Peşəkar hüquq müdafiəçiləri hər zaman vətəndaşlarımızın xidmətindədirlər


  • 09:24

Azərbaycan dövlətinin müasir inkişaf yolu Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi fundamental dövlətçilik prinsipləri üzərində qurulub və milli maraqlara söykənən bu siyasi kurs ölkəmizin uzunmüddətli strateji hədəflərini müəyyən edir. Bu gün Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində tam müstəqil hüquqi dövlətin institusional əsasları yaradılıb, Azərbaycan regional və beynəlxalq proseslərdə etibarlı və prinsipial tərəfdaş kimi tanınıb.

Qeyd olunan siyasi xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda davam etdirilir və fikrimizcə yeni mərhələyə keçid edərək, dövlətimizin suverenliyini yalnız hüquqi deyil, faktiki və siyasi müstəvidə də tam təmin edib. Ali Baş Komandanın başçılığı ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi şanlı Zəfər milli iradənin, güclü liderliyin və düşünülmüş dövlət strategiyasının təcəssümü kimi müasir Azərbaycan tarixinin dönüş nöqtəsinə çevrilib. Zəfərdən ötən beş il ərzində formalaşan yeni reallıqlar ölkəmizin regional və qlobal mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib.

Postmüharibə dövründə həyata keçirilən ardıcıl diplomatik təşəbbüslər, aparıcı beynəlxalq siyasi mərkəzlərdə aparılan yüksək səviyyəli dialoqlar və strateji əhəmiyyətli təmaslar Azərbaycanın müstəqil mövqeyinin beynəlxalq miqyasda qəbul olunduğunu bir daha nümayiş etdirib. Prezident İlham Əliyevin balanslaşdırılmış və prinsipial xarici siyasəti nəticəsində Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat və regional əməkdaşlıq məsələlərində mühüm subyektə çevrilib.

Azərbaycanın artan beynəlxalq nüfuzu, qlobal təşəbbüslərdə fəal iştirakı və mühüm beynəlxalq platformalara ev sahibliyi etməsi dövlətimizin müstəqil siyasətinin uğurla həyata keçirildiyini təsdiqləyir. Əldə edilən bu nailiyyətlər hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi, konstitusion dəyərlərin qorunması və milli suverenliyin institusional təminatı ilə bilavasitə bağlıdır.

Məhz bu tarixi mərhələdə, Zəfərin 5-ci ildönümünün qeyd olunduğu bir dövrdə, ölkə başçısının müvafiq Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” Azərbaycan dövlətçiliyinin gücünü, milli iradənin sarsılmazlığını və gələcəyə yönəlmiş strateji baxışının hüquqi əsaslarına verdiyi dəyəri bir daha bəyan edir. Bu il müstəqil dövlətimizin hüquqi əsaslarının və suverenliyimizin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Məhz Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və onun şah əsəri olan, 30 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikasının Konstitusiyası bu gün ölkəmizin hüquqi və siyasi sisteminin təməlini təşkil edir. Konstitusiya dövlət hakimiyyətinin təşkili prinsiplərini, insan və vətəndaş hüquq və azadlıqlarını, onların təminatını müəyyən etməklə, müstəqil dövlətçiliyimizin ideoloji və normativ çərçivəsini formalaşdırıb.

Təsadüfi deyil ki, Konstitusiyanın 61-ci maddəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təsbit edilməsi insan hüquqlarının müdafiəsinə verilən xüsusi əhəmiyyətin bariz ifadəsidir. Bu konstitusion təminat hüquqların formal deyil, real və səmərəli şəkildə həyata keçirilməsini hədəfləyən hüquqi mexanizmlərin mövcudluğunu zəruri edir.

Məhz bu kontekstdə vəkillik institutu konstitusion hüquq və azadlıqların müdafiəsində, ədalətli məhkəmə araşdırmasının təmin olunmasında və hüquqi dövlət prinsipinin praktiki reallaşmasında mühüm rol oynayır. Vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxışının təmin edilməsi, müdafiə hüququnun effektiv icrası və məhkəmə icraatında tərəflərin bərabərliyinin qorunması tam müstəqil vəkillik fəaliyyətinin konstitusion əsasını və cəmiyyətdəki əhəmiyyətini bir daha təsdiqləyir. Bu prinsiplərin hüquqi reallığa çevrilməsi isə Azərbaycanda vəkillik institutunun institusional baxımdan müstəqil və dayanıqlı şəkildə formalaşdırılmasını zəruri edib.

Ümummilli Lider Heydər Əliyev hüquqi dövlət quruculuğunda vəkilliyin zəruriliyinə hər zaman önəm verirdi. Onun hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində apardığı uzaqgörən və qətiyyətli siyasəti nəticəsində vəkillik institutu dövlətin hüquq sistemində layiqli yerini tutmuşdur. Ulu Öndər insan hüquqlarının təminatında vəkilin rolunu xüsusi qiymətləndirərək bu sahənin müstəqilliyinin və peşəkarlığının vacibliyini daim önə çəkmişdir. Belə ki, onun təşəbbüsü ilə 1978-ci il tarixli Azərbaycan SSR Konstitusiyasında ilk dəfə vəkillik institutu haqqında müddəalar öz əksini tapmış, bununla da vəkilliyə konstitusion status verilmişdir. Heydər Əliyevin rəhbərliyi ilə 1980-ci il noyabrın 13-də qəbul edilən “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” isə bu institutun fəaliyyətinin hüquqi bazasını müəyyənləşdirmişdir. Həmin sənəd əsasında fəaliyyət göstərən Vəkillər Kollegiyası Azərbaycanın hüquq tarixində mühüm mərhələ təşkil etməklə, vəkilliyin institusional əsaslarının möhkəmləndirilməsinə xidmət edib.

Məhz bu konseptual yanaşmanın davamı olaraq 1995-ci ildə Konstitusiyamızın qəbulundan sonra postsovet məkanında ilk dəfə vəkilliyə müstəqil status 1999-cu ildə Ulu Öndər tərəfindən qəbul edilmiş “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Qanunla təsbit olunmuşdur.

Bununla da vəkillik təsisatı tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan hüquqi institut kimi formalaşdı.

Yeni Qanunun qəbulundan sonra 3 noyabr 2004-cü ildə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təsis edilib və ilkin mərhələdə onun 356 üzvü olub. Bu addım vəkilliyin peşəkar, şəffaf və institusional əsaslar üzərində yenidən təşkilinə mühüm təkan verib. Sonrakı illərdə Azərbaycan vəkilliyi təkcə hüquqi yardım göstərən təsisat kimi deyil, həm də insan hüquqlarının müdafiəsi, hüquqi maarifləndirmə, ədalət mühakiməsinin təminatçısı və hüquqi dövlətin əsas dayaqlarından biri kimi fəaliyyət göstərir. Bu gün Kollegiyanın üzvlərinin sayı artıq 2 836 nəfərə çatır ki, bu da ölkəmizdə vəkilliyin nüfuzunun və əhatə dairəsinin artdığını göstərir.

Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə vəkilliyin inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. 2005-ci il 11 mart tarixli “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə” Sərəncam dövlətin bu sahəyə göstərdiyi real dəstəyin bariz nümunəsidir.

Hüquqi islahatlar çərçivəsində vəkillik institutunun inkişafında dönüş nöqtəsi hesab edilən mühüm sənədlərdən biri də cənab Prezidentin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamıdır. Sərəncamla vəkillik fəaliyyətinin institusional əsaslarının möhkəmləndirilməsi, Vəkillər Kollegiyasının fəaliyyət imkanlarının genişləndirilməsi və maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində konkret tapşırıqlar müəyyən edilib. Bu çərçivədə Kollegiyanın müvafiq binalarla təmin olunması, dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən məbləğin üç dəfə artırılması və digər vacib mexanizmlər hüquqi müdafiə sisteminin daha funksional və əlçatan olmasına xidmət edən mühüm addımlar kimi qiymətləndirilir. Bu sənədlərlə yanaşı, vəkillərin fəaliyyət şəraitinin yaxşılaşdırılması, hüquqi xidmətlərin rəqəmsallaşdırılması, “Elektron vəkil orderi” sisteminin tətbiqi və “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya kimi mühüm yeniliklər də həyata keçirilib.

Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması və vəkillik institutunun inkişafı istiqamətində atılan mühüm strateji addım olub. Həmin Fərmanla 2020-ci ildən etibarən dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Vəkillər Kollegiyasına ayrılması qərara alınıb. Eyni zamanda Prezidentin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il 28 dekabrın Vəkil Günü kimi qeyd olunması təsbit edilib. Bu Sərəncam ölkəmizdə vəkillik institutuna, vəkillərin əməyinə, həmçinin cəmiyyətdə ədalətin və hüququn qorunmasında onların roluna verilən yüksək qiymətin bariz nümunəsidir. Sözügedən sənədlər və qəbul edilən qərarlar vəkilliyin müstəqilliyinin möhkəmlənməsinə, peşə nüfuzunun artmasına və vəkillərin cəmiyyət qarşısında ictimai məsuliyyətinin daha da güclənməsinə zəmin yaradıb.

Prezident İlham Əliyevin 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə Mülki Prosessual Məcəlləyə, Cinayət-Prosessual Məcəlləyə, Cəzaların İcrası Məcəlləsinə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilən dəyişikliklər ölkəmizdə hüquq sisteminin daha da təkmilləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Sənəddə müdafiə hüququnun səmərəli təmin edilməsi və vəkilliyin institusional əsaslarının gücləndirilməsi məqsədilə zəruri mexanizmlər müəyyən edilib. Ölkə başçısının hüquq sahəsinə göstərdiyi davamlı diqqət və qayğı, xüsusilə də vəkillik fəaliyyətinin inkişafına yönəlmiş ardıcıl islahatlar, vəkillərin peşəkar hazırlığının artırılmasına, fəaliyyət imkanlarının genişlənməsinə və hüquqi müdafiə sistemində nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.

Son illərdə ölkəmizdə vəkillik institutunun regionlarda da möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Bu çərçivədə Sumqayıt, Şəki, Şirvan və Gəncə şəhərlərində regional vəkil qurumları yaradılıb ki, bu da əhalinin peşəkar hüquqi yardıma əlçatanlığının artırılmasına mühüm töhfə verib.

Cari ildə sayca 4-cü Regional Vəkil Bürosu olan Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılışı baş tutub. Büro Kollegiyanın tam maddi vəsaiti hesabına müasir standartlara uyğun şəkildə yenilənib və zəruri texniki avadanlıqlarla təmin olunub. Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binası vətəndaşların konstitusion hüquqlarından biri olan keyfiyyətli hüquqi yardım almaq hüququnun daha yaxşı realizə olunması, region sakinlərinin ədalət mühakiməsinə çıxış imkanlarının genişləndirilməsi və vəkillərin peşəkar fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması deməkdir. Eyni zamanda yeni inzibati bina gənc hüquqşünaslar üçün də mühüm inkişaf imkanları yaradır. Gəncə Regional Vəkil Bürosu artıq öz funksional imkanları ilə Qərb bölgəsində hüquqi xidmətlərin mərkəzinə çevrilir. Bu Regional Vəkil Bürosunun fəaliyyəti yalnız hüquqi yardım göstərilməsi ilə məhdudlaşmır, eyni zamanda regionda hüquqi maarifləndirmə işinin təşkili, əhalinin hüquqi biliklərinin artırılması və vətəndaşların hüquqlarının müdafiəsi sahəsində ictimai şüurun formalaşdırılmasında da aktiv iştirak edir.

Həmçinin vurğulamalıyam ki, Lənkəran şəhərində də vəkillər üçün yeni inzibati binaların tikintisi istiqamətində mühüm layihələr icra olunmaqdadır. Bu layihələr regionlarda infrastrukturun yenilənməsi və vəkillik fəaliyyətinin müasir şəraitdə həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Hazırda isə Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsində yerləşən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının yeni inzibati binasında – “Vəkil evi”ndə Kollegiyanın vəsaiti ilə tikinti və əsaslı təmir işləri uğurla davam etdirilir. Ən müasir tələblərə uyğun inşa olunan bu bina vəkilliyin institusional inkişafına, həmçinin Kollegiyanın fəaliyyətinin daha yüksək səviyyədə təşkili üçün mühüm baza rolunu oynayacaq. Tikinti və təmir işlərinin 2026-cı ilin əvvəlində yekunlaşdırılması və “Vəkil evi”nin təntənəli açılış mərasiminin keçirilməsi planlaşdırılır.

Hazırda ölkə üzrə ümumilikdə 144 vəkil qurumu fəaliyyət göstərir. Bu qurumlar paytaxtla yanaşı, regionları da əhatə edir və vətəndaşlara göstərilən hüquqi yardımın daha əlçatan və operativ olmasına xidmət edir. Bu göstərici son illərdə vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən islahatların və sistemli tədbirlərin bariz nəticəsidir. Regionlarda yeni Vəkil bürolarının yaradılması, infrastrukturun gücləndirilməsi, habelə vəkillərin sayının artması və peşəkarlıq səviyyəsinin yüksəlməsi hüquqi yardım sisteminin keyfiyyətini əhəmiyyətli dərəcədə artırıb.

Ölkəmizdə hüquqi dövlət quruculuğu və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. Bu istiqamətdə atılan ən vacib addımlardan biri də əhalinin hüquqi yardıma əlçatanlığının təmin olunması və bu sahədə fəaliyyət göstərən vəkillərin sosial təminatının gücləndirilməsidir. Belə ki, 2025-ci il ərzində Baş nazir Əli Əsədovun qərarı ilə dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin məbləği artırılıb. Yeni qərara əsasən hüquqi yardımın göstərilməsinə görə vəkillərə ödənilən haqq hər iş saatı üçün 6 manatdan 11 manata qədər artırılıb. Bu dəyişiklik hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi və vəkillərin əməyinin daha layiqli qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Konstitusion hüquq olan peşəkar hüquqi yardım almaq hüququnun realizəsini həyata keçirən Vəkillər Kollegiyasının fəaliyyəti çoxşaxəlidir. Kollegiyanın fəaliyyəti həm vəkilliyin inkişafı, həm də vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu kontekstdə ilk növbədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin və digər qurumlarının fəaliyyəti xüsusi vurğulanmalıdır. Belə ki, 2025-ci il ərzində Rəyasət Heyətinin 21 iclası keçirilib. İclaslarda vəkilliyə qəbul üzrə ixtisas imtahanlarını və icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vuran namizədlərin andiçmə mərasimləri təşkil olunub. Bu mərasimlər gənc hüquqşünasların peşəkar fəaliyyətə başlamasında, vəkillik institutunun daha da güclənməsində mühüm rol oynayıb. Həmçinin Rəyasət Heyətinin iclaslarında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb, bəzi vəkillərin dövlət qulluğuna qəbulu ilə əlaqədar fəaliyyətlərinin dayandırılması, mükafatlandırılması, öz ərizələri əsasında fəaliyyətlərinə xitam verilməsi, üzvlük haqqından müəyyən müddətə azad edilməsi, maddi yardım göstərilməsi, üzvlük haqqı borclarının silinməsi və digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətlər üzrə qərarlar qəbul edilib.

Ümumilikdə, bu il Rəyasət Heyəti tərəfindən 790 qərar qəbul olunub. Qərarların əhəmiyyətli hissəsi vəkillərin sosial rifahının yaxşılaşdırılması, onların fəaliyyət şəraitinin və hüquqlarının müdafiəsi ilə bağlı olub. Belə ki, Rəyasət Heyətinin qərarları ilə xəstəliklə əlaqədar olaraq 4 vəkilə Vəkilliyin İnkişafı Fondundan maddi yardım göstərilib, 82 vəkil isə analıq məzuniyyəti, təhsil və digər əsaslara görə üzvlük haqqı ödəməkdən azad edilib.

2025-ci ildə vəkillərin və vətəndaşların müraciətlərinin operativ və şəffaf şəkildə cavablandırılması məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyətində mütəmadi olaraq vətəndaş qəbulları təşkil olunub, ümumilikdə 719 vətəndaş qəbul edilib. Rəyasət Heyətinə daxil olan müraciətlərin hər biri araşdırılıb, aidiyyəti üzrə baxılıb və qanunvericiliyə uyğun şəkildə cavablandırılıb. Ümumilikdə isə 2025-ci ildə Rəyasət Heyətinə 4 688 sənəd daxil olub, vətəndaşlara və dövlət qurumlarına isə 2 050 məktub cavab olaraq göndərilib.

2025-ci il ərzində Vəkillər Kollegiyasının fəaliyyəti çərçivəsində intizam və hüquqi normayaratma istiqamətlərində mühüm addımlar atılıb. Belə ki, bu il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə ümumilikdə 893 şikayət daxil olub. İntizam icraatlarının nəticələri üzrə Rəyasət Heyəti tərəfindən 170 qərar qəbul edilib.

Bundan başqa, Vəkillər Kollegiyası dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi prosesində də aktiv iştirak edib. Belə ki, 2025-ci il ərzində Kollegiya tərəfindən 50-dən çox normativ hüquqi akt layihəsinə rəy və təkliflər təqdim olunub. Bu, Kollegiyanın hüquqi islahatlarda və normayaratma proseslərində mühüm tərəfdaş kimi rolunu bir daha təsdiqləyib.

Eyni zamanda Konstitusiya Məhkəməsi ilə əldə edilmiş razılıq əsasında Vəkillər Kollegiyası il ərzində 26 iş üzrə mütəxəssis mülahizəsi təqdim edib. Bu mülahizələr ölkədə hüquq tətbiqi təcrübəsinin təkmilləşdirilməsi, məhkəmə qərarlarının hüquqi əsaslarının möhkəmləndirilməsi və hüquqi mövqenin formalaşması baxımından əhəmiyyətli töhfə hesab olunur.

Vəkillər Kollegiyasının fəaliyyət istiqamətlərindən biri kimi beynəlxalq əməkdaşlıq münasibətlərinin inkişafı xüsusi əhəmiyyət daşıyır.

2025-ci il Vəkillər Kollegiyası üçün beynəlxalq müstəvidə uğurlu və əlamətdar dövr olub. Kollegiya fəaliyyətini beynəlxalq əməkdaşlığın genişləndirilməsi, vəkillərin peşəkar inkişafı və ölkəmizin hüquqi imicinin gücləndirilməsi istiqamətində ardıcıl şəkildə davam etdirib. Kollegiyanın üzvü, “Gənc Vəkillər” Komitəsinin həmsədri və Avropa Gənc Vəkillər Assosiasiyasında (EYBA) səlahiyyətli nümayəndə qismində təmsil olunan Yunis Nəsibovun EYBA-nın İcraiyyə Komitəsinə üzv seçilməsi xüsusi qeyd edilməlidir. Eyni zamanda 2026-cı ildə EYBA-nın payız konfransının Bakıda keçirilməsi barədə qəbul edilən qərar Azərbaycan vəkilliyinin beynəlxalq nüfuzunun artmasının daha bir göstəricisi olub.

Son illər ərzində Kollegiya Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Asiya və Sakit Okean Hüquq Assosiasiyası (LAWASIA), Beynəlxalq Vəkillər Assosiasiyası (UIA) və Avropa Vəkillər Assosiasiyası (AEA-EAL) kimi nüfuzlu qurumların üzvüdür. 2025-ci ildə də Kollegiya bu təşkilatlarla, eləcə də Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumları və Avropa Şurası ilə səmərəli əməkdaşlığı davam etdirib.

Bu il Vəkillər Kollegiyasının rəhbərliyi və üzvləri Avstriya, Qırğız Respublikası, İtaliya, Türkiyə, Niderland, Özbəkistan Küveyt, Çin, Gürcüstan, Fransa və Rumıniya kimi ölkələrdə keçirilən beynəlxalq konfrans və tədbirlərdə iştirak edib, həmçinin vebinar və simpoziumlarda onlayn formatda çıxışlar ediblər. Tədbirlər çərçivəsində Azərbaycan vəkilliyi layiqincə təmsil olunub, fikir və təcrübə mübadiləsi aparılıb.

Bundan əlavə, Bakıda keçirilən beynəlxalq tədbirlərdə Vəkillər Kollegiyasının rəhbərliyinin fəal iştirakı nəticəsində xarici qonaqlarla görüşlər təşkil edilib, əməkdaşlıq əlaqələri daha da möhkəmləndirilib. 2025-ci ildə Kollegiyanın Rəyasət Heyətinə beynəlxalq təşkilatlardan ümumilikdə 67 sənəd daxil olub. Bütün bu fəaliyyətlər Azərbaycan vəkilliyinin beynəlxalq hüquqi müstəvidə mövqeyinin güclənməsinə, ölkəmizin hüquqi sisteminin tanıdılmasına və qarşılıqlı etimadın artmasına mühüm töhfə verib.

2025-ci il fevralın 25-28-də Vəkillər Kollegiyasının rəhbərliyi Avstriyaya rəsmi səfər edib. Səfər çərçivəsində fevralın 25-də heyət Avstriyanın Laksenburq əyalətində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasına baş çəkərək Akademiyanın rektoru Slagjana Taseva ilə görüş keçirib. Görüşdə tərəflər qarşılıqlı əməkdaşlıq strategiyalarını müzakirə edib, vəkillərin peşəkar inkişafı və təhsilinin dəstəklənməsi istiqamətində konkret addımlar barədə razılığa gəliblər.

Fevralın 26-da nümayəndə heyəti Avstriyanın paytaxtı Vyana şəhərində CCBE-nin “Mübadilə, əməkdaşlıq və dəstək platforması” Komitəsinin iclasında iştirak edib və Kollegiyada son illər görülən işlər barədə məlumat verib.

Fevralın 27-də isə heyət CCBE-nin Daimi Komitələrinin iclaslarında iştirak edərək gündəlikdəki məsələləri müzakirə edib və təşkilatın gələcək fəaliyyət istiqamətlərinə dair qərarlarda iştirak edib.

Səfərin yekun günü - fevralın 28-də Kollegiyanın nümayəndə heyəti Avstriya Vəkillər Kollegiyasının dəvəti ilə Avropa Vəkillər Kollegiyaları rəhbərlərinin 53-cü konfransında iştirak edib. Konfrans çərçivəsində iştirakçılar Avstriya Federal Kansleri və Avstriya federal ədliyyə nazirinin qəbulunda olublar.

Fevral-mart aylarında Kollegiyanın nümayəndələri Qırğızıstanda vəkilliyin 100 illik yubileyində, İtaliyanın Roma şəhərində EYBA-nın beynəlxalq konfransında, eləcə də Türkiyənin İzmir şəhərində keçirilən “Ətraf mühit hüququnun müasir problemləri” mövzusunda beynəlxalq konqresdə iştirak ediblər. Həmin tədbirlərdə Azərbaycan vəkilliyinin təcrübəsi, qanunvericilik islahatları və hüquqi təhsil sahəsindəki yeniliklər təqdim olunub.

Aprel ayında Vəkillər Kollegiyasının Akademiyasının (indiki Vəkillər Kollegiyasının Tədris Mərkəzi) da təşkilatçısı olduğu “5-ci İdarə Hüququ və İdari Məhkəmə Beynəlxalq Simpoziumu”nda Kollegiya üzvləri müxtəlif mövzularda elmi tezislərlə çıxış ediblər. May ayında Daşkənddə keçirilən “Daşkənd Hüquq Baharı” IV Beynəlxalq Hüquq Forumunda çıxış edən Vəkillər Kollegiyasının sədri Azərbaycanda vəkillik sistemində tətbiq olunan innovativ və rəqəmsal yanaşmalar barədə məlumat verib.

İlin ikinci yarısında Vəkillər Kollegiyasının rəhbərliyi və nümayəndələri Niderland, Özbəkistan, Portuqaliya, Çin, Küveyt, Gürcüstan, Fransa və Rumıniyada keçirilən beynəlxalq konfrans və forumlarda iştirak ediblər. Kollegiya sədri, müavinləri və Rəyasət Heyətinin üzvləri çıxışlarında ölkəmizdə hüquqi islahatlar, vəkillərin rolu və beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Həmçinin il ərzində Vəkillər Kollegiyasının təşəbbüsü ilə Türkiyə və digər ölkələrin vəkil qurumları ilə görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində razılaşmalar əldə olunub.

Dekabr ayı ərzində Vəkillər Kollegiyası beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirib. Ayın 11–13-də Kollegiyanın sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının dəvəti ilə Buxarest şəhərində rəsmi səfərdə olub. Səfər çərçivəsində Rumıniyanın Ədliyyə Nazirliyində keçirilən görüşdə iki ölkə arasında mövcud olan səmimi və dostluq münasibətləri xüsusi vurğulanıb, ikitərəfli əlaqələrin hüquqi sahədə daha da genişləndirilməsi istiqamətində görülən işlər və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda nümayəndə heyəti Azərbaycanın Rumıniyadakı səfirliyini ziyarət edib. Dekabrın 12-də isə nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib.

Vəkillər Kollegiyasının fəaliyyətinin elektronlaşması mühüm istiqamətlərdən biridir.

Qeyd olunduğu kimi cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Kollegiyanın və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək, bunun üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlərin görülməsi Vəkillər Kollegiyasına tövsiyə edilib.

Bu tövsiyə Vəkillər Kollegiyasının fəaliyyətində yeni mərhələnin əsasını qoyub. “Elektron Vəkil Platforması” yaradılıb, habelə Kollegiyanın nəzdində “Elektron vəkillik” Komitəsi təsis edilib. Eyni zamanda Kollegiyanın rəsmi veb-saytı, habelə vəkillərin onlayn reyestri, vəkillər üçün elektron məhkəmə ilə inteqrə olunmuş elektron şəxsi-kabinetin yaradılması elektronlaşmanın ilk mərhələlərindən olub.

Elektronlaşmanın davamı olaraq vəkilliyə qəbulla bağlı sənəd qəbulunun tam elektronlaşması mühüm əhəmiyyət kəsb edir. Kollegiya üzvlüyünə qəbulla bağlı tələblərə cavab verən namizədlər ixtisas imtahanının test mərhələsində iştirak üçün heç yerə getmədən, olduqları yerdə Vəkillər Kollegiyasının veb-saytında qeydiyyatdan keçir, müvafiq məlumatlarını doldurur və ödənişi onlayn qaydada bank kartları vasitəsilə həyata keçirirlər. Bu da həm şəffaflıq, həm səmərəlilik, həm də vaxta qənaət deməkdir.

Hüquqi yardım haqqında müqavilənin elektron bağlanması (elektron müqavilə) və elektron vəkil orderi hüquq xidmətlərində inqilabi yenilik yaradıb. Bu sistemlər vasitəsilə şəxslər dünyanın istənilən nöqtəsindən vəkil bürolarına getmədən onlayn qaydada vəkillərlə hüquqi yardım haqqında müqavilə bağlaya bilirlər. Bununla da vətəndaşlar həm öz vaxtlarına, həm də resurslarına qənaət etmiş olurlar. Düzdür, bu layihəyə başlayarkən müəyyən tərəddüdlər vardı. Çünki elektronlaşma hər yerdə eyni sürətlə getmir və bütün vətəndaşlar da rəqəmsallaşmadan eyni dərəcədə istifadə etmirlər. Bu səbəbdən müqavilələrin elektron qaydada bağlanması və elektron orderin tətbiqi ilk olaraq 5 Vəkil Bürosunda pilot layihə kimi tətbiq edilib, daha sonra isə bütün ölkə üzrə geniş istifadə olunmağa başlayıb.

Statistik rəqəmlər layihənin effektivliyini aydın şəkildə göstərir:

- 2023-cü ildə – 21 elektron order,

- 2024-cü ildə – 13 661 elektron order,

- 2025-ci ildə – 55 576 elektron order rəsmiləşdirilib.

Həmçinin vəkillər tərəfindən bağlanan müqavilələrlə bağlı statistika isə aşağıdakı kimidir:

- 2023-cü ildə – 26 elektron müqavilə,

- 2024-cü ildə – 20 476 elektron müqavilə,

- 73 034 elektron müqavilə bağlanılıb.

Bu artım vətəndaşların rəqəmsal hüquqi xidmətlərə etimadını, sistemin isə səmərəliliyini nümayiş etdirir.

Qeyd olunan yeniliklərdən əlavə, yaxın zamanda Kollegiyanın “Elektron vəkillik” Komitəsi tərəfindən hazırlanan “Pro Bono” chat botu istifadəyə veriləcəkdir. Bu bot süni intellektdən istifadə edərək vətəndaşlara Pro Bono hüquqi yardım göstərəcəkdir. Rəqəmsallaşmada növbəti mərhələ elektron vəkil sorğusu layihəsidir. Bu funksional imkan vəkil sorğularının elektron qaydada təqdim edilmə imkanı tanıyacaq. Beləcə, vəkillər bir çox məlumatı real vaxt rejimində, bəzi məlumatları isə elektron qaydada rahatlıqla əldə edə biləcək. Vurğulanmalıdır ki, burada normativ hüquqi tənzimləmə ilə bağlı müəyyən problemlər mövcuddur. Bu problemlərin aradan qaldırılması istiqamətində Kollegiya tərəfindən müvafiq qanun layihələri hazırlanır. Lazımi dəyişikliklər tamamlandıqdan dərhal sonra sistem istifadəyə veriləcək.

Vəkillər Kollegiyasının fəaliyyətində prioritet istiqamətlərdən biri də yerli əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.

Son illərdə Vəkillər Kollegiyası ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası arasında əməkdaşlıq çərçivəsində ixtisasartırma təlimləri uğurla həyata keçirilir və hazırda da davam etdirilir. 2025-ci il ərzində təşkil olunan təlimlər vəkillərin peşə bacarıqlarının artırılmasına, hüquqi biliklərin yenilənməsinə və göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli töhfə verir. Təlimlərdə iştirak edən vəkillər müasir hüquqi problemlərin həlli yolları, qanunvericilikdəki yeniliklər, məhkəmə praktikasının təhlili və vəkillik fəaliyyəti ilə bağlı digər aktual məsələlər barədə ətraflı məlumat əldə edirlər.

Belə ki, 2025-ci ildə Kollegiya vətəndaşlara hüquqi yardımın əlçatanlığının artırılması, vəkillik institutunun inkişafı və əməkdaşlığın genişləndirilməsi istiqamətində intensiv fəaliyyət göstərib. İl ərzində Kollegiya rəhbərliyi və üzvləri beynəlxalq təşkilatlarla yanaşı, dövlət qurumları və yerli icra hakimiyyətləri ilə bir sıra görüşlər və əməkdaşlıq tədbirləri keçirib.

Bu çərçivədə Vəkillər Kollegiyası ilə Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ədliyyə Akademiyası ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığın hüquqi əsaslarını möhkəmləndirən memorandumlar imzalayıb. İmzalanmış sənədlər hüquqi maarifləndirmə, peşəkar potensialın artırılması və sosial yönümlü layihələrin birgə icrası baxımından mühüm əhəmiyyət daşıyır.

Vəkillər Kollegiyasının rəhbərliyi paytaxt Bakıda və ölkənin müxtəlif məkanlarında keçirilən nüfuzlu beynəlxalq və respublika səviyyəli tədbirlərdə də fəal iştirak edib. Belə ki, Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunan “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransında, “Azərbaycan Arbitraj Günləri 2025” beynəlxalq konfransında, “Konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi yolu ilə Konstitusiyanın aliliyinin təmin edilməsində müasir tendensiyalar” mövzusunda beynəlxalq konfransda, Polis Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunan “Zəfərə aparan yol-Qarabağ Salnaməsi” mövzusunda konfransda, Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının birinci konqresində, eləcə də Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının açılış mərasimində və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forumda çıxışlar edilib.

Həmçinin Kollegiyanın rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Konstitusiya milli iradənin və suverenliyin təzahürü kontekstində: yeni reallıqlar, strateji hədəflər” mövzusunda respublika elmi-praktik konfransda, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyası tərəfindən təşkil olunan Milli Biznesin İnkişafı Forumunda, eləcə də Polis Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 77-ci ildönümünə həsr edilmiş elmi-praktik konfransda açılış nitqləri ilə çıxış ediblər.

Hər zaman olduğu kimi sosial yönümlü fəaliyyətlər də diqqət mərkəzində olub. Belə ki, Vəkillər Kollegiyasının rəhbərliyi Şəmkir rayonunda Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü və Kollegiyanın dəstəyi ilə vətəndaşlar üçün pulsuz hüquqi yardım aksiyasında çıxış edib. Eyni zamanda rəhbərlik tərəfindən Ədliyyə Akademiyasında hakimliyə namizədlər və ədliyyə orqanlarına yeni qəbul olunan əməkdaşlar üçün təşkil edilən icbari tədris çərçivəsində “Ədalət mühakiməsinin təmin edilməsində vəkillik institutunun rolu” mövzuları tədris olunub, Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin üzvləri ilə əməkdaşlıq görüşü keçirilib.

Ali Məhkəmədə "Femida Dialoq Platforması" çərçivəsində Vəkillər Kollegiyasının iştirakı ilə növbəti dəfə görüş keçirilib. Görüşdə Kollegiyanın rəhbərliyi və vəkillərlə yanaşı, Ali Məhkəmənin rəhbərliyi, habelə hakimləri və Məhkəmə-Hüquq Şurasının üzvləri də iştirak ediblər. Tədbirdə Ali Məhkəmə tərəfindən vəkillik fəaliyyəti zamanı qarşıya çıxan problemlərin araşdırılması, onların operativ şəkildə həlli və əməkdaşlıq mühitinin daha da gücləndirilməsi istiqamətində atılan addımlar təqdirəlayiq hesab edilib.

Ümumilikdə, Vəkillər Kollegiyası birgə əməkdaşlıq mexanizmləri çərçivəsində məcburi köçkünlər, aztəminatlı şəxslər, qazilər və digər sosial həssas qruplar üçün ölkə üzrə pulsuz hüquqi yardım aksiyaları həyata keçirib. Kollegiyanın Hüquqi Yardım Mərkəzi, Milli Məclis, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Penitensiar və Probasiya xidmətləri və yerli icra hakimiyyətləri ilə əməkdaşlıq nəticəsində minlərlə vətəndaş və məhkum pulsuz hüquqi məsləhətlə təmin olunub.

Gənclərə dəstək, vəkil peşəsinə marağın artırılması, sosial aksiyalar və yarışlar Vəkillər Kollegiyasının prioritet istiqamətlərindən biridir.

Vəkillər Kollegiyası gənc hüquqşünasların vəkillik peşəsinə marağının artırılmasını prioritet fəaliyyət istiqaməti kimi müəyyən edib. Bu çərçivədə məktəb və universitetlərdə maarifləndirici görüşlər, müzakirələr və təcrübə proqramları həyata keçirilir, tələbələr Vəkil bürolarında təcrübə keçərək nəzəri biliklərini praktik bacarıqlarla tamamlayırlar. Belə ki, “Femida Könüllüləri” və müxtəlif təcrübə proqramları çərçivəsində 256 gənc iştirak edib.

Həmçinin bu il dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Səbuhi Göyüşov 1 illik fərdi inkişaf mentorluq proqramı çərçivəsində idarəçi rəhbər olan Kollegiyanın sədri ilə mütəmadi görüşlər keçirib. Eyni zamanda beşinci “Yüksəliş” müsabiqəsinin final mərhələsində Kollegiyanın sədri mentor kimi iştirak edib.

Bundan əlavə, Kollegiya tərəfindən maliyyə və təşkilati dəstək göstərilən maarifləndirici layihələr, kitab təqdimatları və beynəlxalq təhsil proqramlarında iştirak imkanları gənclərin peşəkar inkişafına və vəkillik peşəsinə marağın artırılmasına mühüm töhfə verir.

2025-ci ildə Vəkillər Kollegiyasının Komitələri və Qadın Vəkillər Alyansı sahəsində geniş və məqsədyönlü fəaliyyət göstərib. Yanvarın 10-da Kollegiyanın rəhbərliyi Deontologiya Komitəsi ilə görüş keçirib, Komitənin gələcək işləri, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin kommentariyasının hazırlanması və bu işdə Vəkillərin İntizam Komissiyası üzvləri və Kollegiya üzvü olan vəkillərin iştirakı müzakirə olunub. Bununla yanaşı, Rəyasət Heyətinin iclaslarında bu sahədə əməkdaşlıq üzrə İşçi Qruplarının (həm hüquq mühafizə orqanları, həm də məhkəmə orqanları ilə əlaqəli şəxslər) yaradılması təsdiqlənib.

Bu il də ötən dövrlərdəki kimi, sosial sahədə Kollegiya üzvləri uşaq evləri və internat məktəblərinə ziyarətlər təşkil edərək onlara dəstək göstərib. Bundan başqa, Kollegiya tərəfindən idman, intellektual və bədii müsabiqələr keçirilib. Bunlara beynəlxalq və yerli futbol və şahmat turnirləri, intellektual yarış, ədəbiyyat və digər yaradıcılıq müsabiqələri daxildir.

Qadın Vəkillər Alyansı sosial məsuliyyət layihələrində aktiv iştirak edib, uşaq sığınacaqlarında və müxtəlif tədbirlərdə gənclərlə görüşlər təşkil edib. Kollegiyanın “Legal Eagles” futbol komandası beynəlxalq yarışlarda uğurla çıxış edərək Azərbaycan vəkilliyini təmsil edib.

Vəkillər Kollegiyasının prioriteti: Hüquqşünasların, xüsusilə gənclərin Kollegiya üzvlüyünə qəbulu və imtahanların davamlılığı.

22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Vəkillər Kollegiyası tərəfindən vəkilliyə qəbul prosesi müntəzəm şəkildə həyata keçirilir. Qeyd edilməlidir ki, test üsulu ilə vəkilliyə qəbul 2004-cü ildən tətbiq olunmağa başlanılıb. 2004-2018-ci illər ərzində yalnız 5 yazılı test imtahanı keçirilib. Son 8 ildə isə bu rəqəm 16-ya çatdırılıb və nəticədə ölkədə vəkillərin sayı üç dəfədən çox artırılıb.

2025-ci ildə Vəkillərin İxtisas Komissiyası tərəfindən şifahi imtahan mərhələsi üzrə 34 iclas, yazılı test imtahanları üzrə isə 2 mərhələ təşkil olunub. 6 iyul və 28 noyabr 2025-ci il tarixlərində keçirilən yazılı test imtahanlarında ümumilikdə 823 namizəd iştirak edib, onlardan 420 nəfəri müvəffəqiyyət qazanıb. Bu il ərzində 469 nəfər şifahi müsahibədə iştirak edib, 366 nəfər növbəti mərhələyə keçib. İl ərzində isə 347 nəfər vəkil and içərək Kollegiyanın üzvlüyünə qəbul olunub. Nəticədə, 2025-ci ildə ölkədə vəkillərin ümumi sayı 2 836 nəfərə çatıb. Bu göstəricilər vəkillik institutunun davamlı inkişafını və peşə üzrə tələb və marağın artdığını açıq şəkildə nümayiş etdirir.

Vəkil köməkçiləri institutu Kollegiyanın əsas inkişaf hədəflərindən biridir. Hazırda Vəkillər Kollegiyasında 400-dən artıq vəkil köməkçisi fəaliyyət göstərir. İl ərzində Kollegiya rəhbərliyi yeni qəbul edilən vəkil köməkçiləri ilə bir sıra görüşlər təşkil edib, onlara tövsiyələr verib.

Kollegiyanın əsas məqsədlərindən biri vəkillərin peşəkarlığının artırılması və davamlı təlimlərin genişləndirilməsidir.

2025-ci ildə Vəkillər Kollegiyası tərəfindən ümumilikdə 113 təlim təşkil olunub və həmin təlimlərdə 5 113 vəkil iştirak edib. Bu, onu göstərir ki, bir vəkil bir neçə təlimə qoşularaq bilik və bacarıqlarını artırıb. Təlimlərin 25-i Ədliyyə Akademiyası ilə birgə ixtisasartırma proqramı çərçivəsində keçirilib və burada 645 vəkil iştirak edib. Qalan 84 təlim isə Kollegiyanın öz təşəbbüsü ilə təşkil olunub və bu tədbirlərə 4 468 vəkil cəlb olunub. Bundan əlavə, “Vəkildən gənc hüquqşünasa” layihəsi çərçivəsində keçirilən 4 təlimdə 133 gənc hüquqşünas iştirak edərək, vəkillik peşəsinə hazırlıq və peşəkar biliklərini artırma imkanı əldə edib. Bu fəaliyyətlər Kollegiyanın vəkillərin davamlı peşəkar inkişafını təmin etməklə, vəkillik sahəsində biliklərin müasirləşməsinə verdiyi önəmi bir daha təsdiqləyir.

