Sosial mediadan şantaj məqsədilə istifadə artıb: "Hüquqi mexanizmlər gücləndirilməlidir"


  • 12:02

Müasir dövrdə informasiya texnologiyalarının inkişafı və medianın əlçatanlığı bir çox sahədə rahatlıq yaratsa da, hüquqi münasibətlərdə yeni problemlərə də yol açır. Xüsusilə də, son illərdə mediadan və sosial şəbəkələrdən şantaj və təzyiq vasitəsi kimi istifadə halları artıb.

Vəkillər Kollegiyasının üzvü Lalə Babayeva e-huquq.az-a açıqlamasında bildirib ki, belə vəziyyətlər hüquqi baxımdan ilk növbədə Cinayət Məcəlləsinin 182-ci maddəsi – “Hədə-qorxu ilə tələb etmə” kontekstində araşdırılmalıdır.

O deyib ki, bu maddəyə əsasən, zor tətbiq etməklə və ya zor tətbiq olunacağı ilə hədələməklə, eləcə də şərəf və ləyaqəti alçaldan məlumatları yaymaq təhdidi ilə özgənin əmlakını, hüququnu və ya müəyyən hərəkətlər etməsini tələb etmək cinayətdir: “Məsələn, kimsə qarşı tərəfi müəyyən hüquqi addımlardan çəkindirmək üçün onun qohumunun – dövlət vəzifəli şəxsin adını mediada hallandıracağı ilə hədələyirsə, bu, tam şəkildə “hədə-qorxu ilə tələb etmə” cinayəti kimi qiymətləndirilir. Əgər həmin məlumat sonradan mediada yayımlanarsa, böhtan (CM-nin 147-ci maddəsi) və təhqir (CM-nin 148-ci maddəsi) maddələri də tətbiq oluna bilər”.

Vəkilin sözlərinə görə, eyni zamanda, dövlət qulluqçularının nüfuzunun qorunması məsələsi də xüsusi diqqət tələb edir: “Azərbaycan qanunvericiliyi dövlət qulluqçularının nüfuzunun qoruyur. Belə ki, Konstitusiyanın 46-cı maddəsi şərəf və ləyaqətin qorunmasını təmin edir, Mülki Məcəllənin 23-cü maddəsi isə şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi hüququ verir. “Dövlət qulluğu haqqında” Qanunun 14-cü maddəsinə görə, dövlət qulluqçusunun nüfuzu qorunmalı, əsassız ittiham və ya təhdidlərə qarşı hüquqi müdafiə təmin olunmalıdır. Habelə, vəzifəli şəxsin əlavə olaraq sadəcə adının hallanması belə qanuna zidd hesab edilməlidir. Bu səbəbdən, əsassız məlumatların yayılması yalnız həmin dövlət vəzifəsini tutan şəxsə qarşı fərdi deyil, həm də dövlət orqanının nüfuzuna qarşı hörmətsizlik və zərər vurma kimi qiymətləndirilə bilər”.

L.Babayeva media orqanlarının məsuliyyətinin də burada xüsusi rol oynadığını vurğulayıb. Deyib ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanun media qurumlarını yayımladıqları məlumatın doğruluğunu yoxlamağa borclu edir: “Yalan və əsassız məlumat yaydığı halda, yalnız sifarişçi deyil, media qurumu da hüquqi məsuliyyət daşıyır və zərərçəkmiş şəxs həm sifarişçiyə, həm də media orqanına qarşı məhkəmə qaydasında iddia qaldıra bilər. Bu məsuliyyət çərçivəsində mülki hüquqi baxımdan kompensasiya tələb oluna bilər, habelə media etikası baxımından da ciddi pozuntu hesab olunur” .

Vəkilin fikrincə, mövcud qanunvericilikdə müəyyən boşluqlar da var: “Bəzi hallarda davranış ictimai təhlükəli və qanunazidd olur, lakin cinayət tərkibinin əlamətləri tam mövcüd olmur. Məsələn, şəxs qarşı tərəfi mediada ifşa etməklə hədələyir, amma konkret maddi tələb irəli sürmür və ya nəticə real zərərə gətirib çıxarmır. Belə halların tənzimlənməsi üçün İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunması zəruridir. Bu maddə “Məlumat yaymaq təhdidi ilə müəyyən hərəkətləri tələb etmə və ya həmin hərəkətləri etməkdən çəkindirmə” kimi adlandırıla bilər. Maddə üzrə təklif belədir: şəxsi və ya qohumlarının şərəf və ləyaqətini alçaldan və ya əsassız məlumatları yaymaqla hədələyərək hər hansı hərəkəti və ya hərəkətsizliyi tələb etmə habelə, eyni əməllər media və ya internet resursları vasitəsilə həyata keçirildikdə. Bu norma yalnız hədə-qorxu ilə tələb etmə cinayət tərkibini yaratmadıqda tətbiq oluna bilər. Belə dəyişikliklərin tətbiqi hüquqi sabitliyi təmin edər, həm ictimai təhlükəli, lakin cinayət həddinə çatmayan halların qarşısını alar, həm də media etikası və hüquqi intizam baxımından daha sabit mühit yaradardı. Nəticə olaraq, inzibati məsuliyyətin yaranması belə halların effektiv qarşısının alınması üçün həm cinayət, həm inzibati, həm də mülki hüquqi mexanizmlərin balanslaşdırılmış tətbiqinə töhfə verəcəkdir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər