- 16:40
Almaniyanın Köln-Bonn hava limanında ölkəyə qanunsuz yolla 90-dan çox kərtənkələ və 37 zəhərli ilan gətirməyə çalışan şəxs saxlanılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Köln-Bonn hava limanında gömrük nəzarəti zamanı baş verib. Gömrük əməkdaşları rüsuma cəlb olunan malları olmayan sərnişinlər üçün nəzərdə tutulmuş yaşıl dəhlizdən keçən 45 yaşlı meksikalı yanğınsöndürənin davranışından şübhələniblər. Onun həddindən artıq gərgin olduğu diqqət çəkib.
Çamadana baxış keçirilməzdən əvvəl şübhəli şəxsdən narkotik testi götürülüb. Testin nəticəsində kokain izləri aşkarlanıb.
Əməkdaşlar çamadanda narkotik maddə tapmasalar da, şampun və krem qablarında, plastik konteynerlərdə, eləcə də corabların içərisində gizlədilmiş çoxsaylı sürünənlər aşkar ediblər. Ələ keçirilən heyvanlar arasında gürzələr, ilanlar və iquanalar da olub.
Köln Gömrük İdarəsinin sözçüsü Yens Ahland bildirib ki, hava limanının əməkdaşları baqajlarda qeyri-adi əşyalarla rastlaşmağa öyrəşiblər. Bununla belə, onun sözlərinə görə, onlar əvvəllər Meksikadan gətirilən 37 canlı zəhərli ilan və 55 kərtənkələ ilə qarşılaşmayıblar.
Adı açıqlanmayan şübhəli şəxs gömrük əməkdaşlarına heyvanları braziliyalı tanışına kömək məqsədilə gətirdiyini deyib.
Ələ keçirilən heyvanlardan sağ qalanların saxlanılması və onlara qulluq edilməsi Almaniyadakı ilan təsərrüfatlarından birinə həvalə olunub.
Şəbnəm Mehdizadə