Vəkillərin istintaq təcridxanalarında qeydiyyat proseduru - Rəqəmsal idarəetməyə keçid zərurəti


  • 17:22

Son illərdə texnologiyanın sürətli inkişafı cəmiyyətin bütün sahələrini əhatə edir. Müasir dövrdə sosial, səhiyyə, təhsil, iqtisadi sahələrdə texnoloji yeniliklərdən geniş istifadə edilir. Süni intellekt, bulud texnologiyaları və avtomatlaşdırma kimi yeniliklər gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Çünki yeniliklərə uyğunlaşmayan hər bir sahə tənəzzülə məhkumdur.

Azərbaycanda elektron hökumət infrastrukturunun gücləndirilməsi və vətəndaşlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılıb. “ASAN xidmət”, “myGov”, “ASAN Login” və “e-gov” kimi platformalar bu sahədə mərkəzi rol oynayır. Bu sistem vasitəsilə vətəndaşlar dövlət xidmətlərinə daha operativ, şəffaf və rahat şəkildə çıxış əldə edir, bürokratik əngəllər azalır, vaxt və resurslara qənaət olunur. Nəticədə həm idarəetmədə səmərəlilik artır, həm də ictimai etimad möhkəmlənir.

Sözsüz ki, bu yeniliklər hər bir sahədə olduğu kimi məhkəmə, hüquq-mühafizə orqanlarının, vəkillərin, hüquq müdafiəçilərinin işində də mühüm əhəmiyyət kəsb edir. Yeni çağırışlar hüquq-mühafizə sistemində rəqəmsal transformasiyanı qaçılmaz edir. Çünki rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə hüquq-mühafizə orqanlarının ənənəvi iş üsulları effektivliyini itirir. Bu kontekstdə hüquq-mühafizə sistemində rəqəmsal transformasiya yalnız texnoloji yenilənmə deyil, həm də ədalətin operativ və şəffaf təmin olunması üçün strateji zərurətdir.

Ədalət mühakiməsinin səmərəliliyinin təmin olunmasında əsas rol oynayan tərəflərdən biri də vəkillərdir. Vəkillik fəaliyyətində sübutların toplanması və emalı, məlumat axınının idarə olunması kimi proseslər rəqəmsal ikmanların inteqrasiyası mühüm əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, bəzi sahələrdə hələ də ənənəvi üsullar tətbiq edilir. Xüsusilə də istintaq təcridxanalarına giriş prosedurları hələ də köhnəlmiş qaydalarla həyata keçirilir.

Bu gün də vəkil təcridxanaya daxil olarkən şəxsiyyət vəsiqəsini, vəkil vəsiqəsini, bəzi hallarda isə digər fiziki sənədləri təqdim etməli olur. Təcridxanalarda sənədlər fiziki olaraq qəbul edilir, qeydiyyat əl ilə aparılır. Vəkil çıxarkən isə sənədlər geri qaytarılır. Bu prosedur həm təhlükəsizlik baxımından, həm hüquqi baxımdan, həm də İT idarəetməsi baxımından artıq köhnəlmiş standartlar hesab olunmalıdır. Təbii ki, yuxarıda qeyd etdiyim məqamlar və insan amilindən asılılıq gecikmələrə səbəb olur. Kağız üzərində qeydiyyat vaxt aparmaqla yanaşı növbə yaradır, təcridxana əməkdaşının subyektiv yanaşmasına səbəb ola bilir. Qeyd etməliyəm ki, ənənəvi metodlar sadaladıqlarımla yanaşı hüquqi risklər də təşkil edir. Belə ki, fiziki sənədin itməsi, zədələnməsi, səhv şəxsdə qalması kimi risklər daşıyır ki, bu da vəkilin peşə fəaliyyətinə birbaşa təsir edir. Vəkilin üzərində daşıdığı fiziki sənədlər şəxsi məlumatların qorunması baxımından əlavə risk yaradır.

“Mygov” platforması bu gün vətəndaşın bütün sənədlərini elektron formada özündə birləşdirir. Şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, diplomlad, müvəkkil sənədləri, dövlət qeydiyyatı haqqında məlumatlar və s. burada cəmlənib. Platforma vasitəsilə vətəndaş istənilən orqana fiziki sənəd təqdim etmədən özünü təsdiq edə bilir. Köhnə qaydaların rəqəmsal transformasiyasına yol polisi nümunəsində görürük. Keçmişdə yol polisi qayda pozan sürücünün sürücülük vəsiqəsini fiziki olaraq alırdı. Bu qayda artıq ləğv edilib. Bütün proses elektron sistem üzərindən aparılır. Bu yanaşma sübut edir ki, kağız sənəd almaq hüquqi zərurət deyil, bu, sadəcə köhnə idarəetmə üsuludur.

Hesab edirəm ki, təcridxanalarda vəkil qeydiyyatı da həmin müasir texnologiya ilə aparılmalıdır. Elektron qeydiyyatla 5 saniyədə identifikasiyanı müəyyən etmək olur. Vəkil telefonunda “mygov” mobil tətbiqini açır, öz elektron vəkillik statusunu göstərir, QR kod vasitəsilə təcridxananın sisteminə identifikasiya olunur. Beləliklə, sənədlərin fiziki olaraq alınmasına ehtiyac qalmır. Çünki həm şəxsiyyət vəsiqəsi, həm vəkil vəsiqəsi, həm də səlahiyyətli məlumatlar artıq dövlət sistemində elektron görünür. Elektron giriş-çıxış protokolu təcridxananın ekranında vəkilin adı, vəkillik ID nömrəsi, qəbul etdiyi şəxs, giriş və çıxış saatı görünür. Bunlar sonradan kargüzarlıq üçün arxivləşir.

Qeyd etdiyim kimi, vəkillik ədalətin təmin olunmasında ən mühüm peşələrdən biri hesab olunur. Onların peşə fəaliyyətini yerinə yetirə bilməsi üçün süni maneələr aradan qaldırmalı, texnoloji yeniliklərdən faydalanmalıyıq. Çünki vəkillərin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə aparılan islahatlar hüquqi müdafiənin operativliyi artırır. Vəkil gecikmədən təcridxanaya daxil ola bilir və minimum bürokratiya ilə maksimum nəticəyə nail olur. Həmçinin əlində fiziki sənəd olmadığından vəkilin şəxsi məlumatları daha yaxşı qorunur. Çağdaş dövlət idarəçiliyinə uyğun olaraq vəkillik institutu rəqəmsal həllərə inteqrasiya olunur. Bütün bunlar isə son nəticədə hüquq sahəsinin ayrılmaz parçası olan vəkilliyin nüfuzunun artmasına gətirib çıxarır.

Dünya təcrübəsinə baxsaq görərik ki, əksər ölkələrdə artıq çoxdan bu modelə keçid edilib. Avropa, ABŞ və bir çox inkişaf etmiş ölkələrdə hüquq müdafiəçilərinin identifikasiyası biometrik və ya elektron üsulla aparılır. QR-kod sistemləri istifadə olunur və fiziki sənədə toxunulmur. Azərbaycan artıq ASAN xidmət modeli ilə dünyaya nümunə olub. Zənnimcə, eyni standartın təcridxanalarda tətbiqi həm mümkün, həm də zəruridir. Dövlətin yaratdığı “mygov” “ASAN Login” kimi rəqəmsal platformalar artıq buna imkan verir. Düşünürəm ki, bu platformalardan hüquq-mühafizə sistemində tətbiqi barədə qərarı verməyin vaxtı artıq çoxdan çatıb. Çünki bu islahat həm vəkillər, həm vətəndaşlar üçün, həm də dövlət qurumları üçün daha səmərəli, şəffaf və müasir idarəetmə modeli formalaşdıracaq.

Şaiq Mirzəyev

Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər