"Məhkəmə qərarı mənə yalnız işimi deyil, ədalətə inamımı da qaytardı" - Hüquqşünas


  • 15:49

Uzun müddət çalışdığı bankdan işdən çıxarılan hüquqşünas Ceyhun Məmmədvəliyev məhkəməyə müraciət edərək əmək hüquqlarının bərpasına nail olub.

C.Məmmədvəliyev e-huquq.az-a açıqlamasında bildirib ki, işdən çıxarılmasını əsassız və qanunsuz hesab etdiyi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Onun sözlərinə görə, məhkəməyə müraciət etmək qərarında son illərdə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarına olan inamı mühüm rol oynayıb.

"Son illərdə ölkəmizin məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları yaxından izləyirəm. Xüsusilə Ali Məhkəmənin sədri İnam Kərimovun rəhbərliyi ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi, gənc və peşəkar kadrların hakim korpusuna cəlb olunması istiqamətində atılan addımlar məndə hüquqlarımın obyektiv şəkildə müdafiə olunacağına inam yaratmışdı. Məhz bu inamla məhkəməyə müraciət etdim və nəticədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi işə bərpa olunmağım barədə qətnamə qəbul etdi. Bu qərar mənim üçün yalnız iş yerimə qayıtmaq deyil, həm də pozulmuş hüquqlarımın məhkəmə tərəfindən müdafiə olunması baxımından xüsusi əhəmiyyət daşıyır", - deyə hüquqşünas bildirib.

C.Məmmədvəliyev qeyd edib ki, məhkəmə-hüquq islahatlarının real nəticələri vətəndaşların gündəlik həyatında, onların pozulmuş hüquqlarının müdafiəsində özünü göstərir: "Hesab edirəm ki, gənc, savadlı, prinsipial və müstəqil qərar verməyi bacaran hakimlərin məhkəmə sisteminə cəlb olunması vətəndaşların ədalət mühakiməsinə inamını gücləndirən mühüm amillərdəndir. Şəxsi təcrübəm də göstərdi ki, hüquqları pozulan vətəndaşlar onların müdafiəsi üçün qanuni vasitələrdən istifadə etməli, məhkəməyə müraciət etməkdən çəkinməməlidirlər. Mən məhkəməyə inandım, hüquqlarımı müdafiə etdim və bu inamım özünü doğrultdu".

Hüquqşünas sonda bildirib ki, ölkədə davam etdirilən məhkəmə-hüquq islahatlarının vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə və cəmiyyətin ədalət mühakiməsinə etimadının daha da möhkəmlənməsinə xidmət edəcəyinə inanır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər