Vərəsəlikdə ölüm anının hüquqi əhəmiyyəti - Miras kimə çatacaq?


  • 11:53

Vərəsəlik hüququnda ölüm anı anlayışı hüquqi nəticələrin formalaşmasında mühüm rol oynayır. Xüsusilə bir neçə şəxsin eyni hadisə nəticəsində vəfat etməsi halında onların ölüm ardıcıllığının müəyyən edilməsi vərəsəlik hüququnun düzgün tətbiqi üçün zəruridir. Mirasın açılması və vərəsələrin dairəsinin müəyyən olunması yalnız miras qoyanın ölümündən sonra mümkün olur. Bu səbəbdən ölüm anının dəqiq müəyyənləşdirilməsi konkret şəxsin vərəsə sayılıb-sayılmamasına birbaşa təsir edir.

Vəkil Dədəkişi Vəlizadə e-huquq.az-a açıqlamasında mövzunu konkret nümunə əsasında şərh edib.

"Ər birinci evliliyindən övlad sahibidir. Onun ikinci dəfə evləndiyi arvadının isə nikahadək əldə etdiyi bir evi mövcuddur. Ər həmin arvadı ilə birlikdə səyahətə çıxır və yolda avtomobil qəzasına düşür. Qəza nəticəsində hər iki şəxs - ər və arvad ölür. Bu halda ərin birinci evlilikdən olan övladının arvadın əmlakına vərəsə olub-olmaması məsələsi mübahisə predmetinə çevrilir", - deyə o bildirib.

Vəkil deyib ki, qeyd edilən mübahisənin həlli üçün mütləq ərin və arvadın ölüm anı müəyyən edilməlidir: "Belə ki, vərəsəlik hüququnda "ölüm anı" anlayışı, vərəsəlik münasibətlərinin başlanması üçün həlledici hüquqi faktdır. Mülki Məcəllənin müddəalarına görə miras yalnız şəxsin ölümü halında açılır və bu məqamda vərəsəlik subyektlərinin (vərəsələrin) dairəsi müəyyən edilir (Mülki Məcəllənin 1145, 1134-cü maddələri). Deməli, vərəsəlik hüququnda ölüm anı institutunun funksiyalarından biri, konkret şəxsin vərəsəlik hüququna malik olub-olmamasını müəyyən etməkdir. Belə ki, vərəsə sayılmaq üçün şəxs mütləq miras qoyanın ölüm anında sağ olmalıdır. Bu prinsip həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsəliyə tətbiq edilir. Əgər şəxs miras qoyandan əvvəl vəfat edirsə, onun vərəsəlik hüququ yaranmır və nəticədə həmin şəxsin övladları da qanuni əvəzetmə (irsi-transmissiya) istisna olmaqla, vərəsə ola bilmirlər".

D.Vəlizadə qeyd edib ki, təqdim edilən nümunədə ər və arvadın eyni qəza nəticəsində vəfat etməsi halında ölüm ardıcıllığı xüsusi əhəmiyyət daşıyır: "Əgər arvad ərin ölümündən əvvəl vəfat edirsə, ər sağ olduğundan onun vərəsəlik hüququ yaranır. Bu halda ər birinci növbəli vərəsə sayılır və sonradan vəfat etsə də, onun payı öz növbəsində birinci evlilikdən olan övladına keçir. Əksinə, əgər ər arvadından əvvəl vəfat edirsə, ər artıq vərəsə sayılmadığından onun övladı da arvadın mirasına iddia edə bilmir".

Vəkil sonda vurğulayıb ki, "vərəsəlikdə ölüm anı" subinstitutu hüquqi nəticələrin yaranması və vərəsələrin müəyyənləşdirilməsi baxımından təməl əhəmiyyət daşıyır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər