- 10:53
Cəmiyyət inkişafı, qanunvericinin öncədən görə bilmədiyi yeni münasibətlərin yaranması tədricən qanunda boşluqlara səbəb olur. Buna görə də mübahisələrə səbəb olan,cəmiyyətdə narahatlıq doğuran, lakin hələki qanunvericilikdə tənzimini tapmayan hallar vahid məhkəmə təcrübəsinin vasitəsilə nizama salınır.
Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi yaradan fəaliyyəti ilə məhkəmə təcrübəsində fərqli yanaşmaların aradan qaldırılması, proqnozlaşdırıla bilənliyin təmini ilə yanaşı, mülki dövriyyədəki neqativ tendensiyaların da qarşısı alınır.
Mülki hüquq münasibətləri gündəlik həyatda ən çox rast gəlinən, dinamik münasibətlərdir. Qanunvericinin cəmiyyətdəki hər yeniliyə dərhal cavab verməsi mümkün olmadığından qanunda boşluqlar yaranır. Həmin boşluqlar, həmçinin, qanunvericiliyin tətbiqi xüsusiyyətləri vahid təcrübə yaradan qərarlarla öz həllini tapır.
Ölkəmizdə vahid məhkəmə təcrübəsini Azərbaycan Respublikasının Ali Məhkəməsi formalaşdırır. “Məhkəmələr və hakimlər haqqında” Qanuna əsasən, Ali Məhkəmə vahid məhkəmə təcrübəsini məhkəmə kollegiyalarının qərarları, məhkəmə tərkiblərinin qərarları, Plenumun qərarları və izahları vasitəsilə formalaşdırır.
Müasir dövrdə hüququn, o cümlədən mülki hüququn inkişafında Ali Məhkəmənin rolu böyükdür. Belə ki, Ali Məhkəmənin Mülki kollegiyası qərar və qərardadlar, icmallar, metodiki vəsaitlər, şərhlərlə mülki hüquqda aktual olan bir çox məsələlərə aydınlıq gətirir. Mülki Kollegiyanın vahid təcrübə müəyyən edən qərarları aşağı instansiya üçün etibarlı bələdçi, yol xəritəsi rolunda çıxış edir. Qanunvericilikdə tənzimini tapmasa da cəmiyyəti narahat edən hüquqazidd davranışlar vahid hüquqi mövqe ilə öz həllini tapır.
Məsələn, bildiyimiz kimi, texnologiyanın inkişafı fonunda insanın şəklinin və səsinin ələ keçirilməsi, öz razılığı alınmadan müxtəlif vasitələrlə çəkilməsi, adından sosial şəbəkədə saxta profil açılması çox asandır. Lakin, belə hərəkətlərin hüquqaziddliyi qanunda təsbit olunmadığı üçün cəmiyyətdə narahatlıq yaranırdı. Analoji halların qarşısını almaq üçün yaranan hüquqi zərurətdən çıxış edərək Ali Məhkəmənin Plenumu “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Qərar (1) qəbul etdi. Qərarın məqsədi şəxsiyyət hüquqlarının pozulmasından irəli gələn mübahisələrə qanunvericiliyin düzgün tətbiqi və sabit hüquqi yanaşmanın təminidir. Qərara əsasən, şəxsin razılığı alınmadan təsvirinin çəkilməsi, təsvirinə və səsinə oxşar məhsulun hazırlanması, istifadəsi şəxsi toxunulmazlıq hüququna müdaxilə, bunun pis niyyətlə, alçaldıcı tərzdə edilməsi, həqiqəti əks etdirməməsi həm də şərəf, ləyaqət,işgüzar nüfuzunun ləkələnməsi kimi müəyyən olundu.
Qeyd etmək lazımdır ki, hazırda Ali Məhkəmənin qərarları ilə məhkəmə təcrübəsində fərqli yanaşmaların aradan qaldırılması, proqnozlaşdırıla bilənliyin təmini ilə yanaşı, mülki dövriyyədəki neqativ tendensiyaların da qarşısı alınır.
Məsələn, bir vaxtlar cəmiyyəti narahat edən məqamlardan biri bəzi MTK-ların vətəndaşla müqavilə bağlayaraq mənzilini əvəzində mənzil vermək şərtilə sökdükdən sonra tikdikləri yeni binada müqavilədəki ölçüdə mənzil olmaması səbəbindən vətəndaşa mənzil verməkdən imtina etməsi idi. Buna görə də müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və icra mümkünsüzlüyü hallarında borclunun məsuliyyəti təcili müdaxilə və sabit hüquqi yanaşma tələb edən məsələyə çevrilmişdi.
Ali Məhkəmənin Mülki kollegiyası bu zərurətdən çıxış edərək analoji halların neqativ tendensiyaya çevrilməməsi üçün icranın mümkünsüzlüyü halında borclunun məsuliyyəti ilə bağlı qərar (2) qəbul etdi. Müəyyən olundu ki, MM-in 556.1-ci mad-də nəzərdə tutulan xitam yalnız tərəflərin cavabdeh olmadığı hallara şamil edilir. Əgər icra borclunun davranışı səbəbindən mümkün deyilsə, o, məsuliyyətdən azad olmur və öhdəliyi qüvvədə qalır. Lakin, icra borclunun iradəsindən kənar, qarşısıalınmaz haldan irəli gələrsə o, məsuliyyətdən azad olunur, öhdəliyə xitam verilir.
MTK-ların fəaliyyəti ilə bağlı mübahisələrin yaranmasına səbəb olan məqamlardan biri də onların satış ofisində müştəriləri qəbul edən, mənzili göstərən, müqavilə bağlayıb, mənzili satan şəxslə bağlanan alqı-satqı müqavilələrinin sonradan MTK-ın öz iddiası ilə etibarsız saymaq cəhdləri idi. Belə ki, MTK-lar cavabdehlərə verilən sənədlərin saxta olduğuna, alınan pulların MTK-ya təhvil verilməyərək mənimsəndiyinə əsaslanaraq həmin müqavilələrin etibarsızlığını məhkəmədən tələb edirdilər. Kollegiya bu məqama münasibətdə də qəti hüquqi mövqe müəyyən etdi. Əqdin təmsilçilə bağlana bilməsi, səlahiyyətin onun fəaliyyət şəraitindən də bəlli ola biləcəyi vurğulanaraq, həmin iddianı rədd edən qətnamə qüvvədə saxlandı. Kollegiyanın bu qərarı (3) ilə MTK-larla münasibətlərdə müvafiq neqativ tendensiyaların da qarşısı alınmış oldu.
Qeyd edək ki, MTK-ların tikdiyi mənzillərlə bağlı işlərdə bəzən məhkəmələrin fərqli yanaşmaşı da müşahidə olunurdu. Belə ki, bəzi məhkəmələr iddia müddətini mənzil təhfil verilən vaxtdan, bəziləri isə çıxarış verilən vaxtdan hesablayırdılar. Mülki kollegiya bu cür fərqli yanaşmanı üç ulduzlu qərarla tənzimləyərək podrat mübahisələrində icranın qüsuru barəsində tələblərin iddia müddətinin axımını işin (mənzilin) qəbul edildiyi gündən hesablanmasına dair sabit mövqe formalaşdırdı (4, 5). Kollegiya həmçinin iddia müddətinin tətbiqindəki digər məqamlara da ulduzlu qərarlar ilə aydınlıq gətirdi. Məsələn, abonentin kommunal borcunun olmaması tələbinə dair təsbit xarakterli iddialara iddia müddətinin tətbiq olunmaması(6), reqres tələb üzrə iddia müddətinin axımının əsas öhdəliyin icrası anından başlanmasının delikt üzrə ümumi iddia müddətinin aşılmasına əsas vermədiyi (7), iddia müddətinin keçməsinə görə əsas tələb rədd edildikdə, həmin tələbə əlavə və ondan asılı olan zərərin əvəzinin ödənilməsinin də tələb edilə bilməməsi (8) kimi məsələlərdə də hüquqi mövqe formalaşdırıldı.
Cəmiyyətdə narahatlıq doğuran məsələlərdən biri də bankların faizdən faiz tutması idi. Banklar məhkəmənin qərarı ilə borcludan tutulmuş əsas borcu və faiz borcunu birləşdirərək, ümumi məbləğə yenidən gecikdirmə faizi hesablanmasını tələb edirdilər. Halbuki, gecikdirmə faizi yalnız əsas borc üzrə borcun qaytarıldığı günədək hesablanmalıdır. Ali Məhkəmənin Mülki kollegiyası faizdən faiz tutulmasını qadağan edən qərar qəbul etdi. Qərarda faiz borcunun əsas borca əlavə edilərək, ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizinin hesablanmasının “faizdən faiz” tutulması ilə nəticələndiyi və qadağan olduğu vurğulandı.(9)
Beləliklə, hazırda mülki hüquqda və mülki qanunvericilikdə həllini tapmayan bir çox aktual məsələlər vahid məhkəmə təcrübəsi vasitəsilə həllini tapır. Vahid məhkəmə təcrübəsi hüquqi müəyyənliyi təmin edən, hüququ inkişaf etdirərək “canlı hüquqa” çevirən fəaliyyət kimi mülki hüquq sahəsində aktual əhəmiyyətli elmi tədqiqatlara da zəmin kimi çıxış edir.
Nazənin Hüseynova
Hüquq üzrə fəlsəfə doktoru, dosent
İstinadlar:
1. Ali Məhkəmənin Plenumunun 24 dekabr 2025-ci il tarixli “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Qərarı
2. Ali Məhkəmənin Mülki Kollegiyasının 2[102]-3953/2025 saylı 3 ulduzlu qərarı (https://courts.gov.az/judicial-practice?page=1)
3. Ali Məhkəmənin Mülki Kollegiyasının 2[102]-3011/2025 saylı 3 ulduzlu qərarı (https://courts.gov.az/judicial-practice?page=1)
4. Ali Məhkəmənin (102)-4727/2023 saylı 3 ulduzlu qərarı (https://courts.gov.az/judicial-practice?page=1)
5. 2(102)-3884/2023 saylı 3 ulduzlu qərarları (https://courts.gov.az/judicial-practice?page=1)
6. Ali Məhkəmənin 2(102)-3503/2024 saylı 3 ulduzlu qərarı (https://courts.gov.az/judicial-practice?page=1)
7. Ali Məhkəmənin 2(102)-46/2024 saylı 3 ulduzlu qərarı (https://courts.gov.az/judicial-practice?page=1)
8. Ali Məhkəmənin 2(102)-2894/2023 saylı 3 ulduzlu qərarı (https://courts.gov.az/judicial-practice?page=1)
9. Ali Məhkəmənin 2(102)-603/2024 saylı 3 ulduzlu qərarı (https://courts.gov.az/judicial-practice?page=1)