Xüsusi icra məmurları nəyi dəyişəcək? - Yeni modelin DETALLARI


  • 4 İyul 16:15

"Azərbaycan Respublikasında icra hüquq münasibətlərində çeviklik, səmərəlilik və rəqabətliliyin təmin edilməsi baxımından "Xüsusi İcra Məmurları Haqqında" Qanun layihəsinin hazırlanması təqdirəlayiq bir addımdır. Bu təşəbbüs məhkəmə qərarlarının icrası sahəsindəki ləngimə və borcluların məsuliyyətdən yayınması kimi mövcud problemlərin həllinə, icra prosesinin keyfiyyətinin yüksəldilməsinə və cəmiyyətdə məhkəmə qərarlarına olan inamın gücləndirilməsinə xidmət edir".

Bu sözləri e-huquq.az-a açıqlamasında vəkil Şulan Nağıyev "Xüsusi icra məmurları haqqında" Qanun layihəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, xüsusi icra məmurları institutunun tətbiqi ilə icra işlərinin həcminin paylanması və icra müddətlərinin qısalması gözlənilir ki, bu da dövlət icra məmurlarının üzərindəki iş yükünü azaldacaq və icra işlərinin daha çevik həyata keçirilməsinə imkan verəcəkdir.

"Layihədə nəzərdə tutulan Xüsusi İcra Məmurlarının Palatasının yaradılması xüsusi icra məmurlarının fəaliyyətinə daxili nəzarətin gücləndirilməsinə, etik davranış qaydalarına riayət edilməsinə və hesabatlılığın artırılmasına xidmət edəcək. Bu, potensial sui-istifadə hallarının və korrupsiya risklərinin qarşısının alınmasında mühüm rol oynaya bilər. Eyni zamanda, xüsusi icra məmurları üçün müəyyən edilmiş yüksək peşəkar tələblər və mütəmadi təlimlərin keçirilməsi zərurəti bu sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının daim yenilənməsini təmin edəcək, nəticədə icra prosesinin keyfiyyəti artacaqdır", - deyə vəkil bildirib.

Ş.Nağıyev deyib ki, xüsusi icra məmurlarının dövlət büdcəsindən maliyyələşməyərək, icra etdikləri işlərə görə haqq qazanmaları onların fəaliyyətlərini daha səmərəli və operativ yerinə yetirmələri üçün əlavə motivasiya yarada bilər. Bu yanaşma Avropa ölkələrində geniş tətbiq olunan və icra institutunun peşəkarlaşdırılmasına yönəlmiş bir modeldir" Məsələn, Fransada "Huissiers de justice", Niderlandda "Gerechtsdeurwaarder", Polşada isə "Komornik" adlanan bu şəxslər "public officer" (ictimai məmur) kimi tanınır və özəl sektor çərçivəsində, lakin müvafiq dövlət orqanlarının və peşəkar özünüidarəetmə orqanlarının nəzarəti altında müstəqil və lisenziyalı şəkildə fəaliyyət göstərirlər. Onlar Milli Peşə Palatalarına üzv olaraq, qanunvericiliklə müəyyən edilmiş tariflər əsasında işləyirlər. Bu sistemin müsbət cəhətlərinə daha effektiv və sürətli icra, vətəndaşlarla çevik ünsiyyət, yüksək peşəkarlıq daxildir".

