- 01:00
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Qlobal İnkişaf Təşəbbüsünün 5-ci ildönümü münasibətilə keçirilən Yüksək Səviyyəli Görüşdə çıxış edib.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.
Nazir Çinin 2030-cu il Davamlı İnkişaf Gündəliyinə nail olmaq üçün bu vacib çərçivəni irəli sürməsini yüksək qiymətləndirib.
O, xüsusilə Prezident İlham Əliyevin Pekinə tarixi dövlət səfərindən sonra Azərbaycan və Çin arasında qurulan hərtərəfli strateji tərəfdaşlığı vurğulayıb.
C.Bayramov Çinin suveren bərabərliyə, BMT Nizamnaməsinə hörmətə və beynəlxalq hüququn aliliyinə əsaslanan beynəlxalq sistemin islahatı vizyonunu alqışlayıb.
XİN rəhbəri Çin və Avropa arasında təhlükəsiz ticarət əlaqələri yaratmaq üçün Orta Dəhlizin davamlı modernləşdirilməsini təmin edən etibarlı regional tranzit mərkəzi kimi Azərbaycanın praktik rolunu vurğulayaraq qeyd edib ki, bu, ticarət xərclərini birbaşa azaldır və inkişaf etməkdə olan ölkələr üçün bazara çıxışı genişləndirir.
C.Bayramov Azərbaycanın "Cənub-Cənub" formatında həmrəyliyini gücləndirmək və heç bir inkişaf etməkdə olan ölkənin geridə qalmamasını təmin etmək üçün praktik alətlər, texnologiyalar və resursları bölüşmək üçün effektiv əməkdaşlıq mexanizmlərinin tətbiqi öhdəliyini bir daha təsdiqləyib.