- 25 Fevral 16:47
Boşanmalar artdıqca onları izah etməyə yönəlmiş yanaşmalar da çoxalır. Bəzən illərlə davam edən münasibət böhranı bir cümlə ilə şərh olunur, guya uşaqdan sonra ailə maddi maraq səbəbindən dağılır. Bu izah rahat görünə bilər, lakin ailə münasibətlərinin sosial və hüquqi mahiyyəti bu qədər sadə deyil.
Boşanma əksər hallarda ani impulsun nəticəsi deyil. Uzun müddət həll olunmayan konfliktlər, məsuliyyət bölgüsündə balansın pozulması, davamlı gərginlik və ailədaxili problemlər münasibətləri tədricən zəiflədir. Hüquqi qərar isə artıq faktiki olaraq mövcud olan vəziyyətin rəsmiləşdirilməsidir.
Aliment məsələsinə hüquqi baxımdan yanaşmaq vacibdir. Aliment qadının maddi qazancı deyil, uşağın təminat hüququdur. Valideynin övlad qarşısında maddi öhdəliyi nikahın davam etməsindən asılı deyil. Bu öhdəlik boşanma ilə yaranmır və boşanma ilə aradan qalxmır. Buna görə də boşanmanı alimentlə əlaqələndirmək hüquqi baxımdan əsaslı yanaşma hesab edilə bilməz.
Boşanma qərarının arxasında çox vaxt sosial və psixoloji faktorlar dayanır. Münasibətlərin zəifləməsi, davamlı anlaşmazlıq, hörmətin azalması və ya ailədaxili zorakılıq halları ailəni tədricən sıradan çıxarır.
Azərbaycan reallığında qadın çox zaman münasibəti qorumağa çalışan tərəf olur. Qərar verərkən o, təkcə özünü deyil, uşağın gələcəyini, ailənin sosial mühitdəki mövqeyini və yaranacaq nəticələri nəzərə alır. Boşanma əksər hallarda ilkin seçim deyil, çıxış yolu qalmadıqda atılan addımdır. Bu reallığı nəzərə almadan boşanmanı iqtisadi motivlərlə izah etmək məsələyə birtərəfli yanaşmadır.
Məhkəmələr alimenti tərəflərin niyyətinə görə deyil, uşağın ehtiyacları və valideynlərin real maddi imkanları əsasında müəyyən edir. Bu yanaşmanın əsasında uşağın üstün marağı prinsipi dayanır.
BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 27-ci maddəsi açıq şəkildə göstərir ki, uşağın saxlanılması valideynin öhdəliyidir. Bu öhdəlik nikahdan asılı deyil və nikahın pozulması ilə aradan qalxmır. Uşaq doğulduğu andan valideynin onu təmin etmək məsuliyyəti yaranır və bu məsuliyyət münasibətin taleyi ilə dəyişmir.
Boşanma baş verdikdə aliment həmin məsuliyyətin icra forması kimi tətbiq olunur. Burada əlavə imkan deyil, mövcud öhdəliyin yerinə yetirilməsi məsələsi var. Yəni alimenti boşanmanın səbəbi kimi göstərmək hüquqi məntiqə uyğun gəlmir.
Ailə dağılanda səbəbi bir iqtisadi arqumentə bağlamaq asandır. Çətin olan isə münasibətlərin niyə zəiflədiyini obyektiv şəkildə dəyərləndirməkdir. Boşanma ailəni dağıtmır, artıq dağılmış münasibəti hüquqi çərçivəyə salır. Aliment isə bu prosesdə uşağın hüquqlarının qorunmasına xidmət edən mexanizmdir.
Ailə münasibətlərini bir iqtisadi arqumentə endirmək nə hüquqi baxımdan əsaslıdır, nə də sosial baxımdan ədalətlidir.
Aytac Qurbanova
Hüquqşünas