Vəkil hesab edir ki, layihənin tətbiqi zamanı bəzi potensial mənfi cəhətlər və risklər də diqqətdə saxlanılmalıdır: "Xüsusi icra məmurlarının əsasən ödənişli xidmətlər əsasında fəaliyyət göstərməsi, maliyyə cəhətdən "əlverişli" olmayan, lakin sosial əhəmiyyətli (məsələn, alimentin tutulması, az miqdarda borcun icrası) icra işlərinin icrasına marağın azalmasına səbəb ola bilər ki, bu da həssas əhali qruplarının hüquqlarına mənfi təsir göstərə bilər. Kommersiya maraqlarının hüquqi obyektivliyə təsir etmə ehtimalı, icra xərclərinin artması və icra məmurlarının vətəndaşlara qarşı qeyri-proporsional tədbirlərə meyil göstərməsi riski mövcuddur. Həmçinin, icra hərəkətləri zamanı vətəndaşların mülkiyyət və şəxsi toxunulmazlıq hüquqlarına müdaxilə ehtimalı, Xüsusi İcra Məmurları Palatasının icra işlərinin bölgüsündə və ya icra məmuru fəaliyyətinə nəzarətdə potensial inhisarçılıq riski nəzərə alınmalıdır. Buna görə də Azərbaycanda bu institutun tətbiqi zamanı Avropa təcrübəsinə əsaslanmaqla yanaşı, yerli sosial və hüquqi reallıqlar da nəzərə alınmalıdır".

Ş.Nağıyevin fikrincə, layihənin təkmilləşdirilməsinə ehtiyac duyulan məqamlar da mövcuddur: "Layihədə sosial əhəmiyyətli icra işlərinin (aliment, əmək haqqı və s.) icrasının təmin edilməsi üçün ya dövlət tərəfindən maliyyələşmə, ya da bu cür işlərin xüsusi icra məmurları arasında məcburi və ədalətli paylanması mexanizmi müəyyən edilməlidir ki, bu da həmin işlərin "maraqsız" hesab edilməsinin qarşısını alacaqdır. Xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı vətəndaş şikayətlərinin operativ, şəffaf və obyektiv araşdırılması üçün daha aydın və dəqiq prosedur müəyyənləşdirilməlidir; Palatanın bu prosesdəki rolu və vətəndaşların şikayətinin yuxarı instansiyalara müraciət imkanları təkmilləşdirilməlidir. Qanun pozuntularına yol vermiş xüsusi icra məmurları üçün tətbiq olunacaq məsuliyyət növləri (intizam, inzibati, cinayət) və sanksiyalar daha ətraflı və çəkindirici şəkildə işlənməlidir ki, bu da onların fəaliyyətində qanunçuluğun tam təmin olunması üçün vacibdir. Yeni sistemin dövlət icra məmurlarının fəaliyyəti ilə səmərəli koordinasiyası və iş bölgüsü prinsipləri daha aydın şəkildə təsvir edilməli, işlərin bir sistemdən digərinə keçidi və ya paylanması qaydaları dəqiq müəyyənləşdirilməlidir. Nəhayət, layihə qəbul edildikdən sonra ictimaiyyətin, xüsusilə də vətəndaşların yeni icra sistemi, xüsusi icra məmurlarının səlahiyyətləri, hüquq və vəzifələri, həmçinin şikayət etmə qaydaları haqqında geniş və ətraflı məlumatlandırılması üçün dövlət proqramı hazırlanmalıdır".

Sonda vəkil vurğulayıb ki, "Xüsusi İcra Məmurları Haqqında" Qanun layihəsi Azərbaycanda icra sisteminin təkmilləşdirilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində mühüm və yenilikçi bir addımdır: "Bu islahat icra proseslərinə etibarı artıracaq və vətəndaşların hüquqlarının daha etibarlı təminatına töhfə verəcəkdir. Layihənin icra mexanizmləri hüquqi dövlət prinsipi və insan hüquqları ilə balanslaşdırılmalı, yalnız icra effektivliyinə deyil, həm də vətəndaşın hüquqlarının müdafiəsinə xidmət etməlidir. Belə olduğu təqdirdə, bu qanun real hüquqi islahata çevrilə və vətəndaşların ədalətə çıxış imkanlarını genişləndirə bilər. Əks təqdirdə isə bu institut etimadı azaltmaqla hüquqi sistemə mənfi təsir göstərə bilər".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər