Zaminlik müqaviləsinə hansı hallarda xitam verilir?


  • 14 Avqust 12:02

Maliyyə öhdəlikləri ilə bağlı tez-tez rast gəlinən hallardan biri də vətəndaşların yaxınlarına və ya tanışlarına kredit borcuna görə zamin dayanmasıdır. Çox vaxt insanlar zaminlik müqaviləsini imzalayarkən onun hüquqi nəticələrini tam dərk etmir, xüsusilə də bu müqaviləyə hansı hallarda və necə xitam veriləcəyini bilmirlər. Bu məsələ hüquqi baxımdan əhəmiyyətli olduğu üçün vətəndaşların maarifləndirilməsi vacibdir.

E-huquq.az xəbər verir ki, mövzu ilə bağlı vəkil Bəhruz Orucov məlumat verib.

Vəkilin sözlərinə görə, zaminlik müqaviləsinin xitamı ilə bağlı qanunvericilikdə bir neçə əsas mövcuddur: "Bu əsaslardan biri borclunun kredit müqaviləsini elə dəyişdirməsidir ki, həmin dəyişiklik zaminin məsuliyyətini artırır və onu daha ağır vəziyyətə salır. Belə bir hal zaminin müqavilədən imtina etməsi üçün hüquqi əsas yaradır".

Digər hal isə borclunun başqa bir şəxs ilə əvəz olunmasıdır: "Əgər zamin yeni borcluya görə məsuliyyət daşımaq istəmirsə, bu da zaminlik müqaviləsinin xitamı üçün əsas sayılır".

Vəkil əlavə edib ki, müqavilədə icra müddəti ilə bağlı əsaslar da nəzərdə tutulur: "Belə ki, əgər müqavilədə icra vaxtı göstərilibsə və bu vaxtdan etibarən 1 il ərzində zaminə qarşı heç bir iddia irəli sürülməyibsə və ya əgər müqavilədə icra müddəti ümumiyyətlə göstərilməyibsə və müqavilə tarixindən 2 il ərzində zaminə qarşı heç bir tələb irəli sürülməyibsə, bu zaman zamin məhkəməyə müraciət edərək müqavilənin xitamını tələb edə bilər"

Humay Eminqızı

Oxşar xəbərlər