (2024)

Ölkə

Büdcə miqdarı

Hüquqi yardım işi

Mənbə / Şərh

Azərbaycan

5,499,994.34 AZN

40,650

AR VK hesabatı [6]

Böyük Britaniya

156.5 mln funt sterliq

≈70,000 iş

LAA 2023–24 illik hesabat [22]

Fransa

≈500 mln. avro

≈1.2 m nəfər

CEPEJ 2024 report [13]

Almaniya

≈ 400 mln. Avro

>500,000 iş

BMJ 2024 statistikası [10]

İspaniya

≈750 mln. Avro

≈600,000 iş

CGAE / CEPEJ 2021 təminat

Avropa Dövlətləri və Azərbaycan Respublikasında vəkilə 1 saatlıq ödənişləri və hüquqi yardım tarifləri ilə bağlı araşdırma da aparan zaman aşağıdakıları müəyyən etdim. Məlum oldu ki, hüquqi yardıma çıxışın təmin olunması və vəkillərə ödənişlərin saatlıq əsasda tənzimlənməsi, əksər avropa ölkələrində ədalət mühakiməsinin əsas prinsiplərindəndir. Dövlət tərəfindən təyin olunan vəkillərin saatlıq ödənişləri ölkədən ölkəyə, işin növü və mürəkkəbliyinə görə dəyişir. Aşağıda Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və Azərbaycan nümunəsində rəsmi mənbələrə istinadla əsas tariflər və statistik göstəricilər təqdim olunur.

1 saata görə ödənişlərin ölkələr üzrə müqayisəsi

Ölkə

Saatlıq ödəniş (təxminən)

Qeyd və mənbə

Azərbaycan

11 manat (2025-ci ildən)

2018-də 2-6 manat arası, 2025-də 11 manata yüksəldildi (https://barassociation.az/news/1636 ) [6]

Böyük Britaniya

60 – 150 funtsterlinq

Cinayət işlərində £60-dan başlayır, mürəkkəb işlərdə £150-ə qədər (UK Ministry of Justice, Criminal Legal Aid Fees Guidance 2024) [30]

Fransa

40 – 100 avro

CNB (CNB barèmes indicatifs des honoraires) məlumatları, CEPEJ hesabatları, iş növünə görə dəyişir [13].

Almaniya

50 - 120 avro

RVG (Rechtsanwaltsvergütungsgesetz – Vəkil Haqları Qanunu) ilə tənzimlənir. Bundesministerium der Justiz – RVG Tarife 2024 [10].

İspaniya

30 - 90 avro

Consejo General de la Abogacía Española, CEPEJ, Ödənişlər regiondan (məs. Madrid, Kataloniya, Andalusiya) və işin növündən asılı olaraq dəyişir [14].

V. Vəkillərin peşəkarlıq səviyyəsi və keyfiyyət təhlili

Vəkillərin ixtisasartırma və peşəkar inkişafı müasir hüquqi sistemlərin ayrılmaz komponentlərindəndir. Bu sahədə dövlətlərin yanaşması, təşkilati strukturlar və maliyyələşdirmə modelləri arasında mühüm fərqlər mövcuddur. Azərbaycanın təcrübəsi bu istiqamətdə diqqətçəkici nümunədir.

Azərbaycan Respublikasında vəkillərin ixtisasartırma təlimləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzi ilə Ədliyyə Akademiyasının birgə təşkilatçılığı çərçivəsində müntəzəm olaraq həyata keçirilir. Təlimlər aktual hüquqi məsələləri əhatə edir və bütün vəkillər üçün ödənişsiz əsaslarla təşkil olunur. Mövcud məlumatlara görə, bu təlimlərə ümumi kollegiya üzvlərinin təxminən 85%-i cəlb olunur. Belə yüksək iştirak faizi postsovet məkanı ilə yanaşı, Avropa İttifaqı ölkələri ilə müqayisədə də nəzərəçarpacaq göstərici sayılır [5].

Müqayisə üçün, Almaniyada ixtisasartırma təlimləri BRAK (Bundesrechtsanwaltskammer) və Anwaltsakademie kimi qurumlar vasitəsilə təşkil olunur. Təlimlər əsasən güzəştli və ya bəzi hallarda ödənişsiz əsaslarla təqdim edilir. Bununla belə, iştirak səviyyəsinə dair dəqiq rəsmi statistika mövcud deyil, lakin geniş təklif şəbəkəsi və təşviqedici mexanizmlər mövcuddur [18].

Fransada isə vəkillər üçün ixtisasartırma təlimləri CNB (Conseil National des Barreaux) tərəfindən təşkil olunur və ildə minimum 20 saatlıq təlim keçmək məcburidir. CNB-nin onlayn platformasında 800-dən çox təlim təqdim edilir və onların əhəmiyyətli hissəsi ödənişsizdir. Lakin iştirak dərəcəsi ilə bağlı açıq statistika təqdim edilmir [13].

Böyük Britaniyada Solisitorlar üzrə Nəzarət Təşkilatı (SRA) və Law Society tərəfindən vəkillərin illik minimum 16 saat davam edən peşəkar inkişaf proqramlarında iştirak etməsi tələb olunur. Bu sahədə təlimlərin bir qismi ödənişsiz və akkreditə şəkildə təqdim edilsə də, sistem əsasən özəl təşəbbüslər üzərində qurulub. İştirak səviyyəsi ilə bağlı vahid statistik məlumat mövcud deyil [19; 20].

İspaniyada ixtisasartırma təlimləri Abogacía Española və yerli barolar tərəfindən həyata keçirilir. Avropa Şurasının “HELP” proqramı çərçivəsində müxtəlif pulsuz hüquqi təlimlər təklif olunur. Lakin təlim iştirakına dair rəsmi rəqəmlər açıqlanmamışdır [24; 26].

Yekun olaraq qeyd olunmalıdır ki, Azərbaycanda vəkillərin ixtisasartırma sisteminin həm institusional təşkili, həm də kütləvi iştirakı baxımından yüksək səviyyədə qurulduğu müşahidə olunur. Xüsusilə iştirak səviyyəsinin 85%-ə çatması bu sahədə ölkənin hüquqi inkişafını göstərən mühüm göstəricidir. Bu mənada Azərbaycan modeli bəzi Avropa ölkələri ilə müqayisədə daha sistemli və əlçatan xarakter daşıyır.

VI. Qeyri-hökumət təşkilatlarının rolu

Dünya təcrübəsi sübut edir ki, stabil vətəndaş cəmiyyətinin qurulması əsl demokratik dövlətin yaradılmasının ilkin vacib şərti rolunda çıxış edir. Yalnız demokratik ölkələrdə vətəndaş səmərəli fəaliyyət göstərə bilər. Çünki demokratik dövlətdə vətəndaşlar konstitusion hüquqlarını həyata keçirə bilir, ümumi əhəmiyyətli qərarların qəbulunda iştirak edir və müxtəlif ictimai birliklərdə birləşməklə fərdi maraqlarını təmin etmək imkanlarına malik olurlar [20, s. 38-39]. Vətəndaşların birləşməsi vətəndaş cəmiyyətinin vacib elementi rolunda çıxış edir. Bu, ölkə əhalisinin fəal şəkildə siyasi, iqtisadi və sosial-mədəni fəaliyyətlə məşğul olmaq formasıdır. Birləşmək özlərinin konstitusion hüquq və azadlıqlarının reallaşdırılması və həyata keçirilməsi üzrə istək və imkanlarını səfərbər etməyə imkan verir. Qeyri-hökumət təşkilatları isə vətəndaş cəmiyyətinin əsas barometrləridir. Birləşmək hüququ hüquqi dövlət anlayışı ilə sıx bağlıdır [21, s. 96-97]. Çünki birləşmək hüququnun reallaşdırılması üçün mütləq müvafiq şəraitin olması tələb olunur ki, bu da hüquqi dövlətdə mümkündür. Bununla yanaşı, hüquqi dövlətin əsas göstəricilərindən biri məhz birləşmə hüquqlarının mövcudluğu və onların reallaşdırılması şəraitinin olmasından ibarətdir.

Azərbaycan Respublikasında fəal vətəndaş cəmiyyəti quruculuğu getməkdədir. Vətəndaş cəmiyyətinin mərkəzi sütununu isə birləşmək hüququ əsasında yaradılan müxtəlif ictimai təşkilatlar - qeyri-hökumət təşkilatları təşkil edirlər. 13 iyun 2000-ci ildə qəbul olunmuş “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu bu istiqamətdə ən əhatəli sənəd oldu. Qəbul olunmuş qanunun beynəlxalq müqavilələrin və konvensiyanın müvafiq müddəalarına cavab verdiyini söyləmək üçün ciddi əsaslar mövcuddur.

Tədqiqat zamanı o da müəyyən olundu ki, xüsusilə sosial baxımdan həssas qruplar üçün hüquqi yardım sahəsində qeyri-hökumət təşkilatları (QHT-lər) mühüm rol oynayır. Məsələn, İngiltərədə “Citizens Advice” və “Law Centres Network” bu sahədə geniş fəaliyyət göstərir. Fransada “Droit d’Urgence” və İspaniyada “Fundación Abogacía Española”, “Irídia – Centro para la Defensa de los Derechos Humanos”, “Pikara, Fundación Mujeres”, Almaniyada “Diakonie”, “Sozialberatungstelle”-lər və s. bu rolu icra edir. Azərbaycanda hüquqi maarifləndirmə sahəsində fəaliyyət göstərən QHT-lər olsa da, onların institusional dəstəyi və hüquqi yardım sisteminə inteqrasiyası zəifdir [15; 18].

VII. Beynəlxalq standartlarla uyğunluq və qiymətləndirmə

BMT-nin Hüquqi Yardım üzrə Prinsipləri (2012) və Avropa Şurasının tövsiyələri hüquqi yardıma çıxışın insan hüquqlarının tərkib hissəsi olduğunu vurğulayır. Avropa Şurası Nazirlər Komitəsinin (2003) R(2003)14 saylı tövsiyəsində [15] üzv dövlətlərə hüquqi yardımın effektivliyinin təmin olunması üçün qanunvericiliyin və resursların adekvatlaşdırılması tövsiyə olunur [31].

İnsan hüquq və əsas azadlıqları haqqında Avropa Konvensiyasında aydın mətnlə qeyd edilir ki, “cinayəti törətməkdə ittiham edilən hər bir şəxsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə müdafiə olunmaq və yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda ədalət mühakiməsinin maraqları bunu tələb edirsə, təmənnasız hüquqi yardım almaq” [4, s. 78] hüququ vardır.

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) presedent hüququna əsasən, hüquqi yardım yalnız formal deyil, eyni zamanda effektiv olmalıdır. Bu, ədalətli məhkəmə araşdırması hüququnun (Avropa Konvensiyasının 6-cı maddəsi) ayrılmaz hissəsidir. Bununla bağlı AİHM-də çoxsaylı işlər olmuşdur. Nümunədə Artico v. Italy (1980) – (Ərizə №: 6694/74) AİHM-in bu qərarı hüquqi yardımın formal deyil, effektiv şəkildə təmin olunmasının zəruriliyini ilk dəfə aydın şəkildə ortaya qoymuşdur. İşə baxan məhkəmə müəyyən etdi ki, İtaliya dövləti ərizəçiyə dövlət hesabına müdafiəçi təyin etmişdi, lakin həmin vəkil faktiki olaraq onu müdafiə etməmişdi.

Nəticədə məhkəmə o qərara gəldi ki, sadəcə vəkilin təyin edilməsi kifayət deyil, dövlət bu hüququ real və effektiv şəkildə təmin etməlidir. Sitata: “The Convention is intended to guarantee rights that are practical and effective, not theoretical or illusory”. Digər bir nümunə kimi “Airey v. Ireland (1979) – (Ərizə №: 6289/73)” işini göstərmək olar [1]. Bu işdə AİHM ilk dəfə mülki işlər üzrə hüquqi yardımın da təmin olunmasının 6-cı maddəyə daxil olduğunu tanımışdır. Belə ki, İrlandiyada boşanma prosesində ərizəçi hüquqi yardımsız (vəkilsiz) hüquqlarını həyata keçirə bilmirdi. AİHM dedi ki, hüquqi yardımın (vəkilin) olmaması ədalətli məhkəmə hüququnu mümkün etmir. Sitata: “Effective access to court may necessitate the provision of legal assistance in civil cases too”. Daha bir nümunə “Quaranta v. Switzerland (1991) – (Ərizə №: 12744/87)” işini qeyd etmək olar. Bu işdə məhkəmə hesab edir ki, hüquqi yardımın təqsirləndirilən şəxsin müdafiəsi üçün zəruri olduğu hallarda dövlətin vəkil təmin etməsi və onun fəaliyyətini effektiv təmin etməsi mütləqdir. Məhkəmə hesab etdi ki, ərizəçi çətin vəziyyətdə olub və hüquqi yardım olmadan müdafiəsini qurmaq qeyri-mümkün idi. Yardım təyin edilməli və real olmalı idi.

