Vəkil Elşən Məcidlinin “Zirvədəki bayraq” adlı hekayəsi


  • 15:53

Vəkil Klubu tərəfindən Vətən müharibəsinin beşinci ildönümünə həsr olunmuş “Qalib Azərbaycan!” - IV Vəkil bədii yaradıcılıq müsabiqəsində ikinci yerə layiq görülmüş Vəkillər Kollegiyasının üzvü, Ucar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Elşən Məcidlinin “Zirvədəki bayraq” adlı hekayəsini təqdim edirik:

Bu hekayə olmuş hadisələr əsasında qələmə alınmışdır. Lakin hekayənin bəzi yerlərində müəllif öz təxəyyülündən də istifadə etmişdir. Məhz buna görə, yəni baş vermiş hadisələrə az da olsa əlavələr edildiyindən hekayədə qəhrəmanların adları göstərilməmiş, göstərilən yeganə ad isə dəyişdirilmişdir. Yəqin bu ona görədir ki müəllif həvəskar yazıçı olsa da peşəkar hüquqşünasdır və heç kimin ona “flan şey olmayıb” deyə irad tutmasını istəmir.

-Komandir! Oyanın! Deyəsən pis yuxu görürsünüz.

Artilleriya batareyasının idarəetmə tağımının komandiri Zəfər Qəhrəmanlı yuxudan oyandı, belini dik qaldırıb ayaqlarını altına yığaraq çarpayının üzərində bardaşqurma oturdu. Qan-tərin içində idi. Yuxunun təsirindən tam çıxa bilməsə də kabus gördüyünü anladı. Bir az sağa-sola boş-boş baxdıqdan sonra yenidən yerinə uzanıb onu oyadan manqa komandirindən soruşdu:

-Çavuş, saat neçədir?

Çavuş qolundakı elektron saata baxıb cavab verdi:

-11:11.

-Gecə, yoxsa gündüz?

-Gecə.

-Yuxuda gündüz 11:11 idi.

-Komandir, deyəsən çox pis yuxu görürdünüz. “Ay Allah, bundansa məni öldür” deyə inildəyirdiniz.

-Görürdüm ki, gülləm qurtarıb, ermənilərə əsir düşmək üzrəyəm. Ona görə zarımışam yəqin.

-Hə? - çavuş gülümsədi.

Çavuşun gülümsünərkən üzündə əmələ gələn ifadə Zəfər Qəhrəmanlının xoşuna gəlmədi:

-Qorxumdan yox, əsir düşmək istəmədiyim üçün!

Çavuş üzündəki ifadəni yığışdırdı:

-Bildim, komandir.

Birdən Zəfər Qəhrəmanlının ağlına gəldi ki, bu gün ayın da on biridir. On birinci ayın on birinci günü. Yuxuda da, həyatda da saat 11:11 idi. Qəribədir, dörd dənə on bir. İl də 2020. İki iyirmi də burada. Görəsən bunda nəsə bir hikmət var?

O, bunları düşünə-düşünə yuxudan tamamən ayıldı. “Eh, bayaqdan fikirləşdiyim şeyə bax. Sayların nə hikməti olacaq?”

Sonra özü özünə istehza elədi:

-Alisa möcüzələr diyarında... Vəkil müharibədə...

-Komandir, nə əmr etdiniz? – çavuş soruşdu.

Zəfər Qəhrəmanlı sonuncu sözləri deyəsən bir az bərkdən demişdi.

-Soruşuram ki, siz niyə yatmırsınız? Dünənə kimi başınızı qoymağa daş axtarırdınız, indi çarpayılar boş qalıb. Növbədə olanlar qalsın, qalanları yatsın.

-Qulağımız top, avtomat səsinə öyrəşib, səs olmadan yata bilmirik. – çavuş yarı ciddi, yarı zarafat dedi.

-Hə, onu düz deyirsən. Adam top-tüfəng səsinə elə öyrəşir ki, səssizlik olanda narahat yatır. Bizim bir xalq mahnımız var e, eşitmiş olarsan: “Qalada yatmış idim, top atdılar oyanmadım.”

-Bəli, komandir, eşitmişəm.

-Mən müharibədən əvvəl o mahnını eşidəndə fikirləşirdim ki, mahnının sözlərini yazan ya kar olub, ya da zarafat edib. Müharibədə başa düşdüm ki, bu xalq heç nəyi boş-boşuna deməyib. Kombat haradadır? – Zəfər Qəhrəmanlı batareya komandirini soruşdu.

-Çölə çıxıb.

Zəfər Qəhrəmanlı ətrafına baxmağa başladı. Bu sığınacaq onun tağımının əsgərləri tərəfindən keçən ayın əvvəllərində - Suqovuşan alındıqdan bir neçə gün sonra düzəldilmişdi. Düzəldilmişdi deyəndə ki, dağın biz tərəfə olan yamacındakı daşlı-kəsəkli torpaq təxminən on kvadrat metr sahədə, adam boyu hündürlüyündə qazılmış, tavana əvvəl taxta düzülmüş, taxtanın üzərinə isə polietilen örtük salınmışdır ki yağış içəri yağmasın. Taxtalar əvvəllər az olduğundan onları aralı qoymuşdular. Buna görə də polietilen örtüyün boşluqda qalan hissəsinə dolmuş yağış suyu dəfələrlə şırıltı ilə sığınacaqda olanların üzərinə tökülmüşdü. Müharibə başlayandan havalar onsuz da soyumağa doğru gedirdi, gecələr isə daha soyuq olurdu. Soyuq suyun üşüyə-üşüyə yatan adamın üzərinə qəflətən tökülməsi həmin adamda min ədəd iynənin eyni anda ətinə batırırlarmış kimi bir hissiyat yaradırdı. Hələ bunun sonrakı dilxorçuluğu da var idi: dəyişəcək olmadığından islanmış paltarının əynində qurumasını gözləmək məcburiyyətində qalırdın.

Yaxşı ki, bir müddət sonra əsgərlər ətrafdan ağaclar gətirib, tavanı “restavrasiya” elədilər: ağacları bir-birinə sıxıb, üzərinə təzə polietilen örtük çəkdilər. Örtüyün üzərinə isə top qəlpələrindən qorunmaq üçün xeyli torpaq tökdülər. Hətta, noyabrın ilk günlərində torpağın üzərinə qəlpələri udmaq üçün avtomobil təkərləri yığıb, onları da torpaqla basdırdılar.

Sığınacaqda hal-hazırda iki ədəd iki mərtəbəli çarpayı var idi. Zəfər Qəhrəmanlının özü, tağımının hal-hazırda yanında qalan 6 nəfər əsgəri və batareya komandiri həmin çarpayılarda növbə ilə yatırdılar. Amma, həmin çarpayılar sığınacağa müharibə qurtarandan sonra - dünən gətirilmişdi. Onlar bu əraziyə yerləşdikləri ilk günlər yatmağa imkanları olanda açıq səma altında torpağın üstündə yatmışdılar. Yorğan, döşək, balınc sığınacaq hazır olandan günlər sonra hissə-hissə gətirilmişdi.

Sığınacağın ortasındakı odun sobası isə bu gün səhər gətirilmiş, günorta quraşdırılmışdı. Soba quraşdırıldıqdan sonra batareya komandiri Zəfər Qəhrəmanlıya demişdi:

-Ay ağsaqqal, 44 gündür ki, düz-əməlli yatmırsan. Sənin yerində olsam sobanın yanındakı çarpayıda qıvrılıb yataram.

“Batareya” komandiri elə ilk gündən Zəfər Qəhrəmanlıya “ağsaqqal” deyirdi. Təzə tanış olduqları ilk günlərdə Zəfər Qəhrəmanlı onun bu sözünü “qoca” mənasında başa düşürdü, elə batareya komandiri də əvvəllər həmin sözü əsasən onun başa düşdüyü mənada işlədirdi. Lakin sonradan münasibətləri yarandıqca söz “hörmətli” mənasını almağa başladı. Amma, batareya komandiri bu müraciətlə Zəfər Qəhrəmanlını hirsləndirdiyini bildiyindən hərdən ona sataşmaq üçün həmin sözü elə “qoca” mənasında işlədirdi. Sözün deyiliş intonasiyasından və batareya komandirinin üzündəki ifadədən Zəfər Qəhrəmanlı bu dəfə də sözün “qoca” mənasında işlədildiyini başa düşdü. Odur ki, əvvəl batareya komandirinin təklifinə etiraz eləmək istədi. Lakin 44 gündən sonra sobanın yanında güllə və mərmi səsi olmadan lap evdəki kimi mışıl-mışıl yatmaq imkanı ona xoş gəldi. Yarı zarafat, yarı ciddi dedi:

-Komutan, - Zəfər Qəhrəmanlı da batareya komandirinə keflərinin kök vaxtında belə müraciət edirdi və anadolu türkcəsindən götürülmüş bu sözün də mənası o idi ki, çox da zilə çıxma, sən məndən vəzifəcə elə də böyük deyilsən, yaşca da çox kiçiksən, - yataram, amma, bir şərtlə.

-Nə şərt?

Zəfər Qəhrəmanlı:

-Çəkmələrimi çıxarmağa icazə versən yataram. – deyib gülümsündü.

-Ay ağsaqqal, mən nə vaxt sənə çəkmələrini çıxarmağı qadağan etmişəm?

-Heç vaxt etməmisən. Amma, sən çıxarmırsan, əsgərlər çıxarmır. Mən necə çıxarım?

-Əşi, çıxart daha. Müharibə qurtardı. Elə mən də çıxaracağam yatanda. Əsgərlərə də de, yatanda çıxarsınlar.

Keçən 44 gün ərzində Zəfər Qəhrəmanlı da digərləri kimi çəkmələrini həftədə bir, on gündən bir ayaqlarını yumaq üçün on dəqiqəlik çıxarmışdı. Çəkməsiz olmaq qətı qadağan idi.

Çəkməsiz yatmaq Zəfər Qəhrəmanlıya ləzzət verəcəkdi. Verirdi də. “Amma, var-yoxu belə-belə olmuşlar yuxuda da ona imkan vermədilər. Öldürürsünüz, öldürün da. Niyə əsir almaq istəyirsiniz? Ay aldınız ha... Ölmüşdü Zəfər...”

Belə fikirləşə-fikirləşə Zəfər Qəhrəmanlı yerindən durdu, çəkməsini və üst paltarını geyinib bayıra çıxdı. Əsgərin biri su tökürdü, digəri əl-uzunu yuyurdu, üçüncüsü isə yuyunmaq üçün növbəsini gözləyirdi. Zəfər Qəhrəmanlı onlara baxıb uşüdü, qayıdıb gödəkcəsini geyib yenidən çölə çıxdı. Əsgərlərinə isə təpindi:

-Buşlatlarınızı niyə çıxarmısınız? Geyinin, hava soyuqdu.

Əsgərlər “oldu, komandir” deyib, sığınacağa girdilər. Tağımın qalan bir əsgəri və bir çavuşu 10 metr daha hündürdə - dağın zirvəsində postda olmalı idilər. Zəfər Qəhrəmanlı postu yoxlamaq üçün fənərini yandırıb onların yanına qalxmağa başladı.

Dağın ən təpəsində “Azercell”in qülləsi yerləşirdi. Həmin qüllə bu zirvə alınanadək düşmənin mobil rabitə operatotuna məxsus olmuşdu. Həmin vaxtlar qüllənin təpəsindən düşmən parçası sallanırdı. Təpə alınandan sonra qülləyə “Azercell”in avadanlıqları quraşdırılmış, qüllənin təpəsindəki əski çıxarılmış, yerinə bizim bayrağımız sancılmışdı. İndi qüllədə bizim bayraq dalğalanırdı.

Zəfər Qəhrəmanlı “bayraq uğrunda döyüşənlər” barədə cox tarixi kitablar oxumuşdu, xeyli filmə baxmışdı. Bunun cox qürürverici bir əməl ola biləcəyini kitabları oxuyanda və ya filmlərə baxanda da başa düşmüşdü. Lakin oxuduqlarını yaşamaq, filimlərdəki baş rolların qəhrəmanlarından biri olaraq bayraq uğrunda şəxsən döyüşmək ona ayrı bir qürür və zövq verirdi.

Zirvəyə qalxa-qalxa başını qaldırıb bayrağa baxdı. Ay işığı bayrağın üzərinə düşmüşdü. Zəfər Qəhrəmanlıya birdən elə gəldi ki, bayraq da canlıdır, onun kimi qürur duyur və vüqarla dalğalanır. Əslində bayraq qəlpə və güllələrdən paramparça olmuşdu, onu dəyişmək lazım idi. Düzdür, bayrağın belə görüntüsü ona başqa bir gözəllik və əzəmət verirdi. Amma o, sonsuzadək bu formada qala bilməzdi. Kim nə deyirsə desin, yenə də çox insan daxili gözəllikdən cox zahiri gözəlliyə önəm verir. Ona görə Zəfər Qəhrəmanlı hesab edirdi ki bayraq tezliklə təzəsi ilə əvəz olunmalıdır.

Əslində isə o, bayrağın dəyişməsini özünə görə istəyirdi. Köhnənin yerinə təzə bayraq sancılsaydı, qüllədəkini özünə götürə bilərdi. Düşmən mərmisindən və gülləsindən paramparça olmuş belə bayrağı bir də haradan tapa biləcəkdi? Bu bayrağı həyatının ən fəxarətli günlərindən xatirə olaraq saxlamaq istəyirdi, onu aparıb uşaqlarına göstərmək barədə xəyallar qururdu. Ona görə də bayrağın tez dəyişməsini istəyirdi. Onun ağlına gələn batareya komandirinin də ağlına gələ, o da bayrağı Vətən Müharibəsindən yadigar saxlamaq fikrinə düşə bilərdi. Bayrağa onun haqqı Zəfər Qəhrəmanlıdan çox çatırdı. Çünki, bayrağı hal-hazırda dalğalandığı yerə şəxsən batareya komandirinin özü sancmışdı.

Batareya komandirinin bayrağı qüllənin başına sancdığı gündən noyabrın 10-dək düşmən dayanmadan onları bombalamışdı. Onlar dayandıqları bu yüksəkliyi düşməndən döyüşərək almışdılar və buradan ətrafı ovuclarının içi kimi görürdülər. Ətrafı yaxşı müşahidə edə bildikləri üçünsə arxaya koordinatları düzgün ötürürdülər və nəticədə divizion düşmənin mövqelərini çox dəqiqliklə bombalayırdı. Düşmən bunu bilirdi, bunu bilmələri isə onları dəli edirdi. Üstəlik yerlərini bildirənlərin özlərini gizlətməmələri, əksinə istehza edircəsinə komanda müşahidə məntəqəsinin yerləşdiyi yerə böyük bir Azərbaycan bayrağı sancmaları düşməni daha da qudurdurdu.

Bayrağı çıxarsaydılar batareyanın komanda müşahidə məntəqəsinə atılan mərmilərin sayı azala bilərdi. Amma, batareya komandiri bunu heç cür qəbul etmirdi və bayrağı çıxarmağı təklif edənlərdən soruşurdu:

-Biz elə bayraq uğrunda ölmək üçün bura gəlməmişik?

Zəfər Qəhrəmanlı qüllənin yanına çatanda çavuş ondan öz üzünə işıq tutmasını tələb etdi. Zəfər Qəhrəmanlı əlindəki fənəri üzünə tutduqdan sonra çavuş ona yaxınlaşıb postda olduqları müddətdə heç bir hadisənin olmaması barədə məruzə etdi. Zəfər Qəhrəmanlı çavuşdan soruşdu:

-Əxlaqsızlar hələ rədd olub getmirlər?

-Yox, hava qaralmamış baxmışdım, əxlaqsızları hələ orada asılı idi. – çavuş əli ilə qarşıdakı dağın zirvəsini göstərdi.

Birdən Zəfər Qəhrəmanlıya iyirmi yaşlı əsgərlə elədiyi söhbət qəribə gəldi. O müharibəyə gələnədək bəlkə də otuz il olardı kı, ağzına söyüş almamışdı. İndi hər cümləsinin əvvəlində də, axırında da ermənilərin ünvanına bir-neçə mərtəbəli söyüşlər söyürdü. Həm də özündən 24-25 yaş kiçik uşaqların yanında. Ağlından keçirdi ki, qurtarmaq lazımdı, müharibə bitdi, söyüşü də tərgitmək lazımdı, ağzı öyrəşər, gedib evdə, işdə söyər, biabırçılıq olar. Öz-özünə söz verdi ki, bir daha söyməyəcək. Çavuşdan soruşdu:

-Kombatı görməmisən?

-Bayaq durbinlə ətrafa baxırdım. Gördüm aşağıdan işıq gəlir. Öz-özümə dedim ki, bu əclaflara beh-bazar yoxdur, gəlib kiməsə zərər verərlər, işıq gələn yerə gedib baxdım. Gördüm kombatdır, bir tabletkanın üstündə oturub ətrafa baxırdı. Məni görən kimi postu buraxıb gəldiyim üçün hirsləndi. Getməyibsə orda idi. – çavuş əli ilə batareya komandirini gördüyü yeri işarə etdi.

Zəfər Qəhrəmanlı göstərilən yerə yollandı. Sığınacağı da keçib, təxminən yüz metr daha yoxuş aşağı endi. Birdən kombatın səsi gəldi:

-Nə gəzirsiz buralarda? Minaya düşərsiniz.

-Komutan, sənsən?

-Ağsaqqal?

-Hə, mənəm, komutan.

-Elə bildim əsgərlərdir. Gəl, otur. – deyib oturduğu kətildən durdu.

Zəfər Qəhrəmanlı:

-Yox, istəmirəm, burda oturacağam. – deyib yaxınlıqdakı iri daşın üzərində kombatla üzbəüz oturdu.

-Vallah, qəribə adamsan. Mən də ən azı sənin qədər düşmənə nifrət edirəm. Amma, sən həm də onlardan iyrənirsən. Stullarında belə oturmaq istəmirsən. Bu stulu öz torpağımızın üzərindən götürmüşük, deməli bizimdir.

Kombat bunu deyib yenidən kətilə oturdu və əlindəki araq şüşəsini başına çəkdi. Bir neçə qurtum içdikdən sonra onu Zəfər Qəhrəmanlıya uzatdı.

-Al, iç. Yaxşı araqdı. Çəkdiyin stressi azaldar bir az.

-Komutan, mənim namaz qıldığımı bilirsən axı.

-Hə, bilirəm. Mən demirəm ki iç, keflən. Deyirəm stressin azalsın. Tibbi nöqteyi nəzərdən. –batareya komandiri gülümsənərək Zəfər Qəhrəmanlıya göz vurdu.

-Sən mənə görə narahat olma, mən elə namaz qılanda stressim azalır.

-Yeri gəlmişkən, qoy səndən halalıq alım. Sən təzə gələndə fikirləşirdim ki, qorxundan namaz qılırsan. Qınama məni. Əvvəllər Yaradana sevgisindən ibadət edən adam görməmişdim. Daha doğrusu tanımamışdım. Tanıdıqlarım ya özlərini başqa fanilərə göstərmək üçün ibadət edirdilər, ya da qorxularından. Əməlləri də ki, eh... – kombat boş əlini yuxarı qaldırıb saldı, - heç danışmağa dəyməz. Amma, səni tanıdıqca gördüm ki, sevgindən ibadət edirsən. Allah sevgisi də valideyn, uşaq, vətən, millət sevgisi kimi olmalıdır, hətta onlardan da üstün olmalıdır. Çünki, inanırsansa bilirsən ki onları da, onlara olan sevgini də sənə Yaradan verib. İnanmırsansa, heç. İnanmayanlara da mənim hörmətim var. Ən pisi inanmayıb, özünü inanırmış kimi göstərənlərdir. Hə, bir də alayarımçıq inananlar var. “Yoxdursa o qədər də çox şey itirmirəm, varsa cənnətə düşəcəyəm” deyənlər. Belələrinəsə mənim ancaq yazığım gəlir.

Batareya komandiri çox danışan adam deyildi. Zəfər Qəhrəmanı onun belə “dərin” danışdığını və spirtli içki içdiyini ilk dəfə idi ki, görürdü. Ona görə də komandirinin “filosofluğu”nu çox içməsi ilə əlaqələndirdi və bundan narazı olduğunu bildirən səs tonu ilə ona irad tutdu:

-Keflənmisən.

-Keflənmək istəyirəm. –batareya komandiri mızıldandı və bir az sükutdan sonra əlavə etdi, - həm keflənmək, həm də ölmək istəyirəm.

-Niyə?

Batareya komandirinin gözlərindən yaş gəlməyə başladı. O, göz yaşlarını həmsöhbətindən gizlətməyə çalışsa da hıçqırığını saxlaya bilmədi. Lakin özünü tez ələ aldı. Danışa biləcəyini dəqiqləşdirdikdən sonra soruşdu:

-Bilirsən nə qədər dostum şəhid olub?

-Bilmirəm... Yəqin ki çox olar.

-çoxdular, çox... Tək sayları deyil, özləri də çoxdu... Vətənini, millətini, dövlətini, bayrağını ən çox sevənlər, çox qeyrətlilər, çox dostcanlılar...

“Batareya” komandiri bura çatanda özünü saxlaya bilmədi, hönkür-hönkür ağlamağa başladı. Xeyli ağladıqdan sonra toxdadı, boş əli ilə gözlərində qalan yaşı sildi, sonra digər əlindəki şüşəni ağzına aparıb, arağı su kimi qurta-qurta içməyə başladı.

-çox içmə, komandir.

-Niyə? Ölərəm? Yox, ölmədim! Mərmidən, güllədən ölmədim, spirt öldürəcək məni? Yaxşılar ölüb getdi, mən qaldım. Halbuki, ölmək üçün əlimdən gələni elədim, sən də şahidsən. Amma, ölmədim. Deməli, mən elə də yaxşı deyilənmiş.

-Elə demə komandir. Sənin qəhrəmanlıqlarının şahidlərindən biri də mənəm.

-Eh... Qəhrəmanların hamısı öldü.

-Allah yolunda şəhid olanları heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Ali İmran surəsi, yüz altmış doqquzuncu ayə.

-Eh, boş şeydir. Sadəcə olaraq biz nifrət etdiyimiz biri öləndə cəhənnəmə vasil oldu, gəbərdi, gorbagor oldu deyirik, laqeyd olduğumuz insan barədə dünyasını dəyişdi, həlak oldu deyirik, sevdiyimiz insan üçün vəfat etdi, rəhmətə getdi deyirik, vətən uğrunda ölənlərə isə şəhid oldu deyirik. Əslində hamısı ölüdür.

-Bizim qərargah rəisimiz sənə görə ölüdür?

-Yox, yox... O ölü deyil. Bircə o ölü deyil. Yox, yox... O məndən çox yaşayacaq... Yaşamalıdır...

-Əslində yaşamaq elə bu deyilmi? Sevənlərinin sənin xatirəni yaşatması? Heç bir sevdiyin yoxdursa, lap yüz il yaşasan belə bu yaşamaq deyil. Amma, səni sevənlər varsa... Bizim qərargah rəisinin neçə yaşı var idi?

-Otuz. Mənimlə yaşıd idi.

-Hə, səni sevənlər varsa otuz yaşında ölsən belə yüz il yaşayanlardan çox yaşamış olursan.

-Biz Ali Hərbi Məktəbdə bir kursda oxuyurduq. Məktəbin ən yaxşı kursantları sayılırdıq. Kiminə görə birinci o idi, ikinci mən. Kiminə görəsə mən ondan irəlidə idim. Lakin mənə həmişə elə gəlirdi ki, o məndən yaxşıdır. Hər sahədə. İdmanda da, savadda da, dostluqda da, bir sözlə hər sahədə. Buna görə də mən həmişə ürəyimdə ona həsəd aparırdım. Başa düşürsən? Ən yaxın dostumun paxıllığını çəkirdim. Özümlə bacara bilmirdim, öz-özümü qınayırdım ki utanmadan dostumun paxıllığını çəkirəm. Amma yenə onun məndən üstün olmasını qəbul edə bilmirdim. Məni pis başa düşmə, mən həyatda başqa heç kimin paxıllığını çəkməmişəm. Bir tək onunkunu. Soruşa bilərsən ki, nəyi səndən artıq idi? O vaxtlar bilmirdim. Bircə onu bilirdim ki, məndə olmayan nəsə var onda. Ortaq tanıdıqlarımız ona məndən bir az çox hörmət qoyurdular. Məsələn, söhbət edərkən mənim sözümü kəsirdilər, onunkunu yox. Onu hamıdan çox istəmələri müəllimlərimizin davranışlarından, danışıqlarından açıq-aydın hiss olunurdu. Bir sözlə o hamının gözündə məndən bir pillə irəlidəydi. Təvazökarlıqdan uzaq olsa da deyim ki hamının gözündə ikinci olduğumu bilirdim. Lakin mən ikinciliyi qəbul etmirdim. Bir gün mənə elə gəldi ki, onun birinciliyinin səbəbini tapdım. Onun atası Birinci Qarabağ Müharibəsində şəhid olmuşdu. İnanırsan? Təəssüflənirdim ki, mənim atam niyə şəhid olmayıb.

Kombat bura çatanda əlindəki şüşəni ağzına aparıb, araqdan bir neçə qurtum daha içdi. Sonra özü özünə isteza eləməyə başladı:

-Hım, Hərbi Məktəbin son kursuna başlar-başlamaz mənim də atam öldü. Onun adı yenə şəhid oğlu qaldı, mənim adımın qabağınasa “yetim” sözü əlavə olundu. Koroğluyla korun oğlunun məsəli kimi. Nə isə. Biz Hərbi Məktəbi qurtardıq. Bizi başqa-başqa hərbi hissələrə tağım komandiri göndərdilər, sonra eyni vaxtda hərəmiz öz hərbi hissəmizdə batareya komandiri olduq. Keçən ilsə onu mənim olduğum divizionun qərargah rəisi göndərdilər. Mən həm sevinirdim, həm də paxıllıq edirdim. Dostumun komandirim olmağına sevinirdim. Rəqibimin bir pillə məndən yuxarı qalxmağınasa paxıllıq edirdim. Əlbəttə, ikinci məni ancaq mən tanıyırdım. Rəqibimin gördüyü isə birinci mən idi. Mənə yenə elə gəlməyə başladı ki, o atasının adına görə məni keçmişdir. Belə fikirləşdiyim üçün özümdən çox utanırdım. Amma, neynəyim? Şeytan ürəyimdən çıxmırdı. Mələklə şeytan ürəyimdə yan-yana oturmuşdular. Mələk dostumu mənə sevdirir, şeytansa rəqibimə nifrət etdirirdi. Dostumla rəqibim eyni şəxs olduğundan isə onların bu əməlləri mənə iztirab verirdi.

Kombat yenə araq şüşəsini başına çəkıb bir-iki qurtum aldı, bir az sükutdan sonra sözünə davam etdi:

-Müharibə başlayanda ürəyimdəkilərin hər ikisi sevindi. Mələk ona görə sevindi ki, torpaqlarımızı geri alacaqdıq. Şeytan isə paxıllığından sevindi. Mən batareya komandiri idim, rəqibim qərargah rəisi. Vəzifəsi məndən yuxarı olsa da müharibədə mən rəqibimdən bir neçə kilometr irəlidə olacaqdım. Amma, mənim rəqibimdən irəlidə olmağım cəmi bir həftə çəkdi. Cəmi bir həftə sonra o, şəhid oldu. Ölümü ilə bu dəfə birdəfəlik keçdi məni. Sonsuzadək. Əbədi. Mən bir daha ona çata bilməyəcəyəm. Ona görə mənim həsədim indi daha da artmışdır. İnsan ölüyə öldüyü üçün necə paxıllıq edə bilər? Necə dedin? Əsl həqiqətdə onlar diridirlər? Hə, düz deyirsən. O, diridir! Deməli, mən heç vaxt ölməyəcəyinə görə ona paxıllıq edirəmmiş. Onun heç vaxt ölməyəcəyi mənə əvvəlcədən agah olubmuş.

Araya uzun bir sükut çökdü. Handan-hana “batareya” komandiri araqdan daha bir qurtum alıb monoloqunu yekunlaşdırdı:

-Onun məndən niyə üstün olduğunu şəhid olduğu gün başa düşdüm. Dostumun və rəqibimin məndən üstün olduğu yeganə şey ömrünün uzun olacağı imiş. Mənim ömrüm mənim yaşayacağım qədərmiş, onun ömrü isə Azərbaycanın yaşayacağı qədər... Heyf ki, sən onu az tanıdın.

Araya yenə sükut çökdü. Sükutu Zəfər Qəhrəmanlı pozdu:

-Onu ilk və son dəfə gördüyüm gün gözlərimin qarşısından getmir. Mən müharibədən sonra onun barəsində uşaqlarıma, tanıdqıdlarıma danışacağam. Onlar da özlərindən sonra gələcək nəsllərə nəql edəcəkdilər. Gələcək nəsillər də özlərindən sonrakılara... Beləliklə, çoxları çoxdan öz isti yorğan-döşəklərində ölmüş olacaqlar, o isə bizim millət yaşadıqca yaşayacaq. Hətta, tarixə baxsan görərsən ki bəzi qəhrəmanlar millətlərindən də çox yaşayırlar.

Zəfər Qəhrəmanlı bunu deyib susdu, xatirələri isə onu Onunla tanışdığı – çox da uzaqda olmayan ötən günlərə apardı.

General Polad Həşimov şəhid olduqdan sonra çoxları kimi Zəfər Qəhrəmanlı da başlanılması gözlənilən müharibədə vətəni müdafiə etmək üçün könüllü qeydiyyatdan keçmişdi. O, ehtiyatda olan zabit idi, ona görə də sentyabr ayının 21-də onu hərbi təlimə çağırdılar.

Müharibə Zəfər Qəhrəmanlı təlimdə olanda – sentyabrın 27-də başladı. Müharibə başladığından təlim yarımçıq qaldı. Təlimçi zabitlər təlim keçənləri hərbi hissədə qoyub, döyüşə yollandılar. Həmin günü hava qaraldıqdan sonra təlim keçənləri də yük maşınlarına yığıb, döyuşlər gedən istiqamətə apardılar. Əlbəttə, ən yaxşı təlim elə müharibənin özüdür.

Sentyabrın 27-dən 28-nə keçən gecəydi. Zəfər Qəhrəmanlı 26 nəfər digər könüllülərlə birlikdə bir yük maşınının kuzovunda tanımadığı bir yerə aparılırdı. Kuzovda yeganə zabit o idi. Ona görə də yanındakı digər könüllülərin ən yaşlısı ondan təxminən 10 yaş kiçik olardı. Çünki, zabitlərdən fərqli olaraq, 35 yaşdan böyük olan ehtiyatdakı əsgərləri könüllü olsalar belə səfərbər etmirdilər. Yük maşınını bir əsgər idarə edirdi, onun yanında isə kapitan rütbəsində, otuz yaşlarında olan bir hərbiçi oturmuşdu. O, özünü kuzovdakılara “N saylı hərbi hissənin taborlarından birinin zampoliti, yəni N saylı hərbi hissənin taborlarından birinin tərbiyəvi işlər üzrə müavini” kimi təqdim etmişdi.

Yük avtomobili birdən dayandı. Az sonra kuzovun örtüyü aralandı. Zampolitin başı göründü, ardınca isə səsi gəldi:

-Heç kim papiros çəkməsin, işıq yandırmasın. Bura Tap Qaraqoyunlu kəndinin girişidir. Düşmən artilleriyası bu kəndi durmadan bombalayır. Ətrafda gördüyünüz dağlarda düşmənin müşahidə məntəqələri var. Görən kimi işığa doğru mərmi səpirlər. Bundan sonra maşının da işığını söndürüb, yavaş-yavaş irəliləyəcəyik. Maşının səsini eşidib onsuz da biləcəklər ki kəndə yük maşını girir, işiq yandırmayın ki maşının yerini təyin edə bilməsinlər.

Zampalit bunu deyib, örtüyü endirdi. Sonra yük maşını yavaş-yavaş irəliləməyə başladı. Xeyli irəlilədikdən sonra yenə dayandı. Yenə də kuzovun örtüyü atalandı və zampalitin səsi eşidildi:

-Biz Tap Qaraqoyunlu kəndini keçdik. İndi kəndin ermənilər tərəfindəyik. Aşağıda İncəçay çayının dərəsi var. Ora cəmi bir yol düşür. Düşmən də bunu bilir. Ona görə də maşın səsini yaxından eşidən kimi o yolu bombalamağa başlayırlar. Yaşamaq ehtimalını artırmq üçün yolu sürətlə keçməliyik. Yol cəmi bir yük maşınının keçə biləcəyi endədir. Birbaşa təpədən dərəyə enir. Buna görə də maillik dərəcəsi coxdur. Hər kəs tuta biləcəyi nə varsa ondan möhkəm yapışsın ki maşın sürətlə gedərkən kuzovdan bayıra düşməsin və ya bir-birini əzib yaralamasın. Aydın oldu?

-Aydın oldu. – kuzovdakıların bəziləri səssiz qalsalar da digərləri cavab verdilər.

Zampalit yenə gözdən itdi. Kabinənin sağ qapısı açılıb bağlandı. Kuzovdakılar kuzovun örtüyünü saxlayan dəmirlərdən möhkəm tutub nə baş verəcəyini gözləməyə başladılar. Birdən maşın sürətlə yoxuşdan aşağı sürətlə hərəkət etməyə başladı. 10 saniyə keçməmiş sağda-solda, yuxarda-aşağıda partlayan mərmilərin səsi gəldi. Düşmən yolu bombalayırdı. Mərmi səslərinin arasında zampalitin bağırtısı eşidilirdi:

-Ha, ha, ha... Qulağı kəsik Andıranikin şərəfsiz nəvə-nəticələri! Nə qədər atırsınızsa atın! Elə bilirsiniz ki, bizi öldürəndən sonra hər şey bitəcək? Ay bitdi ha! Biz bitmirik! Burda 29 nəfər kişiyik! Beş milyon kişi də arxada var! Ananızı ... Ha, ha, ha...

Anidən maşın dayandı. Düşmən mərmi atmağa davam edirdi. Zampolitin başı yenə göründü. Hələ də gülürdü:

-Ha, ha, ha... Bu gün on dəfə bu yolu gedib-gəlmişəm. Ağ tük var da məndə. Heç cürə vura bilmirlər məni. Ha, ha, ha... Düşün görək. Mənim ağ tüküm sizi də qoruyar. Ha, ha, ha... Düşün, qabağımda bir cərgə düzülün.

Kuzovdakılar maşından düşüb, zampolitin qabağında bir cərgə düzüldülər. Ətrafda partlayan mərmilərin sayı azalsa da düşmən ərazini bombalamağı davam etdirirdi. Zampolit buna əhəmiyyət vermədən danışmağa başladı:

-Biz İncəçayı keçdik. Qəlpələr bu tərəfə demək olar ki, gəlmir. Gəlsə belə sürətin azaldıb gəlir. Yəni, uzaqbaşı yaralayır, öldürmür. Minamyotla atsalar dərəyə sala bilərlər mərmisini. Amma, düşmən bizdən xeyli aralıdadır. Minamyot isə o məsafədən buranı vura bilmir. Bizi topla vururlar. Onun da mərmisi uçuş trayektoriyasına görə çayın o biri tərəfində partlayır. Çayın bu biri tərəfinə sala bilmirlər mərmini, bura çatsa-çatsa ancaq qəlpələri gəlib çatır. Səhər hücuma keçəndə düşmənin dərəyə yaxın olan minamyot batareyasını canlı qüvvəsi ilə birlikdə məhv elədik.

Zampalit bir qədər sükut etdikdən sonra sözünə davam etdi:

-Tap Qaraqoyunludan gəlib, İncəçayın bu tərəfinə keçmək, igidliyin onda doqquzudur, qalan bir igidliyi də sabah döyüşdə edərsiniz. Amma, ona kimi hamı dayandığı yerdə qalsın. Heç kim tərpənməsin. İncəcayın dərəsi bu gün səhərədək düşmənlə bizi ayıran zona idi. Düşmən hər tərəfə mina basdırıb. Düzdür, bizim qəhrəman əsgərlərimiz bu gün əks-hücuma keçməmişdən əvvəl minaları təmizləyiblər. Amma yenə də ehtiyatlı olun, zərərsizləşdirilməmiş qalanı ola bilər, gedib üstünə çıxarsınız. Bir də düşmən dərəni bombalamağa başlasa dərənin gəldiyimiz yamacına deyil, gedəcəyimiz yamacına sığının. Səbəbini bayaq dedim, yenə deyirəm. Mərminin uçuş trayektoriyasına görə onun dərənin digər tərəfinə ziyan vurması ehtimalı bizim indi dayandığımız tərəfə ziyan vurması ehtimalından böyükdür. Bu həm də nə deməkdir? Bu həm də o deməkdir ki, artıq geriyə yol yoxdur. Nə qədər geriyə getsək o qədər cox öləcəyik. Həm də necə öləcəyik? Şərəfsizcəsinə. Geri qayıtsaq necə il yaşamağımızdan aslı olmayaraq öləcəyik. Nə qədər irəli getsək həyatda qalmaq şansımız o qədər artıq olacaq. Ya qazi kimi, ya şəhid kimi. Bilirəm ki, içinizdə şəhidlərin yaşamadığını fikirləşən heç kim yoxdur. Axı siz könüllülərsiniz, bilirsiniz ki şəhidlər ölməz, Vətən bölünməz. Amma yenə də deyim, burdan arxaya qaçıb gedən olsa, o qaçdığı andan ölüyə taydır, lap yüz yaşında gəbərsə belə. Şəhidlər isə ölmür. İnanmırsınızsa orta məktəbdə onlar haqqında öyrəndiklərinizi xatırlayın, barələrində yazılmış hekayələri, çəkilmiş filmləri gözünüzdə canlandırın, bəziləriniz oxuduğunuz məktəbin, bəziləriniz yaşadığınız küçənin kimin adına olmasını yadınıza salın. Və ən nəhayət vətənimizin adının mənasını düşünün. Məncə, Azərbaycan sözünün mənası elə şəhidlərin qanları ilə suvarılmış yer deməkdir. Zahiri mənasını demirəm, hərfi mənasının belə olmadığını mən də bilirəm. Amma batini mənası məncə məhz belədir. Vətənimizin adı o, mənanı sizin kimi oğullarının rəşadəti sayəsində qazanmışdır. Vətənimiz daim yaşayacaqdır. Onunla birgə qocalmaq üçün qazi olmağa, onun qədər yaşamaq üçünsə şəhid olmağa dəyər.

Yük maşınından düşənlər onsuz da qorxmurdular. Zampolitin sözlər isə onlarda olan ruh yüksəkliyini daha da qaldırdı. 24-25 yaşlarında olan əsgərlərdən biri soruşdu:

-Cənab kapitan, döyüşə nə vaxt girəcəyik?

-Sabah səhər. İndi isə olduğunuz yerdə torpağın üzərinə uzanıb, gözünüzün acısını almağa çalışın. Mən sürücüylə digər könüllüləri gətirməyə gedirəm. Bir daha deyirəm, səhər açılanadək yerinizdən tərpənməyin. Birincisi ona görə ki bayaq dediyim kimi minaya düşə bilərsiniz. Bundan başqa ətrafınızda bizim xeyli canlı qüvvəmiz və texnikamız var. İndi qaranlıq olduğundan görə bilmirsiniz. Onlar da sizi görmür. Elə bilərlər ki, düşmən kəşfiyyatıdır. Aydın oldu?

-Aydındır. – bu dəfə hamı bir ağızdan qışqırdı.

Cavabı aldıqdan sonra zampolit qaranlıqda gözdən itdi. Sonra yük maşınının səsi gəldi. Həmin səs kəsildikdən sonra könüllülərin coxsu yerə çökdü. Bəziləri torpağın üstünə uzandı.

Birdən göy guruldadı. Az sonra şıdırığı yağış yağmağa başladı. Oturanlar, uzananlar əvvəl ayağa durdular. Bir az sonra isə hamı torpağa uzandı. Çünki, hər kəs iliyinə qədər suyun içərisində idi və atalar sözündə də deyildiyi kimi islanmışın yağışdan qorxusu ola bilməzdi.

Bir saatdan sonra yağış kəsdi. Gecənin soyuğunda könüllülər titrəməyə başladılar. Hamısının bir arzusu vardı: səhər açılsın, onları döyüşə aparsınlar. Çox üşüyürdülər. Bundan sonra onları ancaq döyüş qızışdıra bilərdi.

Səhər açıldı, ətraf işıqlandı. Könüllülər təəccüb içində ətrafa baxmağa başladılar. Ətraf canlı qüvvə, hərbi texnika və silah-sursat ilə dolu idi. Könüllülərin hamısı əvvəllər hərbi xidmətdə olmuşdular. Ancaq, heç vaxt hal-hazırda gördükləri qədər canlı qüvvə, hərbi texnika və silah-sursatı bir yerdə görməmişdilər.

Qarşıdan yük maşınının səsi gəlməyə başladı. Maşının gəldiyi yol o qədər maili idi ki, uzaqdan yük maşını qayadan süzülən qartalı xatırladırdı. Könüllülərin hamısına indi aydın oldu ki, onlar hansı təhlükəni keçib gəlmişdilər. Gülləbaran bir tərəfə, bu maillikdəki yolda, o sürətlə gedən maşının kuzovunda olmağın özü belə ölümlə zarafatlaşmaq demək idi. Anidən gülləbaran təkrar başladı.

Yük maşını maili torpaq yolla sürətlə şütüyür, mərmilər onun arxasına, qarşısına düşürdü. Dərədəki hərbiçilərin hamısı yola baxırdılar. Onların hamısı həmin yoldan keçmişdilər. İndi isə hazırda yoldan keçənlərə heç nə olmaması üçün dualar edirdilər.

Yük maşınının düz yola çıxmağına bir neçə metr qalmış mərmilərdən biri onun qarşısında partladı. Kuzovdakı adamlar maşından tullanıb, onları izləyənlərə sarı qaçmağa başladılar.

Kuzovdan düşüb qaçanların içərisində yüngül yaralananlar var idi. Dərədəki sanitarların biri onların yaralarına baxmağa başladı. Digər üç sanitar zirehli tibb maşına mindi. Zirehli tibb maşını yük maşınına tərəf yola düşdü. Düşmən tibb maşınını görüb, atdığı mərmilərin sayını artırdı. (Zəfər Qəhrəmanlı hüquqşünas olduğundan bilirdi ki, bu beynəlxalq hüquqa ziddir. Ona görə də düşmənin bu hərəkəti ona əvvəlcə qəribə gəldi. Sonra isə fikirləşdi ki, düşmən onsuz da indiyədək heç nəyi hüquqa uyğun etməmişdi. Başqa dövlətin ərazisi zəbt etmək və genosid də beynəlxalq hüquqa zidd idi. Amma, düşmən neçə il bundan qabaq Qarabağı zəbt etmiş, Xocalıda və digər yerlərdə yetərincə genosid cinayətini törətmişdi.)

Sanitarlar zabitlə sürücünü zirehli tibb maşınına götürdükdən sonra daha bir mərmi partladı. Sanitarlardan biri yerə yıxıldı. Digər ikisi onu da maşına qaldırdı. Sonra zirehli tibb maşını maili yolla yuxarı qalxmağa başladı. Gözdən itənə kimi düşmən ona tərəf mərmiləri atmağı davam etdirdi.

Vurulmuş yük maşınından düşüb gələnlərin söhbətlərindən belə aydın oldu ki, həmin maşın Zəfər Qəhrəmanlıgili gətirən yük maşını imiş. Yük maşınının kabinəsində sürücüdən başqa özünü N saylı hərbi hissənin taborlarından birinin zampaliti kimi təqdim edən söyüşkən bir kapitan var imiş. Zəfər Qəhrəmanlı çox təəssüf etdi ki, onun hansı hərbi hissənin hansı taborunun zampaliti olmağını, ən əsası isə adını və soyadını öyrənməmişdi.

Bir az sonra könüllü gələnlərin hərbi hissələr üzrə düzülməsi barədə bütün dərəyə car çəkildi. Bundan sonra məlum oldu ki, dərədəkilərin coxsu könüllülərdir. Zəfər Qəhrəmanlı da ondan tələb olunan yerdə digərlərin yanında düzüldü. Onlara bir polkovnik-leytinant yaxınlaşdı. Məlum oldu ki, o Zəfər Qəhrəmanlının xidmət edəcəyi hərbi hissə komandirinin müavinlərindən biri imiş. Komandir müavini könüllüləri ona verilmiş siyahıya əsasən taborlar və divizionlar üzrə böldü. Sonra yük maşınları gəldi, hərə öz bölməsinin maşınına mindi və cəbhəyə yola düşdü.

Zəfər Qəhramanlı artileriya divizionunun üçüncü batareyasının idarəetmə tağımının komandiri təyin edilmişdi. Ona görə də yük maşını onu hələ ki divizionun dayaq məntəqəsinə - topların yerləşdikləri yerə aparırdı. Verilən tapşırığa görə Zəfər Qəhramanlı oradan da üçüncü batareyanın komanda müşahidə məntəqəsinə qalxacaqdı. Komanda müşahidə məntəqələri toplardan bir neçə kilometr qarşıda yerləşirdi və oradakı hərbiçilərin işi ərazini müşahidə edib düşmənin koordinantlarını arxadakı topların heyətlərinə ötürməkdən ibarət idi. Batareya komandiri və batareyanın idarəetmə tağımının komandiri həmin tağımın əsgərləri ilə birlikdə komanda müşahidə məntəqəsində olmalı idilər.

Yük maşını asta-asta divizionun dayaq məntəqəsinə sarı irəliləyirdi. Zəfər Qəhrəmanlı bu dəfə sürücünün yanında oturmuşdu. Yük maşınının kuzovunda isə könüllülərdən diviziona ayrılmış doqquz əsgər var idi. Yolu ancaq sürücü tanıyırdı. Sürücü 20 yaşlarında yaraşıqlı bir əsgər idi. Dayanmadan danışırdı:

-Komandir, oktyabrda tərxis olunacaqdım. Müharibə başladı. Yaxşı ki başladı. Get-gəl olmadı. Birdəfəlik torpaqlarımızı alaq, sonra gedək. Mən onsuz da mülki həyatda da sürücü işləyəcəyəm. Bayaq bir əsgər deyir ki, sürücülərin ölüm təhlükəsi daha azdır. Onlar arada arxaya gedib qayıdırlar. Dedim ki, bilmədiyin şeyi danışma. Döyüş mövqeyində sığınacaqlar olur, düşmən atmağa başlayanda girirsən sığınacağa. Bax, biz indi açıq ərazidə gedirik, atmağa başlasalar hara girəcəyik? Açıq hədəfik. Bu dəfə atmadılar niyəsə. Dünəndən bu yolu on bir dəfə gedib gəlmişəm, bu on ikincidir. Hamısında atıblar. Niyəsə bu dəfə atmadılar. Çatırıq, qabaqda gördüyünüz səngərlər divizionun səngərləridir. Baxın, toplarımız da görünür...

Sürücünün sözünü yük maşının qarşısında partlayan mərmi kəsdi. Yük maşını sürücü tərəfə yanı üstə çevrildi. Zəfər Qəhrəmanlı sürücünün üzərinə yıxıldı. Düşmən mərmisi yaxış kimi yağırdı. Sürücü qımıldanmırdı. Zəfər Qəhrəmanlı kabinədən çıxmaq üçün dikəldi. Sürücünü əzməmək üçün ehtiyatla onun üstündən qalxmağa çalışdı. Yük maşınının yuxarıda qalan sağ qapısını açmağa çalışdı. Amma, gücü çatmadı. Yaxşı ki, maşına minəndən sonra sağ şüşəni aşağı endirmişdi. Ordan başını çölə çıxardı. Onu ilk dəfə orda gördü.

O, təpənin üstündə dayanmışdı. Əlini, qolunu sallaya-sallaya komandalar verirdi. Sanki, hərəkət edən heykəl idi. İnanılması mümkün deyil, amma onun səsi sağında, solunda yerə düşüb partlayan düşmən mərmisinin səsindən möhkəm çıxırdı:

-Divizion, yaylımla, yaylımla a-təş!

Zəfər Qəhrəmanlı bütün topları görməsə də bilirdi ki, divizionda 18 ədəd top olur. Toplar eyni anda patlayır, onun əmri ilə toplar yenidən doldurulur və yenidən onun səsi gəlirdi:

-Divizion, yaylımla, yaylımla a-təş!

O “a-təş” sözünü deyəndə yumruğunu sıxıb sağ əlini qabağa elə itələyirdi ki, sanki mərmidən əvvəl yumuruğunun düşmənin təpəsinə enməsini istəyirdi.

Onun yaxınlıqdakı zabitə bağıraraq verdiyi növbəti əmr belə oldu:

-Dayanmadan, atəş edin. Atəşi dayandırsanız oğraşlar biləcəklər ki, yerimizi müəyyən ediblər, atəş altında döyüşə bilmədiyimiz üçün sığınacağa girmişik, cavab verə bilmirik. Daha çox atacaqlar. Könüllülər açıqda qalıb, sığınacaları yoxdur. Mərmilər yanlarına düşsə hamısı şəhid olacaq. Mən gedirəm onlara köməyə.

Bunu deyəndən sonra o, yanı üstə çevrilmiş yük maşınına sarı qaçmağa başladı. Ətrafda partlayan düşmən mərmilərinin qəlpələri vıyha-vıyla onun ətrafında uçuşurdu.

O, yük maşının yanına çatmamış Zəfər Qəhrəmanlı bayıra çıxmışdı və sürücünü çıxarmağa çalışırdı. Amma sürücünü çıxarmağa Zəfər Qəhrəmanlının gücü çatmırdı, sürücü yetərincə ağır çəkili idi. O, Zəfər Qəhrəmanlının yanına çatıb qışqırdı:

-Mən divizionun qərargah rəisiyəm. Necədi vəziyyət?

-Kuzovdakı əsgərləri bilmirəm. Kabinədən sürücünü çıxarmağa çalışıram.

-Sağdır?

-Bilmirəm. Sağ olsa belə ağır yaralıdır. Tərpənmir.

Qərargah rəisi başını maşının Zəfər Qəhrəmanlı çıxan pencərəsindən içəri saldı. Sonra əyilib, bir əli ilə sürücünü dartıb kabinədən bayıra çıxardı. Sürücünü yerə uzatdıqdan sonra onun nəbzini yoxladı:

-Şəhid olub.

Zəfər Qəhrəmanlının gözlərindən yaş gəlməyə başladı. Qərargah rəisi bunu görüb dedi:

-Ağlamaq vaxtı deyil, müharibə qurtarandan sonra ağlayarsan. Bura yaxşıdır, qəlpələr buranı tutmur, yerindən tərpənmə. Mən arxaya baxım görüm, kuzovdakılar necədir.

Qərargah rəisi bunu deyib, sürünə-sürünə maşının arxasına keçdi. Az sonra isə qışqırdı:

-Burda salamatçılqdı. Hamı üzü üstə yerə yatsın, əllərini də başına qoysun. Burda sığınacaq yoxdur, qəlpələrdən mümkün qədər ancaq belə qorunmaq olar.

Hamı onun dediyi vəziyyəti aldı. Bir az sonra düşmən atəşi dayandırdı. Bizimkilər isə dayanmadan atırdılar. Qərargah rəisinin səsi gəldi:

-Mən “üç” deyən kimi hamı bayaq mən gəldiyim tərəfə qaçsın. Bacardığınız qədər möhkəm qaçın, ətrafda düşmənin müşahidə məntəqələri var, çox güman ki burdan çıxmağımızı gözləyirlər.

Zəfər Qəhrəmanlı soruşdu:

-Bəs sürücü?

-Mən “üç” deyən kimi siz qaçın. Onu mən götürəcəyəm.

-Tək gücünüz çatmaz. Mən də sizə kömək edəcəyəm.

-Bura bax, ağsaqqal. Hərbidə yaşın heç bir əhəmiyyəti yoxdur. Komandirin əmri müzakirə olunmur, ancaq icra olunur. Aydındır?

-Aydındır.

-Onda bir... iki.... üç.

Hamı toplara doğru qaçmağa başladı. Bir neçə saniyədən sonra isə düşmən yenidən atışa başladı. Ətrafda mərmilər partlayıər, qəlpələr uçuşurdu. Gənclər tezliklə Zəfər Qəhrəmanlını ötüb keçdilər. Belinə sürücünün nəşini almış qərargah rəisi Zəfər Qəhrəmanlı ilə yan-yana qaçırdı. Zəfər Qəhrəmanlı onun üzünü görməsə də səsini eşidirdi:

-Qaç, qaç, ağsaqqal, igidlik ondur. Doqquzu qaçmaqdır. Amma, yaxşı olardı ki, düşmənin üstünə qaçaydın. Ora da qaçarsan, inşallah.

Qərargah rəisi istəsəydi qaçıb Zəfər Qəhrəmanlını keçə bilərdi, sadəcə olaraq onu arxada qoyub qaçmağı öz zabit şərəfinə sığışdırmırdı.

Topların yanına çatan kimi qərargah rəisi həkimi çağırdı. Həkim də sürücünün şəhid olduğunu təsdiqlədi. Digərlərinə elə də əhəmiyyətli bir şey olmamışdı. Yalnız qəlpələrdən biri ən qabaqdan qaçan əsgərin sol qolunu yüngülvari sıyırmışdı. Həkim axan qanı dayandırdıqdan sonra yaralının qolunu sarıyırdı. Qərargah rəisi isə həkimin yaranı sarımasına baxa-baxa danışırdı:

-Hə, əsgər. Elə bilirsən bərk qaçmaq həmişə yaxşı şeydir? Biz bilmirik, həyatda da bərk qaçıb özümüzə xeyirli bir şey elədiyimizi düşünürük. Amma, bəzən bərk qaçmağımız bizə ziyan vurur. Bax, bayaq səndə olduğu kimi. Sürətini bir qədər azaltsaydın yaralanmazdın.

Zəfər Qəhrəmanlı həmin gün hava qaraldıqdan sonra üçüncü batareyanın komanda müşahidə məntəqəsinin yerini bilən bir əsgərə qoşulub, xidmət yerinə yola düşdü. Qərargah rəisini bir daha görmədi, ancaq, cəmi bir həftə radiostansiyadan onun səsini eşitdi.

Bir həftə sonra isə yenə həmin radiostansiyadan qərargah rəisinin şəhid olmasını xəbər verən başqa bir səs eşitdi. Qərargah rəisi topları irəlidəki mövqelərə çəkdirdikdən sonra yeni yerdə minaya düşüb şəhid olmuşdu.

Zəfər Qəhrəmanlını yaxın günlərin kədərdən cox qəhrəmanlıqlarla dolu olan xatirələrindən batareya komandirinin səsi ayırdı:

-Ağsaqqal, yaman fikrə getmisən.

-Səndən bir şey öyrənim.

-Öyrən.

-Bizim hərbi-hissədə təxminən elə sən yaşlarda, kapitan rütbəsində tabor zampaliti olub?

-Bizim hərbi hissənin bütün taborlarının zampalitləri elə mən yaşda olardılar, hamısı da kapitan rütbəsində idilər.

-Niyə görə keçmiş zamanda – “olardılar”, “idilər” deyirsən?

-Biri şəhid oldu.

-İncəçayın dərəsində?

-Yox. Elə bizim indi olduğumuz əraziyə yaxın bir yerdə.

-Yox, mən İncəçayın dərəsində şəhid ola biləcək zampaliti soruşuram.

-Necə yəni “ola biləcək”?

-Yaralandığını bilirəm, amma, sonra necə olduğunu bilmirəm. Şən bir adam idi, bir az da söyüşkən idi.

-Ay ağsaqqal, bütün hərbiçilər söyüşkəndirlər, çoxsu da şəndir. Söyüşkən və şən olmasan hərbidə vaxt keçməz.

Zəfər Qəhrəmanlı:

-Hə, bunu bir dəfə də mənə demisən. - deyib yenidən ötən günlərə qayıtdı.

Batareya komandiri bir az sükutdan sonra əlindəki durbini Zəfər Qəhrəmanlıya verib, əli ilə qarşıdakı təpəni göstərdi:

-Ağsaqqal, al bax. Qarşımızdakı hündür təpəni görürsən?

Zəfər Qəhrəmanlı durbini gözünə tutduqdan sonra cavab verdi:

-Görürəm.

-O təpəyə yerləşməliyik. O təpədən bütün ərazi açıq-aydın görünür. Ora yerləşib, düşməni gördüyümüz yerlərin koordinatlarını bizim toplara versək, ermənilər bu ərazidən quş belə uçurda bilməyəcəklər.

-Təpənin üstündə onların şərəfsizləri var axı.

-Onların arvadı ilə qızlarıdır da. Bayraqla bizə işarə verirlər ki gəlin, ha, ha, ha...

-Zarafatı burax.

-Orda erməni olmamalıdır. Əvvəllər var idi, sonra başlarına o qədər mərmi tökdük ki qaçdılar. Bizim piyadalarımız hal-hazırda ondan sonrakı kiçik təpədədirlər. Ona, görə də onlara maraqlı deyil ki, geri qayıdıb daha yüksək təpəyə yerləşsinlər. Piyadalar belədir da, onlar ancaq irəli getmək barədə düşünürlər. Bizə isə ətrafı müşahidə etmək üçün daha hündür yer lazımdır. Amma, baxdığın təpənin sağında, solunda olan o biri təpələr düşmənin əlindədir. Onlarsa baxdığın təpəni nəzarətdə saxlayırlar ki, bizimkilər ora yerləşməsin. Çünki, onlar da bilirlər ki, biz ora yerləşdikdən sonra analarını...

-Dediyin təpənin üstündə görünən qülləni bayraq asmaq üçün yerləşdiriblər?

-Yox, gördüyün qüllə onların mobil operatorlarınındır. Hər nə zibilsədirsə...

-Dəqiq orda adam yoxdur?

-Adam deyəndə ermənini nəzərdə tutusan?

-Hə.

-Mənə verilən məlumata görə yoxdur. Amma, ola da bilər. Hava qaralanda gedib yoxlayacağıq. Sən qalarsan burda, mən əsgərlərlə gedəcəyəm.

-Mən də gedəcəyəm.

-Qoca kişisən, qaranlıqda sürünə-sürünə təpənin başına qalxacağıq. Nəfəsin çatmaz.

-Çatar. Mənim tağımımın əsgərləri qabağa gedəcək, mən arxada qalacağam? Sonra necə baxaram üzlərinə?

-Özün bil. Gedəcəksənsə hazırlaş, hava qaralanda yola düşəcəyik.

Batareya komandiri, Zəfər Qəhrəmanlı və tağımının yeddi nəfər əsgəri hava qaralandan sonra silah-sursatlarını götürüb yola çıxdılar. Batareya komandirinin əmri ilə yollarına işıq salmadan, mümkün qədər səssiz, bir-birlərindən aralı, ancaq görə biləcəkləri qədər bir-birlərindən uzaqlaşmadan hədəfə doğru addımlayırdılar.

Ona görə işıq salmadan səssiz gedirdilər ki, ətrafdakı düşmən onların yerini görməsin, səslərini eşitməsin. Ona görə aralı gedirdilər ki, qabaqdakı minaya düşsə və ya yaxınlıqlarında mərmi partlasa hamısı birdən ölməsin.

Əmrinə əsasən ən qabaqda batareya komandiri özü gedirdi, sonra əsgərlər, daha sonra isə Zəfər Qəhrəmanlı. Təyin edilmiş dağın yamacına çatdıqdan sonra batareya komandirinin növbəti əmri ilə yerə uzanıb bir-birlərinin ardı ilə zirvəyə doğru sürünməyə başladılar.

Nə qədər süründüklərini bilmədilər. Zirvəyə az qalmış avtomat səsi gəldi. Atəş altında qalmışdılar. Əsgərlərdən biri sol qolundan yaralanmışdı. Düşmən əsgərlərinin sayları elə onlar qədər olardı, amma, qarşıdakılar həm yuxarıda idilər, həm də səngərdə daldalanırdılar. Zəfər Qəhrəmanlı öz-özünə “bura qədər imiş” dedi.

Birdən batareya komandiri yerindən qalxdı, bağıraraq:

-Ardımca! -əmrini verib, avtomatından atəş aça-aça zirvəyə doğru qaçmağa başladı.

Zəfər Qəhrəmanlı ilə əsgərləri, o cümlədən yaralı əsgər də onun arxasıycan düşmənə atəş aça-aça yoxuş yuxarı qaçmağa başladılar.

Hamısı sağından, solundan keçən güllələrin vıyıltısını çox aydın eşidirdilər. Buna baxmayaraq sürətlə güllələr atılan yerə doğru qaçırdılar. Sanki, kimsə onların ürəklərindən ölüm qorxusunu dartıb çıxarmışdı. Həmin kimsə batareya komandiri idi.

Güllələrin arasından keçib gələn batareya komandiri düşmənin ürəyinə vahimə saldı. Düşmən qaçmağa başladı. Səngərdə yalnız bir nəfər düşmən əsgəri qaldı. Batareya komandiri səngərə birinci çatdı və atəşi davam etdirən həmin əsgərin başına var gücü ilə bir təpik vurdu. Düşmən yerə yıxıldı. Sonra onlar əlbəyaxa oldular.

Zəfər Qəhrəmanlı səngərə çatanda batareya komandiri düşmənin başını yerdəki daşa çırpırdı. Anidən düşmən müqaviməti dayandırdı, əlləri yanına düşdü. Bundan sonra batareya komandiri onun başını əllərindən buraxdı, üzünə sıçramış düşmən qanını qolları ilə sildi və yorulduğundan meyitin yanında yerə çökdü.

Zəfər Qəhrəmanlı ətrafa baxmağa başladı. Batareya komandirinin öldürdüyü düşmən zabitindən başqa səngərdə düşmənin iki əsgərinin də meyidi var idi. Digərləri qaçıb getmişdilər. Əsgərlərdən biri batareya komandirinin öldürdüyü düşmənin meyitinə bir təpik ilişdirdi:

-Əsgər, vurma. Düşmən də olsa yaxşı zabit imiş. Qaçıb getmədi, sonadək döyüşdü. Həm də biz erməni deyilik. Qadınlara, uşaqlara, qocalara və meyitlərə toxunmuruq. Ağsaqqal, elə deyil?

Zəfər Qəhrəmanlı:

-Elədir ki var. – dedi və hamı zirvənin alınması münasibəti ilə qəhqəhə çəkməyə başladı.

Səhər açılmamış divizionun tibb xidmət məntəqəsinin həkimi və sanitarları hərbi tibb maşını ilə gəlib yaralı əsgəri və düşmən meyitlərini apardılar.

Hava işıqlanar-işıqlanmaz isə batareya komandiri əşya kisəsindən Azərbaycan bayrağını çıxardı və onu öpüb boynuna bağladı. Sonra qülləyə çıxmağa başladı. Qüllənin başına çatdıqdan sonra orada olan düşmən əskisini çıxardıb yerə atdı və yerinə üçrəngli bayrağımızı sancdı. Sonra var gücü ilə bağırdı:

-Gördüyünüz bütün zirvələr Qarabağdır! Qarabağ bizimdir!

Yerdəkilər ona səs verdilər:

-Qarabağ Azərbaycandır!

***

Zəfər Qəhrəmanlını daldığı xatirələrindən şüşənin sınarkən çıxardığı səs oyatdı. Kombat arağı içib qurtardıqdan sona butulkasını aşağı tullamışdı. Şüşə də təsadüfən daşa çırpılmışdı.

Ötən 44 gündə baş verənlərin hamısı film lenti kimi Zəfər Qəhrəmanlının gözlərinin önündən keçmişdi. Səhər açılırdı. Kombat səssiz-sədasız vətənin arxada qalan torpaqlarına baxıb, nəsə düşünürdü. Zəfər Qəhramanlı ondan soruşdu:

- Komandir, hara baxırsan? Bütün müharibə ərzində mən sənin ancaq qabağa baxdığını görmüşəm, ilk dəfədir arxaya baxırsan.

-Müharibə qurtardı. Artıq arxaya da baxmaq lazımdır. Arxaya... analarımız, bacılarımız arxada qalıb, uşaqlarımız arxada qalıb, şəhidlərimiz arxada qalıb, elə torpaqlarımızın da çox hissəsi arxada qalıb. Bax, o işıqları görürsən?

-Hansını?

-Ən çox işıq olan yeri.

-Görürəm.

-Mingəçevirdir. Mən Mingəçevirdə böyümüşəm. Mənim babalarımın, nənələrimin, atamın qəbri ordadır. Mən orda doğulmuşam, birinci sinfə getmişəm, sevmişəm, evlənmişəm, uşaqlarım orda doğulub. Bilirsən nə fikirləşirəm?

-Bilmirəm.

-Bu murdarlar indi dayandığımız yerdən baxıb mənim bütün sevincimi, kədərimi izləyirlərmiş. Bəlkə də atamın qəbrinin üstündə ağlamağımı da görüblər. Bəlkə də deyiblər ki istəsək ananı da öldürərik. Toyumda oynayanda bəlkə də deyiblər ki, istəsək sənin toyunu yasa çevirərik. Uşağım doğulanda... Nə isə. Bütün məhrəmimi görüblər naməhrəmlər. Geridə qalan ömrümdən iyrənirəm. Ayağımın altındakı torpaqdan isə utanıram. Yarılsa böyük məmnuniyyətlə içinə girərəm otuz il düşmən tapdağında saxladığım üçün. Nə olsun ki, mənim elə otuz yaşım var? Atamın ayıbı elə mənim də ayıbımdır.

-Komandir, keçmişdən nəticə çıxarmq yaxşı şeydir. Amma, bütün insanlar keçmişdən indiyə gəlib gələcəyə gedirlər. Bunun əksini edən insan hələ ki dünyaya gəlməyib. Biz indi üzbəüz oturmuşuq. Sən enişə, gəldiyimiz yerlərə baxırsan, mən yoxuşa, gedəcəyimiz yollara. Sən keçmişi görürsən və kədərlənirsən, mən gələcəyi görüb sevinirəm. Gəl yerimizi dəyişək, kefin açılsın. – Zəfər Qəhrəmanlı bunu deyib, oturduğu yerdən qalxdı.

-Vəkil ki vəkil. Yerimi dəyişdiyim üçün kefim niyə açılsın ki?

-Tərslik etmə, dur ayağa, keç mənim yerimdə otur.

Batareya komandiri:

-Yaxşı. – deyib ayağa qalxdı. Keçib Zəfər Qəhrəmanlının bayaq oturduğu daşın üzərində əyləşdi.

Yerlərini dəyişdikdən sonra Zəfər Qəhrəmanlı batareya komandirindən soruşdu:

-Hə, komutan, kefin açıldı?

-Açıldı.

-Niyə?

-Çünki, yoxuşun zirvəsində bir qüllə görürəm. Onun da zirvəsində dalğalanan üçrəngli bayrağı.

-Bax, o gördüyün gələcəkdi. Gələcək həmişə şirindi. İnsanı yaşadan keçmişin acıları və gələcəyin şirinliyidir. Keçmişin acılarından dərs al, amma, yüz yaşın olsa da gələcəyin xəyalını qur. Yalnız keçmişlə yaşayan, gələcəyin xəyalını qura bilməyən iyirmi yaşlı insan artıq gənc deyil, yüz yaşında xəyal qura bilirsənsə, deməli işin hələ bitməyib.

Zəfər Qəhrəmanlı son cümləsini bitirdikdən sonra qəflətən soyuqdan titrədi. Ona görə də ayağa durdu:

-Yaxşı, gedək sığınacağa. Soyuqdur. Boş-boş danışmağıma baxma, qoca elə qocadır, üşüyürəm, - deyib gülümsədi.

-Sən get, mən bir az da oturum, gəlirəm. – Kombat da gülümsünərək ona cavab verdi.

Zəfər Qəhrəmanlı ayağa durub, sığınacağa tərəf qalxmağa başladı. Beş addım getməmişdi ki, kombatın səsi gəldi:

-Əsgərlərə deyərsən bayrağı dəyişərlər. Dünəndən “bayrağı dəyişək, bayrağı dəyişək” deyirsən. Elə bilirsən bayrağı niyə təcili dəyişmək istədiyini bilmirəm?

Zəfər Qəhrəmanlı geri dönüb soruşdu:

-Parça-parça olub, ona görə dəyişmək istəyirəm. Niyə görə dəyişmək istəyəcəm ki?

-Dəyişəndən sonra köhnəsini neynəyəcəksən? Atacaqsan?

-Bayrağı atarlar? Atmayacağam. Aparıb uşaqlarıma, doğmalarıma, dostlarıma göstərəcəyəm. “Şanlı bayraq, şanlı bayraq” deyirik həmişə. Sözgəlişi. Niyə şanlı olduğunu heç fikirləşmirik. Bizim bayrağın vəziyyətini görəndə başa düşəcəklər “şanlı” sözünün mənasını.

-Elə onu deyirəm da. Yadigar saxlamaq üçün dəyişmək istəyirsən bayrağı. Mən də müharibədən xatirə kimi götürmək istəyirdim onu. Bilirdim ki, sən də buna görə bayrağı dəyişmək istəyirsən. Sənin xətrinə dəymək istəmirdim, ona görə də dəyişməyə qoymurdum. Amma, indi fikirləşdim ki, sən götürsən daha düzgün olar. Qoca kişisən. Kimdi səni bundan sonra müharibəyə çağıran? Görüb-görəcəyin bu olacaq. Bir də hardan tapacaqsan belə şanlı bayrağı. - Kombat bic-bic gülümsəməyə başladı və əlavə etdi: - Mən isə cavan oğlanam, hələ qabaqda Zəngəzur, Göyçə, İrəvan var!

Zəfər Qəhrəmanlı bu dəfə “qoca” sözünə hirslənmədi. Əksinə fəxr etdi ki, “qocalıq” çağında olsa da bu şanlı bayrağın uğrunda vuruşmaq ona qismət olmuşdu. Ayaqlarını cütləyib, fərəqət vəziyyətini aldı, yarı zarafat, yarı ciddi komandirinə əsgəri salam verib qışqırdı:

-Sağ ol, komutan! Şanlı bayraq mənimdir! Qarabağ Azərbaycandır!

Oxşar xəbərlər