- 16:00
Bir peşə daşıyıcısının daşıdığı peşənin özünəməxsus xüsusiyyətlərini mükəmməl bilməsi və onu müasir zamanda elm və texnologiyanın inkişafı işığında düzgün, peşəsinin etik qaydaları çərçivəsində peşəkarcasına təbliğ etməsi olduqca zəruridir. Bu zərurilik inkişaf yüksəkliyinin bir pilləsidir və bu yüksəklikdə irəliyə doğru mütəmadi olaraq irəliləmək, eləcə də qazanılmış uğura sahib çıxmaq hər bir peşə daşıyıcısı üçün bir hədəfdir. Digər peşə daşıyıcıları kimi vəkillər də belə bir hədəf naminə öz bilik və bacarıqlarını mütəmadi olaraq artırmalı, bu artım sayəsində həm özlərinin, həm də daşıyıcısı olduqları vəkillik institunun nüfuzunu qorumağa çalışmalıdırlar. Məhz bunun üçün vəkillərin peşə hazırlığı və ixtisas artımı ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Təbii ki, bu xüsusiliyin kökündə vəkil tərəfindən göstərilən hüquqi xidmət keyfiyyətinin əhəmiyyəti, xüsusilə hüquqi xidmətin peşəkar səviyyəyə çatdırılması dayanır.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən keçən zamanı götürsək vəkillərin peşə hazırlığı və ixtisas artımı maddi hüquq norması kimi nəzərdə tutulsa da, onun icbari olmasına dair hər hansı bir xüsusi qeyd mövcud deyildir. Xüsusi qeydlə bağlı Qanunun 8-ci maddəsinə edilmiş 27 oktyabr 2009-cu il tarixli əlavə ilə icbari qaydada təlimlərin mövcudluğu öz təsdiqini tapsa da, bunun dairəsi vəkilləri deyil, vəkilliyə namizədləri əhatə edirdi. Belə ki, sözügedən normanın məzmununa görə, vəkil olmaq istəyən şəxs müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirməlidir. Vəkillərə gəlincə, peşə hazırlığı və ixtisas artımı ilə bağlı tədbirlərə dair xüsusi qeydin normativ hüquqi aktda nəzərdə tutulmaması onun könüllü formada olması kimi düşüncə formalaşdırır. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə əsasən, vəkillər mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında) peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilirlər. Göründüyü kimi normada cəlb edilmənin vəkilin öhdəliyi kimi müəyyən olunmaması, həmçinin Qanunda vəkilin vəzifələri sırasında peşə hazırlığı və ixtisas artımı ilə bağlı tədbirlərdə iştirak etməli olması kimi bir vəzifə nəzərdə tutulmaması vəkilin sözügedən tədbirlərdə iştirakını məcburilikdən çıxardır.
Vəkillərin peşə hazırlığı və ixtisas artımının vacibliyinə dəlalət edən başqa bir normativ hüquqi akt - “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı mövcuddur ki, sözügedən hüquqi aktın 2.2-ci bəndinə görə, göstərilən hüquqi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi məqsədilə vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlər görulməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilmişdir. Təbii ki, bu tövsiyyə vəkillər üçün peşə hazırlığının və ixtisasının artırılmasının zəruriliyini, nə dərəcədə əhəmiyyətli olmasını ön plana çəkir. Bu zərurilik və əhəmiyyətlilik beynəlxalq sənədlərdə də öz təsdiqini tapmaqdadır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının 27 sentyabr 1990-cı il tarixində qəbul etdiyi “Vəkillərin roluna dair əsas Prinsiplər”in 9-cu bəndinə (İxtisaslaşma və təlim) görə, hökumətlər, vəkillərin peşə birlikləri və təhsil müəssisələri vəkillərin müvafiq təhsil və təlimə malik olmasını və vəkillərinin idealları və etik vəzifələri, milli və beynəlxalq hüquq tərəfindən tanınan insan hüquqları və əsas azadlıqları barədə məlumatlı olmasını təmin etməlidirlər. Həmçinin, Prinsiplərin 24-cü bəndinin tələbinə əsasən, vəkillər öz maraqlarını təmsil etmək, davamlı təhsil və təlimlərini təşviq etmək və peşəkar keyfiyyətlərini qorumaq üçün müstəqil peşə birlikləri yaratmaq və onlara üzv olmaq hüququna malikdirlər. Bununla yanaşı Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) 28 oktyabr 1988-ci il tarixdə qəbul etdiyi “Avropa vəkillərinin davranış Kodeksi”nin 5.8-ci maddəsinə görə, vəkillər öz peşələrinin Avropa müstəvisindəki rolunu nəzərə alaraq öz peşəkar biliklərini və bacarıqlarını qorumalı və inkişaf etdirməlidir.
Qeyd etməliyik ki, peşə hazırlığı və ixtisasının artırılması ilə bağlı Vəkillər Kollegiyası tərəfindən mütəmadi olaraq, istər Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, istərsə də vəkillərin peşə hazırlığının daim artırılmasına, ixtisaslaşmanın dərinləşdirilməsinə, davamlı tədrisin və müxtəlif istiqamətlərdə ardıcıl və zəruri təlimlərin təşkilinə dəstək verilməsi məqsədilə yaradılmış Vəkillər Kollegiyasının Tədris Mərkəzində müxtəlif mövzulu tədbirlərin, o cümlədən təlimlərin keçirilməsi həyata keçirilməkdədir. Son dövrə nəzər yetirsək şahidi olarıq ki, 2024-cü il ərzində ümumilikdə 73 təlim keçirilmişdir ki, bunlardan 27-si Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, 46-sı isə Vəkillər Kollegiyasının Tədris Mərkəzinin payına düşür. 2025-ci ilə gəlincə, istər təlimlərin sayında, istərsə də əhatəliliyində bir artım müşahidə olunmaqdadır. Belə ki, cari ilin bu gününədək tək Vəkillərin Deontologiya Komitəsi tərəfindən, Vəkillər Kollegiyasının Tədris Mərkəzi ilə əməkdaşlıq çərçivəsində vəkil etikası və davranış qaydaları ilə bağlı 31 təlimin keçirilməsi nəzərdə tutulmuşdur ki, bunlardan 18-i artıq keçirilmişdir.
Təcrübə göstərir ki, peşə hazırlığı və ixtisasının artırılması ilə bağlı həyata keçirilən təlimlərdə vəkillərin əksəriyyəti öz təşəbbüsləri ilə iştirak etməkdədirlər. Doğrudur, müəyyən üzürlü səbəbdən (iş yükünün çox olması və s.) vəkillər mütəmadi olaraq bu təlimlərdən əyani olaraq bəhrələnmək imkanından məhrum olsalar da, keçirilən tədbirlərin, o cümlədən onlayn keçirilən təlimlərin audio-video yazıları sonradan vəkillərə təqdim edilməsi üçün Vəkillər Kollegiyasına məxsus müvafiq sosial şəbəkə hesablarında yayımlanır. Təbii ki, burada məqsəd vəkillərin peşə hazırlığı və ixtisasının artırılması ilə bağlı biliklərə çatımlılıq və onların bu çatımlılıqdan rahat və maneəsiz istifadə etməkdə yardımçı olmaqdır. Buna baxmayaraq, bu imkanlardan istifadə etməyən vəkillərin də mövcudluğu mübahisə mövzusu deyildir.
Məhz bu kimi halların aradan qaldırılması, eləcə də vəkillərin peşə hazırlığı və ixtisasının artırılması ilə bağlı mövcud olan zərurət “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə müvafiq əlavə və dəyişikliyin edilməsini gündəmə gətirməkdədir. Belə ki, sözügedən Qanuna edilməsi nəzərdə tutulan əlavə və dəyişiklik layihəsində vəkillərin peşə hazırlığı və ixtisasının artırılması ilə bağlı tədbirlərdə iştirak artıq icbari qaydada nəzərdə tutulur. Layihənin 16-1-ci maddəsinə görə, vəkillər öz peəşə hazırlığı və ixtisaslarının artırılması məqsədilə il ərzində icbari qaydada Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağını (konfransının) müəyyən etdiyi müddətdən az olmamaqla müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsinin təşkil etdiyi tədris tədbirlərində və ya digər tədris tədbirlərində iştirak edirlər. Bundan başqa, təklif olunan layihənin 16-cı maddəsində (Vəkilin vəzifələri) vəkilin vəzifələri sırasına - il ərzində minimal icbari tədris saatlarını toplamaq da daxil edilmiş, həmçinin 22-ci maddəsinin (Vəkilin intizam məsuliyyəti) 1-ci hissəsinin tələbinə görə, vəkilin il ərzində minimal icbari tədris saatlarının toplanmaması halları aşkar olunduqda, onun intizam məsuliyyətinə cəlb edilməsi öz əksini tapmışdır.
Hesab edirik ki, fiziki və hüquqi şəxslərə göstərilən hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi, hüquqi yardımın peşəkarcasına həyata keçirilməsi, vəkilin və vəkilliyinin nüfuzunun artırılması məqsədilə vəkillərin peşə hazırlığı və ixtisasının artırılması ilə bağlı həyata keçirilən təlimlərdə iştirakı zəruridir və bu zərurilik icbari formada öz təsdiqini tapmasından asılı olmayaraq ilk növbədə vəkilin özünün şəxsi keyfiyyətlərinin artırılmasına xidmət edəcək kimi sayılmalıdır.
Paşa Səfərov
Vəkillərin Deontologiya Komitəsinin sədri
Vəkillərin Intizam Komissiyasının üzvü