- 16 Sentyabr 17:27
"Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa təklif edilən son dəyişikliklər, ölkədə vəkillik institutunun inkişafına yönəlmiş praktiki təşəbbüslərin və hüquqi islahatların məntiqi nəticəsi kimi qiymətləndirilə bilər".
Bunu e-huquq.az-a açıqlamasında Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov söyləyib.
Komissiya sədri qeyd edib ki, bu addımlar, həmçinin hüquqi yardımın səmərəliliyinin artırılması, vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarının genişləndirilməsi və hüquqi peşəkarlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir:
"Əvvəlcə qeyd edilməlidir ki, qanuna nəzərdə tutulan ən mühüm dəyişikliklərdən biri vəkillik fəaliyyətinin hüquqi mahiyyətinin dəqiq şəkildə müəyyənləşdirilməsidir. Belə ki, yeni redaksiyada vəkillik fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə, xüsusilə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq yalnız vəkil statusuna malik şəxslər tərəfindən həyata keçirilən, fiziki və hüquqi şəxslərin, eləcə də dövlət orqanlarının (və ya qurumlarının) hüquqlarının təmin olunması və müdafiəsi məqsədi daşıyan müstəqil peşəkar hüquqi fəaliyyət kimi təqdim olunur. Bu anlayışın normativ çərçivədə təsbit olunması, həm vəkillik institutunun hüquqi statusunun daha da möhkəmləndirilməsi, həm də bu sahədə fəaliyyətin institusional və funksional baxımdan daha şəffaf və sistemli şəkildə tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir".
O deyib ki, Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə təklif edilən dəyişikliklər vəkillik fəaliyyətinin institusional təminatlarının daha da gücləndirilməsinə xidmət edir:
"Belə ki, təklif olunan yeni müddəaya əsasən, dövlət orqanları (qurumları) vəkillərin peşə fəaliyyətini yerinə yetirmələri zamanı onlara zəruri dəstək və yardım göstərməlidirlər. Bu yanaşma vəkillik institutunun hüquqi müdafiəsini və funksional müstəqilliyini genişləndirərək, vəkillərin peşə fəaliyyətini sərbəst və maneəsiz həyata keçirmələri üçün əlavə təminat mexanizmləri formalaşdırır. Eyni zamanda, bu dəyişiklik vəkillik fəaliyyətinə dəstək göstərən subyektlər dairəsinin genişləndirilməsinə xidmət etməklə, dövlətin hüquqi yardıma və ədalət mühakiməsinin əlçatanlığına verdiyi əhəmiyyətin göstəricisi kimi qiymətləndirilə bilər. Vəkil peşəsinə qəbul üçün tələb olunan hüquq sahəsində iş stajının bir ilədək azaldılması, vəkillik institutuna gənc və perspektivli hüquqşünasların cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu dəyişiklik hüquq fakültəsi məzunlarının vəkil olmaqla bağlı karyera hədəflərinə daha erkən mərhələdə çatmalarına imkan yaratmaqla yanaşı, həm də vəkilliyin kadr potensialının yenilənməsi və dinamikləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər. Tələb olunan staj müddətinin qısaldılması, gənc hüquqşünaslar üçün vəkillik yolunun daha əlçatan olmasına şərait yaradır və bu, hüquqi yardım sistemində insan resurslarının davamlı inkişafına müsbət təsir göstərir. Vəkil köməkçilərinin reyestrinin aparılması, onların vəzifə statusunun hüquqi baxımdan rəsmiləşdirilməsinə və peşəkar fəaliyyətlərinin şəffaf şəkildə izlənilməsinə imkan yaradır. Belə bir reyestr sistemi, vəkil köməkçiləri haqqında etibarlı və aktual məlumatların hüquqi ictimaiyyət və digər maraqlı tərəflər üçün əlçatan olmasını təmin etməklə, həm də vəkillik fəaliyyətində şəffaflıq və hesabatlılıq prinsiplərinin gücləndirilməsinə xidmət edir. Eyni zamanda, bu mexanizm, vəkil köməkçilərinin peşə inkişafını izləmək, onların təcrübə müddətini qiymətləndirmək və gələcəkdə vəkil statusu əldə etmələrini sistemli şəkildə tənzimləmək baxımından əhəmiyyətli hüquqi alət kimi çıxış edir".
T.Hüseynovun fikrincə, Qanunun 11-ci maddəsinə əsasən, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin səlahiyyət dairəsinin daha geniş və konkret şəkildə müəyyən edilməsi, bu orqanın funksional imkanlarının artırılmasına və hüquqi fəaliyyətinin effektiv şəkildə həyata keçirilməsinə şərait yaradır:
"Səlahiyyətlərin normativ çərçivədə dəqiq ifadə olunması, Rəyasət Heyətinin idarəetmə, nəzarət və təşkiletmə funksiyalarının daha sistemli və şəffaf əsaslarla icrasını təmin etməklə yanaşı, vəkillik institutunun institusional güclənməsinə də xidmət edir. Bu dəyişiklik, həmçinin K.ollegiya daxilində qərarların qəbul olunmasında hüquqi müəyyənliyin və idarəetmə səmərəliliyinin artırılmasına yönəlmiş mühüm islahatlardan biri kimi qiymətləndirilə bilər. 11-ci maddənin II-ci hissəsinin 3-cü cümləsinin çıxarılması da müzakirəyə açıq və hüquqi baxımdan əsaslı bir yanaşma ola bilər. Belə ki, Vəkillər Kollegiyası qeyri-dövlət hüquqi təsisat olmaqla özünüidarə prinsiplərinə əsaslanan bir qurumdur və belə strukturlar üçün inzibati rəhbərliyin müddətinə süni və sərt məhdudiyyətlərin qoyulması, bəzən institusional çevikliyi və davamlılığı məhdudlaşdıra bilər. Əgər seçki prosesi şəffaf, demokratik və azad şəkildə həyata keçirilirsə, qurumun üzvlərinin iradəsi ilə bir şəxs üçüncü dəfə də sədrlik vəzifəsinə layiq görülürsə, bu seçimin hüquqi baxımdan məhdudlaşdırılması həmin iradənin gerçəkləşməsinə maneə yaradır və demokratiya prinsipləri ilə ziddiyyət təşkil edə bilər. Bundan başqa, belə məhdudiyyətlərin olması bəzən səriştəli və peşəkar rəhbər şəxslərin təkrar seçilməsinə əngəl törədir və təşkilatın strateji davamlılığını riskə ata bilər".
O qeyd edib ki, bəzi əsas terminlərin, o cümlədən vəkilin xidməti vəsiqəsi, vəkil orderi, vəkil sorğusu və digər bu qəbildən olan anlayışların qanunvericilikdə açıq şəkildə izah olunması, hüquqi tənzimləmənin dəqiqləşdirilməsi və normativ bazanın sistemləşdirilməsi baxımından mütərəqqi addım kimi qiymətləndirilə bilər:
"Terminoloji aydınlıq, ilk növbədə, vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsi zamanı hüquqi alətlərin mahiyyətinin və tətbiq imkanlarının düzgün başa düşülməsini təmin edir. Bu cür anlayışların qanunda rəsmən təsbit olunması, həm də hüquqi münasibət iştirakçıları, o cümlədən dövlət orqanları, vətəndaşlar və hüquqi şəxslər tərəfindən vəkilin səlahiyyətlərinin tanınmasını və bu səlahiyyətlərin sui-istifadə hallarından qorunmasını təmin edir. Hüquqi texnika baxımından, normativ aktlarda terminoloji dəqiqlik hüququn aydınlığı və proqnozlaşdırıla bilməsi prinsipini dəstəkləyir və hüquqi təhlükəsizlik mühitinin gücləndirilməsinə xidmət edir. Bundan əlavə vurğulamaq lazımdır ki, təklif olunan 15-2-ci maddəyə əsasən vəkil sorğusuna ən geci 7 iş günü ərzində cavab verilməsi ilə bağlı müddəanın təsbit olunması, vəkilin informasiya əldə etmək hüququnun daha səmərəli şəkildə həyata keçirilməsinə və nəticə etibarilə hüquqi yardımın keyfiyyətinin yüksəldilməsinə mühüm dəstək verir. Bu mexanizm, vəkilin müdafiə etdiyi şəxsin və ya hüquqi maraqlarını təmsil etdiyi subyektin hüquqlarının vaxtında və effektiv müdafiəsi baxımından zəruri vasitə kimi çıxış edir. Sorğulara cavab müddətinin konkret olaraq müəyyən edilməsi, hüquqi münasibətlərdə operativliyi artırmaqla yanaşı, dövlət və digər qurumların da informasiyanın təqdim olunmasına dair öhdəliklərini hüquqi çərçivədə daha aydın şəkildə müəyyən edir. Eyni zamanda bu yanaşma, “ədalət mühakiməsinə vaxtında çıxış” prinsipinin reallaşdırılmasına və vəkillik institutunun funksional gücləndirilməsinə xidmət edir".
Komissiya sədri sonda bildirib ki, vəkillər üçün intizam tənbehi növlərinin genişləndirilməsi, xüsusilə də cərimə və kollegiyadan xaric edilmə kimi tənbeh növlərinin qanunvericilikdə nəzərdə tutulması, onların peşə məsuliyyətinin artırılmasına və etik davranış standartlarına daha ciddi əməl edilməsinə təkan verir:
"Bu yanaşma, vəkillik peşəsində intizamın və məsuliyyət hissinin gücləndirilməsi ilə yanaşı, ictimai etimadın qorunması və hüquqi yardım sisteminin nüfuzunun artırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. İntizam tənbeh mexanizmlərinin hüquqi baxımdan daha konkret və səmərəli şəkildə tənzimlənməsi, vəkillər tərəfindən yol verilən pozuntulara qarşı adekvat cavab tədbirlərinin görülməsini mümkün edir. Bu, həm də vəkillik institutunun daxilində özünütənzimləmə və daxili nəzarət mexanizmlərinin gücləndirilməsinə xidmət edir. Nəticə etibarilə, hüquqi yardım sistemində peşəkarlıq, şəffaflıq və ictimai cavabdehlik kimi əsas prinsiplər daha effektiv şəkildə təmin olunur".
Şəbnəm Mehdizadə