Məhkumların məcburi əməyə cəlb olunması mümkündürmü?


  • 08:25

Əmək insanın həyat üçün və insanın və cəmiyyətin ehtiyaclarını ödəmək üçün zəruri olan maddi, mənəvi və digər dəyərlərin yaradılmasına yönəlmiş fəaliyyətidir.

Konstitusiyanın 35-ci maddəsinə əsasən, hər kəs öz əmək qabiliyyətinə uyğun olaraq sərbəst şəkildə fəaliyyət növünü, peşəsini, məşğuliyyətini və iş yerini seçmək hüququna malikdir .Əmək müqavilələri sərbəst bağlanılır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bununla belə, Konstitusiyada məcburi əməyin qadağan olunması müəyyən istisnalarla mövcuddur. Belə ki, Konstitusiyanın 35-ci maddəsinə əsasən, məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hәrbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verildiyi qeyd edilmişdir.

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM) 95-ci maddəsi məhkumların əmək fəaliyyətini tənzimləyir və bu sahədə fərqli hüquqi yanaşma ortaya qoyur. Həmin maddəyə əsasən, hər bir məhkum cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul olmalıdır. Məhkumlara əmək mübahisələrinin həlli üçün əmək fəaliyyətini dayandırmaq və tətil etmək qadağan edilir. Üzrsüz səbəbdən əməkdən imtina edilməsi və ya əmək fəaliyyətinin dayandırılması cəzanın icrası qaydalarının pozulması sayılır və məhkuma tənbeh tədbirlərinin tətbiq edilməsinə və ya onların maddi məsuliyyətə cəlb olunmasına səbəb olur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir.

İlk baxışdan CİM-in qeyd edilən maddəsinin Konstitusiya ilə uzlaşdığı təsiri yaransa da, əslində burada ciddi normativ koliziya mövcuddur. Belə ki, Konstitusiyanın müvafiq müddəasının məzmunundan aydın olur ki, məhkəmə qərarı əsasında şəxsin əməyə cəlb edilməsi dedikdə məhz “ictimai işlər” növündə cəzaya məhkum edilmiş şəxslərin məcburi əməyə cəlb olunması nəzərdə tutulur. Lakin CİM-də tənzimlənən münasibətlər fərqli xarakter daşıyır. Burada “azadlıqdan məhrum etmə” cəzasına məhkum edilmiş şəxslərin məcburi əməyə cəlb olunmasından bəhs edilir. Halbuki həmin şəxslər barəsində çıxarılmış məhkəmə hökmündə onların yalnız azadlıqdan məhrum edilməsi nəzərdə tutulur, məcburi əməyə cəlb olunma isə hökmün nəticə hissəsində birbaşa göstərilmir.

Bu isə o deməkdir ki, şəxsin barəsində faktiki olaraq məhkəmə qərarı ilə nəzərdə tutulmayan əlavə bir məcburiyyət növü tətbiq olunur ki, bu da Konstitusiyanın tələbləri ilə ziddiyyət təşkil edir.

Maraqlıdır, beynəlxalq sənədlərdə bu məsələ öz əksini tapmışdırmı, digər ölkələrin hüquq təcrübəsi necədir?

BƏT-in “Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə görə, “məcburi və ya icbari əmək” dedikdə, hər hansı bir şəxsdən hər hansı bir cəza təhlükəsi altında tələb olunan, bunun üçün həmin şəxsin könüllü olaraq öz xidmətlərini təklif etmədiyi hər cür iş və ya xidmət başa düşülür.

Dünya ölkələrinin qanunvericiliyə nəzər yetirsək, Qazaxıstan Respublikasının Əmək Məcəlləsinin (Labor Code of the Republic of Kazakhstan) 7-ci maddəsinə əsasən məcburi əmək qadağandır. Məcburi əmək yalnız aşağıdakı hallarda yol verilə bilər: Fövqəladə vəziyyət və ya hərbi vəziyyət şəraitində, qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında, cinayət və ya inzibati xətanın törədilməsində bilinmə nəticəsində, bir şərtlə ki, iş dövlət orqanlarının nəzarəti və idarəsi altında həyata keçirilsin və həmin şəxs heç bir halda fiziki və ya hüquqi şəxslərin sərəncamına verilməsin. Qanuni qüvvəyə minmiş məhkəmə aktı halı dedikdə, konkret olaraq Qazaxıstan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Penal Execution Code of the Republic of Kazakhstan) bilavasitə bu halın ictimai işlər olması nəzərdə tutulur. Lakin qanunda müəyyən edilmiş hallardan başqa, eləcədə məhkumların məcburi əməyə cəlb edilməsi yolverilməzdir.

İsveçrənin qanunvericiliyində isə fərqli hüquqi yanaşma müşahidə edilir. Belə ki, İsveçrənin konstitusiyasında (The Federal Constitution of the Swiss Confederatio) insan ləyaqəti, şəxsi azadlıq və iqtisadi azadlıq prinsipləri (məs. 10, 12, 27-ci maddələr) əsasında məcburi əmək azad insanlara qarşı qadağan olunur. İsveçrənin cinayət məcəlləsinin (swiss criminal code) 81-ci maddəsinə əsasən, məhkumlar işləməyə borcludurlar. Mümkün olan hallarda iş onların bacarıqlarına, təhsilinə, peşə hazırlığına və maraqlarına uyğun olmalıdır. Əgər razılıq versələr, məhkumlar özəl işəgötürən üçün işləyə bilərlər. Yəni qeyd olunanlardan da aydın olduğu kimi məhkum azad insan kimi deyil, cəza hüququ rejimi daxilində olan şəxs sayılır. Həbs cəzasının özü hüquqların müəyyən məhdudlaşdırılmasını nəzərdə tutur və qeyd edilən bu normaya uyğun olarq məhkunların məcburi əməyə cəlb edilməsi İsveçrənin Konstitusiyaya görə istisna rejimidir, yəni hüquq pozuntusu hesab edilmir.

Beləliklə, qeyd olunanlardan aydın olur ki, sadalanan dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının qanunverciliyi və beynəlxalq hüquqi sənədlər məhkumların əmək hüquqlarının “azad” şəxslərlə müqayisədə müəyyən dərəcədə məhdudlaşdırılmasına və onların məcburi əməyə cəlb olunmasına imkan verir. Lakin bu hal CİM-in müvafiq müddəalarının Konstitusiya ilə ziddiyyət təşkil etməsi faktını aradan qaldırmır. Bu baxımdan məqsədəuyğun hesab edilir ki, gələcəkdə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, müvafiq qanunvericilik aktlarında dəyişikliklərin edilməsi istiqamətində tədbirlər görülsün.

Fərəh Nəcəfi

Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə III kurs tələbəsi

Oxşar xəbərlər