Kəlbəcərdə saxlanılan erməni diversanta hökm oxundu - YENİLƏNİB


  • 7 Dekabr 2023 16:14

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az xəbər verir ki, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib.

O, cəzasının ilk 5 ilini qapalı, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Qeyd edək ki, prokuror təqsirləndirlilən şəxs Qaqik Voskonyanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

***

Dövlət ittihamçısı Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az xəbər verir ki, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Müşfiq Rəhimov çıxış edib.

Prokuror təqsirləndirlilən şəxs Qaqik Voskonyanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, cəzasının ilk 5 ilini qapalı, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Daha sonra təqsirləndirilən şəxs məhkəmədə son söz deyib. Məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.

***

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hazırda təqsirləndirilən şəxs Voskanyan Qaqik Aşotoviç ifadə verib.

E-huquq.az xəbər verir ki, eyni zamanda, təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadə elan edilib.

İfadəsinə görə, o, 2023-cü ilin yayında Ermənistanda hərbi postlarda mühafizəni təşkil etmək üçün əsgər çatışmazlığı səbəbindən İrəvan Hərbi Komissarlığı tərəfindən səfərbərliklə iki həftəlik müddətli həqiqi hərbi xidmətə cəlb olunub.

Belə ki, Q.Voskanyan, 16.08.2023-cü il tarixdə saat 04 radələrində özbaşına postu tərk etdikdə, oradan uzaqlaşmasına kiminsə müqavimət göstərəcəyi təqdirdə müdafiə olunmaq niyyətilə əynindəki zirehli gödəkçəni çıxarmadan ona təhkim edilmiş silah-sursatı da özü ilə götürüb.

Postdan çıxıb dağ relyefli ərazidə təkbaşına təxminən iki kilometr məsafə qət etdikdən sonra artıq havanın qaranlıq vaxtı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə rastlaşıb. Belə ki, havanın qaranlıq olmasına baxmayaraq, təxminən 50 metr məsafədən 6-7 nəfərin Azərbaycan dilində danışdığını eşidib. Elə bu vaxtı normal yerişlə qarşı tərəfdən gələn Azərbaycan hərbi qulluqçuları onun da azərbaycanlı olduğunu zənn edərək, "salam qardaş" ifadəsi ilə salamlayarkən, onlara rus dilində "privet" cavabını verib. Onun "privet" cavabından Azərbaycan hərbçilərinin şübhələndiyini anlasa da, azərbaycanlı hərbçilər onun istiqamətində normal yerişlə hərəkətlərini davam etdirib, bununla belə o, əlindəki pulemyotun qoruyucusunu açaraq silahı döyüş vəziyyətinə gətirib Azərbaycan hərbi qulluqçularına tərəf 2-3 dəfə tək-tək rejimdə atəşlər açıb.

O ifadəsində göstərib ki, atəş açmaqla həmin şəxsləri şüurlu surətdə öldürməyə yol verib, lakin düzgün nişan ala bilmədiyindən və atəş açdığı şəxslər atəşlərdən yayındığından atdığı güllələr onlara dəyməyib.

Bu zaman azərbaycanlı hərbçilər ətrafa dağılışıb özləri üçün əlverişli döyüş mövqelərinə çəkildikdə, ona qarşı müqavimət göstərilmədiyi halda atəş açmasından qorxduğu üçün geri qaçmağa başlayıb və atəş açdığı yerdən 5-7 dəqiqə müddətində təxminən bir kilometr məsafədə uzaqlaşaraq dərədə gizlənib.

O, əlindəki pulemyotu atəş vəziyyətində saxlayıb ona tərəf gələn 2-3 nəfəri müşahidə edərkən, Azərbaycan hərbçilərinin atəş açmadan onu yaxalamaq istədiyini anladığından o, təslim olmamaq qərarına gəlib. Müqavimət göstərmək məqsədilə əvvəlcə isti qış və zirehli gödəkçəsini əyninə geyinib, ardınca isə Azərbaycan hərbi qulluqçuları istiqamətində bir neçə atəş açıb. Yalnız bundan sonra onu öldürmədən tərksilah etmək məqsədilə üzərinə gələn üç Azərbaycan hərbçisindən birinin açdığı atəş nəticəsində ayağından yaralanaraq, ardınca yaxalanıb.

***

Bu gün Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə keçirilən məhkəmə prosesində ittiham aktı elan olunub.

E-huquq.az-ın xəbərinə görə, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hazırda təqsirləndirilən şəxs ifadə verir.

O, elan edilən ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Qeyd edək ki, avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.

Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib.

Qeyd olunan qanunsuz əməllərin qarşısı alınan zaman saxlanılmış Ermənistan silahlı birləşmələrinin üzvü Voskanyan Qaqik Aşoti Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər