"Vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün işlək mexanizmlər yaradılıb" - MÜSAHİBƏ


  • 23 Noyabr 2021 17:05

E-huquq.az Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin müsahibəsini təqdim edir:

- Əli müəllim, son illər ərzində Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları ilə bağlı nə deyə bilərsiniz?

- Əvvəlcə onu söyləyim ki, hüquq ictimaiyyətinin noyabrın 22-də qeyd etdiyi ədliyyə işçilərinin peşə bayramı günü ilə bağlı bu mövzunu gündəmə gətirməyiniz hüquqi islahatların əhəmiyyətinə diqqətin yönəldilməsi baxımından təqdirəlayiq təşəbbüsdür.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji istiqamətlərə uyğun olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşərək yeni-yeni uğurlara imza atmaqdadır. Birmənalı olaraq deyə bilərik ki, hazırda ölkəmizdə məhkəmə-hüquq islahatları keyfiyyətcə yeni mərhələyə keçmişdir. Nəzərdə tutulan təkmilləşmə prosesi son dövrlər bütövlükdə ölkə üzrə həyata keçirilən geniş islahatlar kursunun tərkib hissəsidir. Bu sahədə daha yüksək nəticələrə nail olmaq məqsədilə Azərbaycan Prezidenti tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanın mühüm siyasi əhəmiyyətə malik olduğunu xüsusi qeyd etmək istərdim. Çünki Azərbaycanda normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində həyata keçirilən siyasi kursun keyfiyyətcə yeni mərhələsinin başlanğıc nöqtəsi olan bu sənəd hüquqi islahatların “yol xəritəsi” kimi xüsusi önəm daşıyır. Eyni zamanda, çağdaş dövrün tələblərindən irəli gələn həmin Fərman bütövlükdə ədliyyə və müasir məhkəmə-hüquq sisteminin modernləşməsinə ciddi təkan verib. Fərmanda qeyd olunur: “Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir”. Başqa sözlə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün təmin edilməsi, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar bütün sahələrdə olduğu kimi bu istiqamətdə də mütərəqqi formatların tətbiqini şərtləndirir.

Fərmanın icrası ilə bağlı bu sahədə kompleks qanunvericilik və praktiki tədbirlər görülür. Yeni regional inzibati və kommersiya məhkəmələri təsis edilib, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün işlək mexanizmlər yaradılıb, məhkəmələrin və hakimlərin təminatı gücləndirilib. Ədliyyə sahəsində infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində yeni məhkəmə bina və komplekslərinin inşası, onların ən müasir İKT qurğuları ilə təchizi xüsusi yer tutur. Bu il sentyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində inşa olunmuş Sumqayıt Məhkəmə Kompleksinin açılışı ölkə rəhbərliyinin bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir. Bütün bunlar onu göstərir ki, dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Artıq Azərbaycanda hüquqi dövlət qurulub, qanunun aliliyi təmin edilib və məhkəmə sistemi dünyada mövcud olan ən mütərəqqi təcrübəyə əsaslanır.

Təqdirəlayiq haldır ki, açılışdan sonra Sumqayıt Məhkəmə kompleksi ilə ictimaiyyətin tanışlığı üçün də geniş şərait yaradılıb. Bu il sentyabrın 24-də Ədliyyə Nazirliyi və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən Sumqayıt Məhkəmə Kompleksində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin inkişafı: çağırışlar, islahatlar və innovasiyalar” mövzusunda keçirilmiş ictimai təqdimat bu baxımdan əhəmiyyətli tədbir olub.

- Təqdimat çərçivəsində müzakirə olunan məsələlərin aktuallığı baxımından bu tədbir ölkənin hüquq ictimaiyyətinin və medianın diqqətini cəlb etdi. Bununla bağlı hansı məqamlara daha çox üstünlük verməyi vacib sayırsınız?

- Hesab edirəm ki, digər sahələrdə olduğu kimi, hüquqi islahatlar da qanunun aliliyinin daha səmərəli şəkildə təmin edilməsini hədəf seçir və geniş mənada insan amilini ön mövqeyə çəkir. Təbiidir ki, hüquqi islahatların müasir şəraitə uyğunlaşdırılması zamanın tələbi kimi ortaya çıxır. Başqa sözlə, yeni reallıqlar hüquqi islahatların aktuallığını artıran amildir. Bu çərçivədə həyata keçirilən tədbirlər son nəticədə insan hüquqlarının, hüquqi yardımların əlçatanlığının rahat şəkildə təmin olunmasına yönəlib. Məsələn, artıq bu gün on minlərlə normativ sənədi ehtiva edən “Hüquqi aktların vahid elektron bazası” vasitəsilə hər kəs ödənişsiz olaraq, ani rejimdə qanunvericilik aktlarını əldə edə bilir. İşğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün hüquqi baxımdan heç bir maneə yoxdur. Bundan əlavə, bələdiyyə fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə xüsusi portal fəaliyyət göstərir.

“Elektron məhkəmə” informasiya sisteminin prokurorluq orqanlarına inteqrasiyası ədalət mühakiməsinin daha səmərəli və çevik həyata keçirilməsinə imkan yaradıb. Böyük sosial əhəmiyyətə malik “ASAN xidmət”, “DOST” mərkəzləri əhaliyə operativ hüquqi xidmətlərin yüksək səviyyədə təşkil olunmasına kömək edən və daim təkmilləşən mütərəqqi layihələrdir. Ölkəmizin xaricdəki konsulluqlarının “e-notariat” sistemi vasitəsilə xidmətlər göstərməsi soydaşlarımızın sənədləşmə ilə bağlı problemlərinin həllinə yardım edir.

- Məhkəmə-hüquq sisteminin inkişafına və şəffaflığın təmin olunmasına müsbət təsir göstərən amillər barədə fikrinizi bilmək istərdik.

- Belə amillər çoxdur. Qanunun aliliyinin təmin edilməsi baxımından məhkəmə-hüquq sistemində şəffaflığa nail olunması milli prioritet hesab edilir və məhkəmə-hüquq islahatlarının aparılmasının xüsusi önəmini ortaya qoyur. Bu istiqamətdə konkret səmərəli tədbirlər həyata keçirilir. Məsələn, son illər ərzində məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində yüksək texnoloji – “hi-tech” məhkəmə binaları tikilib. “Elektron məhkəmə”nin və onun tərkib hissəsi olan “Elektron icra” sisteminin tətbiqi ədalət mühakiməsinin səmərəsinin artırılması baxımından özünü doğrultmuş layihələrdəndir. Bütün bu tədbirlərin nəticəsi olaraq mülki və kommersiya işləri üzrə məhkəmə qərarlarının sabitliyinin yüksək olması və kassasiya instansiyasına, yəni Ali Məhkəməyə iddiaçıların və ya cavabdehlərin müraciət faizinin azalma tendensiyası məhkəmələrə artan inamın, ictimai etimadın əyani təzahürüdür. Məhkəmə-hüquq sistemindəki ardıcıl islahatlar kursu ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi üçün möhkəm zəmindir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsinin mütəmadi monitorinqinin aparılması, tətbiq edilən rəqəmsal innovasiyaların inkişaf etdirilməsi və digər aktual məsələlər müəyyənləşdirilmiş konkret hədəflərə nail olmaq üçün görülən tədbirlər sırasındadır.

- Sizcə bu islahatların həyata keçirilməsində qanunverici orqan kimi Milli Məclisin hakimiyyətin digər qolları ilə qarşılıqlı əlaqəsi qənaətbəxşdirmi? Ümumiyyətlə, bu kontekstdə parlamentin rolunu necə dəyərləndirərdiniz?

- Ölkəmizdə həyata keçirilən hüquqi islahatlar qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları arasında səmərəli əməkdaşlığın inkişafına, qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir. Milli Məclis Hüquq siyasəti və dövlət quruculuğu komitəsi vasitəsilə məhkəmə-hüquq sistemi ilə çox sıx əməkdaşlıq həyata keçirir ki, bu da yeni qanun layihələrinin müzakirəsinə və qəbuluna öz töhfəsini verir. Məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində ümumi məqsədlərə yönəlmiş birgə fəaliyyətin daha bir nümunəsi parlament nümayəndəsinin Məhkəmə-Hüquq Şurasında təmsil olunmasıdır. Cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi ilə bağlı ölkə Prezidentinin tapşırıq və tövsiyələri ictimaiyyətin böyük marağına səbəb olmaqla xüsusi önəm kəsb edir. Milli Məclis bununla bağlı hüquqi əsasların formalaşdırılmasına və bu məsələlərə dair qanunvericilik təşəbbüsü subyektləri tərəfindən daxil olmuş təkliflərə xüsusi diqqətlə yanaşır. Son illər ərzində müvafiq qanunlarda edilmiş dəyişikliklərə əsasən 35 əməl tamamilə və ya cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılmaqla dekriminallaşdırılmış, bəzi cinayətlərə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunmuş, azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə 30 maddənin sanksiyasına alternativ cəzalar, o cümlədən cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları daxil edilmiş, hərbi xidmət əleyhinə olan cinayətlərə görə cəzalar yüngülləşdirilmişdir.

Prezidentin haqqında danışdığımız 2019-cu il 3 aprel tarixli Fərmanında mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərinin həyata keçirilməsi zərurəti öz əksini tapmışdır. Ötən müddət ərzində Milli Məclis tərəfindən “Mediasiya haqqında” 2019-cu il martın 29-da qəbul olunmuş Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi və onun digər qanunlara uyğunlaşdırılması məqsədilə bir neçə dəyişiklik edilmişdir.

Fərmanının icrası çərçivəsində kommersiya məhkəmələrinin təşkili, məhkəmə qərarlarının icrası işinin və məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və digər məsələlərlə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilmiş, həmçinin ictimaiyyətin təklifləri və rəyləri nəzərə alınmaqla çoxsaylı normativ-hüquqi aktın layihəsi işlənib hazırlanmış, dövlətimizin başçısının qanunvericilik təşəbbüsü əsasında Milli Məclisə təqdim etdiyi bir çox yeni qanunlar qəbul olunmuşdur.

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli Qanununun tətbiqi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda verilmiş tapşırıq və tövsiyələrə müvafiq olaraq müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən istifadə etmək, ədalət mühakiməsi mexanizmlərinin daha səmərəli fəaliyyətini təmin etmək kimi məqsədləri hədəfləyir.

Mütəmadi qaydada təşkil olunan və qeyri-hökumət təşkilatlarının, beynəlxalq təsisatların, hüquqşünasların, elmi ictimaiyyətin nümayəndələrinin də cəlb olunduğu ictimai müzakirələr, dinləmələr və müxtəlif layihələr bu sahədə qanunvericilik, icra və məhkəmə orqanlarının birgə fəaliyyətini daha da zənginləşir. Bu, hədəflərin düzgün müəyyənləşdirilməsi üçün mühüm vasitədir.

Hakimiyyət qollarının qarşılıqlı səmərəli fəaliyyətini təsdiq edən daha bir nümunə Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisin qəbul etdiyi “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 noyabr tarixli qərarın bu gün ədliyyə orqanları tərəfindən uğurla icra olunmasıdır.

Bütün bunlar əminliklə onu deməyə əsas verir ki, hüquqi dövlət quruculuğu prosesində islahatların reallaşması son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun prioritet istiqamətlərindən biridir. Bu məqsədlə qəbul olunmuş çox mühüm qərarlar və onların icrası üzrə görülən genişmiqyaslı işlər isə qanunun aliliyini və insan hüquqlarının etibarlı müdafiəsini təmin edən mühüm siyasi addım kimi dəyərləndirilməlidir.

- Əli müəllim, artıq Azərbaycanın ədliyyə orqanları işğaldan azad edilmiş ərazilərdə də fəaliyyət göstərəcək...

- Bəli, bütün xalqımız kimi hüquq ictimaiyyəti də şərəfli tarixi günləri yaşamaqdadır. Ölkəmizdə ədliyyə sisteminin təşəkkülü və ümumiyyətlə Ədliyyə Nazirliyinin əsaslı surətdə təsis edilməsi isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, onun Azərbaycana rəhbərlik etdiyi dövrdə - 1970-ci ildə Ədliyyə Nazirliyi dövlət strukturu kimi bərpa olunmuş, bununla da ölkəmizin ədliyyə tarixində yeni mərhələ başlanmışdır. Ümummilli Liderimizin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən noyabrın 22-si hər il ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı günü kimi dövlət səviyyəsində qeyd olunur.

Dövlət müstəqilliyimizin bərpasından sonra böyük və zəngin fəaliyyət yolu keçmiş Azərbaycan ədliyyəsi bu gün də ulu öndər Heydər Əliyevin dövlətçilik amallarına və ölkəmizin qüdrətlənməsi naminə milli dövlət quruculuğunda ədliyyə fəaliyyətinə böyük önəm verən Prezident İlham Əliyevin siyasi kursuna daim sadiqlik nümayiş etdirməkdədir. Fürsətdən istifadə edib qanunçuluğa və dövlətçiliyə xidməti özünün vəzifə və vətəndaşlıq borcu sayan bütün ədliyyə işçilərini peşə bayramı və Azərbaycan ədliyyəsinin 103-cü ildönümü münasibətilə təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətlərində yeni uğurlar arzulayıram.

Qürurverici haldır ki, ədliyyə işçiləri öz peşə bayramlarını Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğu tarixi bir vaxtda qeyd edirlər. İşğaldan azad edilmiş ərazilərdə ədliyyə orqanlarının yaradılması onların yeni reallıqlar şəraitində bərpa və quruculuq proseslərində fəal iştirakının bariz nümunəsidir.

Mənbə: AZƏRTAC

Oxşar xəbərlər