“Azərbaycan Vəkili” jurnalının 2025-ci il buraxılışları: hüquqi düşüncənin inkişafına mühüm töhfə

2025-ci ildə “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının növbəti sayları beynəlxalq standartlara uyğun şəkildə, müasir nəşr tələbləri və peşəkar yanaşmalar əsasında çap olunaraq oxuculara təqdim edilib. Qeyd olunmalıdır ki, "Azərbaycan Vəkili" elmi-praktik hüquq jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil olunmuşdur. Vəkillər Kollegiyasının təsis etdiyi jurnal il ərzində ənənəvi olaraq iki dəfə nəşr olunub və hər iki buraxılış hüquq ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Bu il işıq üzü görən ikinci say xüsusi əhəmiyyət kəsb edib. Belə ki, sözügedən buraxılış ölkəmizdə Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci il üçün elan olunmuş “Konstitusiya və Suverenlik İli”nə həsr edilib. Jurnalda konstitusion hüquqların əhatəsində insan hüquqlarının müdafiəsi, müasir dövrdə hüququn müxtəlif sahələrinin inkişaf tendensiyalarına uyğun mövzuları əhatə edən elmi-praktik məqalələrə yer ayrılıb. Dərc olunan məqalələr həm hüquqşünaslar, həm də geniş oxucu auditoriyası üçün aktual hüquqi biliklərin təbliğinə və peşəkar dünyagörüşünün inkişafına xidmət edir.

Aprelin 11-də Hüquq və İnsan Haqları İnstitutu tərəfindən hüquq sahəsi üzrə məqalə dərc edən jurnallarla bağlı hazırlanan II Monitorinq Hesabatı ictimaiyyətə təqdim olunub. Sorğu nəticələrinə əsasən “Azərbaycan Vəkili” jurnalı ölkədə ən çox oxunan hüquqi nəşrlər siyahısında birinci olub. Respondentlərin 57,2%-i tərəfindən üstünlük verilən jurnal ölkənin aparıcı hüquqi tribunasına çevrildiyini bir daha təsdiqləyir.

Beləliklə, 2025-ci ildə “Azərbaycan Vəkili” jurnalının fəaliyyət istiqamətləri, məzmun keyfiyyəti və ictimaiyyət arasında nüfuzu ölkəmizdə hüquqi maariflənmə prosesinə, peşəkar hüquq mədəniyyətinin inkişafına və vəkillik institutunun elmi-praktik əsaslarla daha da möhkəmlənməsinə dəyərli töhfə verib.

Vətəndaşlara pulsuz hüquqi yardımın genişləndirilməsi: Vəkillər Kollegiyasının sosial məsuliyyət missiyası

Vətəndaşların keyfiyyətli hüquqi yardıma bərabər və maneəsiz çıxışını təmin etmək Vəkillər Kollegiyasının prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə 2025-ci il ərzində Kollegiya tərəfindən ölkənin bütün regionlarını əhatə edən genişmiqyaslı sosial-hüquqi tədbirlər həyata keçirilib və aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilib. İl ərzində ümumilikdə “Konstitusiya və Suverenlik İli” üzrə Tədbirlər Planı çərçivəsində 10 mindən çox vətəndaş Vəkillər Kollegiyasının təşkil etdiyi pulsuz hüquqi yardım imkanlarından faydalanıb.

Ənənəvi olaraq hər il qeyd edilən Beynəlxalq İnsan Hüquqları Günü, Beynəlxalq Qadınlar Günü, Milli Qurtuluş Günü, Uşaqların Beynəlxalq Müdafiəsi Günü, Silahlı Qüvvələr Günü, Zəfər Günü, Dövlət Bayrağı Günü, Konstitusiya Günü, Vəkil Günü və digər əlamətdar tarixlər münasibətilə Kollegiya tərəfindən müxtəlif məkanlarda pulsuz hüquqi yardım aksiyaları keçirilib. Bu aksiyalar cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxslərə hüquq sahəsində əlçatanlığın təmin olunmasına xidmət göstərib.

2025-ci il üçün Kollegiyanın Rəyasət Heyətinin təsdiq etdiyi pulsuz hüquqi yardım proqramlarının daha da intensivləşdirilməsi nəzərdə tutulub. Həmin Tədbirlər Planından irəli gələrək il ərzində müxtəlif dövlət qurumları ilə əməkdaşlıq şəraitində çoxsaylı hüquqi yardım aksiyaları təşkil olunub.

Qeyd olunan tədbirlər Vəkillər Kollegiyasının sosial məsuliyyət prinsiplərinə sadiqliyini, hüquqi yardıma ehtiyacı olan şəxslərin müdafiəsinin təmin edilməsini və cəmiyyətin hüquqi maarifləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətin bariz nümunəsidir.

Sonda böyük qürur və məmnunluq hissi ilə bir daha qeyd edilməlidir ki, Azərbaycan Respublikası postsovet məkanında vəkillik institutuna müstəqil fəaliyyət imkanı verən ilk ölkələrdən biri kimi hüquqi sistemində mühüm islahatlara imza atıb. Məhz bu addım ölkəmizdə hüquqi dövlət quruculuğunun inkişafında xüsusi əhəmiyyət kəsb edib, vəkil peşəsinin nüfuzunun artırılmasına geniş imkanlar yaradıb. Hazırda isə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən və dövlətin əsas vəzifələrindən biri kimi dəyərləndirilən yüksək keyfiyyətli, peşəkar və hər kəs üçün əlçatan hüquqi yardımın göstərilməsi missiyasını ölkəmizdə 106 yaşını qeyd edən Azərbaycan Respublikası Vəkillər Kollegiyası peşəkarlıqla yerinə yetirir və bu istiqamətdə institusional potensialını davamlı şəkildə gücləndirərək, müasir hüquqi çağırışlara adekvat cavab verən, vətəndaş məmnunluğunu və hüquqların effektiv müdafiəsini prioritet hesab edən fəaliyyət xəttini ardıcıl şəkildə davam etdirəcəkdir. Unutmamalıyıq ki, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır.

Anar Bağırov

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri

hüquq üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər