Şəhid anası: "Deyirdi ki, Vətən məni çağırır, mütləq getməliyəm"


  • 11:43

"O, döyüşlərə könüllü yollanmışdı. Deyirdi ki, Vətən məni çağırır. Mən mütləq getməliyəm".

Bunu e-huquq.az-a açıqlamasında Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Vüqar Ağayevin anası Xanım Ağayeva Vətən müharibəsinin 6-cı ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığı ziyarəti zamanı deyib.

X.Ağayeva bildirib ki, oğlu V.Ağayev Birinci Qarabağ müharibəsində də iştirak edib və uzun illər hərbi xidmət keçib.

Onun sözlərinə görə, V.Ağayev 2016-cı ildə hərbi xidmətini başa vuraraq təqaüdə çıxıb. Lakin 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda o, yenidən döyüşlərə qatılmaq qərarına gəlib.

"Vüqar döyüşlərdə iştirak etmək üçün könüllü olaraq müraciət etdi. Əvvəlcə onu aparmaq istəmirdilər. Amma çox təkid etdi. Deyirdi ki, Vətən məni çağırır, mən mütləq getməliyəm. Nəhayət, oktyabrın 19-da döyüşlərə yollandı", - deyə şəhidin anası qeyd edib.

X.Ağayeva bildirib ki, oğlu Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. O, noyabrın 1-də Qubadlı istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

V.Ağayevin döyüş yolunun və göstərdiyi qəhrəmanlığın dövlət səviyyəsində qiymətləndirildiyini bildirən X.Ağayeva qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə V.Ağayevə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

Şəhid polkovnik-leytenant Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə isə "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər