- 17:00
"OpenAI" həssas məlumatlardan şirkətin müəyyən etdiyi prosedurlardan kənar istifadə etdikləri iddia olunan üç tədqiqatçının işinə xitam verib.
E-huquq.az xarici KİV-ə istinadən məlumat verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Şirkətin sözçüsü bildirib ki, daxili araşdırma nəticəsində əməkdaşların məlumatlardan qeyri-münasib istifadə etdiyi və şirkətin qaydalarını pozduğu müəyyənləşdirilib. İşdən çıxarılan şəxslərin adları açıqlanmayıb. Onlardan ən azı ikisinin "OpenAI"nin təhlükəsizlik tədqiqatlarında çalışdığı bildirilir.
Şirkət vurğulayıb ki, əməkdaşların işdən çıxarılması süni intellektin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə etmələri ilə deyil, həssas məlumatlardan düzgün istifadə etməmələri ilə əlaqəlidir.
Hadisə süni intellekt sistemlərinin təhlükəsizliyi və mümkün riskləri ilə bağlı müzakirələrin intensivləşdiyi dövrə təsadüf edir. "OpenAI" bu həftə süni intellekt sistemləri ilə əlaqəli icazəsiz fəaliyyət halları barədə 100-dən çox təşkilata məlumat verdiyini açıqlayıb. Şirkət qeyd edib ki, bu bildirişlər sistemlərin sındırıldığını və ya konkret məlumatlara giriş əldə edildiyini göstərmir.
Süni intellekt agentlərinin müxtəlif platformalarda müstəqil fəaliyyət göstərə bilməsi ilə bağlı əvvəlki insidentlər də "OpenAI"nin təhlükəsizlik araşdırmalarını genişləndirməsinə səbəb olub.
Şəbnəm Mehdizadə