- 9 Fevral 13:01
Azərbaycan cəmiyyətində hüquqi müdafiənin real şəkildə güclənməsi vəkillik institutunun inkişafı ilə birbaşa bağlıdır.
Bu sahədə əsaslı dönüş 2019-cu ildə cənab Prezidentin imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanla başladı. Həmin sənəd təkcə məhkəmələrin işinə deyil, bütövlükdə hüquq mühitinə, hüquq ictimaiyyətinə və vəkillik institutuna da ciddi təkan verdi. Ondan sonra həm qanunvericilikdə, həm institusional yanaşmalarda dəyişikliklər sürətləndi və proseslər müəyyən qədər sadələşdirildi. Məsələn, əvvəllər hakim olmaq üçün namizədlər uzun və çoxmərhələli seçim prosesindən keçməli idilər, 9-10 mərhələdən ibarət prosedurlar, müxtəlif qiymətləndirmə və etaplar mövcud idi. Sonrakı islahatlar bu prosesi daha yığcam və funksional hala gətirdi. Bu dəyişikliklərin niyə zəruri olduğunu rəqəmlər də izah edir. Respublikada təxminən 800-ə yaxın hakim olduğu, vəkillərin sayının isə təxminən 2836 təşkil etdiyi bildirilir. 10 milyonluq əhali üçün, üstəlik, məhkəmələrdə və hüquq-mühafizə orqanlarının icraatında, xüsusən prokurorluq və istintaq orqanlarında iş yükünün yüksək olduğu reallığında bu nisbət sistemin nə qədər yükləndiyini göstərir. İcra mərhələsində vəziyyət daha da aydın görünür. Statistikaya nəzər salsaq, bir icra məmurunun icraatında mülki, kommersiya və inzibati kateqoriyalar üzrə orta hesabla 2500-4500 aktiv icra sənədinin olması halları göstərilir. Bu, yalnız icra xidmətinin yükü deyil, həm də ölkədə mülki, kommersiya və inzibati işlər üzrə çoxlu sayda məhkəmə aktının qəbul edildiyini göstərən bir siqnaldır.
Belə bir mühitdə vəkillik institutunun gücləndirilməsi artıq seçim yox, hüquqi dövlətin davamlılığı üçün zərurətə çevrilir. Bu kontekstdə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş dəyişikliklər xüsusi əhəmiyyət daşıyır və bu dəyişikliklər vəkillik peşəsinə çıxışı genişləndirdi və vəkil sayının artmasına hüquqi zəmin yaratdı. Məsələn, əvvəl vəkil olmaq üçün hüquq sahəsində minimum 3 il iş təcrübəsi tələb olunurdusa, indi bu tələb 1 ilə endirilib. Bu, o deməkdir ki, qanun hüquqşünaslara vəkillik peşəsinə çıxış üçün daha çox imkan yaradır və bazarda hüquqi yardımın əlçatanlığını artırmaq məqsədi güdür.
Əslində, məhkəmənin əlçatan olması yalnız o halda real məna kəsb edir ki, vəkil də əlçatan olsun. Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşa hüquqi yardım almaq hüququ verir və bu hüquq kağız üzərində deyil, praktikada işləməlidir. Bu səbəbdən vəkillərin sayının artması və vəkil xidmətinə çıxışın genişlənməsi sıravi vətəndaş üçün hüquqi müdafiənin real təminatı deməkdir.
Qanunvericiliyimiz eyni zamanda maddi imkanı olmayan vətəndaşların da dövlət hesabına müdafiə hüququnu nəzərdə tutur. Dövlət hesabına hüquqi yardımın saatlıq ödənişi əvvəllər 6 manat təşkil edirdisə, hazırda bu məbləğ 11 manata qaldırılıb. Bu məbləğ bazar iqtisadiyyatı baxımından yüksək görünməyə bilər, amma məncə, məsələ təkcə "11 manat" deyil. Əsas məsələ ondan ibarətdir ki, dövlət hesabına müdafiə mexanizmi ümumiyyətlə işləyir və vəkil bu işi bir növ peşə borcu, vicdan və vəkil andına sadiqlik çərçivəsində görür. Bu, vəkilin vaxt itkisini, enerjisini tam kompensasiya etməsə də, ən azından sistemin "müdafiəsiz vətəndaş" buraxmamaq niyyətini göstərir.
Amma vəkil əlçatanlığı təkcə sayla ölçülmür, keyfiyyət və hazırlıq da burada həlledicidir. Bu yaxınlarda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri hörmətli Anar Bağırov "LEGIS" Beynəlxalq Hüquq Forumunda çox praktik bir problemə diqqət çəkdi. O qeyd etdi ki, üç dili bilən vəkil tapmaq çox çətindir. Təəssüf ki, bu gün 2800-dən çox vəkilin olduğu bir mühitdə belə, bu keyfiyyətlərə malik olanların sayı son dərəcə məhduddur. Bu detal təsadüfi deyil, zaman inkişaf edir, münasibətlər mürəkkəbləşir, cinayətlərin və hüquqi mübahisələrin ağırlıq və çətinlik dərəcəsi artır, beynəlxalq elementli işlər çoxalır. Belə şəraitdə vətəndaşın vəkilsiz qalması həm vətəndaş üçün, həm sahibkar üçün real riskdir. Hüquqlarını düzgün realizə etmək, qanunun tələblərinə uyğun davranmaq, prosesi idarə etmək və nəticəni proqnozlaşdırmaq çətinləşir. Ona görə də vəkil sadəcə "lazım olan adam" deyil, o, həm də hüquqi sistemin faktiki işləməsini təmin edən əsas dayaqlardan biridir.
Məhz buna görə müxtəlif dövlət qurumlarının rəhbərlərinin səsləndirdiyi fikirlər bir-birini tamamlayır. Ali Məhkəmənin sədri hörmətli İnam Kərimovun "süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edə bilməz" yanaşması yerindədir. Hüquq yalnız texniki alqoritm deyil, məsuliyyət, vicdan, insan taleyi və ədalət ölçüsüdür. Azərbaycan Respublikasının Ədliyyə naziri hörmətli Fərid Əhmədovun ölkədə hüquqşünas çatışmazlığının mövcudluğu barədə fikri də reallığa uyğun səslənir. Ali Məhkəmənin Mülki Kollegiyasının sədri hörmətli Sənan Hacıyevin hakimlər üçün hüquqi yazı və natiqlik bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulaması isə keyfiyyət məsələsini gündəmə gətirir. Yəni təkcə say artmamalıdır, peşəkar yazı, nitq, arqument, qərar mədəniyyəti də yüksəlməlidir. Bunlar danılmaz faktlardır və məncə, bu həqiqətləri gizlətməklə islahat aparmaq mümkün deyil. Əksinə, problemləri düzgün qoymaqla təməldən keyfiyyətli hüquqşünasların yetişməsi üçün addımlar atmaq lazımdır.
Təbii ki, bunun başlanğıcı təhsildir. Bu gün ölkədə hüquq təhsili deyəndə ənənəvi olaraq Bakı Dövlət Universiteti (BDU), həmçinin ADA, Milli Aviasiya Akademiyası və digər ali məktəblər yada düşür. Amma nəzəriyyə təkbaşına kifayət etmir. Yerli müəllimlərin nəzəri biliklər verməsi vacibdir, amma eyni zamanda istintaqda, məhkəmədə, prokurorluqda, vəkillikdə uzun illər real təcrübəsi olan şəxslərin, keçmiş və ya aktiv hakimlərin, müstəntiqlərin, prokurorların, təcrübəli vəkillərin tədris prosesinə cəlb olunması da zəruridir. Çünki elə bir kitab yoxdur ki, praktikada hər gün baş verən incəlikləri tələbə açıb oradan oxusun. Bunu yalnız 10-15-20 illik təcrübəsi olan insan gəlib real nümunələrlə izah edə bilər. Bu yanaşma təkcə cinayət işlərində yox, mülki və kommersiya işlərində də xüsusilə faydalıdır. Mülki-kommersiya işlərinə baxan hakimlərin və praktiki vəkillərin dərslərə qatılması hüquqi düşüncənin formalaşmasında ciddi rol oynayar.
Hüquq sisteminin inkişafında xarici təcrübəyə baxış da artıq "lüks" deyil, normaya çevrilir. Bu gün hakimlər məhkəmə qərarlarını yazarkən xarici məhkəmə təcrübəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə istinad edirlər. Eyni şeyi vəkillər də edir. Hüquq sistemləri fərqli ola bilər, amma insana yanaşma, ədalət standartları, mübahisənin hüquqi çərçivədə həlli prinsipləri baxımından həm yerli, həm də beynəlxalq təcrübədən istifadə etmək düzgün yanaşmadır.
Bu proseslərin fonunda bizdə də yeni bir ənənə formalaşır və həmin ənənə üzərində vətəndaşın vəkilə əlçatanlığı daha da güclənməlidir. Burada ixtisaslaşma mövzusu xüsusi yer tutur. Bu gün bizdə tez-tez görürük ki, bir vəkil eyni zamanda həm nikahın ləğvi işini, həm cinayət işini, həm inzibati işi götürür, yəni "hər işdən bir az". Əslində bu yanaşma keyfiyyət baxımından uzun müddətdə doğru deyil. Vahid Avropa təcrübəsində ixtisaslaşma çoxdan gedir, vəkillər konkret sahəni götürür, hətta həmin sahənin içində də xətt seçirlər, məsələn, mülki işlərdə əsasən miras münasibətləri və vəsiyyətlərin icrası ilə bağlı mübahisələr üzrə ixtisaslaşırlar, cinayətdə müəyyən kateqoriyalar, kommersiyada müqavilə öhdəliklərinin pozulması və s. Məncə, bizdə də mərhələli şəkildə belə model tətbiq oluna bilər. İlk 2-3 il ümumi təcrübə üçün müxtəlif işlər, sonra isə daha dəqiq ixtisaslaşma getməlidir. Hətta gələcəkdə Vəkillər Kollegiyasının reyestrində vəkilin hansı sahə üzrə daha çox işi və təcrübəsi olduğu aydın göstərilsə, vətəndaş üçün də daha rahat olar, həm düzgün seçim edər, həm də daha keyfiyyətli hüquqi yardım alar. Çünki məsələn, cinayət işlərində püxtələşmiş vəkil mülki iş götürəndə bəzən nəticə nə vəkilə, nə də vətəndaşa "qənaətbəxş" olmur. Mülki işlərdə isə xüsusən nikahın ləğvi, aliment, uşaqla ünsiyyət, əmlak bölgüsü kimi kateqoriyalar çox incə məqamlar və formalaşmış məhkəmə təcrübəsi tələb edir.
Eyni zamanda vəkil olmaq asan olmamalıdır və olmur da. İmtahan, İxtisas komissiyası, Ədliyyə Akademiyasının təlimləri, bunların hamısı vəkil adının məsuliyyətini göstərir. Bu seçim mexanizmi ona görə lazımdır ki, vətəndaş və sahibkar keyfiyyətli hüquqi yardım alsın, təsadüfi adamlar peşəyə daxil olmasın. Amma bununla yanaşı, vəkilin xarakterik keyfiyyətləri də çox önəmlidir. Təəssüf ki, bəzən müqavilə bağlanır, vəkil işi götürür, amma telefonlara cavab vermir, proseslə maraqlanmır, vətəndaş və sahibkar əziyyət çəkir. Bu kimi hallar da var və təbii ki, bununla bağlı intizam mexanizmləri işləməli, İntizam Komissiyasının icraatında bu tip məsələlər qiymətləndirilməlidir. Bəzən statistikada adlar görünməsə də, neçə nəfərə xəbərdarlıq verildiyi, neçə nəfərin vəkillikdən xaric edildiyi görünür və bu fakt vəkillik institutunda effektiv nəzarət və intizam mexanizmlərinin nə qədər vacib olduğunu açıq şəkildə ortaya qoyur.
Nəticə etibarilə, düşünürəm ki, vəkillik institutunda gedən dəyişikliklər tək bir qurumun daxili islahatı deyil. Bu, cənab Prezidentin tapşırığı və siyasi iradəsi ilə başlayan, cəmiyyətin tələbi ilə güclənən, hüquqi dövlətin təməllərinə xidmət edən prosesdir. Hüquq olmayan yerdə xaos olur. Hüquqi yardım olmayan yerdə özbaşınalıq riski artır. Vəkil isə qanunsuzluğun qarşısını almaqda, ədalətin bərpasında, hüquqi sistemin işləməsində əsas fiqurlardan biridir. Bəzən cəmiyyət yanlış anlayır, cinayət törədən şəxsi vəkil müdafiə edəndə vəkili qınayırlar. Halbuki vəkil həmin şəxsi yox, onun hüquqlarını müdafiə edir. Hətta qəsdən ağır cinayət törətmiş şəxs belə vəkil təminatı hüququna malikdir. Ona görə də vəkilin sosial şəbəkələrdə təhqir obyektinə çevrilməsi, peşəyə hörmətsizlik edilməsi yolverilməzdir. Çünki vəkilin peşəsi ağırdır, məsuliyyətlidir və çox vaxt insan taleyi, əmlakı, gələcəyi ilə birbaşa bağlı olur.
Aytac Qurbanova
Hüquqşünas