Hüquqşünaslar üçün "İşgəncələrin qadağan olunması" mövzusunda təlim keçirildi - FOTO


  • 26 Sentyabr 17:32

Hüquq və İnsan Haqları İnstitutunun Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 3-cü və 6-cı maddələrini əks etdirən maarifləndirici təlimləri davam edir.

İnstitutdan e-huquq.az-a verilən məlumata görə, Avropa Şurası ilə birgə əməkdaşlıq çərçivəsində növbəti təlim Quba şəhərində keçirilib.

Sentyabrın 26-da “AİHK-in 3-cü maddəsi. Azərbaycanda İşgəncələrin qadağan olunması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda keçirilən təlimdə ədliyyə qurumlarının, prokurorluq orqanlarının əməkdaşları, mediatorlar, həmçinin Vəkillər Kollegiyasının üzvləri iştirak ediblər.

Təlimçi Vüsalə Muradxanlı çıxışında AİHK-in 3-cü maddəsinin mahiyyəti, Avropa Məhkəməsinin müvafiq qərarlarda mövqeyi, eyni zamanda işgəncə və qeyri insani rəftar hallarının araşdırılmasında hüquq-mühafizə orqanlarının və məhkəmənin rolunun vacibliyi haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Hüquq eksperti Vəfaddin İbayev təqdimatında işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzada aşkar edilmiş hüquq pozuntuları və onların aradan qaldırılması yollarının geniş təhlilini verib. İştirakçılarla kazusların həlli qrup şəklində işlənilib və təlimin qiymətləndirilməsi həyata keçirilib.

Sonda 19 nəfər təlim iştirakçısına sertifikatlar təqdim edilib.

Qeyd edək ki, oxsar təlimlərin keçirilməsinin nəticəsində ölkəmizdə işgəncə və qeyri insani rəftara dair iddiaların araşdırılması istiqamətində Avropa Məhkəməsinin təcrübəsinin rəhbər tutulması gözlənilir.

Oxşar xəbərlər