- 10:59
28 dekabr – Vəkil Günü Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib.
Bu tarix yalnız peşə bayramı kimi deyil, Azərbaycanda vəkillik institutunun keçdiyi yolu, hazırda çatdığı mərhələni və qarşıdakı çağırışları faktlara söykənərək dəyərləndirmək üçün də ciddi əsas yaradır.
Hüquqşünaslıq fəaliyyətinə vəkillikdən başlamış biri kimi müdafiə institutunun real funksional yükünü, vəkilin məhkəmə prosesində faktiki rolunu və peşənin institusional çətinliklərini yalnız normativ çərçivədə deyil, praktik müstəvidə də müşahidə etmişəm. Bu səbəbdən yazıda subyektiv mülahizələrdən daha çox rəqəmlərə, idarəetmə qərarlarına və ölçülə bilən nəticələrə istinad etməyə çalışmışam. Məqsəd ümumi ifadələrlə mənzərə yaratmaq deyil, son illərdə vəkillik institutunda baş verən dəyişikliklərin daxili məntiqini və ardıcıllığını ortaya qoymaqdır.
Rəqəmlərlə dəyişən mənzərə: sistemli genişlənmə
Bir vaxtlar, 2017-ci ildə Azərbaycanda cəmi 931 vəkil fəaliyyət göstərirdi. Ondan əvvəlki dövrlərdə bu rəqəm 400–500 nəfər civarında idi. Bu gün isə mənzərə əsaslı şəkildə dəyişib.
2025-ci ilin sonuna vəkillərin sayı 2 836 nəfərə çatıb. Onlardan 633-ü qadın, 2 203-ü kişidir. Rəsmi çıxışlarda 2026-cı il üçün bu rəqəmin 3 000-i keçəcəyi açıq şəkildə ifadə olunur.
Əsas məqam ondadır ki, bu artım nəzarətsiz kütləviləşmə ilə müşayiət olunmayıb. Kəmiyyət genişlənməsi qəbul mexanizmlərinin şəffaflaşdırılması, icbari tədris və etik-intizam nəzarəti ilə paralel aparılıb. Say artıb, amma peşə standartları aşağı düşməyib.
Şəffaf imtahan sistemi: peşəyə girişin açıq mexanizmi

2018–2025-ci illər ərzində 15 test imtahanı keçirilib. Bu imtahanlarda 6 480 namizəd iştirak edib. Onlardan 1 912 nəfər icbari tədrisi tamamlayaraq and içib vəkil fəaliyyətinə başlayıb.
Bu statistika vəkilliyə qəbulun qapalı və subyektiv mexanizmlərdən çıxaraq açıq, ölçülə bilən və rəqabətə əsaslanan sistemə çevrildiyini göstərir. Cəmiyyətdə formalaşan əsas yanaşma da bundan ibarətdir: vəkil olmaq imtiyaz deyil, peşə sınağının nəticəsidir.
Dövlət hesabına hüquqi yardım: sosial ədalətin maliyyə dayağı
Dövlət hesabına hüquqi yardım institutu real maliyyə əsasları üzərində qurulub. Təkcə 2025-ci ildə 34 073 qərar üzrə hüquqi yardım göstərilib və vəkillərə 5 999 874,51 manat ödəniş edilib.
Saatlıq ödənişin 6 manatdan 11 manata qaldırılması bu sahəyə yanaşmanın dəyişdiyini göstərir. 2026-cı il üçün dövlət büdcəsində bu məqsədlə 9 milyon manat vəsaitin nəzərdə tutulması isə hüquqi yardımın xeyriyyə mexanizmi deyil, dövlətin sosial ədalət siyasətinin tərkib hissəsi kimi qəbul edildiyini təsdiqləyir.
İnfrastruktur və regional əlçatanlıq
İnstitutun gücü yalnız normativ bazayla yox, onu daşıyan institusional mühitlə möhkəmlənir. Son illərdə “infrastruktur” mövzusu vəkillik üçün ilk dəfə bu qədər real məna kəsb edib.
Vəkillər Kollegiyasının sədri Anar Bağırovun açıqlamasına görə, yaxın dövrdə “Vəkil evi” – Kollegiyanın yeni inzibati binasının açılışı nəzərdə tutulur. Bu bina yalnız fiziki məkan deyil, institutun inkişafı üçün təşkilati baza rolunu oynamalıdır.
