- 12:01
"Sənan təkcə mənim, yox bu dövlətin, bu millətin, bu xalqın oğludur. İgid, mərd oğludur... O, qəhrəmancasına döyüşdü və qəhrəmancasına şəhid oldu".
Bunu e-huquq.az-a açıqlamasında 44 günlük Vətən müharibəsi şəhidi, kapitan Sənan Kərimovun anası Ətrabə Kərimova Hərbi Memorial Məzarlığı ziyarəti zamanı deyib.
O bildirib ki, S.Kərimov Füzuli və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 7-də Cəbrayıl rayonu istiqamətində aparılan döyüşlər zamanı şəhid olub.
"Oğlum çox vətənpərvər, cəsur insan idi. Vətənini canından çox sevən bir oğul idi. O, döyüşlərdə son nəfəsinə qədər mübarizə apardı. Göstərdiyi qəhrəmanlığa görə Sənan 3-cü dərəcəli “Rəşadət” ordeni ilə, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Mən bir ana kimi onunla hər zaman fəxr etmişəm və bu gün də fəxr edirəm", - deyə şəhid anası qeyd edib.
Şəbnəm Mehdizadə