- 17:31
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna təklif edilən dəyişikliklər hüquqi sistemin təkmilləşdirilməsi və vəkillərin daha səmərəli fəaliyyət göstərməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev deyib.
Onun sözlərinə görə, bu dəyişikliklər vəkillik institutunun inkişafında yeni imkanlar açacaq, həm peşəkar fəaliyyətin keyfiyyətinə, həm də cəmiyyətin ədalət mühakiməsinə inamına müsbət təsir göstərəcək.
Sədr seçimi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması
Ş.Mirzəyev ilk olaraq Kollegiyanın sədr seçimi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasını dəstəklədiyini bildirib: “Vəkillər Kollegiyasında seçkilər tam şəffaflıq və demokratik prinsiplər əsasında keçirilir. Bütün üzvlərin bərabər şəkildə namizəd ola bilməsi bu prosesin legitimliyini artırır. Məhdudiyyətlərin aradan qaldırılması isə institutun daha da güclənməsinə xidmət edəcək. Məsələn, Türkiyə və Gürcüstanda vəkillər kollegiyalarının rəhbərləri vəkillərin ümumi yığıncaqlarında seçilir və müddət məhdudiyyətləri əsasən demokratik seçkilərlə tənzimlənir”.
Vəkilliyə qəbulda staj müddətinin azaldılması
O deyib ki, vəkilliyə qəbul üçün tələb olunan staj müddətinin 3 ildən 1 ilə endirilməsi də çoxdan gözlənilən addımdır: “Gənc hüquqşünaslar universitet illərində nəzəri bilikləri mənimsəyirlər. Təcrübə dövründə isə tez bir zamanda praktik vərdişlər əldə edə bilirlər. Belə halda, 3 il gözləmək yalnız motivasiyanın azalmasına səbəb olur. Bu dəyişiklik, fikrimcə, vəkilliyə yeni nəfəs gətirəcək. Gənclərə isə real fürsətlər yaradacaq. Bir çox Avropa ölkəsində, məsələn, Polşada və İspaniyada hüquq fakültəsini bitirənlər məcburi staj proqramından keçərək imtahan verdikdən sonra vəkilliyə qəbul oluna bilirlər. ABŞ-da da hüquqşünaslar vəkilliyə qəbul imtahanını uğurla verdikdən dərhal sonra fəaliyyətə başlaya bilirlər. Bu, gənclərin peşəyə daha sürətli inteqrasiyasına imkan yaradır”.
Vəkil sorğularına cavab müddətinin məhdudlaşdırılması
Ş.Mirzəyev vəkil sorğularına cavab müddəti ilə bağlı dəyişikliyin əhəmiyyətini xüsusi qeyd edib: “Yeni dəyişikliklərə görə, dövlət qurumları vəkil sorğularını maksimum 7 iş günü ərzində cavablandırmalıdır. Təəssüf ki, indiyədək bu sahədə ciddi ləngimələr müşahidə olunurdu. Müəyyən edilmiş müddət həm vəkillərin işini asanlaşdıracaq, həm də dövlət qurumlarında məsuliyyət hissini artıracaq. Beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki, məsələn, Litvada və Estoniyada dövlət orqanları vəkil sorğularına 5-7 gün ərzində cavab verməyə borcludurlar. Böyük Britaniyada isə “freedom of information” prinsipi əsasında cavab müddətləri daha sərt qaydalarla tənzimlənir".
Vəkil olmayan şəxsin “vəkil" sözündən istifadə etməsi qadağan edilməsi
Vəkil olmayan şəxslərin "vəkil" adından istifadə etməsinin qadağan olunmasına gəlincə isə, o, belə qanunsuz fəaliyyət göstərən şəxslərlə ciddi mübarizə aparılmasının vacibliyini bildirib: "Vəkil statusuna malik olmayan şəxslərin özlərini vəkil kimi təqdim etməsi yolverilməzdir. Belə hallar hüquq sisteminə zərər vurur və ictimaiyyətdə vəkillik institutuna olan etibarı sarsıdır. Dəyişiklik layihəsində bu cür halların qarşısının alınması üçün nəzərdə tutulan qadağa çox yerində bir addımdır və hüquqi sahədə sağlam mühitin qorunmasına xidmət edəcək. Məsələn, ABŞ-də “unauthorized practice of law” (UPL) ciddi hüquqi məsuliyyət yaradır və belə hallara qarşı həm cərimə, həm də cinayət məsuliyyəti nəzərdə tutulur. Almaniyada da vəkil statusuna malik olmadan hüquqi xidmət göstərmək qəti şəkildə qadağandır və cəzalandırılır”.
Vəkillikdə islahatların gücləndirilməsi və perspektivlər
Ş.Mirzəyev əmin olduğunu bildirib ki, nəzərdə tutulan yeni dəyişikliklər vəkillik sahəsində inkişaf dinamikasını daha da gücləndirəcək və hüquq sisteminin ümumi effektivliyinə müsbət təsir göstərəcək: "Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərliyi ilə son illərdə vəkillik sahəsində mühüm islahatlar həyata keçirilib. Onun təşəbbüsləri nəticəsində vəkillərin peşə fəaliyyətlərinin şəraiti xeyli yaxşılaşıb. Anar Bağırov daim vəkillərin üzləşdiyi çətinliklərə həssaslıqla yanaşır, onların problemlərinin həlli üçün ardıcıl və məqsədyönlü addımlar atır. O, vəkillik institutunun nüfuzunun artırılması, ictimai etimadın gücləndirilməsi istiqamətində ciddi səylər göstərir. Sədrin gördüyü işlər nəticəsində həm təşkilati, həm də hüquqi baxımdan vəkillik sistemi daha çevik və funksional bir quruma çevrilib. Hesab edirəm ki, bu dəyişikliklər də vəkillik institutunun daha da inkişaf etməsində əhəmiyyətli təsir göstərəcək".
Şəbnəm Mehdizadə