- 12:38
Cibuti sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində azı 139 nəfər, o cümlədən 15 uşaq həlak olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, onlarla insan itkin düşmüş hesab olunur.
Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə, Cibutidən Yəmənə doğru hərəkət edən və 305 nəfərin olduğu qayıq cümə axşamı gecəsi Obok şəhəri yaxınlığında aşıb. Hadisə zamanı təxminən 82 nəfər xilas edilib.
Bazar günü daha 30 meyitin tapılmasından sonra ölənlərin sayı 109-dan 139-a yüksəlib. Sağ qalanların hamısının Efiopiya vətəndaşı olduğu bildirilir. Onlara tibbi yardım göstərilir.
IOM-un məlumatına əsasən, 2025-ci ildə Afrika Buynuzundan Yəmənə gedən marşrutda 900-dən çox miqrant ölüb və ya itkin düşüb. Təşkilat bu təhlükəli səfərin miqrantların həyatına ciddi risk yaratdığını vurğulayıb.
Şəbnəm Mehdizadə