"Yol-nəqliyyat hadisələrində piyadanın hərəkətinin qiymətləndirilməsi ilə bağlı vahid məhkəmə təcrübəsi formalaşmayıb"


  • 23 May 2022 16:05

Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri Teyyub Muxtarov Konstitusiya Məhkəməsinə müraciət edib.

E-huquq.az-ın məlumatına görə, hakim məhkəmədən "Yol hərəkəti haqqında" Qanunun 40-cı maddəsinin müddəlarının İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsi və Cinayət Məcəlləsinin 267-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş edib.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

"3.07.2020-cu il tarixdə "nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında" etibarnamə və ACxxxxxx nömrəli, "BC" kateqoriyali sürücülük vəsiqəsi əsasında idarə etdiyi, atası XXXXX XXXX XXXX oğlunun mülkiyyətində olan "Mercedes Benz E 220 CDI minik" markalı, 99-XX-XX dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax avtomobil yolunun Ağstafa şəhəri ərazisindən keçən hissəsində, həmin yolun 49-cu kilometrində 65 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma hədddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, habelə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin, yəni 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" nişanının tələblərinə əsasən icazə verilən maksimum 60 km/saat sürətlə hərəkət etməli olduğu halda, bunlara riayət etməyib avtomobilin hərəkətini davam etdirərkən hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq yolun sol hərəkət hissəsinin kənarında yerləşən marketdən çıxaraq yolun qarşı tərəfinə keçmək istəyən piyada XXXX XXXX XXXX oğlunu avtomobilin sol yan hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncunun "qarnın küt travması, qaraciyərin cırılmış yarası, daxili qanaxma, sağ said sümüklərinin qapalı sınığı, sol gözün hematoması, sağ gicgah və sağ dirsək nahiyəsinin əzilmiş, bədənin sıyrılmış yaralan" ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alması ilə bağlı "qarnın qapalı travması, daxili qanaxma, sağ said sümüklərinin qapalı sınığı, travmatik və hemoragik şok" nəticəsində Qazax Müalicə-Diaqnostika Mərkəzində ehtiyatsızlıqdan ölümünə və atası XXXX XXXX XXXX oğluna məxsus avtomobilin zədələnməsi nəticəsində sonuncuya 278 manat maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir.

Ağstafa Rayon Mahkəməsinin «04» may 2021-ci il tarixli, X(XX)-XX/2021 nömrəli hökmü ilə XXXX XXXX XXXX CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.

Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir. Dövlət ittihamçısı apellyasiya protestində birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək, məhkuma daha ağır cəza təyin edilməsini, məhkumun müdafiəçisi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək, məhkuma bəraet verilməsini xahiş etmişdir.

Cinayət işinə apellyasiya şikayəti və protesti əsasında baxılarkən müəyyən edilmişdir ki, həmin iş üzrə bir sıra əhəmiyyət kəsb edən xüsusatların araşdırılması və həm də əvvəlki ekspertiza rəyindəki şübhələri aradan qaldırmaq üçün təkrar məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə zərurət vardır. Bu səbəbdən cinayət işi üzrə "Təkrar məhkəmə - yol nəqliyyat hadisələri ekspertizası" təyin edilmiş və aydınlaşdırılması üçün ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Sürücü XXXX XXXX XXXX oğlu idara etdiyi Mercedes Benz E 220 CDİ markalı avtomobili Bakı - Qazax yolunun Ağstafa şəhərinin ərazisindən keçən 49-cu km-də Bakı şəhəri istiqamətində hərəkət etdirərkən yolu soldan-sağa keçən piyadanı avtomobilin hansı hissəsi ilə vurmuşdur? (ön və ya yan hissəsi ilə?)

2. Mərhum piyada XXXX XXXX XXXX oğlunun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu? Əgər olmuşdursa, hansı maddənin tələbi pozulmuşdur.

3.Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallara əsasən sürücü XXXX XXXX XXXX oğlunun hadisənin qarşısını almağa texniki va fiziki imkani olmuşdurmu?

4. Göstərilən şəraitdə (qarşıdan qabaq işıqları parlaq şəkildə yanaraq keçən avtomaşın keçəndən dərhal sonra zərərçəkmiş şəxsin maşının arxasından iti yürüşlə qaçaraq təqsirləndirilən şəxsin idarə etdiyi maşının hərəkət zolağına çıxması halında) sürücü XXXX XXXX XXXX oğlunun piyadanın onun hərəkət hissəsinə daxil olub onun hərəkəti üçün təhlükə yaratdığını hansı məsafədən görməsi mümkündür?

5. Həmin avtomobilin piyada ilə təmasda olan hissəsi (iş materiallarında olan məlumatlar əsasında dəqiq müəyyən edilməklə) hadisənin baş vermə mexanizminə uyğundurmu ?

6. Mərhum piyada XXXX XXXX XXXX oğlunun hadisə baş verən zaman hərəkət sürəti ekspertizada istifadə olunan metodik vəsaitə uyğun olaraq Ümumqəbul edilmiş hərəkət cədvəli ilə təyin edilsin.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28.01.2022-ci il tarixli X/XX nömrəli rəyi ilə aşağıdakılar müəyyən olunur:

1,5. Fotoşəkillərdən belə məlum olur ki, Mercedes-Benz E220 CDI markail avtomobilin qabaq sol tin hissəsi və qabaq sol yan qanad hissəsi deformasiya olunmuşdur. Bu isə onu izah edir ki, piyada ilk öncə avtomobilin qabaq sol tin hissəsi ilə vurularaq qabaq sol yan qanad hissəsinə dəymişdir. 2. Piyada yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və onun hərəkətlərinin tədqiqi xüsusi texniki billk tələb etmədiyindən, yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyildir.

3,4. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə məhkəmə tərəfindən təqdim olunan məlumatlar, yəni sürücü XXXX XXXX XXXX oğlunun hərəkəti üçün təhlükə piyadanın yolun ortasından Mercedes Benz E220 CDI markalı avtomobilin hərəkət zolağına daxil olduğu andan yaranması, həmin andan piyadanın qaçaraq 2 metr məsafə qət etməsi və sürücünün hərəkəti üçün təhlükə yaranan andan piyadanın vurulmasına qədər 1 saniyə vaxtın keçməsi məlumatları real hadisə mexanizminə uyğun deyildir.

İstintaq tərəfindən müəyyən edildiyi kimi, sürücü XXXX XXXX XXXX oğlunun hərəkəti üçün təhlükə yaranan andan piyadanın vurulmasına kimi 3 saniyə vaxtın keçməsi şəraitində Mercedes Benz E220 CDI markalı 99-XX-XXX dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü XXXX XXXX XXXX oğlunun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

Sürücü XXXX Mercedes Benz E220 CDI markalı avtomobili hərəkət sürəti 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanı ilə 60 km/saat sürətə qədər məhdudlaşdırılmış yolda 65 km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur.

Sürücü XXXX XXXX XXXX oğlu qarşıdan əks istiqamətdə hərəkətdə olan avtomobillərin işıqlarından gözlərinin qamaşması şəraitində Mercedes Benz E220 CDI markalı 99-XX-XXX dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü XXXX XXXX XXXX oğlunun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bandinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

İşin faktiki halları qeyd edilənlərdən ibarətdir. Hazırki müraciətin edilməsinin aşağıdakı səbəbləri vardır:

1. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328-ci maddəsi baxımından şərh edilməsi zərurəti;

2. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 40-ci maddəsinin müddəlarının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267-ci maddəsi ilə əlaqəli şəkildə dəyələndirilməsi və yol hərəkətinin iştirakçısı kimi piyadanının hərəkətlərinin qiymətləndirilməsi, eləcə də CPM-in 97-ci maddəsinin ekspertin səlahiyyət həddi baxımından şərh edilməsi zərurətinin mövcudluğudur.

Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası birinci səbəblə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

"Yol hərəkəti haqqında" Qanunun 64-cü maddəsinin (Qadağan nişanları) 1-ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyət qoyur, yaxud ləğv edir. Hazırki iş üzrə tətbiq edilən 3.24 nömrə ilə göstərilən yol nişanı isə "Maksimum sürətin məhdudlaşdırılması" adlanır. İXM-in 328-ci maddəsində yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşmaqdan bəhs edilir.

Həmin maddədən (IXM-in 328.1-ci maddəsi) də görünür ki, yolda müəyyən edilmiş hərəkət sürətinin 1-9 km/saat həddində aşılması inzibati məsuliyyətə səbəb olmur və ümumiyyətlə, maddənin adı ilə məzmununu müqayisəli şəkildə tədqiq etdikdə müəyyən edilir ki, yolda müəyyən edilmiş hərəkət sürətinin 1-9 km/saat həddində aşılması hərəkət sürətinin həddini aşma hesab edilmir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olan cinayət işinin materiallarından da görünür ki, məhkum maksimum hərəkət sürəti 60 km/saat olan yolda avtomobili 65 km/saat sürətlə idarə etmişdir. Göründüyü kimi, yolda müəyyən edilmiş hərəkət sürətinin aşılması ilə bağlı "Yol hərəkəti haqqında" Qanunla IXM arasında müxtəlif və fərqli yanaşma mövcuddur və yaxud "Yol hərəkəti haqqında" Qanunun 64-cü maddesinin 1-ci hissəsinin və 3.24 nömrəli yol nişanının mahiyyəti düzgün başa düşülmür və düzgün tətbiq edilmir və bu fərqli mövqe mövcud məhkəmə təcrübəsində eyni məsələyə münasibətdə müxtəlif məzmunlu qərarların qəbul edilməsi ilə nəticələnir.

Gündəlik həyatda hər birimiz yol hərətinin iştirakçısıyıq və qeyd edilən məsələ ilə hər gün ən azı bir dəfə rastlaşırıq. Belə ki, ümumi qəbul olunmuş yanaşma və İXM-in tələbi də ondan ibarətdir ki, əgər sürücü avromobili yolda müəyyən edilmiş maksimum hərəkət sürətindən 1-9 km/saat artıq sürətlə idarə edirsə, bu zaman sürücü heç bir qanun pozuntusu etmir və heç bir məsuliyyətə cəlb edilmir. Lakin yol-nəqliyyat hadisəsi baş verirsə, maksimum sürət həddinin 1-9 km/saat həddində aşılması sürücünün cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnir.

Zənnimizcə, "Yol hərəkəti haqqinda" Azərbaycan Respublikası Qanununun 64 cü maddəsinin 1-ci hissəsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328-ci maddəsinin adı və 328.1-ci maddəsinin dispozisiyası arasında kolliziya mövcuddur ve bu kolliziya yalnız Qanunun məram və məqsədinin hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından şərh olunması yolu ilə aradan qaldırıla bilər.

Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasi ikinci səbəblə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

"Yol hərəkəti haqqında" Qanunun 1-ci maddesinin 33-cü bəndinə əsasən yol hərəkəti iştirakçısı hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir.

Həmin Qanunun 40-ci maddəsində piyadanın vəzifələrindən bəhs edilir. Həmin maddəyə əsasən, piyada:

1) səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir (iri əşyalar daşıyan və ya aparan piyadaların, habelə əlilliyi olan şəxs üçün mühərriksiz arabalarda gedən şəxslərin səki və ya yol çiyini ilə hərəkəti başqa piyadalar üçün maneə yaratdıqda, onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər)

2) dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir;

3) yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissesi ilə hərəkət etdikdə nəqliyyat vasitələrinin hərəkəti istiqamətənə qarşı getməlidir (əlilliyi olan şəxs üçün mühərriksiz arabalarda hərəkət edən, motosiklet, moped, velosiped sürən şəxslər belə hallarda nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər);

4) ümumi istifadədə olan nəqliyyat vasitəsini və taksini, yalnız yolun hərəkət hissəsindəki nisbətən azca hündürə qaldırılmış minik meydançalarında, onlar olmadıqda isə, səkidə və ya yolçiyinlərində gözləməlidir (azca meydançalarının olmadıqda isə, nəqliyyat svetoforunun işarəsini əsas tutmalıdır; hündürə qaldırılmış minik olmadığı dayanacaq məntəqǝlərində nəqliyyat vasitəsinə minmək üçün yolun hərəkət hissəsinə yalnız nəqliyyat vasitəsi dayandıqdan sonra çıxmağa icazə verilir. Nəqliyyat vasitəsindən düşdükdən sonra ləngimədən yolun hərəkət hissəsini tark etmək lazımdır);

5) yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır;

6) qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşdıqda, yolun hərəkət hissəsini keçməməlidir (hərəkət hissəsində olanlar isə bu nəqliyyat vasitələrinə yol verməli və hərəkət hissəsini dərhal boşaltmalıdırlar);

7) dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməlidir;

8) görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən yolu düzbucaq altında keçməlidir; hissələrində yalnız sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidir.

II. Piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər.

III. Keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və svetoforun (nizamlayıcının) siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər.

IV. Mütəşəkkil piyada dəstələrinə yalnız nəqliyyat vasitələrinin hərəkəti istiqamətində, yolun hərəkət hissəsinin sağ tərəfi ilə, bir sırada dörd nəfərdən çox olmayan dəstə ilə getməyə icazə verilir. Dəstənin qabağında və arxasında - sol tərəfdə müşayiətçilər olmalıdırlar, onlar əllərində qırmızı bayraqcıqlar, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində isə, yandırılmış fənərlər: qabaqda - ağ, arxada - qırmızı işıq fənəri tutmalıdırlar.

V. Uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayiəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparmağa icazə verilir.

Hazırki cinayət işinin hallarından görünür ki, mərhum piyada, piyada keçidi olmayan yolda, nəqliyyat vasitələrinin hərəkətinin sıx olduğu bir vaxtda qaça-qaça yola daxil olur, Öz həyatı üçün təhlükəli şərait yaradır, qəflətən qaça-qaça mərhum XXXXXXX idarə etdiyi avtomaşını görmədən, həmin avtomaşının qarşısına çıxır.

ÍXM-in 338-ci maddəsində piyadalar və yol hərəkətinin başqa iştirakçıları

tərəfindən yol hərəkəti qaydalarının pozulmasından bəhs edilir. Həmin maddəyə əsasən:

338.1.Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

338.1.1. piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;

338.1.2. yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına;

338.1.3. qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş

nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə iyirmi manat məbləğində cərimə edilir. 338.2. Bu Məcəllənin 338.2-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə iyirmi manat məbləğində cərimə edilir.

CM-in 267-ci maddəsində nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydalarıın pozulmasından bəhs edilir.

Həmin maddəyə əsasən:

267.1. Sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda -

iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 267.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda -

üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadǝk müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır 267.2. Bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

267.3. Bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mövcud məhkəmə təcrübəsində yol hərəkətinin iştirakçısı kimi piyadanın hərəkəti, piyada tərəfindən "Yol hərəkəti haqqinda" Qanunun tələblərinin pozulub pozulmaması araşdırılmır, cinayət işi üzrə qəbul edilmiş qərarlarda ("Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında" qərar, "Sübutların qiymətləndirilməsi haqqında" qərar, "Ittiham aktı", hökm və s.) piyadanın hərəkətlərinə hüquqi qiymət verilmir, nəticədə işlər yarımçıq, birtərəfli araşdırılır, cinayət prosesi terəflərinin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipi pozulur. CPM-in 11-ci maddəsi "Hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi" adlanır.

Həmin maddəyə əsasən, Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. 11.2. Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən şəxslərdən hər hansı birinə vətəndaşlıq, sosial, cinsi, irqi, milli, siyasi və dini mənsubiyyətindən, dilindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, yaşayış yerindən və olduğu yerdən asılı olmayaraq və qanunla əsaslandırılmamış digər mülahizələrə görə üstünlük vermir.

Hazırki cinayət işi üzrə "Təkrar məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası" təyin edilərkən məhkəmə qərarı ilə ekspert qarşısında belə bir sual qoyulmuşdur: Mərhum piyada XXXX XXXX XXXX oğlunun hərəkətlərində "Yol hərəkəti haqqında" Qanunun tələblərinə uyğunsuzluq olmuşdurmu? Əgər olmuşdursa, hansı maddənin tələbi pozulmuşdur?

Həmin qərar əsasında keçirilmiş ekspert rəyində isə bu suala belə bir cavab verilmişdir: Piyada yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və onun hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmədiyindən, yol nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyildir. Belə olan halda piyadanın hərəkətinin qiymətləndirilməsi ilə bağlı anlaşılmazlıq və qeyri-müəyyənlik yaranır. Belə ki, piyada tərəfindən yol-hərəkəti qaydalarının pozulub-pozulmaması hansı qaydada müəyyən edilməlidir, bu qiymətləndirmə ekspert ve ya prokuror (müstəntiq), yaxud da hakim tərəfindən həyata keçirilməlidir, piyada tərəfindən yol hərəkəti qaydalarının pozulması istintaq orqanı, yaxud məhkəmə tərəfindən müəyyən edilməlidir? Bununla bağlı mövcud qanunvericilikdə konkret mövqe yoxdur və bu məsələ ilə bağlı vahid məhkəmə təcrübəsi də formalaşmamışdır.

Ekspert, prokuror (müstəntiq) və məhkəmə yalnız sürücünün hərəkətlərini qiymətləndirir ki, bu da cox vaxt ədalətsiz, birtərəfli məhkəmə qərarlarının çıxarılması və təqsirsiz sürücünün cinayət məsuliyyətinə cəlb edilərək cəzalanması ilə nəticələnir.

Bundan əlavə, CPM-in 97.1 və 97.2-ci maddələrinin məzmunundan görünür ki, ekspert elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi biliklərdən istifadə etməklə rəy verməli və bu sahələrdə xüsusi biliklərə malik olmalıdır. Həmin Məcəllənin 97.3-ci maddəsinə əsasən şəxs cinayət prosesinin hüquqi məsələləri üzrə ekspert qismində təyin oluna və ya digər formada cəlb edilə bilməz. "Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarında qeyd edilən məsələlərlə bağlı aşağıdakılar göstərilmişdir:

"İzah edilsin ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması və bunun yalnız onun özünün sağlamlığına az ağır və ya ağır zərərin vurulmasına səbəb olması, habelə piyadanın (sərnişinin) hərəkət təhlükəsizliyi qaydalarını pozması və bu pozuntunun həmin şəxslərin özlərinin CM-nin 263 və 351-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olması hadisənin qarşısını almaq imkanında olmayan nəqliyyat vasitəsini idarə edən şəxsin barəsində cinayət təqibini istisna edən hal kimi nəzərdən keçirilməlidir." (Qərarın 18-ci bəndi)

"İzah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən "Yol hərəkəti haqqında" Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin.

Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yaranqdıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa, komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı, yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir.

Ekspertlərin qoyulan suallara yalnız səlahiyyətləri çərçivəsində cavab verə bilmələrini nəzərə alaraq, məhkəmələr tərəfindən ekspertizaların təyin olunması haqqında qərarlarda təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olub-olmaması, onun törətdiyi əmələ hüquqi qiymət verilməsi barədə suallar qoyula bilməz." (Qərarın 19-cu bəndi)

Məhkəmə təcrübəsində mövcud olan bu fərqli mövqelər qeyd edilən məsələlərlə bağlı Qanunvericiliyin şərhini zəruri edir. Hesab edirik ki, məhkəmə təcrübəsinin vahid mövqeyinin formalaşdırılması məqsədi ilə aşağıdakı məsələlərə aydınlıq gətirilməsi ədalət mühakiməsinin maraqlarına uygun olardı:

1. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328-ci maddəsi baxımından şərh edilsin;

2. Yolda müəyyən edilmiş maksimum hərəkət sürətindən avtomaşının 1-9 km/saat artıq sürətlə idarə edilməsi müksimum sürət həddinin aşılmasıdırmı?

3. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 40-ci maddəsinin müddəları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267-ci maddəsi ilə əlaqəli şəkildə qiymətləndirilsin.

4. Yol nəqliyyat hadisəsi baş verdikdə və bu hadisə piyadanın vurulması ilə törədildikdə yol hərəkətinin iştirakçısı kimi piyadanının hərəkətlərinin qiymətləndirilməsinə zərurət vardırmı, bu qiymətləndirmə hansı qaydada həyata keçirilməlidir, bu qiymətləndirmə xüsusi bilik tələb edirmi və ya sırf hüquqi məsələdir, piyada tərəfindən "Yol hərəkəti haqqında" Qanunun tələblərinin pozulub pozulmaması ilə bağlı ekspert qarşısında suallar qoyulmalıdırmı?

5. Əgər piyadanın hərəkəti ekspert və istintaq orqani (ittiham) tərəfindən qiymətləndirilməmişdirsə, piyadanın hərəkəti məhkəmə (hakim) tərəfindən qiymətləndirilə bilər və yaxud qiymətləndirilməlidirmi?

6. Azərbaycan Respublikasının CPM-in 97-ci maddəsi ekspertin səlahiyyət həddi baxımından şərh edilsin.

Göstərilənlər konteksindən yanaşıldıqda hazırkı halda Məhkəmənin tətbiq etməli olduğu "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 328-ci maddəsi baxımından, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin müddəlarının Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 338-ci maddəsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267-ci maddəsi ilə əlaqəli şəkildə və CPM-in 97-ci maddəsinin şərh olunmasının zəruriliyi aşkar görünür.

"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində göstərilir ki, məhkəmələr Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının hayata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən

Xahiş edirəm:

Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatında məhkum XXXX XXXX XXXX oğlu barəsində olan cinayət işinə baxılması ilə əlaqədar "Yol hərəkəti haqqında" Azerbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328-ci maddəsi baxımından, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 40-ci maddəsinin müddəlarının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsi vǝ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267-ci maddəsi ilə əlaqəli şəkildə və Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 97-ci maddəsi vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə və hüquqi müəyyənlik prinsipi baxımından şərh olunsun.

Vahid məhkəmə təcrübəsinin formalaşdırılması və qüvvədə olan Qanunvericiliyin hüquq tətbiqedənlər tərəfindən eyni qaydada tətbiq edilməsinə nail olmaq, eləcə də hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsi məqsədi ilə aşağıdakı məsələlərə də aydınlıq gətirilməsi rica olunur:

1. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328-ci maddəsi baxımından şərh edilsin;

2. Yolda müəyyən edilmiş maksimum hərəkət sürətindən avtomaşının 1-9 km/saat artıq sürətlə idarə edilməsi müksimum sürət həddinin aşılmasıdırmı?

3. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin müddəları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilsin;

4. Yol nəqliyyat hadisəsi baş verdikdə və bu hadisə piyadanın vurulması ilə törədildikdə yol hərəkətinin iştirakçısı kimi piyadanının hərəkətlərinin qiymətləndirilməsinə zərurət vardırmı, bu qiymətləndirmə hansi qaydada həyata keçirilməlidir, bu qiymətləndirmə xüsusi bilik tələb edirmi və ya sırf hüquqi məsələdir, piyada tərəfindən "Yol hərəkəti haqqında" Qanunun pozulub pozulmaması ilə bağlı ekspert qarşısında suallar qoyulmalıdırmı?

5. Əgər piyadanın hərəkəti ekspert və istintaq orqanı (ittiham) tərəfindən hərəkəti məhkəmə (hakim) tərəfindən qiymətləndirilməmişdirsə, piyadanın hərəkəti qiymətləndirilə bilərmi və yaxud qiymətləndirilməlidirmi?

6. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 97-ci maddəsi ekspertin səlahiyyət həddi baxımından şərh edilsin".

Oxşar xəbərlər