MİDA-dan mənzil ala bilməyənlər hansı hüquqi addım atmalıdır? - Vəkil rəyi


  • 30 Mart 2022 18:30

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunan Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsindəki mənzillərin seçimi başa çatıb. Agentlik 442 mənzilin seçimində 8 939 nəfərin iştirak etdiyini, 257 mənzillə bağlı vətəndaşlar tərəfindən imzalanmış ərizələrinin təqdim olunduğunu açıqlayıb. Sosial şəbəkələrdə isə satış prosesinin şəffaf keçməməsi ilə bağlı iddialar yayılıb. Belə ki, prosesin cəmi 4-5 saniyə çəkdiyi və bu qısa müddətdə bu qədər mənzilin satılmasının müəmmalı olduğu qeyd olunub.

Seçilən mənzillərin əvvəlcədən proqramlaşdırılmış formada saxlanıldığı və sonradan gözləmə bölümündə satıldığı barədə fikirlər də səsləndirilir. Vətəndaşlar satış prosesinin qeyri-şəffaf təşkilinə görə MİDA-nı tənqid edir və onların hüquqlarının pozulmasında günahlandırılar.

Məsələ ilə bağlı e-huquq.az-açıqlamasında vəkil Anar Qasımlı deyib ki, prosesin şəffaflığından şübhə edənlər hüquq-mühafizə orqanlarına müraciət edərək araşdırma aparılmasını tələb edə bilərlər. Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət verilməlidir.

"Öncə araşdırılmalıdır ki, 4-5 saniyə ərzində 442 mənzilin satılması texniki cəhətdən mümkündür ya yox. Əgər mümkün deyilsə, deməli, burada hansısa neqativ hallara yol verilib. Daha sonra prosesə hər hansı kənar müdaxilənin olub-olmaması, korrupsiyaya və digər neqativ hallara yol verilib-verilmədiyi müəyyənləşdirilməlidir. Neqativ halların olması sübuta yetirildikdən sonra məsələyə hüquqi qiymət verilə bilər. Yox əgər həmin müddət ərzində o qədər mənzilin satışının onlayn qaydada həyata keçirilməsi texniki cəhətdən mümkündürsə, yəni proses qanuni şəkildə həyata keçirilibsə, bu halda təbii ki, edilən şikayətlər təmin olunmayacaq. Yəni, ilk növbədə satışın qanunauyğun formada həyata keçirilib-keçirilməməsi məsələsi dəqiqləşdirilməlidir", - deyə o qeyd edib.

Vəkilin fikrincə, MİDA mənzillərin satış mexanizmini dəyişdirməlidir: "Ümumiyyətlə, hesab edirəm ki, bu cür satış qaydası düzgün deyil. Çünki bunu sanki bir şans oyununa çeviriblər. Düşünürəm ki, mənzil almaq istəyən şəxslər müraciət edib siyahıya alınsa, daha sonra növbə ilə həmin şəxslərə mənzillər satılsa, daha yaxşı olardı".

Gülnar Abdullayeva

Oxşar xəbərlər