- 12:01
Hazırda hakimliyə namizədlərin seçimi tam şəffaf və obyektiv meyarlar əsasında davam etdirilir.
Bunu e-huquq.az-a açıqlamasında Hakimlərin Seçki Komitəsinin üzvü Zahid Məmmədov deyib.
O bildirib ki, növbəti müsabiqə çərçivəsində test imtahanında müvəffəqiyyət qazanmış 167 nəfər namizədlə 2026-cı il 26 sentyabr tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda yazılı imtahan keçirilib.
"İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsi qapalı iclasında imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər. 4 saat davam edən imtahanda hakimliyə namizədlər kazusları həll edərkən kazusun faktiki hallarına uyğun düzgün maddi hüquq normasının müəyyən edilməsi və tətbiqi, mübahisənin həlli ilə bağlı zəruri olan prosessual hüquq normalarının tətbiqi, habelə tətbiq edilən normaların məzmununu kazusun halları baxımından izahını vermək bacarıqlarını nümayiş etdirməlidirlər", - deyə Z.Məmmədov qeyd edib.
Komitə üzvünün sözlərinə görə, cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndirilməklə nəticələr elan olunacaq.
O vurğulayıb ki, imtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.
Z.Məmmədov əlavə edib ki, hazırda hakimliyə namizədlərdən sənədlərin qəbulu fasiləsiz şəkildə davam etdirilir: "Hakimlərin Seçki Komitəsi hakim olmaq arzusunda olan və müvafiq tələblərə cavab verən hüquqşünasları müsabiqədə daha fəal iştirak etməyə dəvət edir. Növbəti test imtahanı 2027-ci ilin aprel ayının 11-də keçiriləcək".
Şəbnəm Mehdizadə