Hakim: "Xuliqanlıq əməllərinin tövsifi ilə bağlı fərqli yanaşmaların olduğu ortaya çıxır"


  • 16 Sentyabr 2022 12:27

Şirvan Apellyasiya Məhkəməsinin hakimi İlkin Abdullayev Konstitusiya Məhkəməsinə müraciət edib.

E-huquq.az xəbər verir ki, müraciətdə hakim Cinayət Məcəlləsinin 221-ci maddəsinin subyektiv cəhətinin şərh edilməsini xahiş edib.

Həmin müraciəti təqdim edirik:

"XXXX XXXX XXXX oğluna qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə, "o, 20 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Sabirabad rayonu Qəzli kəndi ərazisində yerləşən özünə məxsus kafedə həmkəndlisi XXXX XXXX XXXX oğlu ilə görüşüb, sonuncunun, bir neçə gün əvvəl ondan evinin həyatyanı sahəsi üçün qamış çəpər düzlətmək məqsədi ilə 15 manat məbləğində pul alsa da, həmin işi vaxtında görməməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə, insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış, qaydaları, Əxlaq ve mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan, cəmiyyətə açıqca hörmətsizlik edərək, həmin vaxt kafedə olan digər şəxslərin gözləri qarşısında XXXX XXXX oğlunun üzərinə hücüm edərək stolun üstündəki boş şüşəni götürüb silah qismində istifadə etməklə sonuncunun baş nahiyəsindən üç dəfə ardıcıl vurub, eləcə də sifət nahiyəsinə başı ilə iki dəfə zərbə endirməklə, XXXX XXXX oğlunu ənsə və təpə nahiyələrində 2,3x0,3sm, 17x0,2sm, 1,5x0,3sm ölçülərdə kənarları nahamar, bucaqları küt əzilmiş yara, üst dodaqda selikli qişada ölçüsü 1x0,7sm ölçüdə oval formali, bənövşəyi rangli qansızmalarla müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığına yüngül zərər vurmaqla, qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir".

Sabirabad Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərarına Əsasən XXXX XXXX XXXX oğlunun amali CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, zərərçəkmiş şəxslə barışdığına görə CM-in 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir.

İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, təqsirləndirilən şəxs XXXX XXXX hadisədən bir neçə gün Əvvəl həmkəndlisi olan zərərçəkmiş şəxs XXXX XXXX oğluna həyətyanı sahəsində çəpər çəkmək üçün 15 manat pul versə də, sonuncu vəd verdiyi vaxtda həmin işi görməmiş ve buna baxmayaraq qabaqcadan aldığı pul vəsaitini də geri qaytarmamışdır. Belə olan halda XXX XXX oğlu icrasını XXX XXX oğluna tapşırdığı işi başqa şəxsə gördürmüşdür. XXX 20 yanvar 2021-ci ildə özünə məxsus yarımtikilidə digər iki nəfər şəxslə birlikdə domino oynayarkən XXXX da ora gəlmişdir. XXXX XXXX oğlu XXXX XXXX oğlunu görən zaman ondan iş görmək üçün verdiyi 15 manat pulu geri istemiş, sonuncu isə maddi imkanı olmadığı üçün pulu qaytara bilməyəcəyini demişdir. Nəticədə onlar arasında mübahisə yaranmış ve mübahisənin gedişi zamani təqsirləndirilən Şəxs stolun üstündə olan boş butulkanı götürərək zərərçəkmiş şəxsin baş nahiyəsinə zərbə endirməklə ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir.

Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlini CM-in 221.3 cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edərkən mövqeyni aşağıda qeyd olunan hallarla əsaslandırmışdır:

1. XXXX XXXX oğlu ilə XXXX XXXX oğlu arasında mübahisə səbəbsiz və ya hər hansı bəhanə ilə deyil, əsaslı səbəbdən, yəni tərəflər arasında XXXX məxsus həyətyanı sahəyə çəpərin çəkilməsinə görə şifahi qaydada bağlanmış podrat müqaviləsi üzrə XXXXX öz öhdəliyini icra etməməsi səbəbindən yaranmışdır. Belə ki, XXXX avvəlcədən görüləcək işin xidmət haqqını XXXX ödəsə də, sonuncu həmin işi icra etməmiş və buna baxmayaraq, pul vəsaitini də geri qaytarmaqdan imtina etmişdir. Tərəflər arasında mübahisənin yaranmasına səbəb olmuş bu hal, məhkəmə tərəfindən tutarlı əsas kimi qiymətləndirilmişdir. 2. Təqsirləndirilən şəxsin şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsi birbaşa qəsdlə vuraraq ona bədən xəsarəti yetirsə də, onun ictimai qaydanı pozmaq niyyəti olmamışdır. 3. Hadisənin baş verdiyi məkan təqsirləndirilən şəxsə məxsus yarımtikili ictimai yer hesab olunmamışdır. Sabirabad Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.

Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının 15 dekabr 2021-ci il tarixli hökmünə əsasən apellyasiya protesti qismən təmin olunmaqla Sabirabad Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, XXXX XXXX XXXX oğlu CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, <<8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında»>>> Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.1-ci bəndi tətbiq olunmaqla həmin cəzadan azad edilmişdir.

Şirvan Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, yalnız cinayət məsuliyyətindən azad etmə ilə bağlı normanın tətbiqində səhvə yol verildiyi üçün protesti qismən təmin etməklə, həmin səhvi aradan qaldırmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir.

Ali Məhkəmənin Cinayət Kollegiyasının 18 may 2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, hökm ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunmuşdur. Ali Məhkəmənin Cinayət Kollegiyası qeyd olunan nəticəyə gələrkən mövqeyni onunla əsaslandırmışdır ki, baş vermiş hadisə ailədə, mənzildə, qohumlar arasında şəxsi münaqişə zəminində, intiqam hissi ilə və ya zərərçəkmişin təşəbbüsü və onun qanunsuz hərəkətləri nəticəsində baş vermədiyi halda, məhkəmə təqsirləndirilən şəxsin əməlini şəxsi münaşiqə zəminində baş vermiş sağlamlığa yüngül zərər vurma olaraq qiymətləndirmişdir. Hadisənin baş verdiyi yerin şəxsi ev, mənzil olmamaqla kafe olması (faktiki fəaliyyət göstərməsə belə), yolun kənarında, insanların gediş-gəlişinin olduğu yer olmaqla ictimai yer hesab olunması, həmçinin, hadisə zamanı içəridə və kafedən kənarda başqa şəxslərin olmasını, eyni zamanda cinayətin subyektiv cəhəti olan niyyətin müəyyən edilməsi zamanı cinayət hadisəsinin qisas, intiqam hissi ilə törədilməməsi, əvvəllər tərəflərin aralarında bu səbəbdən belə bir münaqişənin olmaması, cinayətin məhz cüzi səbəbdən (çəpər düzəltmək üçün verilmiş 15 manat müqabilində qeyd olunan çəpərin vaxtında zərərçəkmiş şəxs tərəfindən hazır olmaması) baş verməsini nəzərə almamışdır. Hazırkı iş üzrə XXXX XXXX oğlunun əməlinin hüquqi tövsifinə qiymət verilən zaman "xuliqanlıq" cinayəti ilə bağlı formalaşmış təcrübə nəzərdən keçirilərkən belə əməllərin tövsifi ilə bağlı fərqli yanaşmaların olduğu ortaya çıxır. Təcrübədəki yanaşma fərqi "xuliqanlıq" cinayətinin subyektiv tərəfinin qiymətləndirilməsi ilə bağlıdır.

"B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, «Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv ve məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş vermesini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir».

Konstitusiya Məhkəməsi həmin qərarda həmçinin qeyd etmişdir ki, "Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz".

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, "Xuliqanlıq cinayətinin motivi təqsirkarin qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir".

İstər hüquq ədəbiyyatının, istərsə də "xuliqanlıq" cinayəti ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 17 fevral 2006-cı il və 20 may 2011-ci il tarixli qərarlarının nümayiş etdirdiyi mövqeyə görə, bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir.

Birbaşa qəsd, təqsirin forması kimi, bir psixoloji akt olaraq, özündə əqli və iradi ünsürləri birləşdirir. Əqli ünsür şəxsin törətdiyi əməlin ictimai təhlükəli olduğunu və ictimai təhlükəli nəticələr verəcəyini görüb, dərk etməsində, iradi ünsür isə belə nəticələri arzu edib, hərəkətləri ilə buna yol verməsində ifadə olunur.

Konstitusiya Məhkəməsinin adı çəkilən qərarlarında "xuliqanlıq" cinayətinin subyektiv tərəfi aşağıdaki kimi izah olunur:

"Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərəçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakını məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir".

Qərarın məhz bu hissəsi müxtəlif məhkəmə instansiyalar tərəfindən fərqli interpretasiya olunur. Bəzilərinin fikrine göre "xuliqanlıq" cinayətinin subyektiv tərəfinin birbaşa qəsd növünü nəzərdə tutan təqsir forması bu cinayətin əsas obyekti olan ictimai qaydanın pozulmasına münasibətdə deyil, əlavə obyekt olan insan sağlamlığına və mülkiyyətə qarşı kriminal davranış hissəsində nəzərə alına bilər.

Başqa sözlə, həmin mövqeyin müdafiəçilərinin fikrinə görə, "xuliqanlıq" cinayətinin törədilməsi zamanı təqsirkar tərəfindən zərərçəkmişin sağlamlığına zərər vurulmasına və ya ona əmlak zərəri yetirilməsinə münasibətdə birbaşa qəsdin mövcudluğu kifayətdir ki, o, ictimai qaydanı pozmağı arzulamasa da belə, onun əməli "xuliqanlıq" cinayəti kimi tövsif olunsun. Əgər bu mövqedən Çıxış edilərsə, o zaman ictimai qaydanın dolayı qəsdlə pozulduğu hallarda da əməlin "xuliqanlıq" cinayəti kimi tövsif olunması mümkündür.

Şəxsi münasibətlər zəminində, ictimai yerdə baş vermiş münaqişə zamanı təqsirləndirilən şəxs ictimai qaydanı pozmağı arzulamasa da, hərəkətləri nəticəsində həm də ictimai qaydalar pozulduğundan əməl "xuliqanlıq" cinayəti kimi qiymətləndiriləcəkdir. Göründüyü kimi, burda xuliqanlıq hesab edilən cinayət iradi ünsür baxımından dolayı qəsdlə törədilmiş olur. Hazırda icraatımızda olan cinayət işinin faktiki halları da belədir. Təqsirləndirilən şəxsin hadisə zamanı ictimai qaydanı pozmağı arzulaması sübut olunmur.

Digər mövqeyin müdafiəçilərinin fikrinə görə isə, "xuliqanlıq" cinayətinin subyektiv tərəfinə aid olunan birbaşa qəsd əlaməti hökmən əsas obyekt olan ictimai qaydanın pozulmasına münasibətdə tezahür etməlidir. Başqa sözlə, xuliqanlıq edən şəxs başqalarının sağlamlığına və əmlakına zərər yetirməklə həm də ictimai qaydanı pozduğunu, bunun cinayət olduğunu və ictimai təhlükəli nəticələr verəcəyini bilməli, ictimai qaydanı pozmağı arzulamalı və hərəkətləri ilə buna yol verməlidir ki, onun əməli "xuliqanlıq" kimi qiymətləndirilsin.

Fikrimizcə, bu sonuncu mövqe "xuliqanlıq" cinayətinin qanunda nəzərdə tutulan, tərkib əlamətlərinin gerçək məzmununa ve Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarlarının həqiqi ruhuna, həmçinin cinayət tərkibinin elementlərinin elmi-nəzəri əsaslarına uyğundur.

Çünkü bu cinayət tərkibi ilə ictimai təhlükəli qəsddən qorunan əsas obyekt ictimai təhlükəsizliyə aid qaydalardır və bu cinayət törədilən zaman cǝrǝyan eden psixi proseslər də bu qaydalarla bağlı baş verməlidir.

Vahid məhkəmə təcrübəsinin formalaşdırılması və qüvvədə olan Qanunvericiliyin hüquq tətbiqedənlər tərəfindən eyni qaydada tətbiq edilməsinə nail olmaq, eləcə də hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməlidir.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya VI «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsini rəhbər tutaraq xahiş edirik ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin hüquqi tövsifində subyektiv cəhətin birbaşa qəsd formasının bu cinayətin hər iki obyektinə həm əsas, həm də əlavə obyektə yönəlib, yönəlməməsi məsələsini şərh edəsiniz".

Oxşar xəbərlər