Ekspert: "Kirayə evə görə vergi məbləği azaldılmalıdır"


  • 25 May 2023 18:26

"Azərbaycanda kirayədə olan mənzillərin 90 faizdən çoxu rəsmi müqavilə ilə olmadan kirayə verilir. Bu da gələcəkdə bir sıra problemlərə səbəb olur".

Bu sözləri e-huquq.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev söyləyib.

Eksoert müqavilə olmadan məzillərin kirayə verilməsinin yaratdığı problemlərdən danışıb: "Bəzən kirayə götürən evin təmirinə maddi zərər vurur. Yanğın, su basma hadisəsi baş verir. Yaxud ev sahibi mənzili bir nəfərə kirayə verir, lakin sonradan evdə ailə və ya tamamilə ayrı şəxslər yaşayır. Bəzi hallarda isə ev sahibi kirayə qalan şəxsin hüquqlarını pozur. Belə ki, mənzilin sahibi qısa müddət sonra kirayə götürənə evi satdığını, yaxud kirayə haqqını artırdığını söyləyir. Amma kirayə müqaviləsi imzalanarsa, bu kimi halların qarşısı alınmış olar. Çünki kirayə müqaviləsində hər iki tərəfin hüquqları müqavilədə qeyd olunur. Ona görə də yaxşı olar ki, kirayə götürən şəxs mənzil sahibindən bu müqaviləni tələb etsin".

E.Fərzəliyevin fikrincə, kirayə müqaviləsinə marağın artması üçün vergi məsələsinə yenidən baxılmalıdır: "Kirayə mənzil verən şəxs əldə etdiyi gəlirin 14 faizini vergi kimi ödəyir. Vətəndaşların kirayə müqaviləsi imzalamaq istəməməsinin əsas səbəbi də elə vergi məsələsidir. Çünki verginin yüksək həddə olması kirayə müqaviləsinə olan marağı azaldır. Hesab edirəm ki, bu verginin məbləği azaldılmalıdır. Vergi 4-5 faizə düşərsə, hər iki tərəfin notarial qaydada müqavilənin imzalanmasında marağı artar. Belə olan halda dövlət kirayə mənzillərdən daha çox gəlir qazan bilər. Bununla yanaşı, kirayə müqaviləsinin tələb olunması ilə bağlı vətəndaşlar arasında maarifləndirmə işlərinin aparılması da vacibdir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər