Məhkəmə qərarının mətninə məhkəmənin düzəliş etmək hüququ varmı?


  • 6 Aprel 2021 13:30

Bəzi hallarda məhkəmə qərarının mətnində bir sıra səhvlərə yol verilir və ya hansısa məsələni qeyd etmək unudulur. Belə olan halda məhkəmə qərara özü düzəliş edə bilərmi?

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə, məhkəmə məhkəmə qərarının mətnində olan aşkar yazı və hesab səhvlərini və ya digər aşkar yanlışlıqları düzəltməyə borcludur. Məhkəmə qərarının mətninə düzəlişlər barədə məhkəmə qərardad qəbul edir. Qərardad şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə qərarında və həmin qərarın surətlərində düzəlişlər barədə müvafiq qeyd aparılmalıdır.

Lakin sözügedən maddədə nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə qərarının təsviri hissəsində başqa yanlışlıqlar və aydın olmayan məqamlar olduqda, məhkəmə qərarının təqdim olunduğu gündən 2 həftə ərzində proses iştirakçıları tərəfindən zəruri düzəlişlərin edilməsi barədə ərizə verilə bilər.

Məhkəmə sübutları araşdırmadan düzəlişlər barədə ərizəyə dair qərardad qəbul edir. Həmin qərardaddan şikayət verilə bilməz. Qərardad yalnız məhkəmə qərarının qəbul edilməsində iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilir. Hakimlərdən birinin səsvermədə iştirak etmək imkanından məhrum olduğu hallarda, səslərin bərabər olduğu təqdirdə sədrlik edən hakimin səsi həlledici sayılır. Məhkəmə qərarında və həmin qərarın surətlərində düzəlişlər barədə müvafiq qeyd aparılmalıdır.

Sevgül Qasımzadə

Oxşar xəbərlər