- 16:51
Çində aparılan elmi araşdırma içməli sudakı mikroplastiklərin miqdarını azaltmaq üçün ev şəraitində tətbiq oluna bilən sadə üsulu gündəmə gətirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, kran suyunun qaynadılması və daha sonra sadə süzgəcdən keçirilməsi su ilə orqanizmə daxil olan plastik hissəciklərinin miqdarını əhəmiyyətli dərəcədə azalda bilər.
Tədqiqatçılar müəyyən ediblər ki, xüsusilə əhəng tərkibi yüksək olan sərt su qaynadıldıqda kalsium karbonat çöküntüsü əmələ gəlir. Temperaturun təsiri ilə yaranan bu çöküntü sudakı mikroplastik hissəciklərini əhatə edərək onların bir-birinə və çöküntüyə yapışmasına şərait yaradır.
Daha sonra su çay süzgəci kimi sadə metal tor vasitəsilə süzüldükdə, çöküntüyə ilişib qalan plastik hissəciklərinin bir hissəsini sudan ayırmaq mümkün olur.
Məlumata görə, bu üsul yumşaq sularda mikroplastiklərin təxminən dörddə birinin, sərt və əhəng tərkibi yüksək olan sularda isə 90 faizə qədərinin sudan kənarlaşdırılmasına imkan verə bilər.
Su təmizləyici sistemlərin mikroplastiklərin hamısını aradan qaldıra bilmədiyi şəraitdə suyun qaynadılması və süzülməsi onların təsirini azaltmaq üçün əlçatan üsul kimi qiymətləndirilir.
Bununla belə, üsul bütün mikroplastiklərin tamamilə təmizlənməsinə zəmanət vermir. Nəticə suyun mineral tərkibindən və hissəciklərin xüsusiyyətlərindən asılı ola bilər.
Şəbnəm Mehdizadə