- 16:03
"Məlum olduğu kimi, islah tədbirləri sistemində ən aktual və təsirli vasitə, cinayət və ya inzibati xəta törətmiş şəxslər barəsində müvafiq olaraq cinayət cəzasının və ya inzibati tənbeh tədbirinin tətbiq edilməsidir. Qeyd olunan tədbirlər formal xarakter daşımamalı, hüquq pozuntusuna yol vermiş şəxslər üzərində real və preventiv təsir göstərməlidir".
Bunu e-huquq.az-a açıqlamasında vəkil Dədəkişi Vəlizadə deyib.
O bildirib ki, bu amil nəzərə alınmaqla, hər il ictimai təhlükəlilik dərəcəsi artan əməllərlə bağlı sanksiyaların sərtləşdirilməsi istiqamətində normativ hüquqi aktlara dəyişikliklər edilir, xüsusilə də maliyyə xarakterli tənbeh tədbirləri üzrə daha ciddi sərtləşdirmələr aparılır: "Lakin qeyd olunan tədbirlərin tətbiqi zamanı, təəssüf ki, şəxsin fərdi xüsusiyyətləri, daha dəqiq desək, onun maddi vəziyyəti nəzərə alınmır. Bu isə nəticə etibarilə, yüksək maddi gəlirə malik şəxslər barəsində həmin tədbirlərin effektivliyinin azalmasına səbəb olur. Məsələn, aylıq gəliri 1000 manat olan şəxslə 10000 manat olan şəxsə eyni məbləğdə - 200 manatlıq cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi onların hər biri üzərində eyni hüquqi və psixoloji təsiri doğurmur".
Vəkil hesab edir ki, bu baxımdan həm cinayət cəzası, həm də inzibati tənbeh tədbiri kimi maliyyə xarakterli sanksiyaların şəxsin maddi vəziyyəti nəzərə alınmaqla fərdiləşdirilməsi məqsədəuyğun olar: "Təklif olaraq, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimə növündə inzibati tənbeh tədbirinin avtomobilin orta bazar dəyərinə uyğun müəyyənləşdirilməsi mümkün ola bilər. Məsələn, əgər orta bazar dəyəri 10 000 manat olan avtomobilin sürücüsü barəsində 1000 manat məbləğində cərimə tətbiq edilirsə, dəyəri 50 000 manat olan avtomobilin sürücüsü barəsində bu məbləğin 5000 manata qədər artırılması tədbirin effektivliyini yüksəldə və spesifik preventiv təsirini təmin edə bilər. Bununla da tədbirlərin əsas məqsədinə yəni, şəxslərin islah edilməsinə - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasına nail olmaq olar".
D.Vəlizadə deyib ki, bu yanaşma bir sıra xarici ölkələrin hüquq sistemlərində tətbiq edilməkdədir: "Belə ki, Finlandiya, Almaniya və İsveç kimi dövlətlərin qanunvericiliyində şəxsin maddi vəziyyəti nəzərə alınmaqla cəza və ya digər hüquqi tədbirlərin tətbiqi nəzərdə tutulmaqdadır".
Şəbnəm Mehdizadə