Konstitusiya və suverenlik – dövlətçiliyimizin dayaqları!


  • 1 Oktyabr 13:00

Müstəqil dövlətin dayanıqlığını müəyyən edən əsas iki anlayış Konstitusiya və suverenlikdir. Konstitusiya – dövlətin hüquqi bünövrəsi, idarəetmə sisteminin əsasını təşkil edən ali qanundur. Suverenlik isə bir dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində tam hakimiyyətə sahib olması deməkdir. Bu, daxili və xarici siyasətdə müstəqilliyi, başqa dövlətlərdən asılı olmadan öz torpaqlarında yeganə və ali hakimiyyət olmağı ifadə edir. Azərbaycan dövlətçiliyinin müasir mərhələsində bu iki məfhumun vəhdəti ölkəmizin güclü, müasir və demokratik dövlət kimi formalaşmasının əsas şərtləridir.

1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan ağır siyasi böhranla üz-üzə qaldı. Dövlətçiliyin itirilməsi real təhlükəyə çevrildi. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müstəqilliyi xilas etməklə yanaşı, onun institusional əsaslarını da yaratdı.

1995-ci ildə qəbul olunan və müasir dövlətçiliyimizin hüquqi təməlini qoyan Azərbaycan Respublikasının Konstitusiyasının müəllifi, dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyevdir. Dövlət suverenliyimizin bərpası isə şəksiz olaraq Ali Baş Komandan İlham Əliyevin adı ilə bağladır.

Azərbaycan xalqının siyasi iradəsini və dəstəyini arxasında hiss etdiyi bir dövrdə belə, Heydər Əliyev dövlətin gələcəyi ilə bağlı məsələləri təkbaşına qərar vermədi. O, ziyalıların iştirakı ilə Konstitusiya Komissiyası yaratdı və geniş ictimai müzakirələrdən sonra ümumxalq referendumu ilə Azərbaycanın ilk milli Konstitusiyası qəbul edildi. Bu, dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan bu sənəd xalqımızın ən böyük qələbələrindən biridir. Konstitusiyamız sadəcə normalar toplusu deyil. O, xalqımızın azadlıq və ədalət arzularının ifadəsi, gələcəyə yazılmış milli manifest, dövlətçiliyimizin müasir və demokratik əsaslarını təsbit edən milli bəyannamədir.

Azərbaycan Konstitusiyasının Preambulasına nəzər salmaq kifayətdir ki, nə qədər dərin dövlətçilik fəlsəfəsinə əsaslandığı anlaşılsın. Məhz preambulada Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirdiyini, gələcək nəsillərin məsuliyyətini dərk edərək öz dövlətini yaratdığını bir daha bütün dünaya bəyan etmişdir.

Konstitusiyanın preambulası Azərbaycan xalqının dövlətçilik iradəsini, milli ənənələrə sadiqliyini və gələcək nəsillər qarşısında məsuliyyətini təsbit edir. Burada ədalət, azadlıq, firavanlıq, ərazi bütövlüyünün qorunması, demokratik dövlət quruluşunun möhkəmləndirilməsi kimi ali məqsədlər bəyan olunmuşdur.

Azərbaycan Konstitusiyası Qərb siyasi-fəlsəfi fikrinin – Con Lokk, Russo, Hobbs, Tomas Cefferson və digər mütəfəkkirlərin irəli sürdükləri “ictimai müqavilə” nəzəriyyəsinin parlaq təcəssümüdür. Bu nəzəriyyəyə görə, insanlar rifah və təhlükəsizlik naminə azadlıqlarının bir hissəsini dövlətin ümumi iradəsinə güzəştə gedir və beləliklə, dövlət institutları yaranır.
Konstitusiyamızın ilk maddələrində açıq şəkildə bəyan olunur ki, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu prinsip demokratik idarəetmənin əsasıdır. Xalq seçkilər vasitəsilə Prezidentini, Parlamentini seçir, qanunvericilik, icra və məhkəmə hakimiyyəti bir-birindən asılı olmayaraq fəaliyyət göstərirlər.

Konstitusiyamız həm də dövlət orqanlarının vəzifələrini, məmurların məsuliyyətini dəqiq müəyyənləşdirir. Onlara verilən səlahiyyətlər imtiyaz deyil, vəzifələrin icrası üçün vasitədir. Buna görə də dövlət qulluqçuları daim ictimai nəzarət altında olmalı, fəaliyyətləri tənqidə açıq qalmalıdır. Demokratik cəmiyyətdə bu, normal haldır.

Azərbaycan Respublikasının Konstitusiyasının ən mühüm tərəfi onun insan hüquqları və azadlıqlarına geniş yer ayırması, 158 maddədən ibarət həmin ali hüquqi sənədin 47 maddəsinin vətəndaşların əsas hüquq və azadlıqlarına həsr olunmasıdır. Bu, Azərbaycanın dövlətinin öz vətəndaşına verdiyi yüksək dəyərin bariz göstəricisidir. Konstitusiyamız Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə təsbit olunmuş hüquqların da eyni qaydada təmin edildiyini bəyan etməklə, ölkəmizin yalnız milli deyil, həm də beynəlxalq hüquq prinsiplərinə sadiqliyini göstərir.

Amma hüquqların yanında məsuliyyət də dayanır. Konstitusiyanın 24-cü maddəsində qeyd olunur ki, hüquqlardan sui-istifadəyə yol verilmir. Yəni heç kim öz azadlığını başqasının haqqını tapdalamaq üçün istifadə edə bilməz. Hüquq məsuliyyətlə tamamlanmadıqda, azadlıq öz mahiyyətini itirir.

Azərbaycan Respublikasının Konstitusiyası və dövlət suverenliyi müasir dövlətçiliyimizin hüquqi və siyasi dayaqlarıdır. Bu dayaqların əhəmiyyəti yalnız hüquqi müstəvidə deyil, həm də milli kimliyimizin, siyasi müstəqilliyimizin və gələcək nəsillərə ötürəcəyimiz dəyərlərin qorunmasında özünü göstərir.

Bu gün Azərbaycan tarixində heç vaxt olmadığı qədər güclüdür. Bu gücün kökü Heydər Əliyevin qoyduğu möhkəm dövlətçilik təməlindən gəlir. Həmin məktəbin davamçısı Prezident İlham Əliyev isə bu irsi möhkəmləndirərək, Azərbaycanın suverenliyini bərpa etdi, ərazi bütövlüyümüzü təmin etdi.

Dövlətçiliyimizin gələcəyi də məhz bu məktəbə – Heydər Əliyev yoluna sədaqətdən keçir. Xalq və dövlətin birliyi, Konstitusiyaya sadiqlik və milli maraqlar ətrafında sıx birləşmək Azərbaycanı parlaq gələcəyə aparacaq. Hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməliyik. Bizə bu qüdrətli dövləti bəxş edənlərə borcumuz budur ki, onu qoruyub saxlamaqla yanaşı daha da gücləndirərək gələcək nəsillərə ötürək.

Azərbaycanın sabahı bu gün olduğundan daha işıqlı olacaq. Çünki xalqı ilə birləşmiş dövlətin qarşısında heç bir qüvvə dayana bilməz.

Rəfayil Əliyev,

Biləsuvar rayon Məhkəməsinin sədri

Oxşar xəbərlər