Naxçıvanda yataqxanada qalmaq istəyən şəhid ailəsindən olan tələbələrə üstünlük veriləcək


  • 28 Mart 2021 11:45

Naxçıvan Muxtar Respublikasında təhsil alan bütün tələbələrin yataqxanaya qeydiyyata alınmaq hüququ vardır və onların kirayə müqaviləsi qeydiyyat tarixi üzrə növbəlilik əsasında bağlanılacaq.

E-huquq.az xəbər verir ki, bu, muxtar respublikanın Baş naziri Səbuhi Məmmədovun imzaladığı “Tələbə yataqxanalarından istifadə Qaydaları”nda öz əksini tapıb.

Qərarda qeyd olunub ki, qeydiyyata alınma zamanı xarici ölkə vətəndaşı olan tələbələrə üstünlük veriləcək. Bununla yanaşı şəhid və aztəminatlı ailələrin üzvləri, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya hər iki valideyni əlil şəxs olan, sağlamlıq imkanları məhdud tələbələr də üstünlük hüququna malikdir.

Həmçinin qeyd olunub ki, tələbənin təhsil müəssisəsindən xaric olunması yataqxanada yaşayış sahəsindən çıxarılması üçün əsasdır. Aşağıdakı hallarda tələbə yaşayış sahəsindən çıxarılır:

- xəstəliklə əlaqədar birgə yaşayış qeyri-mümkün olduqda;

- müntəzəm olaraq daxili intizam qaydaları pozulduqda, digər tələbələrlə kobud rəftar edildikdə;

- yaşayış sahəsinə görə haqq üzrsüz səbəblərdən müəyyən edilmiş müddətdə ödənilmədikdə;

- yaşayış sahəsini və əşyaları qoruyub saxlamadıqda;

- yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə.

Kirayəçinin bu müqavilə üzrə vəzifələri yerinə yetirmədikdə, yaşayış sahəsinə görə olan borcunu üzrsüz səbəblərdən müəyyən olunmuş müddətdə ödəmədikdə (qanunvericiliklə güzəştlər olunması müəyyən edilmiş şəxslər istisna olmaqla), yaşayış sahəsini dağıtdıqda və ya korladıqda, yataqxanada birgə yaşayışı qeyri-mümkün edən hərəkətlər nəticəsində qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda və yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə müqavilə kirayəyə verən tərəfindən ləğv edilir.

Bu qaydaların tələblərini pozan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Qeyd edək ki, Naxçıvanda tələbə yataqxanalarında yaşayış sahəsindən istifadəyə görə haqqın aylıq məbləği müəyyənləşib. Belə ki, bundan sonra bir tələbə Naxçıvan Dövlət Universitetinin Tələbə Evində yaşamaq üçün 80 manat, “Naxçıvan” Universitetinin tələbə yataqxanasında yaşamaq üçün 100 manat və Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin tələbə yataqxanasında yaşamaq üçün isə 150 manat kirayə haqqı ödəyəcək.

Oxşar xəbərlər