İnzibati aktın anlayışı və xüsusiyyətləri


  • 12:48

Müasir hüquqi dövlət quruculuğunda inzibati orqanlar və fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərin tənzimlənməsi publik hüququn ən mühüm istiqamətlərindən biridir. Bu münasibətlərin mərkəzində dayanan və inzibati fəaliyyətin ən mühüm aləti hesab edilən inzibati akt dövlət idarəetməsində hakimiyyət səlahiyyətlərinin birbaşa təzahürüdür. İnzibati akt sadəcə bir sənəd deyil, dövlətin "publik hakimiyyət" imtiyazından istifadə edərək fərdin hüquqi sferasında konkret dəyişiklik yaratmaq iradəsidir.

Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununa əsasən, inzibati akt inzibati orqan tərəfindən publik hüquq sahəsində konkret bir məsələni həll etmək məqsədilə qəbul edilən və şəxs üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiridir. Lakin hüquq elmində və müqayisəli məhkəmə təcrübəsində (xüsusilə Almaniya və Türkiyə nümunəsində) hər bir orqan qərarının inzibati akt kimi xarakterizə edilməsi mümkün deyildir. İnzibati aktı ona bənzər digər fəaliyyətlərdən, yəni daxili xidməti göstərişlərdən, faktiki hərəkətlərdən və ya hazırlıq tədbirlərindən fərqləndirən kəskin hüquqi meyarlar mövcuddur.

Təqdim olunan məqalədə inzibati aktın anlayışı və xüsusiyyətləri doktrinal baxımdan təhlil edilir. Tədqiqatın əsas məqsədi inzibati aktın dörd fundamental əlamətini, yəni inzibati orqan tərəfindən qəbul edilməsi, publik hüquq sahəsinə aid olması, tənzimləyici məzmunu (hüquqi nəticə doğurması) və xaricə yönəlik olması xüsusiyyətlərini elmi əsaslarla şərh etməkdir. Eyni zamanda, məqalədə "hüquqa uyğunluq prezumpsiyası", "birtərəfli iradə ifadəsi" və "müstəqil icra" kimi anlayışlar inzibati aktın maraqlı şəxsin hüquqi statusuna təsiri müqayisəli hüquqi kontekstdə araşdırılır.

İnzibati aktın anlayışı və xüsusiyyətləri.

İnzibati akt hüquqi əməliyyat olmaqla, inzibati orqanın bütün əməliyyatlarını deyil, publik hüququn əhatə etdiyi özünəməxsus növünü ifadə edir [ 12, 45 ]. Hüquqi əməliyyat hüquqi nəticə doğurmağa yönəlmiş iradə ifadəsinin bəyanıdır [ 11, 184 ]. İnzibati orqan publik fəaliyyətini hüquqi əməliyyatlar vasitəsilə reallaşdırır. İnzibati fəaliyyətlərin hüquqi alətləri arasında ən çox istifadə ediləni isə inzibati aktlardır. İnzibati aktın praktik əhəmiyyətinin inzibati fəaliyyətin həyata keçirilməsində ən çox tətbiq edilən üsul olmasından, doktrinal baxımdan əhəmiyyəti isə inzibati orqanın istifadə etdiyi publik hakimiyyəti imtiyazını ön plana çıxamasından irəli gəldiyi qeyd edilir [10, 1068 ].

Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati aktın anlayışı təsbit edilmişdir:

“inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir” [ 5 ].

İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır [ 1 ].

Sənədin formasına görə inzibati akt,qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır [ 1 ].

Qanunda təsbit edilmiş anlayışı təhlil etsək, inzibati aktın aşağıdakı əlamətlərini müəyyən etmək mümkündür:

1. İnzibati akt inzibati orqan tərəfindən qəbul edilir. Lakin inzibati orqanlar tərəfindən qəbul edilən hər bir akt inzibati akt deyildir. İnzibati orqanlar ümumi hüquq münasibətlərinin iştirakçısı olduqları kimi xüsusi hüquq münasibətlərinin iştirakçısı olmaqla müvafiq aktlar qəbul edir və ya müqavilələr bağlayırlar. Məsələn, inzibati orqan müəssisənin təmiri ilə bağlı podrat müqaviləsi bağlayırsa, bu halda inzibati aktdan bəhs etmək olmaz. Həmçinin publik hüquq sahəsində inzibati orqanların inzibati müqavilələr bağlamaq səlahiyyətləri də mövcuddur ki, həmin müqavilələr də inzibati akt hesab olunmur. Bu zaman belə sual yarana bilər ki, bəs inzibati orqan nədir? İnzibati orqanın anlayışının normativ təsbiti Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun 1.0.1-ci maddəsində əks etdirilmişdir. Həmin maddəyə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. İnzibati aktın əsas fərqləndirici xüsusiyyəti inzibati orqan tərəfindən qəbul edilməklə bərabər “hakimiyyət” xarakterinə malik olmasıdır. Yəni inzibati orqanla vətəndaş arasında “subordinasiya” əlaqəsi olmalıdır ki, həmin əlaqənin nəticəsində qəbul edilmiş akt da inzibati akt kimi səciyyələnsin.

2. İnzibati akt publik hüquq sahəsinə aid olan münasibətləri nizama salır və ya həll edir. İnzibati orqanın publik hüquq sahəsində həyata keçirdiyi fəaliyyətlə xüsusi hüquq sahəsində həyata keçirdiyi fəaliyyət arasındakı əsas fəqləndirici meyar inzibati orqanın həyata keçirdiyi fəaliyyətin “hakimiyyət” xarakterinə malik olub-olmamasıdır. İnzibati orqanın inzibati akt qəbul etmək səlahiyyəti ona müvafiq normativ hüquqi aktla verilir.

3. İnzibati akt ünvanlandığı fiziki və ya hüquqi şəxslər üçün hüquqi nəticələr yaradır. İnzibati akt maraqlı şəxslər əlverişli və ya əlverişsiz olmaqla hüquqi nəticələr yaradır. İnzibati orqan özünün qəbul etdiyi aktı özü icra edə bilər. Yəni hüquqi nəticə yaratmağa istiqamətlənən hərəkəti özü icra edə bilər. Məsələn, dövlət qulluqçusunun işdən çıxarılması əmri verildikdən sonra həmin dövlət qulluqçusuna maaşının verilməsinin dayandırılması.

4. İnzibati akt qərar, sərəncam və ya digər hakimiyyət tədbiri formasında olur.

İnzibati aktlar birtərəfli hüquqi əməliyyatların nəticəsi hesab olunur. Yəni inzibati orqanın iradə ifadəsi inzibati aktın qəbul edilməsi kimi hüquqi nəticəni doğurur. Qarşı tərəfin iradəsini açıqlamasına ehtiyac yoxdur. Bəzi ədəbiyyatlarda inzibati aktın həm fərdi, həm də ümumi xarakterli ola biləcəyinə dair fikirlərə rast gəlmək mümkündür. Lakin inzibati aktı maddi mənada “xüsusi məsələləri tənzimləyən konkret maraqlı şəxslər üçün hüquqi əməliyyat” olaraq müəyyən edən yanaşmaların tərəfdarları inzibati aktın ümumi xarakterli tənzimləmə aktı olmasını qəbul etmir.

İnzibati akta dair doktrinada çoxsaylı təriflər mövcuddur. Türkiyə Cümhuriyyətinin Konstitusiya Məhkəməsi bir qərarında inzibati akt kimi qəbul edilmə şərtlərini aşağıdakı kimi qiymətləndirmişdir:

“ Bir sərəncam və ya qərarın inzibati akt hesab edilə bilməsi üçün həmin sərəncam və ya qərarın inzibati orqan tərəfindən qəbul edilməsi və inzibati orqanın publik hüquq sahəsində həyata keçirdiyi inzibati fəaliyyətlə əlaqəli olması şərt və zəruridir” [ 8, s.184-185 ].

Karahanoğullarına görə inzibati akt inzibati orqan və onların vəzifəli şəxslərinin inzibati idarəetmə sahəsində iradə açıqlamalarıdır [ 12, s. 45-46 ]. İnzibati orqanın publik xidmətin göstərilməsinə və ya ictimai nizamın təmin edilməsinə yönəlmiş, inzibati orqanın məzmununda publik hakimiyyət imtiyazları və öhdəlikləri daşıyan iradə ifadələri inzibati xarakter daşıyır. Bundan başqa inzibati orqanın tək tərəfli iradə ifadəsi ilə şəxsləri barəsində hüquqi nəticə doğuran əməliyyatları da klassik mənada inzibati akt adlandırılır.

İnzibati akt inzibati orqanların fərdi və konkret halları tənzimləyən, bir tərəfli və hakimiyyət xarakterli hərəkətlərini ifadə edir [ 17, s. 92 ].

Hüquq ədəbiyyatlarında inzibati aktların 4 əsas xüsusiyyəti müəyyən edilmişdir. Bu xüsusiyyətlər icra edilə bilənlik, hüquqa uyğunluq prezumsiyasından faydalanma, işin hallarının araşdırılması və bir tərəfli iradə ifadəsinin mövcudluğu üzrə fərqləndirilmişdir.

1. Birtərəfli iradə ifadəsinin mövcudluğu. Bu xüsusiyyət publik hakimiyyət daşıyıcıları və şəxslər arasında bərabərsizliyin nəticəsi olaraq ictimai iradənin üstünlüyünü ifadə edir və eyni zamanda inzibati orqanın öhdəliklərini yerinə yetirmə məcburiyyətini də əhatə edir. Birtərəfli iradə ifadəsinin mövcudluğu inzibati orqanın maraqlı şəxsin hər hansı icazə və razılığı olmadan inzibati akt qəbul edə bilməsi nəzərdə tutur. İnzibati aktın bu xüsusiyyəti maraqlı şəxsin tələb və ya razılığı olmadan, şəxsi hüquqlara dair təsirli qərar qəbul etmək səlahiyyətini ehtiva edir

2. İnzibati aktın birbaşa hüquqi nəticə doğurma və tətbiq edilmə xüsusiyyəti. Bu xüsusiyyət inzibati aktı ünvanlandığı şəxslərin razılığı və ya iradə ifadəsindən asılı olmadan inzibati orqanın tək tərəfli iradəsi əsasında hüquq münasibətlər sferasında hüquqi nəticələr doğurmasını ehtiva edir. İnzibati aktların hüquqa uyğunluq prezumpsiyasında irəli gələrək bu aktlar qəbul edildiyi andan etibarən icra oluna bilən və hüquqi qüvvəyə malik status qazanır. Doktrinada inzibati aktların tətbiq edilə bilməsinin və məcburi xarakter daşımasının səbəbi onların ictimai maraqların təmin edilməsinə yönəlməsidir.

3. İnzibati orqan tərəfindən müstəqil icra xüsusiyyəti. Bu xüsusiyyət inzibati aktın bütün hüquqi və faktiki nəticələrinin birbaşa həyata keçirilməsi üçün əlavə müdaxiləyə ehtiyacın olub-olmaması ilə bağlıdır. İnzibati orqan tərəfindən müstəqil icranın tətbiqi, yəni inzibati orqanın qəbul etdiyi inzibati aktları icra etməsi yanlız qanunla ona verilmiş səlahiyyətlər əsasında mümkündür. Elmi ədəbiyyatda şəxsin razılığı olmadan məcburi icra tədbirlərinin görülməsi baxımdan inzibati orqanın qeyri-məhdud səlahiyyətlərə malik olması qəbul edilmir. [ 12, s. 50 ].

4. Hüquqauyğunluq prezumpsiyası. Hüquqa uyğunluq prezumpsiyası bəzi müəlliflər tərəfindən “inzibati aktın hüquqa uyğun şəkildə qəbul edildiyi fərziyyəsi” kimi xarakterizə olunur. Sözügedən prezumpsiya inzibati orqanın qəbul etdiyi aktların normativ-hüquqi əsaslara söykəndiyini ifadə edir. Bunun nəticəsi olaraq inzibati orqanın qəbul etdiyi qərarın hüquqa uyğunluğunu əvvəlcədən sübut etmək və ya həmin qərarı başqa bir orqanın, o cümlədən məhkəmənin təsdiqinə təqdim etmək öhdəliyindən azad olur [ 9, s. 412 ].

Almaniyanın İnzibati İcraat haqqında qanunun 35-ci maddəsinə əsasən inzibati akt inzibati orqanın publik hüquq sahəsində konkret münasibətləri tənzimləmək məqsədilə qəbul etdiyi və ünvanlandığı fiziki və ya hüquqi şəxslər üçün hüquqi nəticələr doğuran qərar, sərəncam və ya digər hakimiyyət tədbiridir [ 13 ]. Bu anlayışa əsasən inzibati aktın əsas 4 xüsusiyyəti mövcuddur:

1. İnzibati akt publik hüquq sahəsində konkret münasibətləri tənzimləmək məqsədilə qəbul edilir.

2. İnzibati akt inzibati orqan tərəfindən qəbul edilir.

3. İnzibati akt tənzimləyici xarakter (mit Regelungscharakter) daşıyır. Yəni inzibati akt konkret məsələləri nizama salır və ya tənzimləyir.

4. Maraqlı şəxslər barəsində təsirə malik olması (gerichtet auf Außenwirkung). İnzibati akt ünvanlandığı fiziki və ya hüquqi şəxslər müvafiq olaraq əlverişli və ya əlverişli nəticələr yaratmaqla onları hüquqi statusuna təsir göstərir. İnzibati akt maraqlı xarici aləmdə birbaşa hüquqi nəticə doğurmalıdır [ 16, s. 158-180 ].

İnzibati akt özündə hakimiyyət ünsürünü ehtiva edir. İnzibati orqan tərəfindən inzibati akt tək tərəfli səlahiyyətli tənzimləmə səlahiyyətlərinin həyata keçirilməsinin nəticəsi olaraq qəbul edilir. Xüsusi hüquq sahəsində inzibati orqan tərəfindən qəbul edilən aktlar inzibati xarakter daşımır və inzibati orqanın tək tərəfli səlahiyyətlərinin həyata keçirilməsinin nəticəsi olaraq çıxış etmir. Lakin publik hüquq sahəsində qəbul edilmiş inzibati aktların, o cümlədən həyata keçirilən faktiki xarakterli hərəkətlərin gələcəkdə xüsusi hüquq münasibətlərinin formalaşdıran inzibati akt və ya faktiki xarakterli hərəkət kimi xarakterizə olunması da istisna edilmir. Məsələn, torpaqdan istifadə hüququnun vətəndaşa verilməsi.

İnzibati akt kimi qiymətləndirilən qərar, sərəncam və ya hakimiyyət tədbiri yalnız inzibati orqan tərəfindən qəbul edilə bilər. İnzibati orqan publik hüquq sahəsində idarəetmə funksiyalarının yerinə yetirən qurum kimi xarakterizə edilir.

Müqayisəli hüquq təcrübəsində mülki-prosessual və ya cinayət-prosessual xarakterli məcburi icra tədbirlərinin inzibati akt mahiyyəti daşıması mübahisəli məsələlərdən biridir. Məsələn, polis orqanları tərəfindən həyata keçirilən şəxsiyyətin müəyyənləşdirilməsi (identifikasiya) tədbirləri xarici əlamətlərinə görə inzibati aktın elementlərini ehtiva etsə də, onların hüquqi nəzarət mexanizmi fərqlidir. Almaniya hüquq sistemində cinayət təqibi və ya repressiv məqsədlərlə həyata keçirilən bu növ tədbirlərin qanuniliyinin yoxlanılması inzibati məhkəmələrin deyil, ümumi yurisdiksiyalı (şəhər/rayon) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir.

İnzibati aktı inzibati orqanın digər hərəkətlərindən, xüsusilə faktiki xarakterli hərəkətlərdən fərqləndirən əsas meyar onun tənzimləyici məzmun daşımasıdır. Belə ki, inzibati akt inzibati orqanın iradə ifadəsinin əks olunduğu hüquqi nəticəyə yönəlir. Tənzimləyici məzmun o deməkdir ki, inzibati orqanın hərəkəti sadəcə məlumatlandırma və ya tövsiyə xarakteri daşımır. Əksinə subyektiv hüquq və vəzifələrini bilavasitə müəyyən edir, dəyişdirir və ya ləğv edir. Bu baxımdan inzibati aktı “hakimiyyət sərəncamı” kimi xarakterizə etmək mümkündür. Burada əsas meyar inzibati orqanın iradə ifadəsinin xaricə yönələn subyektiv hüquqi statusa təsir göstərməsidir.

İnzibati aktın fərqləndici xüsusiyyətlərinin müqayisəli təhlili.

İnzibati akt müəyyən hüquqi məsələsəni qəti şəkildə həll edən və nizama salan hakimiyyət tədbiri, qərar və ya sərəncam kimi xarakterizə olunur. Bu element inzibati aktı inzibati orqanın hazırlıq xarakterli tədbirlərindən və daxili xidməti göstərişlərindən ayırır. Mübahisələndirmə haqqında iddianın predmeti olan inzibati aktlar hüquqyaradıcı, müəyyənedici və əmredici xarakterli ola bilər [ 18, s. 84 ]. Beləliklə, inzibati aktlar alman hüquq doktrinasında 3 əsas qrupa ayrılır:

1. Əmredici aktlar (Befehlende Verwaltungsakte). Bu aktlar ünvanlandığı şəxslərə müəyyən hərəkət yerinə yetirməyə və ya ondan çəkinməyə dair göstəriş verir. Məsələn, söküntünün həyata keçirilməsinə dair qərar, maliyyə sanksiyasının tətbiqinı dair qərar.

2. Hüquqyaradıcı aktlar (Gestaltende Verwaltungsakte). Bu aktlar mövcud hüquq münasibətləri dəyişdirir, yaradır və ya ləğv edir. Məsələn, məcburi köçkün vəsiqəsi, müharibə veteranı vəsiqəsi.

3. Müəyyənedici aktlar (Feststellende Verwaltungsakte). Bu aktlar mübahisəli və qeyri-müəyyən hüquqi vəziyyəti konkretləşdirir. Məsələn, mülkiyyət hüququnun mövcudluğunun təsdiqinə dair akt.

Alman inzibati prosessual hüququnda icazə, lisenziya və təyinatlar maraqlı şəxsin hüquq dairəsini genişləndirdiyindən və ona müəyyən status verdiyindən konstitutiv inzibati aktlar hesab olunurlar. Həmçinin alman inzibati prosessual hüququnda müvafiq fəaliyyətlə məşğul olmaq hüququnun mövcudluğu üçün reyetr qeydinin aparılması tələb olunursa, bu halda qeydiyyat inzibati akt hesab olunur. Almaniyanın xüsusi qanunvericiliklə tənzimlənən mənzilin vergi güzəşti obyekti sayılması barədə arayış sadəcə faktı təsdiq etmədiyindən, həm də subyektin vergi öhdəliyi ilə bağlı mövqeyi konkretləşdirdiyindən inzibati akt sayılır. Həmçinin informasiyanın verilməsi və ya verilməsindən imtina edilməsi maraqlı şəxsin qanunla müəyyən edilmiş məlumat almaq hüququ ilə bağlı müəyyənedici qərar hesab olunur.

İnzibati aktdan fərqli olaraq inzibati orqanın idarətmə ilə bağlı sadəcə hərəkətləri birbaşa hüquqi status dəyişikliyi yaratmaq məqsədi daşımır. Bu halda həmin hərəkətlərə qarşı mübahisələndirmə və ya məcburretmə haqqında iddia qaldırıla bilməz. Məsələn, inzibati orqanın rəsmi xəbərdarlıq yayması. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz [ 7, s. 28 ].

İnzibati orqanların birbaşa hüquqi nəticəyə yaratmağa yönəlməyən hərəkətləri isə faktiki xarakterli hərəkətlər hesab olunmaqla inzibati aktlardan fərqləndir. Əgər müvafiq qanunvericilikdə hər hansı qeydin və ya arayış maraqlı şəxs üçün müəyyən hüquqi status yaratması, dəyişdirməsi və ya ləğv etməsi açıq şəkildə təsbit olunmayıbsa, bu halda həmin fəaliyyət inzibati orqanın faktiki xarakterli hərəkəti hesab olunur. Məsələn, hər hansı qeydiyyat sadəcə məlumat daxil etmə xarakteri daşıyırsa, bu halda qeydiyyat mövcud statusun sadəcə rəsmiləşdirilməsi məqsədi dayışır. Bəzi qeydiyyat formaları mahiyyət etibarilə sadəcə məlumatın daxil edilməsi və ya statistik uçot xarakteri daşıyır. Bu növ deklarativ qeydlər mövcud hüquqi statusun texniki-inzibati rəsmiləşdirilməsi məqsədinə yönəlir. Həmin qeydlər maraqlı şəxsə yeni hüquq status vermir, sadəcə şəxsin artıq malik olduğu hüquqi statusun və faktın dövlət reyestrində əks olunmasını təmin edir.

Alman inzibati prosessual qanunvericiliyinin təhlili nəticəsində məlum olur ki, arayışlar yalnız o halda inzibati akt sayılır ki, onlar hüquqi münasibətləri qəti şəkildə konkretləşdirsin. Əks halda sadəcə məlumatlandırma xarakteri daşıyan arayışlar inzibati akt edilmir və məlumatın elan edilməsi inzibati orqanın faktiki xarakterli hərəkəti hesab olunur. Məsələn, bir şəxsin ünvanda yaşamasına dair yaşayış yerindən arayış verilməsi faktiki bir məlumatdır və şəxsin hüquqi vəziyyətini dəyişdirmir. Əgər müvafiq tənzimləyici xüsusiyyəti mövcud deyildirsə, bu zaman reyestr qeydləri, eləcə də arayışlar tənzimləyici məzmunu olmayan sadə inzibati fəaliyyət kimi qiymətləndirilməlidir.

Alman inzibati prosessual qanunvericiliyi inzibati aktın qəbul edilməsindən imtina edilməsi haqqında qərarı, əgər imtina edilmiş inzibati fəaliyyətin özünün inzibati sayıldığı hallarda, məsələn lisenziyanın verilməsindən imtina edilməsi haqqında qərarı, elan edilmiş dövlət qulluğu vəzifəsinə müraciət edən namizədə həmin vəzifənin başqa namizədə verilməsi barədə bildirişi inzibati akt hesab olunur. Son dövrlərdə alman inzibati məhkəmə təcrübəsi və hüquqi doktrina bu yanaşmanı genişləndirərək maraqlı şəxs tərəfindən müraciət edilən rəsmi hərəkətin inzibati akt və ya faktiki xarakterli hərəkət olmasından asılı olmayaraq, hər bir imtina qərarı inzibati akt kimi qiymətləndirilməsi mövqeyini qəbul edir.

Alman inzibati məhkəmə təcrübəsi məlumatın, bildirişin (arayışın) verilməsini də inzibati akt kimi qiymətləndirlməyə meyillidir. Bu hal o halda mümkün hesab olunur ki, məlumatın verilməsi və ya verilməməsi qiymətləndirmə və ya diskression səlahiyyətlərinə aid edilsin və ya xüsusi inzibati prosedura tabe tutulmaqla konkret məsələni tənzimləsin və ya həll etsin. Hesab edirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yeganə **** ulduzlu qərarında da haqlı olaraq bu mövqe qəbul edilmişdir. Həmin Qərara əsasən əlavə gömrük ödənişləri öhdəliyi yaradan məsələni formal baxımdan ayrıca inzibati akt qəbul etməklə deyil, rəsmi bildiriş və ya məktub vasitəsilə bildirmiş olduqda belə, həmin sənədlərin məzmunu nəzərə alınmaqla onlar inzibati akt kimi qəbul edilə bilər. Çünki inzibati orqanın məzmun baxımından kifayət qədər aydın və anlaşılan olan, ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilən məktubu və ya digər rəsmi sənədi öz məzmununa görə inzibati akt kimi qiymətləndirilə bilər [ 3 ].

Alman Federal İnzibati Məhkəmə təcrübəsinə əsasən idarəetmə orqanlarının göstərişləri, tövsiyələri və ya xəbərdarlıqları bir qayda olaraq inzibati akt hesab olunmur. Bu tədbirlər vətəndaş üçün məcburi davranış qaydası yaratmır.

Alman inzibati məhkəmə təcrübəsində müəyyən edilmiş mövqeyə əsasən inzibati orqanın yalnız hüquqi statusu və ya əvvəllər edilmiş bir qərara dair verdiyi sadə bildirişlər inzibati akt hesab olunmur. Belə bildirişlər subyekt üçün yeni bir hüquq yaratmır və ya mövcud öhdəliyi dəyişdirmir, sadəcə status-kvonu rəsmi bəyan edir. Bu səbəbdən inzibati akt elementləri ehtiva etmir və müstəqil qaydada mübahisələndirilə bilməz [ 14 ].

İnzibati orqanın iradə ifadəsinin inzibati akt kimi tövsif edilməsi üçün aktın özündən inzibati orqanın müəyyən hüquqi nəticə yaratmaq niyyət açıq şəkildə anlaşılmalıdır. Əgər orqan tərəfindən edilən müraciət sadəcə tövsiyə və ya məsləhət xarakteri daşıyırsa, bu inzibati akt sayılmır.

Doktrinada haqlı olaraq qeyd edilir ki, hüquqi müdafiə vasitəsinin göstərilməsindən inzibati orqanın hərəkətinin inzibati akt kimi qiymətləndirilməsi yalnız köməkçi xaraker daşıyır. Yəni inzibati orqanın tədbiri mahiyyət etibarilə maraqlı şəxs subyektiv hüquqlarına münasibətdə hüquqi nəticə yaratmırsa, bu halda sənədin sonun şikayət qaydasının və ya müddətinin əlavə edilməsi onu inzibati akta çevirmir.

İnzibati hüquq doktrinasında icra üçün hüquqi əsas rolunu oynayan məcburi "ödəniş qərarı" (Leistungsbescheid) inzibati aktdır. Bu akt fərdin üzərinə konkret maddi öhdəlik qoyur və onun hüquqi statusunu dəyişir. Bunun əksinə olaraq, artıq müəyyən edilmiş öhdəliyin yerinə yetirilməsi üçün göndərilən sadə xatırlatma və ya ödəniş tələbi müstəqil hüquqi nəticə müəyyən etmir. Belə tələblər yeni bir tənzimləmə yaratmadığı, sadəcə mövcud borcu xatırlatdığı üçün inzibati akt hesab edilmir. Onlar icraat prosesinin tərkib hissəsi olan faktiki hərəkətlər (Realakte) kateqoriyasına aid edilir. Həmçinin səyyar vergi yoxlanılmasının həyata keçirilməsinə dair qərarlar da özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadığı üçün inzibati akt hesab edilmirlər [ 2 ]. Səyyar vergi yoxlanılmasının keçirilməsi haqqında qərar, ümumiyyətlə, inzibati akt keyfiyyətinə malik deyildir. Belə ki, həmin qərarın hüquqi nəticə yaratma elementi yoxdur [ 16, s. 36 ].

İddiaçıya ünvanlanmış məktub (vergi borcunun ödənilməsinə möhlət verilməsi barədə) inzibati aktın daşıdığı əlamətlərə malik olmaqla, iddiaçıya münasibətdə müəyyən hüquqi nəticələr yaratmışdır ki, bunun zənnində iddiaçı vergi borcunun ödənilməsi ilə bağlı əlavə vaxt qazanmışdır. Belə olan halda, vergi borcunun ödənilməsinin uzadılması barədə məktub hüquqi nəticələr yaratdığından, inzibati akt hesab olunur [ 4 ].

Vətəndaşlara yaxın kütləvi xidmət sahələrində (məsələn, sosial sığorta kartlarının verilməsi, sadə arayışların çapı) standart formalar əsasında həyata keçirilən sürətli əməliyyatlar, doktrinada adlandırıldığı kimi "pəncərə aktları" (Schalterakte), adətən inzibati akt sayılmır. Lakin bu, kütləvi idarəetmənin hər bir halının inzibati akt olmasını tam istisna etmir. Əgər konkret bir halda subyektin müraciəti ilə bağlı xüsusi hüquqi araşdırma tələb olunursa və ya orqan vətəndaşın tələbini rədd edirsə, həmin "pəncərə hərəkəti" məcburi qərarın predmetinə çevrilərək inzibati akt hesab olunur.

Nəticə.

İnzibati aktın hüquqi təbiətinin təhlili göstərir ki, o, inzibati orqanın publik hüquq sahəsində həyata keçirdiyi fəaliyyətin ən mühüm və həlledici alətidir. Maddi mənada inzibati akt sadəcə bir sənəd deyil, inzibati orqan və fiziki və ya hüquqi şəxs arasındakı münasibətlərdə subordinasiya elementinə əsaslanan, tənzimləyici xüsusiyyətə malik və ünvanlandığı şəxsin hüquqi statusuna birbaşa təsir göstərən hakimiyyət tədbiridir. İnzibati aktın digər inzibati fəaliyyət formalarından, xüsusilə faktiki hərəkətlərdən fərqləndirilməsi üçün onun subyektiv hüquq və vəzifələri yaratmaq, dəyişdirmək və ya ləğv etmək niyyətinin (tənzimləyici məzmunun) mövcudluğu həlledici meyar rolunda çıxış edir.

Müasir hüquq doktrinası və inkişaf etmiş məhkəmə təcrübəsi, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin yanaşması sənədin formal adından daha çox onun məzmununa üstünlük verir. Belə ki, inzibati orqan tərəfindən göndərilən məktub, bildiriş və ya digər rəsmi sənəd, əgər öz mahiyyəti etibarilə şəxs üçün konkret hüquqi nəticə doğurursa, o, inzibati akt kimi tövsif olunmalıdır.

Sübhan Əliyev - BDU-nun Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru

Lalə Məmmədli - BDU-nun Konstitusiya hüququ kafedrasının doktorantı, Gömrük Akademiyasının müəllimi

İstifadə edilmiş ədəbiyyat siyahısı.

Azərbaycan dilində

  1. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı: [Elektron resurs] / Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi.– Azərbaycan Respublikası.– URL: https://e-qanun.az/framework/26228 (son müraciət tarixi: 05.02.2026)
  2. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-15/2024 saylı, 22.02.2024-cü il tarixli Qərarı: [Elektron resurs] / Azərbaycan Respublikası Ali Məhkəməsi.– Azərbaycan Respublikası.– URL: https://sc.supremecourt.gov.az/storage/Inzibat/2024/9_15+22.02.2024.pdf (son müraciət tarixi: 05.02.2026)
  3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-710/2025 saylı, 13.03.2025-cü il tarixli Qərarı: [Elektron resurs] / Azərbaycan Respublikası Ali Məhkəməsi.– Azərbaycan Respublikası.– URL: https://sc.supremecourt.gov.az/storage/Inzibat/2025/9_710+13.03.2025.pdf (son müraciət tarixi: 05.02.2026)
  4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2204/2023 saylı, 05.10.2023-cü il tarixli Qərarı: [Elektron resurs] / Azərbaycan Respublikası Ali Məhkəməsi.– Azərbaycan Respublikası.– URL: https://sc.supremecourt.gov.az/storage/Inzibat/2023/9_2204+05.10.2023.pdf (son müraciət tarixi: 05.02.2026)
  5. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunu: [Elektron resurs] / Azərbaycan Respublikası Milli Məclisi.– Azərbaycan Respublikası.– URL: https://e-qanun.az/framework/11254 (son müraciət tarixi: 05.02.2026)
  6. Orxan İsmayılov. İnzibati məhkəmə icraatında iddiaların növləri.-Bakı: Füyuzat,-2023.-132 s.
  7. Sübhan Əliyev. İnzibati Prosessual Məcəllənin Kommentariyası. - Bakı: Elm və Təhsil, - 2024. – 777 s.

Türk dilində

  1. Anayasa Mahkemesi. (1976). T. 25.05.1976, E. 1976/1, K. 976/38. Anayasa Kararlar Dergisi,(14), 170‑196. ss. 184 185. URL: https://normkararlarbilgibankasi.anayasa.gov.tr/Dosyalar/Kararlar/KararPDF/1976-28-nrm.pdf
  2. Ayaydın, Cem. İdare Hukukuna Giriş Cilt II.- İstanbul: Yenilik Basımevi,- 2008.- 549 s.
  3. Giritli, İsmet., Bilgen, Pertev., Akgüner, Tayfun., Berk, Kahraman. İdare Hukuku.- 4. Bası.- İstanbul: Der Yayınları,- 2011.- 1398 s.
  4. Özekes, Muhammet. Temel Hukuk Bilgisi.- 9. Bası.- İstanbul: On İki Levha,- 2018.- 389 s
  5. Karahanoğulları, Onur. İdare Hukuku.- 2. Baskı.- Ankara: Turhan Kitabevi,- 2023.- 779 s.

Alman dilində

  1. Verwaltungsverfahrensgesetz (VwVfG): [Elektronische Ressource] / Gezetze im Internet- Bundesministerium der Justiz und Bundesamt für Justiz.-Bundesrepublik Deutschland.-URL: https://www.gesetze-im-internet.de/vwvfg/ (letzter Zugriff 07.02.2026)
  2. Entscheidungen des Bundesverfassungsgerichts. Band 27 (Mikrozensus-Beschluss). Tübingen: Mohr Siebeck, 1970. – s. 304–335.
  3. Entscheidungen des Bundesverwaltungsgerichts. Band 57. Köln: Carl Heymanns Verlag, 1981. – s. 345–351.
  4. Erbguth, Wilfried / Guckelberger, Annette. Allgemeines Verwaltungsrecht mit Verwaltungsprozessrecht und Staatshaftungsrecht. 9. Auflage. Baden‑Baden: Nomos, 2018. – 665 s.
  5. Ernst Forsthoff. Lehrbuch des Verwaltungsrechts.- München, Berlin: Beck,-1961.-596 s.
  6. Wolff, Heinrich Amadeus / Decker, Andreas. Studienkommentar VwGO VwVfG. – 3. Auflage. – München: C.H. Beck, 2012. – 956 s.

Oxşar xəbərlər