- 2 Sentyabr 12:02
E-huquq.az Ankara Universiteti Hüquq Fakültəsinin Mülki hüquq ixtisaslaşmasının magistrantı Ramazan Əsgərxanovun “Hüququn ölçə bilmədiyi zərər: Mənəvi zərər və onun aktual problemləri” adlı elmi məqaləsini təqdim edir:
Hüquq Nəzəriyyələrində Mənəvi Zərər Anlayışı, Hüquqi Xüsusiyyətləri
İlk olaraq bildirmək istəyirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli qərarında qeyd etdiyi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir şəklində tanımlama mənəvi zərərin hüquqi xüsusiyyətlərini özündə tam əks etdirmir.
Mənəvi zərərə anlayış təklif etmədən öncə onunla bağlı nəzəriyyələri və bəzi tanınmış alimlərin görüşlərini nəzərdən keçirmək daha məqsədəuyğun olardı. Belə ki, Türk-İsveçrə hüququnda geniş yayılan 3 nəzəriyyə vardır. İlk yanaşma subyektiv nəzəriyyə olaraq adlandırılır. Nəzəriyyəyə görə, hüquqları pozulan şəxs fiziki və mənəvi iztirab keçirdikdə, yəni kədər, üzüntü, ağrı-acı hiss etdikdə, yaşama sevincini itirdikdə mənəvi zərər meydana gəlmiş hesab olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin yuxarıda qeyd etdiyi anlayış subyektiv nəzəriyyənin qəbul etdiyi anlayışdır. Fəqət bu hələ tam olaraq mənəvi zərərin tam anlayışını əks etdirmir.
Digər yanaşma obyektiv nəzəriyyə adlandırılır. Nəzəriyyənin tərəfdarlarına görə, mənəvi zərər şəxsin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində onun varlığında meydana gələn obyektiv azalma və ya itki kimi xarakterizə edilir. Bu nəzəriyyənin tərəfdarlarına görə, mənəvi zərər “xarici pozuntu nəticəsində dəyən zərərdir”. Lakin yalnız bu nəzəriyyəyə də ayrılıqda qatılmırıq. Çünki mənəvi zərər yalnızca şəxsin varlığında obyektiv azalmayla nəticələnmir.
Üçüncü yanaşma isə, qarışıq nəzəriyyədir. Bu nəzəriyyə həm subyektiv, həm də obyektiv nəzəriyyələrin birlikdə qəbul edilən formasıdır. Yəni nəzəriyyənin tərəfdarlarına görə, mənəvi zərər şəxsin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində onun daxili dünyasında yaranan ağrı-acı, üzüntü və iztirab, xarici varlığında isə yaranan obyektiv azalma ilə xarakterizə olunur. [1]
Biz də bu nəzəriyyənin tərəfdarıyıq. Təklif edirik ki, mənəvi zərərə bu nəzəriyyəyə uyğun leqal anlayış verilsin. Çünki mənəvi zərər şəxsin daxili və xarici dünyası ilə sıx surətdə bağlıdır. Mənəvi zərər- şəxsin qeyri-əmlak və əmlak hüquqlarının pozulması nəticəsində onun daxili dünyasında yaranan iztirab, üzüntü və sarsıntı, həmçinin şəxsin xarici dünyasındakı normal həyatının iqtisadi və sosial baxımdan daha mənfi istiqamətdə dəyişməsidir. Prof.Dr. Gökhan Antalya da bu anlayışın tərəfdarıdır.
Nəzəriyyələrdə mübahisə olunan məsələlərdən biri də mənəvi zərərin hansı hüquqların, dəyərlərin pozulması, zədələnməsi nəticəsində meydana gəlməsi ilə bağlıdır. Qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində qanunla qorunan hüquqlar qeyd edilmişdir. Qanunla qorunmayan bəzi dəyərlər vardır ki, onların da zədələnməsi, pozulması hallarında mənəvi zərər meydana gəlir və buna görə mənəvi təzminat tələb edilə bilər. Hətta doktrinada qeyd edilir ki, mənəvi maraqlara vurulan zərərin zərər sayılmaması üçün heç bir əsas yoxdur. [2] Biz də bu fikirlə həmrəyik. Çünki mənəvi zərər şəxsin duyğu, düşüncələri,həyatı və fəaliyyəti ilə daha çox bağlıdır. Şəxsin xatirələri, dostluğu, etibarı, güvəni, vicdan rahatlığı, adətləri, ənənələri, sevgisi, məhəbbəti, sirləri, cinsi həyatı və digər şəxsi dəyərlərin pozulması, zədələnməsi onun həyat fəaliyyətinə, duyğu, düşüncələrinə təsir göstərir. Bu da şəxsin normal həyat fəaliyyətində mənfi istiqamətdə dəyişikliklərin olmasına, üzüntü, iztirab, sarsıntı keçirməsinə yol aça bilər. Şəxsin həyatını 3 yerə ayırırlar. Gizli olan həyatı, şəxsi həyatı, ictimaiyyətə açıq olan həyatı.
İsveçrə Federal Məhkəməsinin hələ 1968-ci il tarixli bir qərarında qeyd edilir ki, övladlarını zəhərli göldən dolayı itirən valideyinlərin sevgi və ümidləri ən ağır şəkildə yaralanmışdır. Onların sağlamlığı bu səbəbdən pozulmuşdur. Buna görə də mənəvi zərər formalaşmışdır. Bu baxımdan şəxsi dəyərlərin zərərə uğraması da, mənəvi zərərin meydana gəlməsinə şərait yaradır.
Şəxsin özünə,ailəsinə məxsus xatirələrinin məhv edilməsi (burada hər hansı ailə şəkilləri, yaxınlara məxsus olan dəyərli və ya dəyəri aşağı olan əşyalar, hətta buna misal olaraq qeyd edə bilərik ki, şəxsin vəfat etmiş anasına məxsus bir paltar belə xatirə olaraq qeyd edilir. Hətta İsveçrə, Alman, Türk hüquq doktrinində bu kimi nümunələr qeyd edilmişdir) də mənəvi zərərin yaranmasının əsaslarından biridir. Həmçinin qeyd etmək istərdik ki, etibar, güvən dəyərlərinə mülki hüququ aspektdən mühüm olan müqavilə azadlığı, iradə sərbəstliyi, vicdanlılıq prinsipləri baxımından da yanaşmaq daha məqsədəuyğundur. Belə ki, tərəflər etibar və güvən əsasında müqavilənin tərəfi olurlar. Bu güvən, etibarın zədələnməsi də mənəvi zərərin meydana gəlməsi üçün əsasdır.
Nəzəriyyələrdə qeyd edilmişdir ki, şəxsi əşyaların zərər görməsi mənəvi təzminatın tələb edilməsi üçün əsas ola bilməz. Çünki əşya malvarlığı ilə bağlı dəyərdir. Əşyanın zərər görməsi halında şəxsin əsəbiləşməsi, üzülməsi və digər duyğusal hallarda mənəvi təzminat tələb edə bilməz. İstisna olaraq yuxarıda qeyd etdiyimiz kimi, xatirə qalan əşyalar, ailə xatirəsinə aid olan əşyaların zədələnməsi mənəvi zərərə səbəb ola bilər. Bu zaman şəxsin mənəvi təzminat tələb etmək hüququ yaranır. [2] Türkiyə Ali Məhkəməsinin bir qərarında qeyd edilir ki, Nazirlik tərəfindən şəxsin atasına məxsus məktəb şəhadətnaməsinin və ilk məzunlar siyahısının itirilməsi səbəbiylə şəxsin hüquqları pozulmuş, bu hal onda duyğu zərəri meydana gətirmişdir. [3]
Mənəvi Zərərə görə Zərərin Əvəzinin Ödənilməsi Məsələləri. Mənəvi Təzminatın Müəyyən Edilməsi və Hesablanması Metodları.
Mənəvi zərərə görə tələb edilən mənəvi təzminatın məhkəmələr tərəfindən müəyyən edilməsi iki mərhələdə həyata keçirilir: birinci mərhələdə mənəvi zərər müəyyən edilir, ikinci mərhələdə isə mənəvi təzminat hesablanır. Mənəvi zərərin pul ilə hesablanması olduqca çətindir. Ümumiyyətlə mənəvi təzminat hakim tərəfindən baş verən hallar nəzərə alınmaqla müəyyən edilir. Mənəvi təzminatın müəyyən edilməsində hakimlər tərəfindən aşağıdakı hallar nəzərə alınmalıdır:
Əfsus ki, Azərbaycan Respublikası hüquq nəzəriyyələrində mənəvi təzminatın hesablanması ilə bağlı hər hansı metodlar nəzərdə tutulmamışdır. Bu səbəbdən Türk-İsveçrə hüquq doktrinasında geniş yayılan mənəvi təzminatın hesablanması metodlarını qeyd etmək istərdim. Bu metodlara klassik metodlar, iki mərhələli metod, iqtisadi analiz metodu aid edilir. Birinci metod olan klassik metod 3 yerə ayrılmaqdadır. Baş verən hadisələrin xüsusiyyətləri nəzərə alınaraq dəyərləndirilmənin həyata keçirilməsi metodu, əmsal qərarların müqayisəsi metodu, cədvələ uyğun olaraq mənəvi təzminatın müəyyən edilməsi metodu.
Azərbaycan Respublikası Ali Məhkəməsinin 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Buradan göründüyü kimi mənəvi təzminatın hesablanması zamanı baş verən hadisənin xüsusiyyətləri nəzərə alınaraq dəyərləndirmənin həyata keçirilməsi metodu Ali Məhkəmə tərəfindən qəbul edilmişdir. Bu metod Türkiyə Ali Məhkəməsi, İsveçrə Federal Məhkəməsi tərəfindən də qəbul edilir. Digər metod isə əmsal qərarların müqayisəsi və ona uyğun tərtib edilən cədvəl metodudur.
Bu metoda görə, hakim baş vermiş hadisənin xüsusiyyətlərini nəzərə alaraq daha əvvəl baş vermiş oxşar qərarlarla müqayisə edərək ona uyğun qərar verəcəkdir. Fəqət Gökhan Antalyaya görə, hakim bu metoddan istisna hallarda istifadə edə bilər. Biz də bu fikirlə razıyıq. Belə ki, mənəvi zərərlə bağlı olan işlər daha çox şəxslə bağlıdır, yəni subyektiv xarakterlidir. Bu iztirab, üzüntü, sarsıntı şəxsdən- şəxsə dəyişir. Bu səbəbdən hakimin bu mettodan daha çox digər metodlardan istifadə etməsi daha məqsədəuyğundur. Çünki doktrinada qeyd edilmişdir ki, bu əmsal qərarlardan istifadə zamanı müəyyən cədvəl tərtib edilməlidir. Bu cədvəl ekspertlər və mütəxəssislər tərəfindən oxşar qərarlar əsasında tərtib edilir. Lakin biz bu metodla razı deyilik. Hər bir hadisənin, halın, situasiyanın bir cədvəl daxilində müəyyən edilməsi qeyri-mümkündür. Almaniyada isə cədvəl metodundan istifadə edilməkdədir.
Digər metod isə İsveçrə və Türk hüquq nəzəriyyələrində bəzi alimlər tərəfindən irəli sürülən iki mərhələli metoddur. Bu metoda görə, ilk mərhələdə mənəvi zərərə uyğun olaraq başlanğıc dəyər müəyyən edilməlidir. Bundan sonra hadisənin xüsusiyyətlərinə və mənəvi təzminatın müəyyən edilməsi zamanı yuxarıda qeyd etdiyimiz kriteriyalara uyğun olaraq başlanğıc dəyər artırıla və ya azaldıla bilər. Bu baxımdan bu metodu daha uyğun qəbul edirik. Bu həm hər hadisənin xüsusiyyətlərinin hakim tərəfindən diqqətli şəkildə nəzərə alınmasına, həm də ədalətli məbləğin təyin edilməsinə yardım edəcəkdir. Gökhan Antalya bu metodu Türkiyə məhkəmələrində tətbiq etmək üçün tövsiyə etmişdir. Sonuncu metod olan iqtisadi analiz metodudur. Ex ante anlayışına dayanan bir metoddur. Ex ante- latın mənşəli termindir. Bu daha çox iqtisadiyyatla bağlı bir termindir. Bu metodun tərəfdarlarına görə, mənəvi təzminat hüquqları pozulmuş şəxs üçün ex ante anlayışını ifadə etməkdədir. Belə ki, məhkəmə mənəvi təzminat müəyyən etmədən əvvəl gələcəklə bağlı dəyərləndirmə aparır və hadisəyə uyğunlaşdırır. Lakin bu metodla razı deyilik. Çünki hər bir hadisənin özünməxsus xüsusiyyəti var və bu əvvəlcədən müəyyən edilə bilməz. Hakim tərəfindən mənəvi təzminatın müəyyən edilməsi zamanı onun gələcək üçün hansı riskləri daşıya biləcəyi müəyyən edilməsi çətindir.
Azərbaycan Respublikasının mülki hüquq doktrinasında yuxarıda qeyd etdiyimiz metodların ətraflı şəkildə əksini tapması, məhkəmə qərarlarında isə iki mərhələli metodun tətbiq edilməsini təklif edirik. Bu zaman həm klassik metod olan hadisənin xüsusiyyətlərinə uyğun olaraq qərar veriləcək, həm də ədalətli bir mənəvi təzminat müəyyən ediləcəkdir. Hakim hadisəyə uyğun olaraq ilk olaraq bir məbləğ müəyyən edə bilər, bu məbləğ başlanğıc məbləğ olar. Sual yarana bilər ki, hakim bu məbləği ilk olaraq nəyə əsasən müəyyən edəcəkdir? Hadisəyə görə, yəni mənəvi zərərin növünə görə. Sağlamlığın pozulması ilə bağlı mənəvi zərərdir, yoxsa şəxsi sirrin yayılması ilə bağlı mənəvi zərər vurulmuşdur. Buna uyğun bir məbləğ təyin ediləcəkdir. Bundan sonra yuxarıda qeyd etdiyimiz kriteriyalar, hadisənin əlavə xüsusiyyətləri nəzərə alınaraq başlanğıc olan məbləğ ya azaldılacaq, ya da artırılacaq. Mənəvi zərərin puldan başqa yollarla ödənilməsinə misal olaraq təkzib nitqi, üçüncü şəxsə təzminat pulunun ödənilməsi, simvolik məbləğin ödənilməsi, üzr istəmə, deyilənlərin geri alınması, əşyanın geri qaytarılması və s. aid edilməkdədir.
1. Mənəvi Təzminatın Məqsədləri
Mənəvi təzminatın məqsədləri mənəvi təzminatın müəyyən edilməsində olduqca önəmlidir. Bu məqsədlərə cəza, məmnunluq, simvol, kompensasiya, çəkindirmək, sosial dəstək, zərərin qarşısının alınması məqsədləri aid edilməkdədir. Əvvəlki İsveçrə Federal Məhkəməsinin qərarlarında mənəvi təzminatın cəzalandırma və məmnunluq məqsədləri qeyd edilmişdir. Türk Hüquq nəzəriyyəsində geniş yayılan məqsədlərə kompensasiya, məmnunluq, cəzalandırma,bərabərlik yaratmaq aid edilməktədir.
Əgər mənəvi zərərin anlayışı obyektiv nəzəriyyəyə əsasən qəbul edilirsə, bu zaman kompensasiya məqsədi işə düşəcəkdir. Çünki obyektiv nəzəriyyəyə əsasən mənəvi zərər şəxsin xarici görünüşündə meydana gələn əksilmədir. Bu əksilməni aradan qaldırmaq üçün kompensasiya məqsədi mühüm rol oynamaqdadır. Bu məqsədə əsasən, mənəvi zərər maddi zərərdən fərqləndirilməlidir və mənəvi tazminat bir miqdar məbləğ ilə ödənilməlidir.
Digər bir məqsəd məmnunluq duyğusunun yaradılması ilə bağlıdır. Bu məqsədə görə, mənəvi təzminat zərər görən şəxsdə bir məmnunluq duyğusu yaratmalı, onun istər daxilində yaranmış sarsıntı, iztirab, üzüntünü, istərsə də xarici görünüşündə yaranmış olan əksilməni aradan qaldırmaq məqsədinə xidmət etməlidir. Hətta Türk Hüquq nəzəriyyələrində qeyd edilir ki, mənəvi təzminatın bu məqsədi ağır hüquq pozuntuları və ya zərər vuran şəxsin ağır qüsuru zamanı yaranmış olan hüquq pozuntularının aradan qaldırılması zamanı istifadə edilə bilər. Görüşün tərəfdarı olan Mustafa Gümüş bu baxımdan bu funksiyanı geniş şəkildə qeyd edərək bu funksiyanın mənəvi təzminatın məqsədləri baxımından mühüm hesab edir. [5]
Türkiyə Ali (Yargıtay) Məhkəməsi də öz qərərarlarında xüsusi olaraq məmnunluq məqsədini qeyd edir. Yargıtay 4.Hüquq Dairəsinin 2022/8500 E. 29.05.2024/5412 tarixli qərarında qeyd edilir ki, hakim tərəfindən müəyyən edilən mənəvi təzminat miqdarı ədalətli olmalıdır. Məhkəmə tərəfindən müəyyən edilən bu məbləğ mənəvi zərərə məruz qalan şəxsdə mənəvi hüzur yaratmalı və onda bir məmnunluq hissi formalaşdırmalıdır. Mənəvi təzminatın məqsədi hər hansı şəxsin cəzalandırılması olmamaldır. Mənəvi təzminat məqsədinə uyğun olaraq müəyyən edilməlidir. Hakim tərəfindən müəyyən edilən mənəvi təzminat miqdarı şəxsdə məmnunluq duyğusuna çatmaq üçün vacib olan qədər olmalıdır. Mənəvi təzminat ədalətə, vicdanlılıq prinsiplərinə uyğun olaraq hakim tərəfindən müəyyən edilməlidir. Göründüyü kimi Türkiyə Ali Məhkəməsinin mənəvi təzminatın məqsədi kimi qəbul etdiyi məqsəd zərəçəkmiş şəxsdə məmnunluq duyğusu yaratmaqdır.
Mənəvi təzminatın cəzalandırma məqsədi nəzəriyyədə qəbul edilmişdir. Belə ki, bu məqsəd mənəvi təzminata xüsusi hüquq cəzası olaraq yanaşır və həmçinin zərər vuran şəxsin cəzalandırılması məqsədinə xidmət etməkdədir. Belə ki, cəzalandırma məqsədi mənəvi zərərin ağırlığına, hadisənin baş vermə şəklinə diqqət etmədən birbaşa zərər vuran şəxsin təqsiri və təqsir dərəcəsi əsasında mənəvi təzminatın müəyyən edilməsinin mühüm olduğunu qeyd edir. Bu görüşü qəbul edən bəzi hüquqşünaslara görə, mənəvi təzminat bir qisas almaq vasitəsidir. Biz bu görüşlə razı deyilik. Mülki hüquq xüsusi hüquq sahəsidir. Xüsusi hüquq dedikdə, fiziki və/və ya hüquqi şəxslər arasındakı və bunlarla dövlət qurumları arasındakı iradələrin bərabərliyinə əsaslanan münasibətləri tənzimləyən hüquq normalarından formalaşan hüquq sahəsi nəzərdə tutulur. Göründüyü kimi, mülki hüquqda tərəflər iradə baxımından bərabərdilər. Bu baxımdan hər hansı üstünlükdən söhbət gedə bilməz, həmçinin hər hansı qisas almaq məqsədi güdülməməlidir. Ümumiyyətlə, fikrimizcə, hüquq bir qisas almaq mexanizmi deyildir. Türkiyə Ali Məhkəməsi (Yargıtay) 17. Hüquq Dairəsi 2015/7137 E., 2018/698 tarixli qərarında qeyd edilmişdir ki, mənəvi təzminat bir cəza deyildir.
Digər mənəvi təzminatın məqsədi zərərin qarşısının alınması ilə bağlıdır. Bu məqsədə görə, şəxsi dəyərlərə hər hansı bir müdaxilənin qarşısını almaq mənəvi təzminatın məqsədlərindən biridir. Bəzi yazarlara görə, bu məqsəd müstəqil məqsəd deyildir. Türkiyə Ali Məhkəməsinin bəzi qərarlarında da mənəvi zərərin ödənilməsində bu məqsəd qeyd edilmişdir. Belə ki, məhkəmə qərarında qeyd edir ki, mənəvi təzminatın məqsədi təqsirkarı daha diqqətli olmağa sövq etmək, həmçinin mənəvi zərərin qarşısını almaqdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Göründüyü kimi Ali Məhkəmə mənəvi təzminatın zərərçəkmiş şəxsdə məmnunluq duyğusunu artırmaq məqsədini qəbul etmişdir. Yəni məhkəmələr tərəfindən zərərçəkmiş şəxsin əvvəlki yaşam sevinci geri qaytarılmalıdır. Bizim fikrimizcə, məhkəmələr mənəvi zərər və mənəvi təzminatla bağlı qərarlarında hansı məqsədi qəbul etdiklərini qeyd etməlidirlər. Çünki mənəvi təzminat hakim tərəfindən təyin edilir, yəni hakimin mülahizəsinə uyğun olaraq. Hakim mənəvi təzminat miqdarı təyin edərkən bunu qərarında əsaslandırmalıdır. Hətta nəzəriyyələrdə qeyd edilmişdir ki, hakim geniş bir mülahizə səlahiyyətinə sahibdir. Bu baxımdan qərarı əsaslandırmalıdır. Yoxsa ki, hakim tərəfindən qərarda “mənəvi təzminat 5000 manat məbləğində müəyyən edilir” şəklində bir ifadə əsaslandırma üçün yetərli deyildir.
Türkiyə Ali Məhkəməsinin (Yargıtay Hukuk Genel Kurulu) 13/291-370 E, 23/06/2004 tarixli qərarında qeyd edilir ki, hakim mənəvi təzminatı təyin edərkən, miqdarı müəyyən edərkən ölkənin iqtisadi şəraitini, tərəflərin sosial və iqtisadi vəziyyətini, əhalinin alıcılıq qabiliyyətini, pulun dəyərini, tərəflərin təqsirini, hadisənin mahiyyətini, hadisənin səbəbini, müddətini nəzərə almalıdır.
Həmçinin Türkiyə Ali Məhkəməsinin 4. Hüquq Dairəsi 2021/14891 E. ,2022/3393 K. Qərarında qeyd edilir ki, mənəvi təzminat varlanma vasitəsi olmamalıdır, həmçinin mənəvi təzminat müəyyən edilərkən zərərçəkmiş şəxsin ağrı-acısını, iztirabını, üzüntüsünü qismən də olsa, aradan qaldırmalıdır. Hətta İngilis məhkəmələri mənəvi təzminat müəyyən edərkən zərərçəkən şəxsin nələri itirdiyini nəzərə alır. [6]
BƏZİ MÜLKİ İŞLƏRDƏ MƏNƏVİ ZƏRƏR VƏ MƏNƏVİ TƏZMİNATIN MÜƏYYƏN EDİLMƏSİ HAQQINDA QEYDLƏR
Bəzi mülki işlərdə mənəvi zərər və mənəvi təzminatın müəyyən edilməsi olduqca önəmlidir. Burada müqavilə azadlığı, vicdanlılıq prinsiplərinin pozulması nəticəsində şəxsin mənəvi zərərə məruz qalmasını, ailə və cinsi münasibətlərin pozulması, zədələnməsi nəticəsində mənəvi zərərin meydana gəlməsini, şərəf və ləyaqətin pozulmasını, digər xüsusi hallara görə mənəvi zərər və mənəvi təzminatın müəyyən edilməsi hallarını analiz edəcəyik. Və bunlarla bağlı bəzi qeydləri bildirmək istərdik.
2.1. Müqavilə Azadlığı və Vicdanlılıq Prinsiplərinin Pozulmasının Mənəvi Zərərə Səbəb Olması
Mülki hüquq nəzəriyyələrində müqavilə azadlığı prinsipi də bir neçə prinsipi özündə ehtiva etməkdədir. Bunlara müqavilə bağlamaq və müqavilə tərəfini seçmək, müqavilənin məzmununu sərbəst müəyyən etmək, müqaviləni xitam etdirmək azadlıqları aid edilməkdədir. [7] Əbəs yerə bu azadlıqları qeyd etmədik. Bir müqavilədə önəmli olan güvən, etibardır. Tərəf müqavilənin digər tərəfini yayındırmaq, onunla müqavilə bağlamaq üçün özü haqqında yanlış məlumatlar verməklə onda güvən yarada bilər. Bu zaman tərəf müqaviləyə daxil olar, sonradan məlumatların yanlış olması, digər tərəfin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi kimi halları gördükdə güvəni sarsıla bilər. Buna görə, müqavilə azadlığının pozulması baxımından tərəf mənəvi zərərə görə təzminat tələb edə bilər.
Nə üçün vicdanlılıq prinsipi? Çünki bu iki prinsip bir-biri ilı sıx surətdə bağlıdır. Belə ki, hər kəs öhdəliklərini yerinə yetirirkən, fəaliyyət göstərərkən vicdanlılıq prinsipinə əməl etməlidir. Türk və İsveçrə mülki hüquq ədəbiyyatlarında vicdanlılıq prinsipi dürüst davranma prinsipi olaraq qeyd edilmişdir. Dürüst davranma prinsipi mahiyyət etibarı ilə vicdanlılıq prinsipi ilə eynidir. Bu həm də müqavilənin bağlanmasına, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə, həmçinin də müqavilənin xitam etdirilməsinə aid edilir. Müqavilənin bağlanması zamanı tərəflər vicdanlılıq prinsipinə əməl etməlidirlər. Hər hansı müqavilə bağlanmazdan əvvəl tərəflər arasında görüşmələr ola bilər. Bu görüşmələr zamanı müqavilənin müzakirəsi ilə bağlı tərəflər vicdanlılıq prinsipinə əməl etməlidirlər. Latın dilində culpa in contrahendo adlandırılan müqavilənin bağlanmasından əvvəl məsuliyyət vicdanlılıq prinsipi ilə qarşılıqlı əlaqədədir. Yəni tərəflər müqavilə danışıqlarını belə vicdanla həyata keçirməlidirlər. [8] Müqavilənin bağlanması zamanı da tərəflər həm müqavilə azadlğı prinsipinə, həm də vicdanlılıq prinsipinə əməl etməlidirlər. Türkiyə Öhdəliklər Qanunun 1-ci maddəsində qeyd edilir ki, müqavilə tərəflərin qarşılıqlı və müəyyənləşdirilmiş iradə sərbəstliyinə əsasən bağlanılır. Göründüyü kimi, müqavilə bağlanan zaman tərəflər iradəcə sərbəstdirlər və vicdanlılıq prinsipinə əsaslanaraq müqaviləni bağlamalıdırlar. Tərəflər müqavilənin məzmununu müəyyən edərkən, müqaviləni xitam etdirərkən belə vicdanlı davranmalıdırlar. Vicdanlılıq prinsipi məhz elə bu kimi hallarda müqavilə azadlığı prinsipi ilə qarşılıqlı əlaqədədir. Düşünürük ki, tərəfin müqavilənin bağlanması zamanı vicdanlı davranmaması digər tərəfi yanılda bilər, onun güvənini sarsıda bilər, bu zaman qarşı tərəfdə emosional sarsıntı formalaşa bilər. Aldadılan, yanıldılan tərəf mənəvi təzminat tələb edə bilər. Təbii ki, bu halların bütün müqavilə münasibətlərinə tətbiq edilməsi qeyri- mümkündür. Buna misal olaraq geniş maliyyət tələb edən tikinti müqavilələrini nəzərdə tuta bilərik. Hətta qeyd edilir ki, sevinc və ya duyğu hislərini qoruyan müqavilələrdə müqavilə öhdəliklərinin pozulması duyğu zərərinin meydana gəlməsinə səbəb olur.
Bəs bir müqavilədə bunun müəyyən edilməsi necə həyata keçirilə bilər? Müqavilənin təfsir edilməsi yolu ilə (yorumlanması, şərh edilməsi ilə). Müqavilənin vicdanlılıq və güvən prinsipləri baxımından təfsir edilməsi zamanı- əsas mübahisənin nədən ibarət olması, hüquqların və öhdəliklərin hüquqi xüsusiyyətləri, tərəf(lər)in müqavilənin icrasında iştirakı, öhdəliklərini yerinə yetirməsi halları, bir tərəfin hüquqdan sui-istifadə edib-etməməsinin və digər halların təfsir edilməsi gərəklidir. Hətta türk hüquq nəzəriyyəsində bununla bağlı maraqlı bir bənzətmə də vardır. Güvən prinsipi bir zirehli maşındır, bu maşının yanacağı isə vicdanlılıq prinsipidir.[9] Bu iki prinsip birlikdə müqavilənin şərh edilməsində mühüm amil kimi nəzərdən keçirilməlidir.
2.2. Ailə və Cinsi Yaşamın Zədələnməsi, Pozulması Nəticəsində Mənəvi Zərərin Meydana Gəlməsi
Ailə və cinsi yaşamın zədələnməsi, pozulması ilə bağlı iki mühüm məqamı qeyd etmək istərdim. Belə ki, ailə hüquq münasibətlərinin predmetinə daxil olan ər-arvad arasında münasibətlərin kəskinləşməsi, xəyanət və boşanma kimi hallarda da mənəvi təzminatın tələb edilə biləcəyi Türk hüquq nəzəriyyələrində xüsusi olaraq qeyd edilir. Hətta bununla bağlı Türkiyə Ali Məhkəməsinin qəbul etdiyi bir qərarı qeyd etmək istərdik. Belə ki, Yargıtay Hüquq Genel Kurulunun 24.03.2010 tarixli 4-129/173 sayılı qərarında qeyd edilir ki, ər-arvad arasında bir-birlərinə qarşı sədaqətli olmaq öhdəliyi vardır. Arvad ərinin ona başqa bir xanımla xəyanət etdiyinə görə, həm ərinə, həm də üçüncü şəxsə-yəni digər xanıma qarşı mənəvi təzminat tələbi ilə məhkəmədə iddia qaldırır. Belə ki, arvad digər xanımın onun ərinin evli olduğunu bildiyi halda onunla münasibətdə olduğunu bildirir. Bu baxımdan Türkiyə Ali Məhkəməsi üçüncü şəxsə-yəni xanıma və ərə mənəvi təzminat müəyyən edir. Lakin sonradan bu qərar hüquq nəzəriyyəçiləri tərəfindən mübahisələndirilmiş, digər xanımın-yəni üçüncü tərəfin burada hər hansı mülki hüquqi məsuliyyətinin olmadığı qeyd edilmişdir. Yargıtay qərarını dəyişirək ərin mülki hüquqi məsuliyyətinin olduğuna qərar verdi. Göründüyü kimi, ər-arvad arasında olan sədaqətsizliyin olması belə mənəvi zərərin meydana gəlməsinə səbəb olan hallardan biridir.
Türk Mülki Qanununda (Türk Medeni Kanunun) 174-cü maddəsində qeyd edilir ki, boşanmaya ər-arvad arasında olan situasiyalar, hallar səbəb olmuşdursa, yalnız hüquqları pozulan, zədələnən arvad(ər) mənəvi zərərə görə mənəvi təzminat tələb etmək hüququna sahibdir. Aldadılan həyat yoldaşı ailəyə sədaqətsizliyə görə, həmçinin aldatma hallarına görə duyğu zərərinin təzmin edilməsini tələb edə bilər.
Cinsi münasibətlərin zədələnməsi isə xüsusi hal olaraq İsveçrə Federal Məhkəməsinin qərarlarında qeyd edilmişdir. Buna misal olaraq, cinsi dərmanların zorla qəbul edilməsi, ər-arvadın birlikdə cinsi münasibətdən zövq almamalarını, məcburi hamiləlik kimi halları qeyd edə bilərik. Bizim fikrimizcə, yuxarıda qeyd etdiyimiz iki mərhələli mənəvi təzminatın hesablanması metoduna uyğun olaraq, birinci mərhələdə cinsi yaşamın pozulması ilə bağlı maksimum, təməl məbləğ müəyyən edilə bilər, ikinci mərhələdə isə işin spesifik halları nəzərə alınmaqla, bu məbləğə əksilmə və ya artırma ola bilər. Burada da şəxsin iztirabı, üzüntüsü, ağrı-acısı, ər-arvadın yaşları, aralarındakı cinsi münasibətin vəziyyəti, digər mühüm hallar nəzərə alınmalıdır.
2.3. Heyvan Üzərindəki Haqların Pozulmasının Mənəvi Zərərə Səbəb Olması
Türkiyə, İsveçrə, Almaniya, Avstriya mülki hüquq nəzəriyyələrində heyvan sahibinin haqlarının pozulması nəticəsində mənəvi zərərin meydana gəlməsi hallarını xüsusi olaraq qeyd etmişlər. Burada önəmli olan bir heyvan evdə şəxslə birlikdə yaşayırsa, hər hansı bir qazanç əldə etmək məqsədilə saxlanmırsa, bu zaman heyvanın yaralanması ve ya öldürülməsi hallarında heyvan sahibi mənəvi təzminat tələb etmək hüququna sahibidir. Heyvanın əşya olub-olmaması görüşləri hüquq nəzəriyyələrində mübahisə predmetidir .
Prof.Dr. Gökhan Antalya qeyd edir ki, bir heyvanın sahibinin heyvan üzərindəki haqlarının pozulması durumunda mənəvi zərər meydana gələ bilər və mənəvi təzminat tələb edilə bilər. Belə ki, bu heyvan ev heyvanı olsun və sahibi tərəfindən xüsusi olaraq bəslənsin, bəzədilsin, şəxsin bu heyvandan hər hansı bir qazanc əldə etmək məqsədi olmasın. Biz bu görüşlə razı deyilik. Bəli tərəfdarıq ki, sahibi olan heyvanının öldürülməsi, yaralanması ona bağlı olan sahibində iztirab, ağrı- acı, üzüntü yarada bilər. Bu zaman sahibi mənəvi təzminat tələb etmək hüququna malik ola bilər, lakin heyvanın qazanc məqsədli istifadə edilməmiş olması, həmçinin xüsusi bəzədilməsi kimi hallarla razı deyilik. Məsələn A adlı şəxs bir sıra ölkələrdə öz bəslədiyi, əhilləşdirdiyi, çox sevdiyi ayısını sirk tamaşalarında nümayiş etdirib qazanc əldə edə bilər. Bu heyvanın zəhərlənərək öldürülməsi, vurulması hallarında şəxs sarsıntı keçirə bilər. İstər qazancında əksilmə olar, istərsə də daxili dünyasında. Bu zaman, fikrimizcə, şəxs mənəvi təzminat tələb etmək hüququna sahib olacaqdır.
2.4. Şərəf, Ləyaqət və İşgüzar Nüfuzun Zədələnməsinin Mənəvi Zərərə Səbəb Olması
Şərəf və ləyaqətin zədələnməsi hallarında şəxs mənəvi təzminat tələb edə bilər. Lakin önəmli olan situasiyanın dəyərləndirilməsi ilə bağlıdır. İşgüzar nüfuz şərəf və ləyaqətin xüsusi bir görünüş formasıdır. Şərəf, ləyaqət, işgüzar nüfuzun pozulması nəticəsində şəxsə dəyən mənəvi zərərin müəyyən edilməsi zamanı əsas olan obyektiv və subyektiv vicdanlılığın dəyərləndirilməsidir. Obyektiv vicdanlılıq (Türk hüquq nəzəriyyələrində buna obyektiv rol modeli də deyirlər) dedikdə, fərdin faktiki daşıdığı niyyət və düşüncə deyil, müəyyən bir hadisədə və ya məsələdə dürüst bir insanın daşımalı olduğu niyyət və
düşüncəni ifadə edən vicdanlılıq nəzərdə tutulur. Yəni şəxsdən gözlənilən dürüst, vicdanlı davranış hər kəsdən gözlənilən davranış standartıdır. Məsələn: A adlı bir şəxsin geyim mağazasına gedərək özünə bir geyim alması vəziyyətində, satıcı A adlı şəxsi təhqir edirsə, burada artıq satıcı vicdanlılıq prinsipinə zidd hərəkət etmişdir. Və ya bu nümunədə şəxs özünə geyim almaq üçün geyim mağazasına gedərək öz ölçüsündən daha böyük geyim alması obyektiv rol modelinə uyğun deyil. Buradan da göründüyü kimi obyektiv rol modeli orta zəkalı, dürüst bir kimsənin etməli olduğu, lakin etməməsi durumunda ziddiyyəti ortaya qoyur. Subyektiv vicdanlılıq (Türk hüquq nəzəriyyələrində buna subyektiv rol modeli də deyilir) dedikdə isə, konkret müəyyən bir məsələdə, hadisədə şəxsin daşıdığı niyyət və düşüncənin vicdanlı hesab olunub-olmaması nəzərdə tutur. Yəni şəxsin vicdanlı davranıb-davranmaması xüsusi olaraq ondan gözlənilir. Məsələn: A adlı şəxs vəkildir, B adlı şəxslə hüquqi müqavilə bağlayır, bu zaman müqavilədə yaranan öhdəliklərini yerinə yetirmir. Bu zaman şəxs vicdanlıq prinsipinə zidd hərəkət etmiş olur. Yəni, əgər bu A adlı şəxs bir inşaat mühəndisi olsa idi, öhdəliklərini icra edə bilməsə idi, biz ondan subyektiv deyil, obyektiv rol modelinə uyğun hərəkət etməyi gözləyərdik. Qısaca, bu görüşün tərəfdarları qeyd edir ki, şəxs obyektiv rol modelindən daha üstün bir hərəkət nümayiş etdirməlidir.[10] Yəni şərəf və ləyaqətin zədələnməsi halında subyektiv dəyərləndirmə deyil, obyektiv dəyərləndirmə önəmlidir. Belə ki, bu vəziyyətdə digər orta zəkalı, dürüst bir insan da iztirab, sarsıntı və ağrı-acı hissini keçirirsə, bu zaman obyektiv dəyərləndirmə aparılır və şəxsin mənəvi zərərə məruz qaldığı müəyyən edilir. Şərəf və ləyaqətin kütləvi informasiya vasitələri ilə pozulması hallarına isə mətbuatda şəxs haqqında ləkələyici məlumatların yayılması, həqiqətə uyğun olmayan bəyanatların, açıqlamaların yayımlanması, vəzifəsinə, işgüzar nüfuzuna ciddi şəkildə hücumların olması, şəxsin mətbuat, sosial şəbəkələr vasitəsilə aşağılanması və digər hallar aid edilir. Türkiyə Ali Məhkəməsi bir qərarında qeyd edir ki, şəxsin haqqında hər hansı məlumatın mətbuatda paylaşılması hər kəsin həmin şəxs haqqında bildiyi hallara əsaslanmalı, şərəf və ləyaqəti incitməməlidir. Bu kimi hallarda isə mənəvi təzminatın müəyyən edilməsi zamanı pozuntunun ağırlığı, şəxsdə yaratdığı təsiri, şəxsin işgüzar nüfuzu, cəmiyyətdə olan mövqeyi və digər xüsusi halların nəzərə alınması gərəklidir.
2.5. Sonuncu Qeyd: Ölüm və Sağlamlığa Ağır Zərər Vurulması Hallarında Şəxsin Yaxınının Mənəvi Zərərə Məruz Qalması
Türk və İsveçrə Hüquq Nəzəriyyələrində ölüm və ya sağlamlığa ağır zərər vurulması hallarında şəxsin yaxın qohumlarının mənəvi təzminat tələb etməsi ilə bağlı görüşlər mövcuddur. Qeyd edilir ki, mənəvi təzminatın müəyyən edilməsi üçün şəxsin qohumları ilə arasındakı yaxınlıq dərəcəsi oub-olmaması və bu pozuntuların yaxın qohumda hansı dərəcədə iztirab, üzüntü, ağrı-acı yaratması dəyərləndirilməlidir.
İsveçrə Hüquq nəzəriyyələrində bununla bağlı dərəcələndirmə nəzəriyyəsi qeyd edilir. Bu nəzəriyyəyə görə, qohumunun ölümündən ilk növbədə mərhumun yaxın ailəsi ciddi zərər görəcəyindən, bu baxımdan mərhumun həyat yoldaşı, uşaq öldükdə mərhumun anası və atası, valideyin vəfat etdikdə isə övladlarının mənəvi təzminat tələb etmək hüququ vardır. Dərəcələndirmə nəzəriyyəsi qohuma veriləcək təzminatın miqdarını da müəyyən edir. Mənəvi zərərin ən yüksək məbləği mərhumun həyat yoldaşının xeyrinə, ondan sonra ikinci yerdə ölmüş uşağın valideynlərinə, üçüncü yerdə isə valideynlərin ölümü ilə əlaqədar mərhumun övladlarının xeyrinə müəyyən edilməlidir.
Hətta İsveçrə və Türk hüquq nəzəriyyələrində nişanlının mənəvi zərərə məruz qala biləcəyi və buna görə mənəvi təzminat tələb edə biləcəyi qəbul edilmişdir. Nişanlının mənəvi təzminat iddiası bir-birlərinə duyduqları güclü sevgidən deyil, bir-birlərinə verdikləri evlilik vədindən irəli gəlir. Doktrinada nişanlıya veriləcək təzminatın miqdarının müəyyən edilməsi zamanı mərhumla yaxın münasibətinin və bu çərçivədə evlənmə şansının, nişanlının yaşının, nişanın müddətinin və digər məsələlərin nəzərə alınmasının lazım olduğu vurğulanmışdır.
Son Söz Əvəzinə.
Düşünürük ki, Azərbaycan Respublikasının qanunvericiliyində mənəvi ziyan hərtərəfli və vahid əksini tapmamışdır. AR mülki hüquq nəzəriyyələrində, məhkəmə qərarlarında mənəvi təzminatın ödənilməsinin metodlarının qeyd edilməsini uyğun hesab edirik. Bunun üçün Türkiyə qanunvericiliyində əksini tapan meyarlar da milli qanunvericiliyimizdə əks etdirilməlidir. Mənəvi ziyanla bağlı məmnunetmə və kompensasiya yanaşmalarının əsas götürülərək məhkəmə qətnamələrində xüsusi məqsəd kimi qeyd edilməsini məqsədəmüvafiq hesab edirik. Mülki qanunvericilikdə ləyaqət, şərəf, işgüzar nüfuz, şəxsi, həyat sirri və şəxsi toxunulmazlıqlarla bağlı pozuntuların nəticəsində dəymiş zərərin ödənilməsi nəzərdə tutulsa da, digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi müəyyən olunmamışdır. Bu baxımdan mənəvi zərər və mənəvi təzminat institutlarının istər təcrübi, istərsə də nəzəri baxımından ciddi şəkildə təkmilləşdirilməsi labüddür.