Regionlarda da oxşar xətt müşahidə olunur. Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının istifadəyə verilməsi və digər bölgələrdə vəkil bürolarının yaradılması vəkillik xidmətinin Bakı mərkəzli görüntüsünü yumşaldan, peşənin regionlarda da dayanıqlı qurulmasına xidmət edən addımlardır.
Məhkəmə–prokurorluq–vəkillik münasibətlərində dəyişən balans

Əvvəllər bu münasibətlərdə institusional gərginliklər mövcud idi. Bu gün isə vəkillik məhkəmə sisteminin tanınan elementi, ədalət mühakiməsinin bərabərhüquqlu iştirakçısı kimi qəbul olunmaqdadır.
Vəkilin prosesdəki rolu dəyişir. Bu gün vəkil təkcə müdafiəçi deyil, hüquqi strategiya quran, sübutların qiymətləndirilməsində fəal iştirak edən, məhkəmə mədəniyyətinə təsir göstərən peşəkar subyektə çevrilməkdədir. Bu dəyişiklik yalnız vəkillərin yox, bütövlükdə məhkəmə ədalətinin keyfiyyət göstəricisidir.
İctimai etimad və sosial məsuliyyət
Müasir vəkillik məhkəmə zalı ilə məhdudlaşmır. Sosial həssas qruplara hüquqi yardım, hüquqi maarifləndirmə təşəbbüsləri və ictimai müzakirələrdə əsaslandırılmış hüquqi mövqelərin ortaya qoyulması vəkil peşəsinin ictimai məsuliyyət tərəfini gücləndirir. Bu istiqamətdə atılan addımlar cəmiyyətlə hüquq arasında etibarlı körpü yaradır.
Etika və intizam: status yox, cavabdehlik
2025-ci ildə Kollegiyaya 893 intizam şikayəti daxil olub, 148 intizam qərarı qəbul edilib. Bu statistika açıq mesaj verir: vəkillik statusdur, toxunulmazlıq deyil. Etik davranışa tələbkarlıq institutun sağlamlığını və cəmiyyətin etimadını qoruyan əsas mexanizmdir.
İdarəetmədə ardıcıllıq
Qəbul mexanizmlərinin təkmilləşdirilməsi, icbari tədrisin institusional xarakter alması, sosial vəkillik modelinin qurulması və etik-intizam nəzarətinin gücləndirilməsi vahid idarəetmə xətti üzrə aparılıb.
Bu kontekstdə Vəkillər Kollegiyasının fəaliyyəti, o cümlədən Kollegiyanın sədri Anar Bağırovun rolu şəxsi fiqurun önə çəkilməsi kimi deyil, qurulan mexanizmlərin ardıcıl işləməsi baxımından qiymətləndirilməlidir. Burada əsas məsələ adlar yox, formalaşmış və işlək hala gətirilmiş sistemdir.
Növbəti mərhələnin gündəliyi
Qarşıdakı dövr üçün əsas prioritetlər artıq aydındır:
– ixtisaslaşmanın dərinləşdirilməsi;
– regional balansın gücləndirilməsi;
– vəkillərin sosial təminatlarının yaxşılaşdırılması;
– müdafiə fəaliyyətinin keyfiyyət göstəricilərinin formalaşdırılması;
– beynəlxalq inteqrasiyanın sistemli xarakter alması.
Bu gün artıq müzakirə vəkilliyin mövcudluğu üzərindən deyil, onun keyfiyyəti və məsuliyyət səviyyəsi üzərindən aparılır. Bu isə institutun hansı mərhələyə çatdığını göstərən ən real meyardır.
Mövcud dinamika təsadüfi deyil. Bu, rəqəmlərlə ölçülən, idarə olunan və cavabdehlik tələb edən institusional inkişaf xəttidir.
28 dekabr – Vəkil Günü münasibətilə bütün vəkilləri təbrik edir, peşə ləyaqəti, möhkəm iradə və cəmiyyət qarşısında artan məsuliyyət arzulayıram.
Əlməmməd Nuriyev
“Konstitusiya” Araşdırmaları Fondunun prezidenti
