"Eyni qohumluq münasibətində olan şəxslərin vərəsəlik zamanı birinin digərinə vərəsə ola bilməsində ədalətsiz yanaşma mövcuddur"


  • 24 May 2022 14:20

Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinov Konstitusiya Məhkəməsinə müraciət edib.

E-huquq.az-ın məlumatına görə, müraciətdə Mülki Məcəllənin 1159.5-ci maddəsinin həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə və Konstitusiyanın 147 və 149-cu maddələrinin tələbləri baxımından şərh edilməsi xahiş edilib.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

"Ərizəçi A. T "hüquqi əhəmiyyəti olan faktin müəyyan edilməsinə dair" ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. O ərizəsində bildirmişdir ki, onun yaxın qohumu - əmisi nəvəsi ə** ** *** qızı 28.02.2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. Miras qoyan onun əmisi nəvəsidir, onun digər vərəsəsi yoxdur, O, mirasın qəbulu məqsədi ilə 14 saylı Notariat Ofisinə müraciət etmiş, lakin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim edilməməsini əsas göstərərək notariat ofisi tərəfindən ona müvafiq şəhadətnamənin verilməsindən imtina edilmiş və müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1, 307.2.1 ve 307.2.9-cu maddələrinə əsasən ərizə verərək miras qoyanın 1968-ci ildə vefat etmiş babası T*** B** N** oğlu ilə 1986-ci ildə vəfat etmiş özünün atası T** *** N*** oğlunun qardaş olması, elecə də 28.02.2021-ci il tarixində vəfat etmiş ** ** *** qızından miras qalmış əmlakın qəbul edilməsi barədə hüquqi əhəmiyyətli olan faktlarin müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilməmişdir. Rayon mahkəməsi ərizəni rədd edərkən ərizəçinin istinad etdiyi hallara dair kifayət qədər sübut təqdim edə bilməməsinə əsaslanmışdır. Ərizəçi rayon məhkəməsinin qətnaməsi ilə razılaşmamış və apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətində rayon məhkəməsi tərəfindən işin hərtərəfli va araşdırılmamasına, sübutların əldə olunması ilə bağlı ərizəçinin hüquqlarını həyata keçirməsinə kömək edilməməsinə, maddi və prosessual hüquq normalarının pozulmasına istinad olunmuşdur. Apellyasiya şikayətinə baxılarkan aparılmış araşdırmalar zamanı hazırkı iş üzrə tətbiq edilməli olan maddi hüquq norması kimi qanun üzrə vərəsəlikdə növbəlik, eyni növbəyə aid vərəsələrin dairəsi, eləcə də vərəsələri olmayan əmlakın dövlətə keçməsi ilə bağlı münasibətləri tənzimləyən MM-nin müvafiq maddələrinin Konstitusiya Məhkəməsi tərəfindən şərh edilməsinə zərurətin olduğu müəyyən olunmuşdur. Belə ki, rayon məhkəməsi ərizəni rədd edərkən A.T ərizəsində istinad etdiyi hallara dair kifayət qədər sübut təqdim edilməməsinə əsaslansa da, apellyasiya icraatı mərhələsində ərizəçinin, ümumiyyətlə, hazırkı ərizə ilə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması məsələsi ortaya çıxmışdır.

Bununla bağlı həm müxtəlif instansiya məhkəmələrinin hakimləri, həm də bir sıra hüquqşünaslar arasında aparılmış geniş müzakirələr zamanı bu məsələyə münasibətdə olduqca fərqli yanaşmaların olduğu müəyyən olunmuşdur.

Yuxarıda qeyd olunduğu kimi, ərizəçi öz atası ilə miras qoyanın babasının qardaş olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunmasını istəyərkən, məqsədi əmisi nəvəsinin vərəsəsi kimi ondan qalmış mirasın qəbulunu həyata keçirmək olmuşdur. Hazırkı iş üzrə fikir ayrılığına və tamamilə fərqli yanaşmalara səbəb olan hal da məhz ərizəçinin əmisi nəvəsinin vərəsəsi ola bilməsi ilə bağlı olmuşdur. Bunun isə öz növbəsində MM-in qanun üzrə vərəsəliklə bağlı münasibətlərini tənzimləyən, xüsusən də, vərəsələrin dairəsini müəyyən edən və bununla əlaqəli olan 1159, 1160 və 1165-ci maddələrinin müxtəlif cür təfsiri ilə əlaqədar olduğu məlum olmuşdur.

MM-in qeyd olunan maddələrinin müxtəlif (tarixi, gramatik- filoloji, sistematik və məntiqi) növ təfsiri ilə də hazırki məsələyə münasibətdə vahid qənaətə gəlməyin mümkün olmadığı aydın olmuşdur. Başqa sözlə desək, ərizəçinin öz əmisi nəvəsinin qanun üzrə vərəsəsi ola bilməsi, demək ki, buna müvafiq surətdə onun hazırkı ərizə ilə müraciət etmək üçün subyektiv hüquqa malik olması ilə bağlı sual açıq qalmışdır. Qanun üzrə vərəsələrin dairəsi MM-in 1159-cu maddəsində təsbit olunmuşdur: həmin maddəyə əsasən miras qoyanla yaxınlıq baxımından vərəsələrin dairəsi növbəlik qaydası ilə müəyyən edilmişdir ki, bu vaxt normada birinci növbədən beşinci növbəyədək olan yaxınların dairəsi göstərilmişdir.

Hazırkı işin hallarından belə aydın olur ki, ərizəçi məhkəməyə miras qoyanın beşinci növbə vərəsəsi kimi müraciət etmiş, rayon məhkəməsi də onun həmin növbənin vərəsəsi kimi qəbul edərək (əslində rayon məhkəməsi bu məsələni heç yoxlamamışdır) ərizəyə baxmışdır. Beşinci növbənin vərəsələrinin dairəsi MM-in 1159.5-ci maddesinə sadalanmışdır ki, bura miras qoyanın xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadiqda isə onların uşaqları aid edilmişdir. Həmin normanın formal tələbləri baxımından yanaşıldıqda, hazırkı iş üzrə ərizəçi miras qoyanın vərəsəsi ola bilmir. Çünki ərizəçi miras qoyanın deyil, onun valideyninin əmisi uşağıdır. MM-in 1159.5-ci maddəsi isə əmi uşağının, onlar olmadıqda isə onların uşaqlarının vərəsə olması imkanını tanıyır. Aparılmış müzakirələr zamanı həmin norma təhlil olunarkən olduqca maraqlı və hazırkı məsələnin həlli baxımından mühüm əhəmiyyətə malik olan hal müəyyən olunmuşdur. Belə ki, məlum olmuşdur ki, hazırkı işdə ərizəçi ilə miras qoyanın statuslarını dəyişsək fərqli situasiya yaranır. Yəni, T. A vəfat etməsi halında iş üzrə miras qoyan *** *** normanın müəyyən etdiyi beşinci növbənin vərəsəsi hesab olunur və müvafiq olaraq da T. A-ya məxsus əmlaka sahiblənmək imkanına malik olur. Fikrimizcə, problemli məsələnin daha anlaşılan ifadə edilməsi üçün konkret olaraq hazırkı işin hallarına müraciət etmək məqsədəuyğun olardı.

Ərizəçi A.T*** qohumu ** ** ** qızının 28.02.2021-ci ildə vəfat etməsi ilə əlaqədar olaraq vərəsə kimi ondan miras qalmış amlaka sahiblanmək üçün müraciət edib, miras qoyan S.Ə isə ərizəçinin emisi nəvəsidir. MM-in yuxarida istinad olunan və beşinci növbənin vərəsələrinin dairəsini müəyyən edən 1159.5-ci maddəsinə görə balli olur ki, ərizəçi A.T əmisi nəvəsinin vərəsəsi sayılmır. Ancaq şərti olaraq hesab etsək ki, ərizəçi A. T*** vəfat etmişdir və onun əvvəlki növbədən olan verəsələri yoxdur, bela olan halda, onun emisi nevesi MM-in 1159.5-ci maddəsinə əsasən beşinci növbənin vərəsəsi sayılır və ondan miras qalmış əmlaka sahiblənmək imkanı əldə edir.

Göründüyü kimi, eyni qohumluq münasibətində olan şəxslərin qanun üzrə vərəsəlik zamanı birinin digərinə vərəsə ola bilməsində aşkar uyğunsuzluq, bərabər tərəflərə fərqli münasibət, eləcə də haqsız və ədalətsiz yanaşma mövcuddur. Nəzərə almaq lazımdır ki, bu vəziyyət qanunun özündən qaynaqlanır. Bu isə öz növbəsində qanunun "keyfiyyət" məsələsini ortaya çıxarır.

Avropa Məhkəməsi bir çox qərarlarında, o cümlədən də Centro Europa 7 S.R.L. va Di Stefano Italiyaya qarşi 2012-ci il işində göstərmişdir ki, qanun həm də müəyyən keyfiyyət standartlarına cavab verməlidir", "... norma vətəndaşlara öz davranışlarını tənzimləmək imkanı vermək üçün kifayət qədər dəqiqliklə ifadə olunmadığı halda qanun hesab edilə bilməz..."... müvafiq olaraq, bir çox qanun labüd olaraq, daha çox və ya az dərəcədə qeyri-müəyyan ifadələrlə formula edilmişdir və onların təfsiri və tətbiqi təcrübənin işidir".

Bundan əlavə, Azerbaycan Respublikası Konstitusiyasında normativ hüquqi aktlara dair imperativ xarakter daşıyan tələb də nəzərdə tutulmuşdur. Konstitusiyada təsbit olunmuşdur ki, normativ hüquqi aktlar haqq-ədalətə (bərabər manafelərə, bərabər münasibətə) əsaslanmalıdır (Madde 149. Normativ hüquqi aktlar. I hissə). Konstitusiyada həmçinin təsbit olunmuşdur ki, qanunlar Konstitusiyaya zidd olmamalıdır (maddə 149. II hissə).

Bundan başqa, hazırkı işin müzakirəsi zamanı daha bir mühüm məsələyə, yəni qanun üzrə vərəsələrin dairəsinin MM-in 1159.5-ci maddəsində göstərilən beşinci dərəcəyə aid olunan qohumlarla məhdudlaşması, başqa sözlə desək, həmin normanın qanun üzrə vərəsələrin dairəsini məhdudlaşdıran norma kimi qəbul olunub-olunmamasına münasibətdə də tam fərqli yanaşmanın olduğu məlum olmuşdur. Müzakirələrdə iştirak edən hakim və digər hüquqşünasların bir hissəsi belə hesab edirlər ki, həmin norma məhdudlaşdırıcı normadır və onun geniş təfsiri yolverilməzdir. Bu yanaşmanın tərəfdarları öz mövqelərini belə əsaslandırırlar:

Birincisi, yeni Mülki Məcəllənin qəbulunadək, yeni 01.09.2000-ci ilədək qüvvədə olan Mülki Məcəllədə qanun üzrə vərəsələrin dairəsi yalnız birinci və ikinci növbənin vərəsələri ilə məhdudlaşdırılmış, indi isə bu qohumların dairəsi beş növbə olaraq genişləndirilmişdir. Bu isə həm yaxın qohum hesab olunmaq, həm də biri digərindən sosial-iqtisadi (maddi) təminat ummaq (almaq) baxımından da tam yetərlidir, çünki müasir zamanda həmin dairəyə aid olan qohumlar bəzen bir-birini heç tanımırlar, belə olan halda, formal olaraq qohum sayılan daha geniş dairəni əhatə edən qohumlara da miras qoyanın əmlakı hesabına "zenginləşmək" imkanının tanınması, həm vərəsəliyin mahiyyətinə, həm də onun ilkin mərhələdən güdmüş olduğu təməl məqsədlərə uyğun deyildir.

Ikincisi, qanunun özündə bu məhdudiyyət birbaşa nəzərdə tutulmuşdur. Belə ki, MM-in 1159, 1160 ve 1165-ci mədələrinin müqayisəli təhlili göstərir ki, beşinci növbənin vərəsələrinin olmaması halında miras əmlak dövlətə keçir, bu isə öz növbəsində beşinci növbəyə aid olmayan digər qohumların vərəsə olması imkanını istisna edir. Bu mövqeyin tərəfdarlarının fikrincə, əks yanaşma hüquqi baxımdan da qeyri-müəyyənlik yaratmış olardı.

İkinci yanaşma:

Ikinci yanaşmanın tərəfdarları da MM-in eyni normalarına:1159, 1160 va 1165-ci maddələrinə istinadən hesab edirlər ki, MM-in qanun üzrə vərəsəliklə bağlı vərəsələrin dairəsini tənzimləyan həmin normaları məhdudlaşdırıci deyil, geniş təfsir edilməlidir. Bu yanaşmanın tərəfdarları öz mövqeylərini belə esaslandırırlar:

Birincisi, əvvəlki qanunvericilikdən fərqli olaraq, yeni MM-də qanun üzrə vərəsələrin dairəsinin genişləndirilməsini (bu genişlendirmə, həqiqətən də, olmuşdur) önə çəkərkən, bunu əvvəlki məcəllədə təsbit olunmuş iki növbədən yeni MM-də beşinci növbəyə artırılmasını heç də riyazi olaraq ikidən beşə qədər artırma kimi qəbul olunması düzgün deyildir. Çünki hər iki məcəlledə qanun üzrə birinci növbənin vərəsələrinin dairəsi (miras qoyanın uşaqları, er-arvad və valideynlar) eyni olduğu halda, əvvəlki MM-in 533-cü maddəsində təsbit olunmuş ikinci növbənin vərəsələrinin dairəsi, yeni MM-in 1159.2 ve 1159.3-cü maddələrində müəyyən olunan iki növbənin: ikinci və üçüncü növbənin vərəsələrinin dairəsini əhatə edirdi.

Göründüyü kimi, əvvəlki məcəllə qanun üzrə ikinci növbənin vərəsələrinin dairəsinə aid edilmiş qohumlar, yeni MM-də iki növbəyə ayrılmış və onların arasında da növbəlik müəyyən edilmişdir. Bununla da bəlli olur ki, qanun üzrə vərəsəlik zamanı həmin qohumlara münasibətdə dairənin genişlənməsi baş verməmiş, yalnız onların arasında fərqli növbəlik müəyyən olunmuşdur. İkincisi, qanun üzrə vərəsəlik zamanı miras qoyanın qohumlarının ona yaxınlığı baxımından növbəliyin müəyyən edilməsi və bu vaxt ardıcıl olaraq beş növbəliliyin təsbit olunması, heç bir halda beşinci növbəyə aid olunmayan digər qohumların vərəsəliyini inkar etmir. Çünki hər hansı əks yanaşma vərəsəliyin təməl mahiyyətinə və onu güdmüş olduğu sosial iqtisadi təyinatına zidd olmuş olardı.

Bele ki, qanunda miras qoyana yaxınlığı baxımından qohumlar arasında beş növbə üzrə növbəliyin təsbiti, yalnız əvvəlki növbənin vərəsələrinin olmaması halında sonrakı növbənin vərəsələrinin mirası qəbul etmək imkanını, başqa sözlə desək, qohumlar arasında mirasa yiyələnməkdə miras qoyana yaxınlığı baxımından ardıcıllığı tənzimləyir. Bu da geniş mənada ailə anlayışı ila bağlı olub, həm əxlaqi, həm ədalət, həm də hüquqi baxımdan məntiqli və qəbul olunandır. Bununla da müəyyən olunur ki, mecəllədə, qanun üzrə vərəsəlik zamanı beş növbə üzrə vərəsələrin dairəsinin təsbit olunmasında məqsəd, heç də digər qohumların vərəsəliyinin istisnası deyil, sadəcə olaraq, həmin qohumlar arasında miras qoyana yaxınlıq baxımından mirasa yiyələnmək üçün ardıcıllığı müəyyən etməkdən ibarətdir. Demək ki, qanun üzrə vərəsəlik zamanı miras qoyanın növbəliliyə aid edilməyən digər qohumlar da qanun üzrə vərəsə ola bilərlər.

Bu zaman (qanunla növbə qohumların dairəsinə aid edilməyən) digər qohumların miras qoyanın vərəsəsi kimi mirasi qəbul etmələri aşağıdakı şərtlərə bağlı olur:

birincisi, miras qoyanla qohumluq münasibətlərinin olması;

ikincisi, miras qoyanın sonuncu- beşinci növbəyə aid edilən vərəsələrinin olmamsı; Başlıcası isə, nəzərə almaq lazımdır ki, növbə vərəsələrindən fərqli olaraq, qeyd olunan şərtlərin mövcudluğu halında, bu vərəsələrin (qohumların) istəniləni har hansı ardıcıllıq gözləmədən mirası qəbul edə, ona yiyələnə bilərlər.

MM-in 1165-ci maddəsinin məzmunundan bəlli olur ki, həmin normada yalnız vərəsəsi olmayan əmlakın xəzinəyə- dövlətə keçməsi təsbit olunmuşdur. Diqqət yetirildikdə, müəyyən etmək olar ki, qeyd edilən normada növbə vərəsələrinin deyil, ümumiyyətlə, vərəsələri olmayan əmlakın dövlətə keçməsindən bəhs olunur. Nəzərə almaq lazımdır ki, qanunvericinin bu mövqeyi qətiyyən təsadüfi sayıla bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında dövlətin əsas niyyətlərindən birinin ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək olduğu bəyan olunmuşdur. Konstitusiyanın 12-ci maddəsində Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat seviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi müəyyən olunmuşdur. Konstitusiyanın 29 maddəsinin VI hissəsində dövlətin vərəsəlik hüququna təminat verdiyi tesbit olunmuşdur. Bu normalara əsaslanaraq deyə bilərik ki, əgər qanun üzrə vərəsəlik zamanı miras qoyanin növbəliyə daxil olmayan vərəsələri varsa və beşinci növbə üzrə vərəsələr yoxdursa, MM-in müzakirə olunan normalarının miras əmlakın dövlətə keçməsi(məzmunda) kimi təfsir edilmesi Konstitusiyada təsbit edilmiş dövlətin əsas məqsədləri və bəyan etdiyi niyyəti ilə aşkar ziddiyyət yaratmış olardı.

Həqiqətən də, sosialyönümlü və əsas məqsədi vətəndaşlarının maddi rifahını və onların layiqli həyat səviyyəsinin təmin edilməsi olan dövlətin qanunvericiliyində hər hansı vərəsəsi olan miras qoyanın əmlakına yiyələnmək niyyətinin təsbit edilməsi və ya müzakirə olunan normaların bu cür təfsir olunması sağlam məntiqdən uzaq və anlaşılmaz olardı.

Beləliklə, aparılmış müzakirələr zamanı, eyni maddi hüquq normalarına əsaslanmalarına baxmayaraq, hər iki mövqeyin yanaşmalarının həm birinci, həm də ikinci məsələyə münasibətdə tam fərqli olduğu müəyyən olunmuşdur. Müzakirə olunan məsələyə dair uzun müddət mövcud olan bu fərqli yanaşmalar hazırda da davam edir ki, bu da öz növbəsində fərqli qərarların qəbul olunmasına gətirib çıxarır.

Bu isə hazırkı mərhələdə olduqca zəruri olan vahid məhkəmə təcrübəsinin yaranmasına, hüquqi məsələlərin həllində sabitliyin, eləcə də hüquq normalarının tətbiqinin proqnozlaşdırılan olması və hüquqi müəyyənlik kimi ədalət mühakiməsinin fundamental prinsiplərinə xələl gətirir. Bütün bunlara əsasən hesab edirik ki, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla, Azərbaycan Respublikası MM-in 1159.5-ci maddəsinin həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə və Azərbaycan Respublikası Konstitusiyasınin 147 ve 149-cu maddələrinin tələbləri baxımından şərh edilməsi zəruridir", - deyə qeyd edilib.

Oxşar xəbərlər