Rahat, amma riskli: Onlayn alış-verişdə istehlakçı hüquqları necə qorunur?


  • 1 Sentyabr 14:37

Son illərdə elektron ticarətin sürətli inkişafı Azərbaycanda istehlak münasibətlərində yeni hüquqi problemlər yaradıb. Onlayn alış-veriş bir tərəfdən insanlara rahatlıq və geniş seçim imkanı təqdim etsə də, digər tərəfdən onların hüquqlarının pozulması riskini artırır".

Bu sözləri e-huquq.az-a açıqlamasında vəkil Gülnar Əliyeva deyib.

O bildirib ki, buna görə də qanunla istehlakçılara verilmiş hüquqların real həyatda necə qorunduğu, mövcud boşluqların nədən ibarət olduğu və beynəlxalq təcrübədən hansı elementlərin ölkəmiz üçün faydalı ola biləcəyi mühüm əhəmiyyət kəsb edir.

Vəkil deyib ki, artıq ənənəvi ticarətin yerini getdikcə daha çox elektron ticarət tutur. İnsanlar mağazalara getmədən, sadəcə bir kliklə istədikləri mal və ya xidməti əldə edə bilirlər. Bu, vaxt və maliyyə baxımından rahatlıq yaratsa da, hüquqi münasibətlərdə yeni çağırışlara səbəb olur. Çünki texnologiyanın verdiyi bu rahatlıq bəzən istehlakçıların hüquqlarının pozulması ilə nəticələnir və onların müdafiəsi üçün hüquqi mexanizmlərin əhəmiyyətini daha da artırır.

G.Əliyeva qeyd edib ki, Azərbaycan Respublikasında elektron ticarət münasibətləri bir neçə əsas normativ aktla tənzimlənir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və "Elektron ticarət haqqında" Qanun bu sahədə hüquqi bazanı təşkil edir: "Bu qanunvericilik aktları istehlakçının məlumat almaq, qüsursuz mal əldə etmək, lazım gəldikdə isə onu geri qaytarmaq hüququnu təmin edir. Burada diqqət çəkən məqam odur ki, onlayn alış-verişdə faktiki olaraq elektron müqavilə bağlanır və "Elektron imza və elektron sənəd haqqında" Qanuna əsasən belə müqavilə yazılı formada imzalanmış müqavilə ilə eyni hüquqi qüvvəyə malikdir. Beləliklə, ənənəvi ticarət ilə elektron ticarət arasında hüquqi baxımdan fərq mövcud deyil. Bununla belə, həmin hüquqların müdafiəsinin həyata keçirilməsinə gəlincə isə nəzəri təminatlar çox vaxt praktikada tam şəkildə tətbiq olunmur. İstehlakçılar tez-tez yanlış məlumatlandırılma, malın geri qaytarılmasının əsassız şəkildə məhdudlaşdırılması və ya qüsurlu məhsulun satılması ilə üzləşirlər. Bu hallarda satıcıların məsuliyyətdən yayınmaq üçün müxtəlif üsullara əl atması, istehlakçının isə öz hüquqlarını müdafiə etməkdə çətinlik çəkməsi müşahidə olunur. Problemin kökündə, bir tərəfdən, bazar subyektlərinin qanuni öhdəliklərə riayət etməməsi, digər tərəfdən isə istehlakçıların hüquqi biliklərinin kifayət qədər olmaması dayanır".

Vəkilin sözlərinə görə, məhz bu səbəbdən, hüquqi müdafiə vasitələrinin düzgün seçilməsi xüsusi əhəmiyyət daşıyır: "Ən sadə halda istehlakçı birbaşa satıcıya müraciət edə bilər. Bu, adətən ilkin addım hesab olunur. Nəticə əldə edilmədikdə isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etmək mümkündür. Əgər onlayn dələduzluq baş veribsə, məsələnin araşdırılması təkcə istehlakçı orqanlarının deyil, həm də Daxili İşlər Nazirliyinin Kibercinayətlərlə Mübarizə Baş İdarəsinin səlahiyyətinə aiddir. Belə ki, Kibercinayətlərlə Mübarizə Baş İdarəsi əsasən internet üzərindən törədilən cinayətləri (dələduzluq, saxta saytlar, şəxsi məlumatların oğurlanması, ödəniş kartlarının qanunsuz istifadəsi və s.) araşdırır. Yəni, belə hallarda istehlakçı həm Antiinhisar və İstehlakçı Bazarına Nəzarət Dövlət Xidmətinə, həm də Kibercinayətlərlə Mübarizə Baş İdarəsinə müraciət edilə bilər. Birincisi mülki-hüquqi mübahisəni həll etməyə, ikincisi isə cinayət xarakterli hərəkəti araşdırmağa yönəlib. Daha ciddi hüquq pozuntuları zamanı məhkəməyə müraciət edilməsi və ya mediasiya prosesindən istifadə hüquqi çıxış yolları kimi nəzərdə tutulmuşdur. Bu mexanizmlər istehlakçının yalnız fərdi maraqlarını deyil, həm də ümumilikdə bazar münasibətlərində şəffaflığın təmin edilməsini hədəfləyir".

G.Əliyeva onlayn alış-veriş zamanı istehlakçı hüquqlarının qorunması ilə bağlı beynəlxalq təcrübədən də bəhs edib: "Avropa İttifaqında onlayn alış-veriş zamanı istehlakçı hüquqları vahid prinsiplərlə tənzimlənir və bu, əsasən 2011/83/EU saylı İstehlakçı Hüquqları Direktivində öz əksini tapmışdır. Direktiv bütün üzv dövlətlər üçün minimum standartları müəyyənləşdirir və ən əsas təminatlardan biri istehlakçının aldığı malı heç bir səbəb göstərmədən on dörd gün ərzində geri qaytarmaq hüququdur. Lakin üzv dövlətlər bu minimum təminatları daha da gücləndirərək istehlakçılara əlavə imkanlar təqdim edə bilirlər. Məsələn, Almaniyada on dörd günlük qaytarma hüququ mövcud olmaqla yanaşı, satıcı bu hüquq barədə istehlakçını məlumatlandırmadıqda, müddət on iki aya qədər uzanır. Fransada isə eyni qayda tətbiq edilməklə yanaşı, qanunvericilik "uyğunluq zəmanəti" adlı xüsusi bir mexanizm nəzərdə tutur. Bu mexanizmə görə, istehlakçı aldığı malı iki il ərzində qüsursuz vəziyyətdə istifadə etməlidir, əks halda satıcı onun dəyişdirilməsinə və ya geri qaytarılmasına məsuliyyət daşıyır. İtaliyada da oxşar yanaşma qüvvədədir və qaydaların pozulması halında istehlakçılar birbaşa Rəqabət və Bazar İdarəsinə müraciət edə bilirlər. İspaniyada istehlakçılar yalnız on dörd gün ərzində geri qaytarma hüququ ilə kifayətlənmir, həm də qüsurlu mallara qarşı iki illik zəmanətdən yararlanırlar. Bu zəmanət müddətində satıcı məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır və çox vaxt geri qaytarma xərclərini özü ödəməyə məcbur olur. Niderlandda da eyni prinsiplər tətbiq edilir, lakin burada xüsusi bir yanaşma mövcuddur: ilk on iki ay ərzində mallarda qüsur aşkar olunarsa, sübut yükü satıcının üzərinə düşür və bu, istehlakçının müdafiəsini daha da gücləndirir. Beləliklə, Avropa İttifaqında vahid hüquqi baza olsa da, ayrı-ayrı ölkələr bu standartları müxtəlif mexanizmlərlə gücləndirərək istehlakçıların maraqlarını daha geniş şəkildə müdafiə edirlər. Bu yanaşma həm bazarda şəffaflığı artırır, həm də elektron ticarətə olan ictimai etimadı möhkəmləndirir. ABŞ-da Federal Ticarət Komissiyası aldadıcı reklam və saxta satışlarla bağlı aktiv nəzarət həyata keçirir. Türkiyədə məsafəli satış müqavilələri qanunla tənzimlənir və geri qaytarma hüquqları açıq şəkildə müəyyənləşdirilib. Bu təcrübələr göstərir ki, hüquqi çərçivə istehlakçıların maraqlarını qoruyaraq bazarın etibarlılığını təmin edə bilər".

Vəkil deyib ki, nəticə etibarilə, mövcud qanunvericilik istehlakçının hüquqlarını kifayət qədər qorusa da, onların faktiki həyata keçirilməsi üçün həm istehlakçıların hüquqi maarifləndirilməsi, həm də satıcıların məsuliyyətinin gücləndirilməsi zəruridir: "Onlayn alış-veriş artıq müasir həyatın dəyişməz reallığına çevrildiyi üçün istehlakçı hüquqlarının müdafiəsi məsələsinə yalnız fərdi deyil, həm də ictimai maraqlar prizmasından yanaşmaq vacibdir-deyə vəkil əlavə edib".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər