Mülki hüquq pozuntusu nəticəsində əmələ gələn öhdəliklər


  • 9 Sentyabr 2022 17:57

Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

Dövlət vətəndaşların hüquq və azadlıqlarının təminatçısı olmaqla yanaşı, onların hüquq və azadlıqlarını mühafizə edir. Qeyd edim ki, hüququn əsas xüsusiyyətlərindən biri odur ki, hüquq sosial ədalət naminə pozulmuş hüquqları bərpa etmək aləti və vasitələri kimi çıxış edir. Bu funksiyaların əsas mənası, məqsədi hüquq pozma zamanı yaranan mənfi nəticələri aradan qaldırmaq vəzifəsinin həll edilməsindən ibarətdir. Həmin nəticələr müxtəlif əsaslara görə yarana bilər. Məsələn şəxsin hüquqazidd hərəkəti (başqa şəxsin əmlakını zədələmə, məhv etmə, korlama, fiziki şəxsin sağlamlığını pozma) bu cür əsaslara misal ola bilər. Mülki hüquqda mənfi nəticələr delikt (zərərvurma nəticəsində əmələ gələn) münasibətləri və ya əsassız varlanma münasibətləri ilə bağlı olaraq yaranır. Delikt münasibətləri ilə yaranan mənfi nəticələr (əmlakın zədələnməsi, korlanması, xarab olması, məhv edilməsi və s.) vurulmuş zədələrin əvəzinin ödənilməsi yolu ilə, aradan qaldırılır. Ümumiyyətlə DELİKT latın sözü olub delictum - xəta, hüquq pozğunluğu deməkdir. İstənilən hüquq münasibəti isə iki subyekt arasında yaranır.

Demək olar ki, hüquq münasibətinin subyektlərini həmişə konkret olaraq müəyyən etmək mümkündür. Hüquq və vəzifələr hüquq münasibətlərinin subyektlərini qarşılıqlı surətdə bir-biri ilə bağlayır və əlaqələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülki hüquq pozuntusu -yəni delikt hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə -zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan əməldir, yəni hərəkət və ya hərəkətsizlikdir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt- cəmiyyəti maraqlarına zidd olmaqla, cəmiyyətə ziyan vuran və qanunla cəzalandırılan təqsirli əməl qeyri-hüquqi hərəkət və ya hərəkətsizlik, yaxud səhv nəticəsində baş verir. Beynəlxalq sülhə, təhlükəsizliyə və xalqların azadlığına qəsd edən cinayətlər bu baxımdan daha xarakterikidir. Qeyd edim ki, belə bir pozuntu baş verərsə, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına zərər vurularsa, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulan zərərin əvəzi zərər vuran təərfindən tam həcmdə ödənilməlidir. Yəni burda hüquq konkret anlamda olur. Zərərvuran və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs bəlli olur. Bunun nəticəsində real zərərin əvəzinin naturada qaytarılması, onun bərpa edilməsi, pozulmuş hüququn müdafiəsi və sair kimi iddialarla məhkəməyə müraciət oluna bilər. Bu zaman qanunla zərərvuranın təqsiri olmadıqda belə, zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Eyni zamanda vətəndaş gələcəkdə zərər vurulması təhlükəsi yaradan təhlükəni vaxtında aşkarlasa, həmin fəaliyyətin qadağan edilməsi ilə bağlı da iddia ilə məhkəməyə müraciət edə bilər.

Mülki hüquq pozuntusu ilə bağlı baş vermiş hadisəni deyil, baş verə biləcək hadisə ilə əlaqədar dəyə bilən zərərində qarşısnı almaq üçün öncədən iddia qaldırıla bilər. Adətən bina tikilərkən, ətrafda olan digər evlərdə çatların yaranması, onun pəncərəsinin qarşısının kəsilməsi, binanın tikintisi ilə əlaqədar olaraq, digər binaların qaranlıq olma təhlükəsi olduqda dərhal binanın tikintisinin dayandırlması ilə əlaqədar olaraq bu məzmunlu iddia tələbləri ilə məhkəməyə müraciət olunur.

Qanunvericiliyə əsasən əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Mülki hüquq pozuntusu təkcə yuxarıda sadaladığımız subyektlər arasında deyil, hüquqi və fiziki şəxsin işçilərinin, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxsləri tərəfindən vurulan zərər, təhqiqat, ibtidai istintaq, prokurorluq vəməhkəmə orqanlarının qanunsuz hərkətləri nəticəsində də zərər vurula bilər. Zərər işçi tərəfindən vurulursa, işçi ilə birlikdə hüquqi və fiziki şəxsdə məsuliyyət daşıyır. Qanunvericiliyə əsasən, 7 yaşından 14 yaşınadək olan şəxslər xirda məişət əqdləri, notarial qaydada qeydə alınması nəzərdə tutulmayan, dövlət qeydiyatına alınmayan əqdləri bağlaya bilərlər. Buna baxmayaraq on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Eyni zamanda qeyd edim ki, 14 yaşdan 18 yaşınadək olan yetkinlik yaşına çatmayan şəxslər də öz qazancları, əqli fəaliyyəti nəticəsində müəlliflik hüquqlarının həyata keçirilməsi və xirda məişət əqdlərini müstəqil surətdə yəni himayəçinin razılığı olmadan bağlaya bilərlər. Bu şəxslər bağladıqları əqdlərə görə əmlak məsuliyyəti də daşıyırlar. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Narkotik vasitələrin təsiri altında olan şəxslər, sərxoş şəxslər və ya psixortop maddənin təsiri altındaolan şəxslər tərəfindən də müvafiq mülki hüquq pozuntusu törədilir. Bu zaman kimdən tələb etməsini aydınlaşdırmaq lazımdır.

Əgər mülki hüquq pozuntusu törətmiş şəxs spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməklə və ya başqa üsulla özünü hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətə özü gətirdikdə məsuliyyətdən azad edilmir. Eyni zamanda bəzən psixi pozuntusu olan şəxsləri evdə saxlayaraq, onu cəmiyyətdən təcrid edirlər, aldıqları müalicələri effekt vermir və cəmiyyət üçün real təhlükə mənbəyi olurlar. Belə olan halda, psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilməyən şəxs mülki hüquq pozuntusu törədərsəsə, məhkəmə zərərin əvəzini ödəmək vəzifəsini həmin şəxslə birlikdə yaşayan, zərərvuranın psixi pozuntusundan xəbərdar olmuş, lakin onun fəaliyyət qabiliyyəti olmayan sayılması məsələsini qaldırmamış arvadının (ərinin), valideynlərinin, yetkinlik yaşına çatmış uşaqlarının öhdəsinə qoya bilər. Buna baxmayaraq məhdud fəlaiyyət qabiliyyətli şəxsin törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəziisə zərərvuranın özü tərəfindən ödənilir. Heyvanlar tərəfindən də zərər vurula bilər. Bu zərərlər müxtəlif hallarla da özünü biruzə verir. Adətən heyvanlar avtomobil yoluna çıxaraq qəza törədilməsinə səbəb olur. Bu kimi hallarda İXM-nin normaları ilə yanaşı zərərinn bəzi heyvanın itməsindən, qaçmasında asılı olmayaraq, heyvan sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməlidir. Tibb müəssisəsində müalicə zamanı cərrahi əməliyyat, yanlış diaqnoz və s. nəticəsində şəxsin sağlamlığına zərər vurulur. Zərərvuran sübut edə bilə ki, baş verən təqsir onun günahı ucbatından baş verməyib, o zaman məsuliyyətdən azad edilir. Ümumiyyətlə zərərin kim tərəfindən vurulması, zərər vurularkən şəxsə vurulan maddi və mənəvi zərərlər nəzərə alınır. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Qeyd edim ki, iddia olunan zərərlə zənn edilən pozuntu arasında aydın səbəb-nəticə əlaqəsi yaradılmalıdır. Nə zənn edilən pozuntu ilə zərər arasında olan zəif əlaqə, nə də nəticənin necə ola biləcəyi barədə adi fərziyyələr məhkəmə üçün qənaətbəxş hesab edilməyəcəkdir.

Zülfiyyə Həşimova

"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili

Oxşar xəbərlər