“Öhdəliyin icrası haqqında iddiaların digər iddia növlərindən fərqli cəhətləri” - MƏQALƏ


  • 11:13

E-huquq.az Vəkillər Kollegiyasının üzvü, “Sirius” Vəkil Bürosunun vəkili Lalə Məmmədlinin “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2025, №2 (26) sayının “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş xüsusi buraxılışında dərc olunan “Öhdəliyin icrası haqqında iddiaların digər iddia növlərindən fərqli cəhətləri” adlı elmi məqaləsini təqdim edir:

Annotasiya

Məqalədə inzibati prosessual hüquqda məcburetmə haqqında iddia, mübahisələndirmə haqqında iddia və öhdəliyin icrası haqqında iddia institutları müqayisəli-hüquqi aspektdə araşdırılır. Almaniya, Azərbaycan və Türkiyə qanunvericilikləri nümunəsində bu iddiaların hüquqi mahiyyəti, predmeti, tətbiq halları və prosessual xüsusiyyətləri təhlil edilir. Almaniya hüququnda məcburetmə haqqında iddia icra iddiaları qrupuna daxil edilərək “imtinaya qarşı” və “hərəkətsizliyə qarşı” alt növlərə ayrılır. Azərbaycan qanunvericiliyində məcburetmə haqqında iddia inzibati aktın qəbulunu təmin etməyə yönəlmişkən, öhdəliyin icrası haqqında iddia faktiki xarakterli hərəkətlərin yerinə yetirilməsinə aid edilir. Türkiyə qanunvericiliyində isə bu iddialar ayrıca təsnif olunmayaraq “tam yuridiksiya iddiası” çərçivəsində tənzimlənir. Araşdırmada həmçinin inzibati müqavilələrin hüquqi rejimi, onların bağlanma halları və “ayrıla bilən əməliyyat” nəzəriyyəsi kontekstində məhkəmə nəzarətinin tətbiqi imkanları izah olunur, o cümlədən inzibati müqavilərlə bağlı məhkəməyə hansı iddia növü ilə müraciət edilməsinin mümkünlüyü araşdırılmışdır. Sonda iddia növləri arasındakı sərhədlərin aydın müəyyənləşdirilməsinin inzibati məhkəmə icraatına təsir göstərdiyi qənaətinə gəlinmiş, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təkliflər verilmişdir.

Açar sözlər: öhdəliyin icrası haqqında iddia, inzibati məhkəmə icraatı, müddət, məcburetmə haqqında iddia, inzibati akt.

I. Giriş

İnzibati hüquq sahəsində iddiaların təhlili, onların növləri və tətbiq prinsipləri, həm nəzəri, həm də praktiki baxımdan inzibati məhkəmə icraatında vətəndaşların hüquqlarının müdafiəsini təmin edən əsas mexanizmlərdən biridir. Xüsusilə öhdəliyin icrası haqqında iddia və məcburetmə haqqında iddia inzibati məhkəmə icraatında müstəsna əhəmiyyət kəsb edir, çünki bu iddialar vasitəsilə vətəndaşlar inzibati aktların mübahisələndirilməsinə deyil, inzibati orqanların faktiki xarakterli hərəkətləri həyata keçirməsinə və ya inzibati aktların qəbul edilməsinə nail ola bilərlər. Bu baxımdan öhdəliyin icrası haqqında iddia və məcburetmə haqqında iddia inzibati məhkəmələr tərəfindən təmin olunan hüquqi müdafiənin əsas vasitəsi hesab olunur.

Müasir hüquqi praktikada və nəzəri ədəbiyyatda bu iddiaların strukturu və təsnifatı müxtəlif ölkələrin qanunvericilik sistemlərində fərqli formalarda nəzərdə tutulmuşdur. Alman hüquq sistemində bu iddialar “icra iddiaları” (Leistungsklage) kateqoriyasına daxil edilir və inzibati orqanları müəyyən hərəkətləri həyata keçirməyə məcburetmə funksiyasına malikdir. Məcburetmə haqqında iddialar bu kateqoriyaya aid edilir və məhkəmə tərəfindən iddiaçının xeyrinə inzibati aktın qəbul edilməsini təmin etmək məqsədini güdür. Bu baxımdan alman qanunvericiliyi iddianın növlərini formalaşdırıcı iddialar (Gestaltungsklage), icra iddiaları (Leistungsklage) və müəyyənləşdirici iddialar (Feststellungsklage) üzrə sistemləşdirir və normativ əsasını “İnzibati məhkəmə icraatı haqqında” Qanunun müvafiq maddələrində tapır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi isə məcburetmə və öhdəliyin icrası haqqında iddiaları ayrı-ayrı kateqoriyalar kimi müəyyən etməklə iddiaçıların hüquqlarının qorunmasını daha dəqiq və səmərəli şəkildə təmin edir. Belə ki, məcburetmə haqqında iddialar inzibati aktın qəbul edilməsi ilə bağlıdır, öhdəliyin icrası haqqında iddialar isə faktiki xarakterli hərəkətlərin həyata keçirilməsi ilə əlaqədardır. Bu fərqləndirmə iddiaçının konkret hüquqi müdafiə mexanizmini seçməsinə imkan verir və məhkəmə prosedurunda hər iki iddia növünün hüquqi mahiyyətinin dəqiq müəyyənləşdirilməsini təmin edir.

Türkiyə inzibati prosessual qanunvericiliyi isə tam yuridiksiya iddiası (Recours de plein contentieux) çərçivəsində daha geniş iddia spektrini əhatə edir və öhdəliyin icrası ilə məcburetmə haqqında iddiaların ayrı-ayrı kateqoriyalarını nəzərdə tutmur. Bu fərqliliklər hüquqi tənzimləmənin ölkələr arasında müqayisəli təhlilini vacib edir və iddiaların mahiyyətini, tətbiq mexanizmlərini və praktiki nəticələrini anlamaqda mühüm rol oynayır.

Məqalənin məqsədi inzibati hüquqda öhdəliyin icrası haqqında iddia, məcburetmə haqqında iddia, o cümlədən mübahisələndirmə haqqında iddianın nəzəri əsaslarını, praktik tətbiqini, eləcə də müxtəlif ölkələrdəki qanunvericiliklərlə müqayisəsini araşdırmaqdır. Bununla yanaşı, iddiaların növləri, onların məzmunu, baxılmasının prosedur qaydaları və tətbiq zamanı meydana çıxan hüquqi məsələlər inzibati məhkəmə icraatının səmərəliliyinin və vətəndaşların hüquqlarının müdafiəsini təmin edən hüquqi mexanizmlər kimi təhlil olunacaqdır.

II. Öhdəliyin icrası haqqında iddialarla məcburetmə haqqında iddiaların müqayisəsi

Nəzəri ədəbiyyatda və praktikada öhdəliyin icrası haqqında iddialarla oxşarlığı ilə seçilən iddia növü məcburetmə haqqında iddiadır. Alman inzibati prosesssual qanunvericiliyində inzibati məhkəmə icraatı ilə bağlı olan iddiaların növləri formalaşdırıcı iddialar (gestaltungsklage) [6, s. 385-421], icra iddiaları (leistungsklage) [6, s. 289-292] və müəyyənləşdirici iddialar (Feststellungsklage) [6, s. 293-320] olaraq qruplara ayrılmışdır. Bunun normativ əsası Alman İnzibati Məhkəmə icraatı haqqında Qanunun 43-cü maddəsinin ikinci bəndidir. Belə ki, həmin normaya əsasən müəyyənetmə haqqında iddia ilə o halda müraciət edilə bilməz ki, iddiaçı öz hüquqlarını formalaşdırıcı və ya icra iddiaları ilə müdafiə edə bilir və ya müdafiə edə bilərdi.

Məcburetmə haqqında iddialar “icra iddiaları” təsnifatına daxildir. İnzibati prosessual hüquqda “icra iddiaları” dedikdə inzibati orqanlar tərəfindən müəyyən hərəkətlərin edilməsinə, inzibati aktın qəbul edilməsinə, o cümlədən inzibati orqanların müvafiq hərəkətlərə dözməsinə, müəyyən hərəkətlərdən çəkinməsinə məcbur edilməsinə ilə bağlı iddialar nəzərdə tutulur. Belə iddiaların məqsədi məhkəmədən iddiaçının tələb etdiyi “icranın” həyata keçirilməsinə məcbur edilməsidir. Məcburetmə haqqında iddialarda isə tələb olunan “icra” iddiaçının xeyrinə inzibati aktın qəbul edilməsi ilə bağlıdır. Məsələn, bir şəxsin “məcburi köçkün statusu və vəsiqəsi verilməsi ilə bağlı” tələbi məcburetmə haqqında iddia olacaqdır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə, məcburetmə iddiası qaldıran şəxs məhkəmədən cavabdehin üzərinə onun istədiyi məzmunlu inzibati aktı qəbul etmək öhdəliyinin qoyulmasını tələb etmək imkanına malikdir [10]. Qanunun tələbinə əsasən məcburetmə haqqında iddia vasitəsilə məhkəmə vasitəsilə inzibati orqandan inzibati aktın qəbul edilməsi tələb edilə bilər. Qeyd etmək lazımdır ki, inzibati məhkəmənin iddiaçının tələb etdiyi inzibati aktı özünün qəbul etməsinə icazə verilmir. Bu baxımdan, inzibati məhkəmə sadəcə olaraq inzibati orqanın iddiaçının tələb etdiyi inzibati aktı qəbul etməsinə və ya iddiaçının müraciətinə yenidən baxılması vəzifəsini müəyyən edir. Nəticədə məcburetmə haqqında iddia “formalaşdırıcı iddia” deyil, “icra iddiası”dır.

Almaniyanın “İnzibati məhkəmə icraatı haqqında” Qanunun 42-ci maddəsinin 2-ci hissəsi məcburetmə haqqında iddianın iki növü müəyyən edir [12]:

1. Məcburetmə haqqında iddianın birinci növü “imtinaya qarşı iddia”dır (Versagungsgegenklage). Bu iddia növü ilə məhkəməyə müraciət edilə bilməsi üçün ilk növbədə maraqlı şəxs inzibati orqana əlverişli inzibati aktın qəbul edilməsinin təmin edilməsi üçün müraciət etməli, inzibati orqan tərəfindən də əlverişli inzibati aktın qəbul edilməsindən imtina olunmalıdır.

2. Məcburetmə haqqında iddianın digər növü “hərəkətsizliyə qarşı iddia”dır (Untätigkeitsklage). Bu iddia növü ilə inzibati məhkəməyə o halda müraciət edilir ki, maraqlı şəxsin müraciətinə inzibati orqan tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində heç bir maddi cavab, hətta imtina cavabı belə verilmiş olmur. Qeyd etmək lazımdır ki, “hərəkətsizliyə qarşı” iddia müstəqil iddia növü hesab olunmur. Bu iddia daha çox inzibati şikayət (etiraz) olmadan iddianın mümkün sayılması ilə bağlı prosessual vəziyyyətinin mövcudluğuna kömək edir. Həmçinin bu iddia inzibati məhkəməyə müraciət edilməsi üçün iddia müddətinin qanunla nəzərdə tutulub-tutulmamasından asılıdır. Almaniyanın “İnzibati məhkəmə icraatı haqqında” Qanunun 75-ci maddəsinə əsasən əgər inzibati şikayətə və ya inzibati aktın qəbul edilməsi tələbinə dair, əsaslı səbəb olmadan, müvafiq müddət ərzində məzmun etibarilə qərar verilməyibsə, bu halda, həmin Qanunun 68-ci maddəsindən fərqli olaraq, inzibati məhkəmə qarşısında iddia qaldırmaq mümkündür [3]. Həmin normaya əsasən müvafiq müddət dedikdə 3 ay nəzərdə tutulur. Bəzi ölkələrin qanunvericiliyinə əsasən öhdəliyin icrası haqqında iddia, mübahisələndirmə haqqında iddia, o cümlədən məcburetmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün əvvəlcə inzibati orqanın özünə “etiraz”la müraciət edilməsi zəruri şərtdir. İnzibati orqana etiraz yolu ilə müraciət edilməsi müraciət edən şəxs üçün də faydalı xarakter daşıyır. Belə ki, bəzi hallarda maraqlı şəxs üçün məhkəməyə müraciət edilmədən inzibati aktın ləğv edilməsi imkanı yaranır [5, s. 515]. İnzibati orqanın hərəkət və ya hərəkətsizliyinə qarşı inzibati orqanın özünə “etiraz”la müraciət edilməsi inzibati prosedur ilə məhkəmə proseduru arasında keçid nöqtəsi funksiyasını yerinə yetirir.

Nəticədə məcburetmə haqqında iddianın hər iki “alt növü” maraqlı şəxsin inzibati orqana müraciət etdiyi vaxta qədər qəbul olunmamış inzibati aktın qəbuluna yönəldilmiş olur.

Qeyd etmək lazımdır ki, öhdəliyin icrası haqqında iddialar da “icra iddiaları” qrupuna daxildir. Lakin məcburetmə haqqında iddialardan fərqli olaraq öhdəliyin icrası haqqında iddialar inzibati aktın deyil, “faktiki xarakterli hərəkətin” edilməsinin inzibati orqanın üzərinə vəzifə kimi qoyulması ilə bağlıdır. Qanunvericilikdə nəzərdə tutulmasa da, məcburetmə haqqında iddialar kimi öhdəliyin icrası haqqında iddiaların iki alt növünü fərqləndirə bilərik. Öhdəliyin icrası haqqında iddiaların tətbiq dairəsi daha genişdir. Belə ki, öhdəliyin icrası haqqında iddialarla məhkəməyə müraciət edilməsi üçün həyata keçirilməsi tələb olunan “icra” inzibati aktın qəbul edilməsi ilə bağlı olmamalıdır. Türkiyənin “İnzibati məhkəmə icraatı haqqında” Qanununda isə konkret olaraq məcburetmə haqqında iddialar və öhdəliyin icrası haqqında iddialar fərqləndirilməmişdir. Belə ki, həmin qanunda 3 iddia növü təsbit edilmişdir. Azərbaycan Respublikası qanunvericiliyindən fərqli olaraq Türkiyə inzibati prosessual qanunvericiliyindən 3 iddia növü müəyyənləşdirildiyindən iki ölkənin iddia növlərinin qarşılaşdırılması çətinlik doğurur. “Türkiyənin İnzibati məhkəmə icraatı haqqında” Qanunun 2-ci maddəsində aşağıdakı 3 iddia növü müəyyən edilmişdir:

1. Ləğv iddiası;

2. Tam yurisdiksiya iddiası;

3. İnzibati müqavilələrdən irəli gələn iddialar.

Ləğv iddiaları məhz “formalaşdırıcı iddialar” olduğundan Azərbaycan Respublikası inzibati prosessual qanunvericiliyində nəzərdə tutulan məcburetmə haqqında iddia və öhdəliyin icrası haqqında iddialar daha çox tam yurisdiksiya iddiası olaraq tərcümə olunan “tam yargı davaları”na uyğundur. Türkiyə inzibati prosessual qanunvericiliyi Fransız modelinə uyğun olduğundan iddia növlərinin də adları fransız dilindən tərcümə edilmişdir. Tam yurisdiksiya (tam yargı) iddiası fransız dilindəki Recours de plein contentieux ifadəsindən tərcümə edilmişdir. Beləliklə, Türkiyə qanunvericiliyində tam yurisdiksiya iddiası ləğvetmə haqqında iddia ilə əhatə olunmayan bütün hərəkətlərin tələb edilməsi bağlı iddia növüdür. Yəni inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsindən başqa maraqlı şəxsin inzibati orqanın digər fəaliyyəti ilə bağlı tələbləri tam yurisdiksiya (tam yargı) iddiasının əhatəsinə daxil hesab olunur. Bəzən ədəbiyyatlarda belə bir fikirə rast gəlinir ki, tam yurisdiksiya (tam yargı) iddiası təzminatla (kompensasiya ilə) bağlı olan iddia növüdür. Türkiyə praktikasında tam yurisdiksiya haqqında iddiaların əksər hissəsi təzminatla bağlı olsa da, həmin iddia növü başqa hüquqi tələblərlə də bağlı ola bilər. Türkiyə praktikasında tam yurisdiksiya iddiası daha çox təzminatla bağlı olsa da, Fransa qanunvericiliyində bu iddia növü inzibati məhkəmə icraatı qaydasında bir çox tələbin irəli sürülməsi ilə bağlıdır. Hesab edirik ki, Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyində iddianın növlərinin müxtəlifliyi daha effektiv müdafiə vasitəsini təkmilləşdirir. Yəni Türkiyə və Fransa inzibati prosessual qanunvericiliyində məcburetmə və öhdəliyin icrası haqqında iddialar bir iddia növü altında birləşdirilmişdir ki, bu da onlar arasında fərqin müəyyən edilməsi zərurətini aradan qaldırır. Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi isə inzibati orqanın hərkətlərini real aktın qəbul edilməsi və inzibati aktın qəbul edilməsi ilə bağlı olan hərəkətlər formasında müəyyən etdiyindən fərqli təsnifat özünü göstərir. Bu zaman “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində nəzərdə tutulan inzibati aktın qəbul edilməsi ilə bağlı olan iddia məcburetmə haqqında iddia olacaqdır. Öhdəliyin icrası haqqında iddialar isə inzibati orqanın inzibati aktın qəbul edilməsi bağlı olmayan faktiki xarakterli hərəkətin edilməsi ilə bağlı öhdəliyin inzibati orqanın üzərinə qoyulması ilə bağlı olan iddia növüdür. Bəzi ölkələrin inzibati prosessual qanunvericiliyində məcburetmə haqqında iddia öz təbiətinə görə öhdəliyin icrası haqqında iddianın bir növü hesab olunur [1, s. 272]. Məcburetmə haqqında iddia ilə öhdəliyin icrası haqqında iddiaların baxılması zamanı oxşarlıq ondan ibarətdir ki, hər iki iddia növü üzrə hakim aşağıdakı iki məsələni yoxlamalıdır:

1. İnzibati aktın qəbul edilməsindən imtinanın qanuniliyi. Almaniya qanunvericiliyində müəyyən edilmiş qayda bundan ibarətdir ki, əgər məcburetmə haqqında iddia ilə maraqlı şəxs məhkəməyə müraciət edibsə, alman dilində Rechtswidrigkeitsaufbau olaraq ifadə olunan “hüquq pozuntusunun quruluşu” məhkəmə tərəfindən əsas götürülür. Almaniyanın “İnzibati Məhkəmə icraatı haqqında” Qanunun 113-cü maddəsinin 5-ci hissəsinin 1-cümləsinə əsasən əgər məhkəmə tərəfindən əgər inzibati aktın qəbulundan imtina edilməsi və ya onun verilməməsi qanunsuz hesab edilirsə və bu hal iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdursa, həmçinin iş məhkəmənin qərar qəbul etməsi üçün hüquqi cəhətdən hazır vəziyyətdədirsə (spruchreif), məhkəmə inzibati orqanın tələb olunan rəsmi hərəkəti həyata keçirməsi (inzibati aktın qəbul edilməsi) barədə qərar qəbul edir [7]. Birinci halda məhkəmə inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina olunması haqqında qərarının, o cümlədən hərəkətsizliyinin həm formal, həm də maddi cəhətdən hüquqauyğun olub-olmamasını yoxlayır. Azərbaycan Respublikası inzibati məhkəmə icraatında isə inzibati aktın qəbul olunmasından imtinanın sadəcə olaraq inzibati orqanın inzibati aktın qəbul olunmamasına münasibətinin öyrənilməsi, o cümlədən əsaslandırmanın hansı formada həyata keçirilməsinin müəyyən edilməsi məqsədilə əhəmiyyət kəsb edir. Öhdəliyin icrası haqqında iddia üçün də eyni qayda qüvvədədir. Bu zaman faktiki xarakterli hərəkətin həyata keçirilməsindən imtina sadəcə olaraq inzibati orqanın faktiki xarakterli hərəkətin edilməməsinə münasibətinin öyrənilməsi baxımdan önəmlidir.

2. Qəbul edilməsi tələb olunan inzibati aktın qanuniliyi. Bu halda isə, məhkəmə iddiaçı tərəfindən qəbul edilməsi tələb olunan inzibati aktın maraqlı şəxs üçün əlverişli olduğu qədər, qanuni də olub-olmamasını yoxlayır. Bu zaman belə nəticə çıxarmaq olur ki, əgər inzibati aktın qəbul edilməsi qanunidirsə, o zaman inzibati orqanın aktın qəbul edilməsindən imtinası da qanunsuzdur. Praktikada edilən ən böyük səhvlərdən biri də, inzibati məhkəmə icraatında məcburetmə haqqında iddiaya baxılan zaman hakim inzibati aktın qəbulundan imtina olunması haqqında qərarın məzmun baxımdan yoxlanılmasını həyata keçirirlər. Bu məcburetmə haqqında iddianın məzmununa uyğun gəlməyən haldır. Çünki məcburetmə haqqında iddia inzibati aktın qəbul edilməsi ilə bağlı tələblə əlaqədardır. Bu zaman hakim inzibati aktın qəbul olunmasından imtina haqqında haqqında qərarı müstəqil inzibati akt kimi qiymətləndirə bilməz. Almaniyada fərqli bir praktika özünü göstərir. Belə ki, inzibati aktın qəbul olunmasından imtina qərarının qanuniliyini yoxlayan məhkəmələr bəzi hallarda inzibati aktlar üçün tələb olunan əsaslandırma tələbinin pozuması ilə bağlı nəticəyə gəlirlər. “İnzibati İcraat haqqında” Qanunun 61.2-ci maddəsinin məzmununa əsasən inzibati aktın əsaslandırılması zamanı işin faktiki vəziyyəti və hüquqi tərəfləri, onları təsdiqləyən və ya təkzib edən sübutlar, eyni zamanda qərarın qəbulunda istinad olunan qanunlar və digər normativ aktlar əks olunmalıdır [11]. Qeyd etmək lazımdır ki, həmin normanın tələbləri inzibati aktlar üçün nəzərdə tutulmuşdur.

Bəzi ədəbiyyatlarda isə məhkəmələrə tövsiyə edilən ondan ibarətdir ki, inzibati orqan inzibati aktın qəbulundan imtinanı rəsmi sənəd formasında etmişdirsə, bu halda məsələnin həlli müsbət istiqamətdədirsə, məhkəmə inzibati aktın qəbulunu inzibati orqanın üzərinə öhdəlik kimi qoymaqla bərabər, həm də imtina haqqında aktın da ləğv edilməsini müəyyən etməlidir. Bu ləğvetmə məcburi xarakter daşımır, yəni inzibati aktın qəbul edilməsinə dair məhkəmənin mövqeyi həm də imtinanın ləğv edilməsini ehtiva edir. Bu yanaşma iddiaçının mövqeyi baxımından daha məqsədəuyğundur. Çünki iddiaçının tələbi yalnız inzibati aktın ləğv edilməsini deyil, həm də imtina haqqında qərarın da ləğv edilməsini nəzərdə tutur.

Öhdəliyin icrası haqqında iddialarla bağlı müraciət zamanı da inzibati məhkəmədən faktiki xarakterli hərəkətlərin edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması tələb olunur. Əgər inzibati orqan tərəfindən faktiki xarakterli hərəkətin edilməsindən imtina olunarsa, bu halda məcburetmə haqqında iddiadan fərqli olaraq, ümumiyyətlə, imtina haqqında qərarın ləğv edilməsi zərurətinin olmadığı qənaətindəyik. Belə ki, müvafiq hərəkətin edilməsindən imtina haqqında aktın özü müstəqil olaraq inzibati akt kimi qiymətləndirilsə idi, bu zaman öhdəliyin icrası haqqında iddiaların “inzibati akt qəbulu ilə bağlı olmayan” iddia olması əlaməti aradan qalxmış olacaq və məcburetmə haqqında iddia ilə eyniləşə bilərdi.

2577 saylı İnzibati Məhkəmə Prosessual Qanununun 2-ci maddəsinin (c) bəndində “təhkim yolu nəzərdə tutulmuş imtiyaz şərtləşmə və müqavilələrindən irəli gələn mübahisələr istisna olmaqla, ictimai xidmətlərdən birinin həyata keçirilməsi üçün bağlanmış hər cür inzibati müqavilələrdən irəli gələn tərəflər arasındakı mübahisələrə dair iddialar” ayrıca bir iddia növü kimi tənzimlənmiş olduğu halda, həmin Qanunun 36-cı maddəsində inzibati məhkəmənin səlahiyyətləri müəyyən edilərkən müqavilələrdən irəli gələn iddialar tam yurisdiksiya iddiası (tam hüquq iddiası) kimi qəbul edilmişdir [12]. Bu səbəbdən, Türkiyə inzibati prosessual qanunvericiliyinə əsasən inzibati müqavilədən irəli gələn iddiaları tam yurisdiksiya iddiası kimi xarakterizə etmək mümkündür. İnzibati müqavilələr yalnız o hallarda bağlanır ki, inzibati orqan öz fəaliyyətini birtərəfli inzibati aktlarla tam şəkildə həyata keçirmək imkanına malik olmur. Bununla belə, inzibati müqavilənin bağlanması zəruri və qaçılmaz bir şərt hesab edilmir. Beynəlxalq təcrübə də göstərir ki, əksər dövlətlərdə inzibati müqavilələr yalnız qanunvericilikdə xüsusi olaraq müəyyən edilmiş hallarda tətbiq olunur. Onların mahiyyət etibarilə publik hüquqa aid olması isə inzibati orqanların belə müqavilələri birtərəfli qaydada dəyişdirə bilməsi səlahiyyəti ilə təsdiqini tapır [9, s. 1961-1964]. Mülki hüquqi müqavilələrdən fərqli olaraq, inzibati müqavilələrin əsas məqsədi qanunla müəyyən olunmuş ictimai maraqları təmin etməkdir. Bu müqavilələrin həyata keçirilməsi prosesində inzibati orqanların daim iştirak etməsi də onların fərqləndirici cəhətlərindən biridir. Publik hüquq normaları həm ictimai maraqların qorunmasına, həm də inzibati orqanlarla fiziki və hüquqi şəxslər arasında yaranan münasibətlərin tənzimlənməsinə xidmət edir [4, s. 200]. Bu normalar əsasında inzibati müqavilələrin bağlanma şərtləri, icra prosedurları, tərəflərin hüquq və öhdəlikləri, həmçinin müqaviləyə xitam verilmə qaydaları müəyyən edilir. Azərbaycan Respublikasının qanunvericiliyində inzibati müqavilələrin məhkəmədə mübahisələndirilməsi ilə bağlı ayrıca norma nəzərdə tutulmamışdır. Bu isə inzibati məhkəmə icraatında müəyyən çətinliklər yaradır. Belə hallarda iddianın növünü düzgün müəyyənləşdirmək üçün inzibati müqavilənin xarakterik cəhətlərinin təhlili vacibdir. İnzibati müqavilələrin nəzərdən keçirilməsi zamanı “ayrıla bilən əməliyyat nəzəriyyəsi”nin də qeyd olunması əhəmiyyət kəsb edir. Həmin nəzəriyyəyə əsasən, müqavilənin müxtəlif mərhələlərində inzibati orqan tərəfindən həyata keçirilən birtərəfli hüquqi hərəkətlərin mövcudluğu qəbul edilir. Bu yanaşma müqavilənin bağlanması prosesində inzibati orqanın birtərəfli qaydada hüquqi nəticə doğuran aktlar qəbul etməsi və həmin aktların inzibati məhkəmələrdə mübahisələndirmə və ya öhdəliyin icrası haqqında iddialara səbəb ola bilməsi ilə əlaqələndirilir [8, s. 8-9]. Bununla belə, Azərbaycan qanunvericiliyi kontekstində bu yanaşmanın tətbiqi hələ də mübahisəli hesab olunur. Beynəlxalq təcrübə göstərir ki, bir çox ölkələrdə inzibati müqavilədən ayrılaraq müstəqil şəkildə mübahisə predmeti ola bilən inzibati orqan hərəkətləri mövcuddur. “Ayrıla bilən əməliyyat” nəzəriyyəsinə görə, belə birtərəfli inzibati aktlar müstəqil qaydada inzibati məhkəmələrdə iddia predmetinə çevrilə bilər. Bu səbəbdən müqavilə mahiyyət etibarilə xüsusi hüquq müqaviləsi olsa da, ondan ayrılaraq ayrıca qiymətləndirilən hərəkətlər inzibati hüquq normalarına tabe olur. Burada əsas məsələ ondan ibarətdir ki, inzibati müqavilədən ayrılabilən müstəqil əməliyyatların inzibati akt qəbul edilməsinə aid olub-olmaması və ya faktiki xarakterli inzibati hərəkətlərdən ibarət olub-olmamasının müəyyən edilməsidir.

III. Öhdəliyin icrası haqqında iddialarla

mübahisələndirmə haqqında iddiaların müqayisəsi

Azərbaycan Respublikası inzibati prosessual qanunvericiliyinin tələbinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə maraqlı şəxs inzibati orqandan inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmə qaydasında tələb edə bilər. Anlayışdan da göründüyü kimi mübahisələndirmə haqqında iddialar da məcburetmə haqqında iddialar kimi inzibati aktlarla bağlıdır. Lakin mübahisələndirmə haqqında iddialarla inzibati aktın ya dəyişdirilməsi, ya da ləğvi tələb edilir. Alman ədəbiyyatlarında die Anfechtungsklage olaraq bu iddia növü iddiaçı inzibati aktın ləğv edilərək qüvvəsinin dayandırılmasına nail ola bilər. Faktiki xarakterli hərəkətlər isə mübahisələndirmə haqqında iddiaların predmeti ola bilməz. Türkiyə hüquq ədəbiyyatlarında isə “ləğv iddiası” olaraq adlanan iddia növü daha geniş tələb əhatəsinə malikdir. Ləğv iddiası ilə prosessual baxımdan müraciət edə bilmək üçün subyektiv ictimai marağın pozulması tələb olunur. Yəni subyektiv ictimai marağın pozulması ehtimalının mövcud olması kifayətdır. Ləğv iddiaları obyekyiv iddialardır [2, s. 33]. Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyində nəzərdə tutulan iddia növlərindən fərqli inzibati orqan iddianın tərəfi kimi çıxış etmir. İddiaçının irəli sürdüyü tələb inzibati orqana qarşı deyil, onun həyata keçirdiyi hərəkətə qarşı yönəlir.

Ləğv etmə iddiası inzibati aktın birbaşa ünvanlanmış olduğu şəxs tərəfindən qaldırıla biləcəyi kimi bəzi hallarda həmin inzibati akt səbəbindən hüququ pozulmuş üçüncü bir şəxs tərəfindən də qaldırıla bilər. Faktiki xarakterli hərəkətin edilməsi və ya edilməməsi maraqlı şəxs üçün müsbət, üçüncü şəxslər üçün mənfi təsirlər yarada bilər. O cümlədən maraqlı şəxs üçün əlverişli olan inzibati akt üçüncü şəxslər üçün əlverişsiz şərait yarada bilər. Yaxud əksinə inzibati aktın icra edilməsindən mənfi təsirlənən üçüncü şəxslərə həmin aktın icra edilməyəcəyinə dair inzibati orqan tərəfindən təminat verilə bilər. Üçüncü şəxslərə təsir edən (Drittwirkung) inzibati aktlara, o cümlədən faktiki xarakterli hərəkətlərə qarşı əlverişsiz vəziyyətə düşən üçüncü şəxslər iddia qaldıra bilərlər. Bu, “ləğv iddiası” ilə bağlı olduğundan əvvəlcə inzibati orqana müraciət edilməsi məcburidir.

Türkiyə inzibati hüququnda inzibati akt anlayışı Azərbaycan və alman inzibati prosessual hüququndakı inzibati akt anlayışından daha geniş olduğundan ləğvetmə iddiasının predmeti daha əhatəlidir. Azərbaycan və alman inzibati prosessual qanunvericiliyi yalnız fərdi xarakter daşıyan aktları inzibati aktlar sırasına daxil edir. Bu baxımdan, ümumi tənzimləyici aktlar mübahisələndirmə haqqında iddianın predmetinə daxil edilmir. Ümumi tənzimləyici aktların hüquqauyğunluğunu isə Almaniyanın “İnzibati Məhkəmə haqqında” Qanunun 47-ci maddəsinə əsasən yüksək instansiya məhkəmə həyata keçirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15-ci fəsli də oxşar müddəaları nəzərdə tutur.

Bu zaman belə sual ortaya çıxa bilər ki, əlverişsiz faktiki xarakterli hərəkətlərin dayandırılmasına (ləğv edilməsinə) dair mübahisələndirmə haqqında iddia və ya öhdəliyin icrası haqqında iddia ilə məhkəməyə müraciət etmək mümkündürmü? Mübahisələndirmə haqqında iddialar konkret olaraq inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə yönəldiyindən faktiki xarakterli hərəkətlərin ləğvi (dayandırılması) ilə bağlı mübahisələndirmə haqqında iddia seçilə bilməz. Bu zaman ən düzgün iddia növü Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia olacaqdır.

IV. Nəticə

Aparılan tədqiqat nəticəsində məlum oldu ki, Azərbaycan Respublikası inzibati məhkəmə icraatında öhdəliyin icrası haqqında iddialar iddiaçılar üçün mənafelərinin müdafiəsi baxımından mühüm rol oynayır. Lakin mövcud inzibati prosessual qanunvericilikdə iddiaların növləri arasında aydın sərhədlərin müəyyən edilməməsi, xüsusilə öhdəliyin icrası haqqında iddialarla məcburetmə haqqında iddiaların bir-birindən fərqləndirilməsində çətinliklər yaradır. Almaniya və Türkiyə qanunvericiliyinin təcrübəsi göstərir ki, bu ölkələrdə iddiaların növləri daha dəqiq təsnif edilmiş və nəzəri əsaslandırılmışdır. Alman modelində “icra iddiaları” və onların alt növləri (imtinaya qarşı və hərəkətsizliyə qarşı iddialar), Türkiyə modelində isə “tam yurisdiksiya iddiaları” öhdəliyin icrası və məcburetmə haqqında iddiaların məqsəd və mahiyyətini aydın izah edir. Aparılan tədqiqat nəticəsində aşağıdakı təkliflər irəli sürülmüşdür:

1. İnzibati orqanlar tərəfindən həyata keçirilən “faktiki xarakterli hərəkətlər”in dairəsi daha geniş olduğundan ölkənin məhkəmə praktikasında ən çox rast gəlinən iddia növü də öhdəliyin icrası haqqında iddialardır. Lakin həm nəzəri ədəbiyyatlarda, həm də qanunvericilikdə iddiaların növü arasında dəqiq sərhəd müəyyən edilmədiyindən hal-hazırda mübahisələrin çoxuna öhdəliyin icrası haqqında iddia qaydasında baxılır. Bu baxımdan hesab edirik ki, Azərbaycan Respublikası “İnzibati İcraat haqqında” Qanununun 2-ci maddəsinə “faktiki xarakterli hərəkət”in anlayışını ehtiva edən norma əlavə edilməlidir.

2. Öhdəliyin icrası haqqında iddialara baxılan zaman inzibati orqanın müvafiq faktiki xarakterli hərəkətin həyata keçirilməsindən imtina məhkəmə tərəfindən əsaslandırmanın müəyyən edilməsi baxımından önəmli xarakter daşıyır. Buna görə hesab edirik ki, qanunvericilikdə faktiki xarakterli hərəkətin həyata keçirilməsindən imtina üçün əsaslandırmaya dair məcburi tələb müəyyən edilməlidir. Bu zaman hesab edirik ki, inzibati orqanlar qarşısında qoyulmalı olan mütləq tələb isə ondan ibarət olmalıdır ki, imtinanın yalnız formal normativ hüquqi aktlarla istinad olunaraq əsaslandırılmasına yönəlməməlidir.

Oxşar xəbərlər