- 10:49
Məsuliyyətli tərəfdaş reputasiyası və ölkənin təhlükəsizliyi Azərbaycanın investisiya cəlbediciliyinin mühüm amilləri sırasına daxildir.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, 30 il əvvəl bağlanmış neft-qaz müqavilələri indiyədək dəyişməz qalır: "Həmin müqavilələrdə bir sözə belə, yenidən baxılmayıb. Bu, investorların cəlb edilməsi amillərindən biri olub və Azərbaycana etibarlı və məsuliyyətli tərəfdaş reputasiyası formalaşdırmağa kömək edib".
"Müqavilənin bəzi parametrlərindən 100 % razı qalmasaq belə, hesab edirik ki, məsuliyyət prioritet olmalıdır", - dövlət başçısı vurğulayıb.
Prezident təhlükəsizliyi, xüsusilə müasir şəraitdə, daha bir mühüm amil adlandırıb. Onun qiymətləndirməsinə görə, Azərbaycan dünyanın ən təhlükəsiz yerlərindən biridir və cinayətkarlıqla bağlı vəziyyət tam nəzarət altındadır.
İlham Əliyev həmçinin əlverişli iqlimi, nisbətən kiçik ərazidə doqquz iqlim zonasını, yerli mətbəxi və sakinlərin qonaqpərvərliyini qeyd edib. Ölkədə keçirilən tədbirlər sırasında o, bugünkü "Formula 1" yarışını, ənənəvi UFC turnirlərini və digər hadisələrin adını çəkib.
Prezident əlavə edib ki, Azərbaycanın üstünlükləri barədə xeyli danışa bilərdi, lakin "həddindən artıq millətçi" görünmək istəmir. Onun sözlərinə görə, forum qonaqlarının gəzmək və ölkəni daha yaxşı tanımaq üçün vaxtı olacaq.
O qeyd edib ki, bu və digər amillər insan kapitalına, infrastruktura, süni intellektə və iqtisadiyyatın digər sahələrinə investisiyaları artırmağa imkan verir.