Azərbaycanın diplomatik və iqtisadi inkişafında dönüş nöqtəsi - ECO sammiti


  • 18:03

Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) dövlət başçılarının sammiti, Azərbaycanın siyasi, iqtisadi və diplomatik tarixində mühüm bir dönüş nöqtəsidir. Bu, təkcə bir şəhərin bərpası və yenidənqurulması deyil, həm də regionun gələcək inkişaf trayektoriyasının müəyyənləşdirilməsidir.

Bunu e-huquq.az-a açıqlamasında vəkil Polad Mehdi deyib.

"Əvvəla Xankəndidə ECO sammitinin keçirilməsi, Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin praktik şəkildə tanınması və möhkəmləndirilməsi anlamına gəlir. İyirmi ildən artıq müddətdə münaqişə bölgəsi kimi tanınan şəhər indi beynəlxalq tədbirlərə ev sahibliyi edən bir mərkəzə çevrilir. Burada liderlərin iştirakı, Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyi gücləndirir və regionun “post-münaqişə dövrünə” keçdiyini göstərir. Digər tərəfdən forum Xankəndinin təkcə siyasi deyil, həm də iqtisadi və sosial reinteqrasiyası üçün vacib addımdır. Sammit çərçivəsində açılan yollar, aeroportlar, biznes mərkəzləri, ticarət obyektləri və infrastruktur layihələri – şəhərin iqtisadi dövriyyəyə qoşulmasını təmin edir. Bu, həm də yerli əhali üçün məşğulluq, investisiya və sosial sabitlik deməkdir", - deyə o bildirib.

P.Mehdi qeyd edib ki, ECO-nun əsas gündəmi - regional inteqrasiya, nəqliyyat dəhlizləri, enerji əməkdaşlığı və sərbəst ticarət zonasının genişləndirilməsidir. Xankəndidəki sammit bu sahədə konkret razılaşmalar və əməkdaşlıq mexanizmləri üçün platforma yaradır. Xüsusilə Orta Dəhliz (Çin-Mərkəzi Asiya-Qafqaz-Avropa) layihəsinin gücləndirilməsi, Qarabağın bu marşrutda strateji nöqtəyə çevrilməsini sürətləndirəcək.

Vəkil deyib ki, Azərbaycan ECO çərçivəsində nəqliyyat, enerji və iqlim dəyişikliyi ilə bağlı təşəbbüsləri irəli sürən əsas liderlərdən biridir: “Sammitin “Dayanıqlı və iqlimə davamlı gələcək” mövzusuna həsr olunması da Azərbaycanın “yaşıl enerji”, “ağıllı şəhər” və “post-münaqişə inkişafı” kimi yeni regional inkişaf modellərini təbliğ etdiyini göstərir. Eyni zamanda forumun Xankəndidə keçirilməsi Ermənistan və digər qonşu dövlətlərə mühüm mesaj verir: Qarabağ artıq Azərbaycanın inteqrasiya olunmuş, sabit və inkişaf edən bir regionudur. Bu, eyni zamanda sülh proseslərinə təkan verə bilər, çünki iqtisadi əməkdaşlıq və regional inkişaf sülh üçün əsas motivasiya amilinə çevrilir”.

“Ümumiyyətlə qeyd edə bilərik ki, Xankəndidə keçirilən ECO sammiti, təkcə Azərbaycanın diplomatik uğuru deyil, həm də Cənubi Qafqazın iqtisadi və siyasi gələcəyi üçün strateji platformadır. Bu forum Qarabağın yeni tarixini yazmağa başlayır – müharibə və dağıntıdan inkişafa, qapanmış sərhədlərdən regional əməkdaşlığa doğru”, - vəkil əlavə edib.

Oxşar xəbərlər