Yetkinlik yaşına çatmamış şəxsə alimentin verilməsi hansı hallarda dayandırıla bilər?


  • 23 Fevral 2023 13:04

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Əziz Quliyev yetkinlik yaşına çatmamış şəxs barədə məhkəmə qaydasında tutulan aliment öhdəliklərinin xitamı barədə sualları cavablandırıb.

E-huquq.az ailə və mülki qanunvericilik sahəsində mütəxəssis Ə.Quliyevlə müsahibəni təqdim edir:

- Biz demokratik və sosial yönümlü dövlətdə yaşayırıq. Demokratik dövlətin əlamətlərindən biri də qanunun aliliyidir ki, bu da digər məsələlərlə yanaşı, ölkə əhalisinin yüksək hüquqi savadlılığını ilə təmin edir.

- Bəli, Siz haqlısız. Əlavə etmək istərdim ki, vətəndaşların ümumi bilik səviyyəsi yüksək olmadan, hüquqi savad barədə danışmaq mümkün deyil. 2013-2017-ci illərdə İqitisadiyyat Nazirliyində çalışdığım dövrdə Möhtərəm Prezidentimiz, cənab İlham Əliyev tərəfindən imzalanmış, ölkənin sosial-iqtisadi inkişafına, o cümlədən gənclərin təhsilinə yönəlmiş mütərəqqi proqramların effektiv şəkildə icra olunmasının şahidi olmuşam.

Belə ki, cənab Prezidentin tapşırığı əsasında ölkə ərazisində bir çox məktəblər inşa edilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Nəticədə, əhalinin ümumi təhsil, o cümlədən, hüquqi maarifləndirmə səviyyəsi yüksəlmişdir və biz artıq vətəndaşların bir çox hallarda öz hüquqlarını dərk edib müstəqil həyata keçirmələrini görə bilirik. Lakin tarix boyu bütün cəmiyyətlərdə olduğu kimi, bizim vətəndaşlarımızın da peşəkar hüquqi yardıma ehtiyac vardır.

- Bəli, bu belədir, ancaq bəzi hallarda bir sıra problemləri peşəkar hüquqi yardım olmadan həll etmək mümkün deyildir. Məsələn, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 113.2.1-ci maddəsinə (Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilir) nəzər saldıqda mənim sualım yaranır: Uşaq neçə yaşda və hansı hallarda tam fəaliyyət qabiliyyətli hesab edilir?

- Siz maraqlı mövzuya toxundunuz, bu mövzunun təhlili şübhəsiz müəyyən hüquqi peşəkarlıq tələb edir. Gəlin bir yerdə təhlil edək. İlk öncə “uşaq”, “yetkinlik yaşına çatma” və “tam fəaliyyət qabiliyyəti” hüquqi anlayışlarının təhlilini aparaq. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin məna “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində əks olunur: Uşaqların qeyd olunan Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir.

- O zaman belə qənaətə gəlmək olarmı ki, əgər şəxs 18 yaşına çatmışdırsa, o yetkinlik yaşına çatmış olur və “uşaq” statusunu itirir? Əgər uşaq 18 yaşına çatmayıb, lakin tam fəaliyyət qabiliyyəti əldə etmişdirsə, o da “uşaq” statusunu itirirmi?

- Bəli, tamamilə haqlısınız!

- O zaman belə bir sual: yaşına görə yetkinlik yaşına çatmayan, lakin “uşaq” statusunda olmayan bir şəxs yetkinlik yaşına çatmayanlara aid bütün hüquqları itirirmi?

- Qanunun birbaşa göstərişi olduğu halda, bəli. Qanunun birbaşa göstərişi olmayan digər hallarda isə, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının tam yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli şəxsə şamil olunması məsələsi məhkəmənin daxili inamına və hüquq analogiyasına uyğun olaraq məhkəmə qərarı ilə həll olunur.

Həmçinin məlumat üçün bildirmək istərdim ki, qanunverici normativ-hüquqi aktların hazırlanması zamanı beynəlxalq hüquq normalarını tətbiq edir. BMT-nin Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il tarixində qəbul edilmiş “Uşaq hüquqları” haqqında Konvensiyasının 1-ci maddəsinə əsasən hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə ki, həmin uşaq barəsində tətbiq edilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmış olmasın.

- Deməli, sözügedən Konvensiyanın 1-ci maddəsinin müddəalarına əsasən, şəxsin yetkinlik yaşı heç də bütün hallarda 18 yaş müəyyən edilmir. Bəzi hallarda şəxsin yetkinlik yaşı 18 yaşdan daha erkən ola bilər.

- Bəli, tamamilə haqlısınız.

- İndi isə yetkinlik yaşına çatmayanın “tam hüquq qabiliyyəti” anlayışının izahını verməyinizi Sizdən xahiş edirəm.

- Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.2.-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Bununla belə, yetkinlik yaşına çatmayan uşağın on səkkiz (yetkinlik) yaşına çatanadək tam hüquq qabiliyyəti əldə etdiyi iki hal müəyyən edilmişdir:

1. Yetkinlik yaşına çatmayan uşağın qanuni nikaha daxil olması. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

2. Yetkinlik yaşına çatmayan şəxsin emansipasiyası.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.4.-ci maddəsinə əsasən On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır(emansipasiya).

- Deməli, uşaq tam fəaliyyət qabiliyyəti əldə etmədikdə, məhkəmə qaydasında təyin edilmiş alimentin ödənilməsinə uşaq 18 yaşına çatdıqda, yetkinlik yaşına çatmayan uşaq emansipasiya qaydasında tam hüquq qabiliyyəti əldə etdikdə 16 yaşından, nikaha daxil olduqdan sonra 17 yaşından tez olmayaraq xitam verilir.

- Tamamilə doğrudur.

Oxşar xəbərlər