- 14 Oktyabr 16:48
Bugün məqaləmizdə cəmiyyətimizin ən təhlükəli cinayətlərindən sayılan qəsdən adam öldürmə cinayətindən bəhs edəcəyik.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. İnsanın azadlıq hüququ və təhlükəsiz yaşamaq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 27 və 31-ci maddələrində öz əksini tapmışdır.
İnsanın, onun hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunması cinayət qanunvericiliyinin başlıca vəzifələrindən sayılır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “şəxsiyyət əleyhinə olan cinayətlər” adı altında xüsusi fəslə daxil edilən normaları ilə insanın həyatı müdafiə altına alınır və insaın həyatı əleyhinə yönəlmiş ictimai təhlükəli əməllərə görə cinayət məsuliyyəti və cəza nəzərdə tutulur. Şəxsiyyət əleyhinə olan cinayətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bir neçə kateqoriya üzrə bölünmüşdür. Bunlar həyat və sağlamlıq əleyhinə olan cinayətlər, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər, insan və vətəndaşın Konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan cinayətlər və şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərdir. Həyat və sağlamlıq əleyhinə olan cinayətlər arasında ən ağırı qəsdən adam öldürmədir. Bu cinayətin anlayışı bir şəxsi qəsdən, anlaqlı vəziyyətdə həyatdan məhrum etməkdir.
Bəzən təcrübədə qəsdən adam öldürmə cinayətlərini ehtiyatsızlıqdan adam öldürmə, şəxsin ölümünə səbəb olan sağlamlığa qəsdən ağır zərər vurma (CM 126.3), ölümlə hədələmə, xuliqanlıq kimi cinayətlərdən fərqləndirilməməsi hallarına rast gəlinir. Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə, yəni qəsdən sağlamlığa ağır zərər vurma ölümlə nəticələndikdə təqsirləndirilənin ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır.
Qanunda qəsdən adam öldürmə cinayətlərini digər oxşar tərkiblərdən, xüsusilə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2-ci maddəsində nəzərdə tutulmuş tərkiblərdən fərqləndirilməsi üçün dəqiq göstərişlər yoxdur. Qəsdən adamöldürmə cinayətlərinə qısqanclıq, qisas motivləri, şəxsi-qərəzlik, nifrət, paxıllıq, şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı, habelə təqsirləndirilənin əməlində yüngülləşdirici və ağırlaşdırıcı halların olmadığı digər qəsdən adamöldürmə halları aid edilir. Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlərə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə; xuliqanlıq niyyəti ilə adam öldürmə; zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə; xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə; tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə; başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə; iki və ya daha çox şəxsi öldürmə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə; təkrar adam öldürmə; quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə; milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə cinayətləri aiddir.
Hər bir adam öldürmə əməli insanın həyatdan məhrum edilməsi ilə nəticələnən qəddar və amansız cinayətdir. Bəs qəsdən adam öldürmə cinayəti (CM-nin 120.1-ci maddəsi) xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayətindən (CM-nin 120.2.4-cü maddəsi) nə ilə fərqlənir ?
Xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayəti təhlil olunarkən nəzərə alınmalıdır ki, burada söhbət hər hansı istənilən amansızlıqdan deyil, yanlız xüsusi amansızlıqdan gedir. Çünki qəsdən insanı həyatdan məhrum etmə özü-özlüyündə təqsirkarın müəyyən amansızlığını ifadə edir. CM-nin 120.2.4-cü maddəsinin düzgün tətbiq edilməsi, “xüsusi amansızlıq” anlayışının necə başa düşülməsindən asılı olduğu halda, qanunda bu anlayışın meyarları göstərilməmişdir.
"Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il 3 saylı Qərarında izah edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.
Göründüyü kimi Ali Məhkəmənin Plenumun adı çəkilən qərarında xüsusi amansızlıq anlayışının həm qətlin üsulu ilə, həm də təqsirkarın xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olmasından başqa, həmçinin təqsirkarın qəsdinin istiqaməti də qeyd edilir.
Qətlin xüsusi amansızlıqla törədilmiş kimi qiymətləndirilməsi üçün müəyyən edilməlidir ki, zərərçəkmiş şəxsin məhz xüsusi amansızlıqla həyatdan məhrum edilməsi halı təqsirkarın qəsdi ilə əhatə olunmalıdır. Bu zaman qəsdin forması barədə hər hansı göstərişin olmaması ona dəlalər edir ki, bu zaman təqsirkar istər birbaşa, istərsə də dolayı qəsdlə hərəkət edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 25-ci maddəsinə görə, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Buradan görünür ki, qanun təqsirkarın törətdiyi əmələ və onun nəticələrinə münasibətini qeyd etmiş olsa da, cinayətin digər əlamətlərinə qanunda münasibət bildirilmir. Lakin törədilən cinayətin yeri, vaxtı, üsulu, şəraiti, və sair əlamətlərin təqsirkarın qəsdinin istiqamətinə təsiri inkar edilməzdir.
Xüsusi amansızlıq əlamətini məlum qətl cinayətinin subyektiv cəhətini təhlil etmədən aydınlaşdırmaq olmaz. Hər bir halda təqsirkarın təkcə ölümdən ibarət baş vermiş nəticəyə deyil, həm də adamöldürmənin ağırlaşdırıcı halı kimi xüsusi amansızlığa olan psixi münasibətini aydınlaşdırmaq tələb olunur. Qətl cinayətinin subyektiv cəhətini aydınlaşdırmadan əməli xüsusi amansızlıq əlaməti üzrə tövsif etmək səhvlərə aparıb çıxara bilər.
Təqsirkar tərəfindən zərərçəkmişin meyiti üzərində çoxsaylı xəsarətlərin yetirilməsini bütün hallarda xüsusi amansızlıqla törədilmiş cinayət kimi qiymətləndirmək olmaz. Belə ki, ki, zərərçəkmişin meyidi üzərində çoxlu sayda xəsarətlərin olması faktı qətl cinayətinin xüsusi amansızlıqla törədilməsinə o vaxt dəlalət edə bilər ki, həmin xəsarətlərin lokalizasiyası, yetirilmə mexanizmi, təqsirkarın və zərərçəkmişin qüvvələrinin nisbəti və sair hallar təqsirkar tərəfindən cinayətin törədilməsi prosesində zərərçəkmişə yetirdiyi çoxsaylı xəsarətlərin sonuncuya xüsusi əzab verdiyi faktını dərk etdiyi sübut edilmiş olsun. Məsələn, təqsirkar zərərçəkmişi həyatdan məhrum edərkən onun ürək nahiyyəsinə çoxlu sayda xəsarətlərin qısa müddət ərzində yetirməsi faktı onun əməlində xüsusi amansızlığın olmamasına dəlalət edə bilər. Çünki yetirilmiş xəsarətlərin sayı çox olsa da, onların yetirilmə müddəti çox qısa olduğu üçün təqsirkar zərərçəkmişə əzab vermək faktını dərk etmir.
Qeyd etmək lazımdır ki, xüsusi amansızlıq təkcə çoxlu sayda bədən xəsarətlərinin yetirilməsində təzahür etmir. Zərərçəkmişə bir xəsarət də yetirilə bilər, bu zaman təqsirkar ona bilərəkdən əzab vermək məqsədilə kömək göstərilməsinə maneçilik törətmiş olur. Əgər zərərçəkmiş şəxsə işgəncə verilməsi mövcuddursa, bu hal yalnız o zaman ağırlaşdırıcı əlamət kimi qiymətləndirilə bilər ki, insanın həyatdan məhrum edilməsindən bilavasitə əvvəl baş vermiş olsun. Bu zaman nəzərə alınmalıdır ki, ölümün baş verməsinə səbəb istər bilavasitə işgəncələr, istərsə də işgəncələri tamamlayan sonuncu zərbə ola bilməsinə baxmayaraq, hər iki halda onun əməli xüsusi amansızlıqla adam öldürmə kimi qiymətləndirilməlidir. Bu zaman zərərçəkmiş şəxsə işgəncə verməkdə ifadə olunan xüsusi amansızlıqla adam öldürmə təqsirkarın qəsdi ilə əhatə olunduğuna görə əməlin əlavə olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133-cü maddəsi (əzab vermə) ilə tövsif edilməsi tələb olunmur.
Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən bu cinayəti törətmiş şəxs doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə, 120.2-ci maddəsinə əsasən isə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Son olaraq qeyd etmək istərdim ki, digər şəxsi qəsdən həyatdan məhrum etmə, yəni onun yaşamaq hüququnu əlindən almaq, yanlız zərərçəkmiş şəxs və onun yaxınları üçün deyil, həmçinin təqsirkar şəxs və onun ailəsi üçün də arzuolunmaz nəticələrə səbəb olur.
Aytən Verdiyeva
"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili