"Azərbaycan Vəkillər Kollegiyası son 6 ildə inqilabi dəyişikliklərə imza atıb"


  • 5 Dekabr 2023 13:07

"Hüquqi yardıma çatımlılıq məsələsində Azərbaycan Vəkillər Kollegiyası son 6 ildə inqilabi dəyişikliklərə imza atıb".

E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü İsmayıl Kəngərli Hindistan Ali Məhkəməsində Hüquqi yardıma çıxış üzrə 1-ci regional Konfrans: "Qlobal Cənubda ədalət sisteminə çıxışın genişləndirilməsi" mövzusunda keçirilmiş beynəlxalq konfransda çıxışında deyib.

O bildirib ki, son 6 ildə vəkillərin sayı 800-dən 3000-ə qədər artırılıb.

İ.Kəngərli qeyd edib ki, Azərbaycan vəkilləri hər ay, bəzən hər həftə regionlarda ödənişsiz hüquqi yardım aksiyaları həyata keçirir: "Ödənişsiz hüquqi yardım aksiyaları təkcə regionlarda deyil, qocalar evində, əhalinin həssas təbəqələrinə, Erməni təcavüzü nəticəsində öz evlərindən didərgin düşmüş ailələrə, cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara da tətbiq edilir. Əgər Azərbaycan Vəkillər Kollegiyasının rəsmi internet səhifəsini izləsəniz, Kollegiyanın rəhbərliyinin və Azərbaycan vəkillərinin nə qədər aktiv olduğunu və necə fədakarlıqla ödənişsiz hüquqi yardım aksiyalarında iştirak etdiklərinin şahidi olacaqsınız".

Vəkil deyib ki, Azərbaycan Vəkillər Kollegiyası öz maliyyə müstəqilliyini təmin etmək məqsədi ilə vəkil orderlərinə markalama sisteminə keçib və nəticədə görülən işlər üçün heç bir dövlət orqanlarından, təşkilatlardan maliyyə dəstəyi almadan bu işləri görür: "Maliyyə müstəqilliyi özü-özlüyündə imkan verir ki, hüquqi yardım aksiyaları müvəqqəti xarakterli deyil, daimi olsun. Çünki ayrı-ayrı təşkilatıardan qrantlar hesabına maliyyələşmə ona səbəb olur ki, hüquqi yardıma çatımlılıq müvəqqəti, yəni maliyyə vəsasiti, qrant bitənə qədər olsun. Lakin Azərbaycan Vəkillər Kollegiyası maliyyə islahatı nəticəsində əhalinin bütün təbəqələri üçün hüquqi yardıma, xüsusən də ödənişsiz hüquqi yardıma çatımlılıq tədbirlərinin davamlı olmasına nail olub".

İ.Kəngərli bildirib ki, Azərbaycanda keçirilən məhkəmə-hüquq islahatları vəkillik sahəsindən də yan keçməyib: "Belə ki, vəkillərə ödənilən haqq 3 dəfə artırılıb, mülki işlərdə bütün məhkəmə instansiyalarında imkanı olmayan şəxslər üçün dövlət hesabına vəkil xidmələri qanunvericiliyə əlavə edilib. Hüquqa çatımlılığın Azərbaycan modeli tədbirin təşkilatıçılarının və digər dövlətlərin rəsmilərinin diqqətini cəlb edib, onlar bu təcrübəni öyrənmək üçün tezliklə Azərbaycana səfər edəcəklərini bildiriblər".

"Ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarının nəticəsində Azərbaycanda bütün dövlət xidmətlərini və hüquq xidmətlərini özündə çəmləşdirən ASAN Xidmət Mərkəzləri yaradılıb. Həmin mərkəzlərə yaxınlaşan istənilən şəxs, istər Azərbaycan vətəndaşı, istər əcnəbilər, öz şəxsiyyət vəsiqələri və pasportları ilə bütün dövlət xidmələrini bir mərkəzdən əldə etmək imkanına malik olur. Bundan başqa həmin mərkəzlərdə yalnız dövlət xidmətləri deyil, hüquqi yardım və tərcümə xidmətləri də fəaliyyət göstərir. Həmçinin həssas təbəqədən olan şəxslər, o cümlədən uşaqlar üçün xüsusi şərait yaradılmışdır. Hazırda demək olar ki, Azərbaycanın bütün regionlarında ASAN Xİdmət Mərkəzləri fəaliyyət göstərir. Bu xidmət növünün digər üstünlüyü mobil telefon tətbiqindən istifadə etməklə, habelə müəyyən dövlət xidmətlərini yaşayış yerini tərk etmədən səyyar xidmət vasitəsi ilə əldə etmək imkanının olmasıdır", - deyə vəkil əlavə edib.

Oxşar xəbərlər