- 11:56
Məlum olduğu kimi, 5 fevral 2026-cı il tarixində PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən təşkil edilən, hüquq sahəsində peşəkarları, ekspertləri və texnologiya liderlərini bir araya gətirən “LEGIS Hüquq Forum”u keçirilib. Forumda bütün akademik standartlara cavab verən və elmi-populyar formatda hazırlanan "Legis" jurnalının ilk buraxılışı təqdim edilib. Min nüsxədən artıq tirajla çap olunan jurnalda dəyərli hüquqşünasların və alimlərin məqalələri, müsahibələri, eləcə də "Legis 2025" çərçivəsində müzakirə olunan əsas mövzular əks olunub.
E-huquq.az "Legis" jurnalının ilk sayında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun “Azərbaycan vəkilliyinin rəqəmsallaşması” başlıqlı müsahibəsi dərc edilib. Həmin müsahibəni təqdim edir:
Vəkillik institutunda elektronlaşma prosesinin sürətlənməsinə əsas təkan verən amilləri necə xarakterizə edərdiniz?
Müasir dövrdə texnologiyaların sürətli inkişafı hüquq sahəsində də yeni reallıqlar formalaşdırmışdır. Rəqəmsallaşma, elektronlaşma və süni intellekt texnologiyalarının tətbiqi hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, onların daha geniş əhali qrupları üçün əlçatan olmasına və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına imkan yaradır. Bu proseslər bu gün vətəndaşların ən əsas konstitusion hüquqlarından biri olan keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin olunmasında mühüm rol oynayır və vəkillik fəaliyyətində müasir yanaşmaların formalaşmasına təkan verir. Cənab Prezident İlham Əliyevin 22 fevral 2018 ci il tarixli Sərəncamı vəkillik institutunun müasir dövrün tələblərinə uyğun transformasiyasında mühüm mərhələ olmuşdur. Sözügedən Sərəncamda Kollegiyanın və vəkillərin fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsinin inkişaf etdirilməsi, habelə vəkilliyin vahid elektron informasiya sisteminin yaradılması və onun “Elektron məhkəmə” informasiya sistemi ilə inteqrasiyası istiqamətində tədbirlərin görülməsi Vəkillər Kollegiyasına tövsiyə edilmişdir. Qeyd olunan tövsiyələr Vəkillər Kollegiyasının fəaliyyətində yeni və keyfiyyətcə fərqli bir mərhələnin əsasını qoymuşdur. Nəticə etibarilə “Elektron Vəkil Platforması” formalaşdırılmış, eyni zamanda Kollegiyanın nəzdində “Elektron vəkillik” Komitəsi təsis edilmişdir. Bu platforma vahid rəqəmsal ekosistemin formalaşdırılmasına xidmət edir və əsas məqsədi hüquqi yardımın əlçatanlığını artırmaq, vəkillərin gündəlik fəaliyyətini müasir standartlara uyğunlaşdırmaq və hüquqi xidmətlərin idarə olunmasında rəqəmsal modeli tətbiq etməkdir. Platforma çərçivəsində həyata keçirilən ilk mühüm addımlardan biri Vəkillər Kollegiyasının müasir tələblərə cavab verən rəsmi veb-saytının hazırlanması olmuşdur. Yeni veb-saytda bütün vəkil qurumlarını və vəkilləri əhatə edən onlayn reyestr formalaşdırılmış, məlumatların operativ və şəffaf şəkildə yenilənməsi təmin edilmişdir. Bu isə vətəndaşların vəkillər və vəkil qurumları barədə zəruri informasiyanı daha sürətli və etibarlı şəkildə əldə etməsinə imkan yaradır. Eyni zamanda, hər bir vəkil üçün “Elektron vəkil kabineti” istifadəyə verilmiş və bu kabinetlər “Elektron məhkəmə” informasiya sistemi ilə inteqrasiya olunmuşdur. Kollegiya tərəfindən vəkillərə ünvanlanan rəsmi sənədlər, qərarlar və digər məlumatlar artıq elektron kabinet vasitəsilə təqdim olunur. Vəkillər isə öz növbəsində əlaqə məlumatlarını və digər informasiyanı real vaxt rejimində yeniləyə bilirlər.
Vəkilliyə qəbulla bağlı sənəd qəbulunun tam elektronlaşması və dövlət hesabına təyinatla bağlı qərarların elektron bölgüsü hansı problemləri aradan qaldırdı?
Fikrimcə, rəqəmsallaşma istiqamətində atılan ən mühüm addımlardan biri vəkilliyə qəbulla bağlı sənəd qəbulunun tam elektronlaşdırılması olmuşdur. Bu prosesə 2018-ci ildən başlanılmış, hazırda isə tamamilə elektron qaydada həyata keçirilir. Kollegiya üzvlüyünə namizədlər ixtisas imtahanının test mərhələsində iştirak üçün Vəkillər Kollegiyasının rəsmi veb-saytı vasitəsilə qeydiyyatdan keçir, məlumatları onlayn doldurur və ödənişi bank kartları ilə həyata keçirirlər. Bu yanaşma şəffaflığı artırmaqla yanaşı, vaxt və resurs itkisinin qarşısını alır. Dövlət hesabına hüquqi yardımın elektron bölgüsü də mühüm institusional yeniliklərdəndir. Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində məhkəmələr tərəfindən Kollegiyanın Hüquqi Yardım Mərkəzinə göndərilən təyinat qərarları artıq avtomatik şəkildə, insan amili olmadan vəkil büroları arasında bölüşdürülür. Bu mexanizm prosesin obyektivliyini və tam şəffaflığını təmin edir. Perspektivdə məhkəməyəqədər istintaq mərhələsində də vəkil seçimi ilə bağlı siyahıların vahid elektron mühit üzərindən idarə olunması məqsədəuyğun hesab edilir. Elektron vəkillik ekosistemi çərçivəsində mühüm yeniliklərdən biri də “Davamlı tədris” üzrə elektron platformanın yaradılmasıdır. Bu platforma regionlarda fəaliyyət göstərən vəkillərin paytaxta gəlmədən onlayn qaydada tədris proqramlarında iştirakına və yekun qiymətləndirmənin elektron formada aparılmasına imkan yaradır.
Hüquqi yardım haqqında müqavilənin elektron bağlanması və elektron vəkil orderinin tətbiqi hansı inqilabi dəyişikliklərə səbəb oldu?
Hüquqi yardım haqqında müqavilələrin elektron formada bağlanması və elektron vəkil orderinin tətbiqi hüquqi xidmətlər sahəsində yeni mərhələ açmışdır. Bu mexanizmlər vətəndaşlara dünyanın istənilən nöqtəsindən vəkil bürosuna fiziki müraciət etmədən onlayn qaydada hüquqi yardım almaq imkanı yaradır. Nəticədə həm vaxt, həm də maddi resurslara qənaət edilir. Layihənin ilkin mərhələsində müəyyən tərəddüdlər mövcud idi. Bu səbəbdən sistem əvvəlcə beş vəkil bürosunda pilot layihə kimi tətbiq edilmiş, uğurlu nəticələrdən sonra isə ölkə üzrə genişləndirilmişdir. Statistik göstəricilər sistemin effektivliyini aydın şəkildə nümayiş etdirir.
Elektron orderlər üzrə statistika:
- 2023-cü il – 21 elektron order;
- 2024-cü il – 13 661 elektron order;
- 2025-ci il 12 dekabr tarixinədək – 53 182 elektron order.
Elektron müqavilələr üzrə statistika:
- 2023-cü il – 26 elektron müqavilə;
- 2024-cü il – 20 476 elektron müqavilə;
- 2025-ci il 12 dekabr tarixinədək – 70 273 elektron müqavilə.
Bu dinamika vətəndaşların rəqəmsal hüquqi xidmətlərə artan etimadını və sistemin praktiki səmərəliliyini təsdiqləyir.
Rəqəmsallaşma istiqamətində qarşıdakı dövr üçün əsas hədəflər nələrdir?
Yaxın zamanda Vəkillər Kollegiyasının “Elektron vəkillik” Komitəsi tərəfindən hazırlanmış “Pro Bono” çat-botunun istifadəyə verilməsi nəzərdə tutulur. Süni intellekt əsasında fəaliyyət göstərəcək bu bot aztəminatlı şəxslər də daxil olmaqla geniş ictimaiyyət üçün ilkin hüquqi məlumat və məsləhətlərin əlçatanlığını təmin edəcəkdir. Bundan əlavə, elektron vəkil sorğusu layihəsi üzərində işlər davam etdirilir. Bu sistem vəkil sorğularının elektron qaydada təqdim edilməsinə, məlumatların real vaxt rejimində və ya elektron formada əldə olunmasına imkan verəcəkdir. Hazırda normativ-hüquqi tənzimləmə ilə bağlı müəyyən məsələlər mövcuddur və bu istiqamətdə müvafiq qanunvericilik təşəbbüsləri hazırlanır.
Süni intellekt və elektron xidmətlərin genişlənməsi fonunda kibertəhlükəsizlik məsələlərini necə qiymətləndirirsiniz?
Rəqəmsallaşma hüquqi xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, yeni risklər də yaradır. Elektron sistemlərin həcminin və mürəkkəbliyinin artması, məlumat axınının sürətlənməsi kibertəhlükəsizlik məsələlərini daha da аktual edir. Bu baxımdan həm vəkillər, həm də vətəndaşlar informasiya təhlükəsizliyinə xüsusi həssaslıqla yanaşmalıdırlar. Yeni texnologiyaların tətbiqi müasir dövrün qaçılmaz reallığıdır. Vəkillər Kollegiyası olaraq biz rəqəmsallaşma prosesini dəstəkləməklə yanaşı, informasiya təhlükəsizliyinin təmin edilməsini də prioritet istiqamətlərdən biri kimi dəyərləndiririk.



