- 31 İyul 16:19
Bir neçə gün öncə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bəzi sürücülərin hərəkətdə olan avtomobildə əllərini pəncərədən çıxarmasının yol hərəkəti qaydalarının pozulması kimi qiymətləndirilə biləcəyini və bu halın cərimə ilə nəticələnə biləcəyini açıqlamışdı.
E-huquq.az xəbər verir ki, vəkil Tural Həsənli bəzi sürücülərin bu xəbərdarlığı yanlış başa düşdüyünü və bunu guya qanunvericiliyə edilmiş yeni dəyişiklik kimi qiymətləndirdiklərini bildirib.
Vəkil yaranmış çaşqınlığa aydınlıq gətirərək deyib: “Son günlər "Təzə qanuna görə sürücü əlini pəncərədən çıxardığına görə cərimələnir, belə şey olar?" kimi suallar tez-tez səslənir. Əvvəla qeyd edim ki, bu, heç bir yeni qanun deyil. İnzibati Xətalar Məcəlləsinin 342.1.4-cü maddəsində bu norma əvvəldən nəzərdə tutulub. Maddəyə əsasən, hərəkət zamanı sükanı buraxmaq və ya mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etmək qayda pozuntusu sayılır. Yəni əgər sürücü hər iki əli ilə sükanı buraxarsa, bu zaman 40 manat məbləğində cərimə tətbiq olunur".
Şəbnəm Mehdizadə