Azərbaycan Respublikasının maddi və prosessual qanunvericilik normalarının bu sahədə beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində irəliyə doğru addımlar atması müsbət qiymətləndirilsə də, yuxarıda qeyd etdiyim müqayisəli təhlil nəticələri deməyə əsas verir ki, sistematik islahatlara hələ də ehtiyac qalmaqdadır. Azərbaycanda hüquqi yardım sisteminin təkmilləşdirilməsi üçün qanunvericilik, maliyyə və texnoloji islahatların sinxron şəkildə həyata keçirilməsi vacibdir. Avropa təcrübəsi göstərir ki, effektiv hüquqi yardım yalnız insan hüquqlarının deyil, sosial rifahın da tərkib hissəsidir.

VIII. Nəticə

1. Azərbaycan Respublikasında hüquqi yardım sisteminin institusional çərçivəsinin təkmilləşdirilməsinə ehtiyac vardır və bu sahədə işlərin davam etdirilməsi, müdafiə strategiyalarının keyfiyyətli hazırlanmasına yönəlik vəkillərin ixtisasartırma sisteminin daha da təkmilləşdirilməsi və stimullaşdırması məqsədəmüvafiq olar.

2. Məhkəməyə qədər istintaq (təhqiqat) orqanlarının (polis, prokurorluq və s.) da hazırkı elektron məhkəmə tipli vahid bir elektron platformada inteqrasiya olunması operativlik, şəffaflıq, obyektivlik, qanunçuluq və hüquqi müəyyənlik baxımından vəkillik institutu üçün çox mühüm bir dəstək olar.

3. Dövlət tərəfindən hüquqi yardımın maliyyələşdirilməsi səviyyəsinin davamlı artırılması, illik hesabatlılıq və keyfiyyət monitorinqi sisteminin davamlı inkişaf etdirilməsi məqsədəmüvafiq olar.

4. Rəqəmsal hüquqi yardım müraciət sistemləri inkişaf etdirilməsi və QHT-lərin hüquqi yardım strukturuna inteqrasiyası dəstəklənməsi məqsədəmüvafiq olar.

5. “Dövlət hesabına (ödənişsiz) hüquqi yardım haqqında” xüsusi qanunun qəbul edilməsi hüquqi müəyyənlik və effektivliyin artırılması baxımından məqsədəuyğun olardı.

6. Hüquqi yardım sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması üçün Avropa Şurasının və BMT-nin tövsiyələri rəhbər tutulmalı və AİHM presedentləri nəzərə alınması məqsədəmüvafiq olar.

7. Vəkil fəaliyyətinin müstəqilliyinin inkişaf etdirilməsi, vəkil birliklərinin (büroların, mərkəzlərin və s.) nümunəvi əsasnamələrinin təkmilləşdirilməsi, fəaliyyətlərində hesabatlılıq, kollegiallıq, aşkarlıq və şəffaflığın inkişaf etdirilməsi məqsədəmüvafiq olar.

8. Vəkillər Kollegiyasının elektron portalında süni intellekt dəstəkli məsləhətçi və onlayn müraciət sisteminin tətbiqi məqsədəmüvafiq olar.

Azərbaycan üçün son illərdə vəkillərə ödənən dövlət hesabına ödənişlərin artırılması və daha şəffaf statistikasının mövcudluğu müsbət irəliləyiş kimi dəyərləndirilməlidir.

Oxşar xəbərlər