Vəkillikdə islahatların yeni mərhələsi - Dəyişikliklər nə vəd edir?


  • 17:31

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna təklif olunan dəyişiklikləri ilk növbədə möhtərəm Prezidentimiz İlham Əliyevin vəkilliyin şüarına çevrilmiş "Güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır" sözləri konteksində dəyərləndirmək lazımdır. Təkliflər vəkillik təsisatının güclənməsinə və nüfuzunun daha da artırılmasına xidmət edir.

Bu sözləri e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı deyib.

O, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin seçilməsi sahəsində məhdudiyyətin ləğv olunmasına münasibət bildirərkən söyləyib: "Digər hüquq təsisatlarında rəhbər vəzifəyə məhdudiyyətin qoyulmadığı halda, vəkillikdə məhdudiyyət qala bilməzdi və bunun aradan qaldırılması mütərəqqi haldır. Əlbəttə, bəzi ağzıgöyçəklər öz dar pəncərələrindən mövzunu şəxsiləşdirərək geniş ağızlarını açacaqlar, biz bunun digər hüquq təsisatlarına münasibətdə məhdudiyyət aradan qaldırılanda şahidi olmuşuq, amma təcrübə göstərir ki, bacarıqlı, istedadlı, peşəsini sevən və bütün varlığıyla rəhbərlik etdiyi qurumun inkişafına çalışan rəhbərin yolunda maneə olmamalıdır".

Vəkilliyə qəbul üçün tələb olunan staj müddətinin 3 ildən 1 ilə endirilməsi də A.Qasımlının ürəyincə olub: "Vəkil olmaq istəyən gənc hüquqşünasları təbrik edirəm. Təklif olunan dəyişiklik gənclərin vəkilliyə gəlişini asanlaşdırır. 3 il müddət bir hüquqşünasın özünü təsdiq etməsi üçün kifayət qədər uzun müddətdir. Bu müddət çalışdığı sahədə özünü təsdiq edən hüquqşünasın vəkilliyə gəlmək, ikinci dəfə öz karyerasına sıfırdan başlamaq həvəsini öldürürdü və yaxşı vəkil ola biləcək hüquqşünasların əksəriyyəti digər hüquq sahələrində kök salırdılar. İndi gənclərin vəkil olması üçün heç bir maneə yoxdur".

O bildirib ki, vəkil adından sui-istifadə, vəkil sorğularına cavab verilməsi, vəkillərin intizam məsələsi barədə təkliflər də mütərəqqi dəyişikliklərdir, vəkilliyin müstəqilliyinin, nüfuzunun artmasına zəmin yaradır: "Qeyd etmək istərdim ki, təklif olunan dəyişikliklər cənab Prezidentimizin Azərbaycan vəkilliyinə diqqət və qayğısının göstəricisidir, yüksək etimaddır. Əminəm ki, hörmətli sədrimiz Anar Bağırovun rəhbərliyi ilə biz bu etimadı doğruldacağıq".

Vəkil Elvin Səlimov da sözügedən qanun layihəsini dövrün tələblərinə uyğun olan mütərəqqi addım kimi qiymətləndirib: "Xüsusilə vurğulamaq istərdim ki, Rəyasət Heyətinə sədr seçilməsi ilə bağlı 2 dəfədən artıq məhdudiyyətin götürülməsi ilə bağlı təklif də bu mütərəqqi təkliflərdən biridir. Bununla bağlı mən diqqəti qanunun 1-ci maddəsinə yönəltmək istərdim. Qanunun 1-ci maddəsindən Azərbaycan Respublikasında vəkillik dedikdə hansı fəaliyyətin nəzərdə tutulması açıqlanır və mənasından da birbaşa aydın olur ki, Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Təbii ki, vəkillik fəaliyyətinin müstəqil olması onun ölkə qanunvericiliyinə əməl edilməsini də nəzərdə tutur. Eləcə də vəkilliyin əsaslarından biri də vəkillərin hüquqlarının bərabərliyi, özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsidir. Belə olduğu halda, müstəqil fəaliyyət göstərən bir qurumun rəhbər vəzifəsinə 2 dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyət vəkilliyin əsasları ilə birbaşa ziddiyyət təşkil etdiyini düşünürəm. Yəni ki, nə üçün qurumun fəaliyyəti ilə bağlı zamanını, enerjisini və bütün peşəkar imkanlarını səfərbər edən bir vəkil və heyəti müstəqil qurumun üzvləri seçki əsasında yenidən seçməsin?! Təbii ki, heç bir qurum üzvləri qurumun nüfuzuna və fəaliyyətinə töhfə verməyən şəxsi nəinki 2 dəfədən artıq, heç ikinci dəfə belə seçməz. Belə olan halda hüquqi cəmiyyətdə belə bir məhdudiyyətin qanunda qalması formal məhdudiyyətdən başqa bir hal deyil".

"Bir hüquqşünas-vəkil kimi bir daha qeyd edirəm ki, qanunlar zamanın tələbinə uyğun olaraq yazılır, dəyişdirilir və müvafiq əlavələr edilir. Bu çox doğru, mütərəqqi və zamanında atılmış addımdır. Düşüncələrimi 2017-ci ildən bu günə olan vəkilliyin inkişaf mərhələsi və atılan addımlar birbaşa təsdiq edir. 8 il bundan öncə vəkilliyin inkişafına kölgə salmaq istəyən bir çox hüquqşünaslar hazırda ya Vəkillər Kollegiyasının üzvləridir, ya da bu quruma üzv olmaq üçün can atırlar. Bunların hamısı demokratik bir təsisatın dünyanın inkişaf etmiş vəkillik qurumları ilə bərabər addımlamasının təzahürüdür.
Sonda Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun ilk dəfə Rəyasət Heyətinə sədr seçilərkən söylədiyi bir fikrini diqqətə çatdırmaq istərdim: “Mən hər bir vəkilin vəkili olacağam.” Sözünü 8 illik bu zaman ərzində gördüyü işlərlə təsdiq etmiş bir rəhbər!" - deyə E.Səlimov qeyd edib.

Vəkil Kamandar Nəsibov isə deyib ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilən dəyişikliklər, xüsusilə də Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin iki dəfədən artıq seçilməsinə qoyulmuş məhdudiyyətin ləğvi yalnız qanunvericiliyin texniki redaktəsi deyil. Bu qərar hüquqi dövlətin qurulmasında, vəkillik institutunun daha çevik və təsirli fəaliyyətində mühüm dönüş nöqtəsidir: "Əvvəlki məhdudiyyət hər nə qədər demokratik mexanizm kimi təqdim edilsə də, əslində təcrübəli və etimad qazanmış liderlərin fəaliyyətini yarımçıq saxlayırdı. Demokratiyanın mahiyyəti isə süni limitlərdə deyil, seçicilərin iradəsindədir. Əgər vəkillər icması bir şəxsə təkrar etimad göstərməyə hazırdırsa, bu, onun ən böyük legitimlik mandatıdır. Beynəlxalq təcrübə də bunu təsdiqləyir. ABŞ-da "Bar Association" rəhbərləri on illərlə fəaliyyət göstərir, əgər etimadı qoruyurlarsa. Avropanın bir çox ölkəsində rəhbərlik müddəti məhdudiyyətlərlə deyil, üzvlərin güvəni ilə müəyyən edilir. Fransa və Almaniyada əsas prinsip odur ki, etimad varsa, fəaliyyət davam edir. Bu model sabitlik və strateji inkişaf üçün ən düzgün yoldur. Azərbaycan vəkilliyində qəbul olunan yeni düzəliş də eyni fəlsəfəyə əsaslanır. İndi liderlər yarımçıq dayanmayacaq, onların təcrübəsi uzunmüddətli və davamlı layihələrdə öz bəhrəsini verəcək. Hüquqi təhsilin modernləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişlənməsi, rəqəmsal transformasiya bütün bu istiqamətlər ardıcıl və davamlı həyata keçirilə biləcək".

K.Nəsibov bildiirb ki, artıq vəkil sorğularına maksimum 7 iş günü müddətində cavab verilməsidə xüsusi önəm daşıyır: "Bu, ədalət mühakiməsinin sürəti baxımından həyati əhəmiyyət daşıyır. Vəkilin sorğusu cavabsız qaldıqda, hüququn müdafiəsi də yarımçıq qalır. Mən dəfələrlə şahid olmuşam ki, vaxtında cavab alınmadığı üçün sübutların qüvvəsi itib. İndi isə bu boşluq aradan qaldırılır. Hesab edirəm ki, gələcəkdə sorğunu cavabsız qoyan qurumların məsuliyyəti də qanunda ayrıca göstərilməlidir"

"Digər mühüm dəyişiklik vəkil adının qanunsuz istifadəsi ilə bağlıdır. Vəkil adı müqəddəsdir. Özünü vəkil kimi təqdim edən, amma bilik və məsuliyyət daşımayan şəxslər hüquqa ən böyük zərbədir. Belə hallarla mübarizə təkcə inzibati tədbirlərlə deyil, daha sərt, hətta cinayət məsuliyyəti ilə davam etməlidir. Çünki bu fəaliyyətin qurbanı sadə vətəndaşdır", - deyə o əlavə edib.

K.Nəsibovun sözlərinə görə, qanundakı yeni yanaşma gənc hüquqşünaslar üçün böyük imkanlar açır: "Uzun illərdir müşahidə edirəm ki, istedadlı gənclər çox potensiala malikdirlər, amma illərlə gözləməyə məcbur olurdular. İndi 1 illik staj tələbi onların motivasiyasını söndürməyəcək, əksinə, vəkilliyə yeni enerji gətirəcək. Bu, vəkillik institutunun gələcəyinə qoyulan ən dəyərli sərmayədir".

"Hakim vəzifəsində çalışmış şəxslərin vəkil olmaq üçün imtahandan keçməsi də tamamilə doğru yanaşmadır. Çünki vəkillik yalnız keçmiş təcrübəyə deyil, daim yenilənən biliklərə əsaslanır. Ədalət mühakiməsi isə müasir biliklər üzərində qurulmalıdır", - o bildirib.

Eyni zamanda, regional qurumların, hüquqi yardım və tədris mərkəzlərinin yaradılması da mühüm yeniliklər hesab edən vəkilin sözlərinə görə, vəkilliyin yalnız Bakıda deyil, bütün bölgələrdə daha səmərəli fəaliyyət göstərməsi vətəndaşların hüquqa çıxış imkanlarını artıracaq: "Bütün bu dəyişikliklər yalnız vəkillərin deyil, bütövlükdə Azərbaycan hüquq sisteminin inkişafına xidmət edir. Vəkilliyin güclənməsi dövlətin güclənməsi deməkdir. Vəkilin səsi isə ədalətin səsidir. Bu islahatların həyata keçirilməsində böyük rolu olan Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırova təşəkkürümü bildirirəm. Onun rəhbərliyi ilə vəkillik sadəcə peşə deyil, həm də hüquqi dövlətin dayaqlarından birinə çevrilib. Vəkillər bir ailədir və bu ailənin rifahı üçün atılan hər addım bizim gələcəyimizə xidmət edir".

Vəkil Mehriban Məmmədova da hesab edir ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna təklif olunan dəyişiklər çox doğru və aktual, zamanında irəli sürülmüş təkliflərdir: "Təklif edilən dəyişikliklərdən biri vəkillik üçün tələb edilən iş stajının müddətinin üç ildən bir ilə endirilməsi məni çox sevindirdi. Düşünürəm ki, vəkillik institutuna qoşulmaq istəyən hər bir hüquqşünas bir il iş təcrübəsindən sonra praktik hüquqşünas kimi daha mükəmməl və tez bir zamanda vəkillik peşəsinə yiyələnər, nəinki iki il əlavə hüquqşünas kimi iş stajına yiyələnərək. Sıralarımıza qoşulmaq istəyənlər adına bu dəyişikliyi mən çox müsbət qiymətləndirirəm. Digər təklif Vəkillər Kollegiyasının orqan və qurumlarının sayının artırılması əlbəttdə ki, çox labud və olması gərəkəndir. Bu həm bir lokal strukturun iş yükünün azaltmasına, eyni zamanda biz vəkillər üçün işimizin daha rahat və səmərəli təşkilinə xidmət edəcəkdir".

"Məni ən sevindirən dəyişiklik isə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin seçilməsi sahəsində məhdudiyyətin ləğv olunmasıdır. Düşünürəm indiki halda vəkillik institutu üçün bundan sevincli xəbər ola bilməz. Çünki həmin kürsüyə cənab sədr Anar Bağırovdan başqa namizəd görmürəm. Ən demokratik, reformator sədrimizi heç kəs əvəzləyə bilməz. Ona görə düşünürəm və əminəm ki, sədrin seçilməsi sahəsində məhdudiyyətin ləğv olunması hər bir vəkil kimi məni çox sevindirir və qürurlandırır", - deyə o əlavə edib.

Vəkil Lalə Babayeva isə deyib ki, Prezident cənab İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında məhkəməyə müraciət etmək imkanlarının genişləndirilməsi, burada vəkillərin rolunun gücləndirilməsi, məhkəmə qərarlarının vaxtında və səmərəli icrası, məhkəmə icraatında operativlik və şəffaflıq kimi məsələlər vurğulanıb. Konstitusiyada birbaşa təsbit olunmuş hüquqi yardım almaq hüququ nəzərə alındıqda, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilən dəyişikliklər həmin Fərmanın məqsədləri ilə üst-üstə düşür və aparılan islahatların məntiqi davamı kimi qiymətləndirilə bilər. Bu dəyişikliklər vəkillərin hüquqi müdafiə funksiyalarını gücləndirməklə, bir tərəfdən məhkəmə müstəqilliyinin möhkəmləndirilməsinə, digər tərəfdən isə ədalət mühakiməsinin təminatına xidmət edir.

"Bununla yanaşı, Vəkillər Kollegiyasının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi islahatların şəffaflıq və məsuliyyətlilik prinsiplərini daha da gücləndirir. Məsələn vəkilliyə qəbul üçün tələb edilən hüquqi stajın 1 ilə endirilməsi , həm hüquqşünasların vəkilliyə qəbul prosesini asanlaşdırmaqla, həm də əhalinin hüquqi yardıma əlçatanlığının artırılması baxımından aparılan tədbirlərin sosial yönümünün göstəricisidir", - deyə L.Babayevə bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər